Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Azərbaycan gimnastlarının 2019-cu ildəki uğurları
Azərbaycan gimnastlarının 2019-cu ildəki uğurları |
Azərbaycan Gimnastika Federasiyası (AGF) üçün daha bir uğurlarla zəngin il geridə qaldı. Gimnastika Federasiyasından verilən məlumata görə, 2019-cu il həm ölkəmizdə keçirilmiş gimnastika tədbirləri, həm də gimnastlarımızın uğurları ilə zəngin bir il oldu. Milli Gimnastika Arenası bu il ərzində tam səkkiz beynəlxalq yarışa ev sahibliyi etdi. Yarışlar fəslinə ilk olaraq ənənəvi Dünya Kubokları ilə start verildi. Fevral ayında batut gimnastikası, martda idman gimnastikası və aprel ayında təşkil edilmiş bədii gimnastika üzrə Dünya Kuboklarında iştirak etmək üçün ümumilikdə 1020 nəfərdən çox insan ölkəmizə səfər etdi. Bundan əlavə aprel ayında həm də bədii gimnastika üzrə gənclər arasında 2-ci “AGF Junior Trophy” adlı beynəlxalq turnir keçirildi. Bu yarışın son günündə qrup hərəkətləri komandamız qızıl medal qazandı və Himni tamaşaçılarla birgə səsləndirdi. Onların həmin andan görüntülənmiş videosu AGF-nin sosial şəbəkələrdəki hesablarında ən çox baxılan və paylaşılan video oldu. May ayında isə Azərbaycanda ilk dəfə olaraq gimnastikanın 2 növü üzrə birgə Avropa Çempionatı təşkil edildi. Bədii gimnastika üzrə qitə birinciliyi ölkəmizdə 4-cü dəfə təşkil olunsa da, aerobika gimnastikası üzrə Avropa Çempionatına Azərbaycan ilk dəfə idi ki, ev sahibliyi edirdi. Hər iki növ üzrə yarışlara 500-dən çox gimnast qatıldı.
Milli Gimnastika Arenasında keçirilmiş növbəti yarış Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində kişi və qadın idman gimnastikası üzrə yarışlar oldu. Gənc gimnastların Olimpiya Festivalında 38 ölkədən 170 idmançı öz qüvvəsini sınadı. Nəhayət bu il ölkəmizdə təşkil edilmiş ən geniş miqyaslı gimnastika tədbiri – Olimpiya Oyunlarına lisenziya xarakterli bədii gimnastika üzrə Dünya Çempionatı sentyabr ayında baş tutdu. Azərbaycanda 2-ci dəfə keçirilmiş bu çempionatda bədii gimnastika üzrə qrup hərəkətləri komandamız çoxdan gözlənilən nəticəni – Olimpiya Oyunlarına lisenziyanı qazandı. Tokio-2020 Olimpiadasına daha bir vəsiqəni isə Zöhrə Ağamirova əldə etdi. Bədii gimnastlarımızın bu uğurundan dərhal sonra Olimpiya Oyunlarına daha iki lisenziyanı idman gimnastlarımız qazandı. Almaniyanın Ştutqart şəhərində keçirilmiş idman gimnastikası üzrə Dünya Çempionatında qadın idman gimnastikası üzrə təmsilçimiz Marina Nekrasova və kişi idman gimnastımız İvan Tixonov çoxnövçülük üzrə təsnifat mərhələlərində yetərli xal toplayaraq, Olimpiya Oyunlarına vəsiqəni təmin etdilər. Qeyd edək ki, Marinanın əldə etdiyi lisenziya Azərbaycanın qadın idman gimnastikası tarixində qazanılmış ilk Olimpiya lisenziyasıdır. İdmançılarımızın uğurlarından danışarkən gənc və yeniyetmə gimnastlarımızı xüsusilə qeyd etmək lazımdır. Bu il onlar üçün həm Azərbaycanda, həm də ölkə xaricindəki yarışlarda qazandıqları uğurları ilə əlamətdar olub. Yeni ildən etibarən böyük gimnastların yarışlarına qatılacaq Arzu Cəlilova, 2019-cu ildə gənclər arasında ilk dəfə olaraq Rusiyada təşkil edilmiş ilk Dünya Çempionatında 2 medal - topla hərəkətlərdə gümüş, iplə isə bürünc medal əldə etdi. İdman gimnastımız Səməd Məmmədli Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində idman gimnastikası üzrə yarışlarda dəstəli atda gümüş medala layiq görüldü. Akrobatlarımız isə İsrailin Holon şəhərində keçirilmiş Avropa Çempionatından tam bir medal dəsti ilə qayıtdı. Murad Rəfiyev və Daniel