Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycanın qəhrəman qadın ulduzu Mərziyə Üskülü
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan-Təbriz > Güney Azərbaycanın qəhrəman qadın ulduzu Mərziyə Üskülü

Güney Azərbaycanın qəhrəman qadın ulduzu Mərziyə Üskülü


Təkcə Güneydə deyil, İranda, əksər dünya ölkələrində milli qurtuluş hərəkatının polad iradəli yolçusu, fədakar müəllim, alovlu şair kimi şöhrət tapmış Mərziyyə Üskuinin Şimali Azərbaycanda kifayət qədər tanınmaması bir həqiqətdir. Bəs bunun səbəbi nədir? Mənə elə gəlir ki, Güneydə gedən ədəbi prosesin tədqiqi, araşdırılması və təqdimatı ilə məşğul olan ədəbiyyatşünaslar bu sualın cavabını daha yaxşı bilirlər. Görkəmli xalq qəhrəmanı, odlu–alovlu şair Mərziyyə Üskuinin həyatı və yaradıcılığı bu gün də böyük maraq doğurur, elmi araşdırıcıların, tədqiqatçıların yolunu gözləyir.
Kimdir Mərziyyə Üskui?
Ona sərhədlərinə çətin sığan bu şöhrəti qazandıran nə olmuşdur?
Bu suallara cavab verməyə çalışacağam. Mərziyyə Üskui 1941–ci ildə adlı–sanlı ərənlər diyarı olan Təbrizin yaxınlığındakı Üskü yaşayış məntəqəsində ortabab kəndli ailəsində dünyaya göz