Abbasov cütlüyü balans hərəkətlərində bürünc, çoxnövçülükdə gümüş və temp hərəkətlərinə görə qızıl medala layiq görüldü. Yeniyetmə gimnastlarımızın sevincli medal xəbərləri isə Yaponiyada keçirilən batut gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarından gəldi. Turnir çərçivəsində batut yarışlarında Maqsud Mahsudov fərdi proqramda qızıl, sinxron proqramda Hüseyn Abdullayevlə birgə gümüş medal əldə etdilər. Tamblinq yarışlarında isə Aleksey Karataşov bütün rəqiblərini üstələyərək öz yaş qrupunda qalib oldu. Gənc gimnastlarımızın qazandıqları bu uğurlar Azərbaycanda gimnastika idman növlərinin düzgün və planlı şəkildə inkişaf etdiyini və gələcəkdə Avropa, Dünya Çempionatlarında, hətta Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edəcək gənc nəslin yetişdiyini göstərir. Bu il öz çıxışları ilə yadda qalan bu idmançılar növbəti illərdə də Dünya və Avropa Çempionatlarında çıxış edəcəklər. 2019-cu ildə böyüklər kateqoriyasında yarışan gimnastlarımız da ölkəmizdə və xaricdə keçirilmiş yarışlarda çoxsaylı medallar qazanıblar. Dünya Kubokları və bir sıra beynəlxalq turnirlərdə əldə edilmiş medallarla yanaşı, İtaliyada keçirilmiş Ümumdünya Yay Universiadasında Zöhrə Ağamirovanın 2 gümüş medalını, Marina Nekrasovanın qızıl medalını, akrobatlarımız – Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı cütlüyünün Belarusda təşkil edilmiş 2-ci Avropa Oyunlarından qazandıqları 2 gümüş, 1 bürünc və İsraildə keçirilmiş Avropa Çempionatında qazanılan 2 bürünc medallarını qeyd etməyə dəyər. Aerobika gimnastikası üzrə təmsilçilərimiz isə “aero dans” proqramında mükəmməl çıxış nümayiş etdirərək, Bakıda ilk dəfə təşkil edilmiş qitə birinciliyində Avropa çempionluğunu əldə etdi. Ümumilikdə isə gimnastlarımız 2019-cu il ərzində 32-si qızıl, 33-ü gümüş və 39-u bürünc olmaqla 104 medal qazanıblar. Gimnastlarımızın uğurları ilə yanaşı məşqçi və hakimlərimizin də fəaliyyətini qeyd etmək lazımdır. Belə ki, onlar tez-tez Beynəlxalq Gimnastika Federasiyası (FIG) və bu sahədə çalışan bir sıra təşkilatlar tərəfindən müxtəlif tədbirlərə dəvət alırlar və onların fəaliyyəti daim qiymətləndirilir. Bu il bədii gimnastika üzrə Azərbaycan yığma komandasının Baş məşqçisi Mariana Vasileva FIG tərəfindən “əməkdar məşqçi” diplomu ilə təltif olunub. Kişi və qadın idman gimnastikası üzrə beynəlxalq dərəcəli hakim Rza Əliyev isə “Uzun müddətli fərqlənən hakimlik” fəaliyyətinə görə FIG tərəfindən “qızıl diplom”a layiq görülüb. Hakimlərimiz bu il Minskdə keçirilmiş Avropa Oyunları, gimnastika növləri üzrə Avropa və Dünya Çempionatları yarışlarında hakimlik etmək üçün Avropa Gimnastika İttifaqı və FIG tərəfindən dəvət olunublar. 2019-cu il ərzində AGF fəaliyyət sahəsini daha da genişləndirib. Cari ildən etibarən federasiya FIG tərəfindən tanınan gimnastika növləri sırasına yeni daxil olmuş parkuru inkişaf etdirmək istiqamətində müəyyən addımlar atıb. Bu növ üzrə təmsilçilərimiz ilk dəfə olaraq parkur üzrə Dünya Kubokunda iştirak ediblər. Eləcə də təmsilçimiz parkur üzrə beynəlxalq hakimlik kurslarına qatılaraq, imtahanlardan müvəffəqiyyətlə keçib və beynəlxalq hakimlik dərəcəsini əldə edib. Bütün bunlarla yanaşı AGF tərəfindən bu il müxtəlif gimnastika növləri üzrə məşqçilik və hakimlik kursları təşkil edilib. Kişi idman gimnastikası üzrə 2-ci, batut gimnastikası üzrə 1-ci, aerobika gimnastikası üzrə 2-ci dərəcəyə aid FIG Akademiyasının məşqçilik kursları, eləcə də bədii gimnastika və “TeamGym” növü üzrə yerli mütəxəssislər üçün məşqçilik və hakimlik kursları təşkil edilib. Təsadüfi deyil ki, 2018-ci ilin yekunlarına əsasən də Azərbaycan Gimnastika Federasiyasının aktiv fəaliyyəti FIG tərəfindən yüksək qiymətləndirilib və o “Mükafatlandırılan Federasiyalar”ın siyahısında 2017-ci ildə olduğu kimi yenidən 1-ci olub. Azərbaycanda təşkil edilmiş gimnastika tədbirləri ölkə iqtisadiyyatı üçün də faydalı olub. Belə ki, bu tədbirlərdə iştirak üçün ölkəmizə gələn qonaqlar paytaxtımızın müxtəlif mehmanxanalarında 11,500 gecədən artıq otaqlar sifariş ediblər. Bu otaqların əksəriyyətinin 2 nəfərlik otaqlar olmasını nəzərə alaraq, həmin şəxslərin alış-verişə, həmçinin qidalanmaya, müxtəlif suvenirlər və hədiyyələrin alınmasına, muzey və şəhərin görməli yerlərinə baş çəkmələrinə xərclədiyi maliyyə vəsaitinin müəyyən qədər ölkə iqtisadiyyatına da öz töhfəsini verdiyini güman etmək olar. Bakı ilə yanaşı, bölgələrdə də gimnastika növlərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Bu il ərzində daha 4 bölgədə - Lənkəran və Qaxda bədii, Masallı və Şirvanda isə kişi idman gimnastikası üzrə bölmələr fəaliyyətə başlayıb. Eləcə də yerli yarışlar təkcə paytaxtda deyil, digər şəhərlərdə də təşkil edilir. Belə ki, bu il kişi və qadın idman gimnastikası, akrobatika və aerobika üzrə noyabr ayında keçirilmiş birgə yarışlar Sumqayıtda təşkil olunub. Bütün bu tədbirlərin həyata keçirilməsində əsas məqsəd əhalinin sağlam həyat tərzi sürməsinə kütləvi surətdə cəlb edilməsi, gimnastika idman növünün daha çox insana aşılanması və bu sahədə kiçik uşaqlarla yanaşı valideynlərin, eləcə də bütün yaş qruplarına aid insanların fəallığının artırılmasıdır. Gimnastika növləri üzrə yığma komandaların üzvləri, onların valideynləri, həmçinin məşqçilərin iştirakı ilə ilk dəfə təşkil edilmiş 1-ci AGF Estafet Yarışları bu tədbirlər sırasına aid etmək olar. Kollektiv ruhu inkişaf etdirmək və iştirakçıların fiziki hazırlığını yüksəltmək üçün keçirilmiş bu tədbirdə həm uşaqlar, həm valideynlər, həm də məşqçilər maraqlı oyunlarda iştirak edərək əyləncəli anlar yaşayıblar. Federasiya ilin son günlərində ən yaxşı idmançıların onluğuna daxil olmuş gimnastların adlarını da elan etdi. Bunlar Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı cütlüyü (akrobatika), Zöhrə Ağamirova (bədii gimnastika), Arzu Cəlilova (bədii gimnastika), Daniel Abbasov və Murad Rəfiyev cütlüyü (akrobatika), Marina Nekrasova (qadın idman gimnastikası), “aero dans” qrupu (aerobika), qrup hərəkətləri komandası (bədii gimnastika), Səməd Məmmədli (kişi idman gimnastikası), Maqsud Mahsudov (batut gimnastikası) və Nikita Simonovdur (kişi idman gimnastikası). Nəhayət, 2019-cu ilə ənənəvi Yeni İl şousu ilə yekun vurulacaq. Artıq uzun illərdir ki, təşkil edilən bu şounun aktyorları gimnastika növləri üzrə yığma komandaların üzvləri, məşqçi və xoreoqraflarıdır. Hər il böyük maraqla qarşılanan bu şouda rəngarəng işıq, səs və qrafik effektlərdən, eləcə də xüsusi geyimlərdən istifadə olunacaq. Hər kəsin artıq səbirsizliklə gözlədiyi bu şou “Tarik Gimmaster və dostlarının sehrli sərgüzəştləri” adlanır. Federasiyanın geniş spektrli fəaliyyəti təkcə bunlarla yekunlaşmır. Bu idman növünün ölkəmizdə daha da populyarlaşması və təbliğatı məqsədilə gimnastika növləri üzrə yığma komandaların iştirakı ilə sosial video-çarxlar çəkilir, sosial layihələr həyata keçirilir, eləcə də məhdud imkanlı insanlarla əməkdaşlıq edilir. Növbəti ildə də AGF-nin bu istiqamətdə fəaliyyəti davam etdiriləcəkdir. DAVAM.AZ Geri dön |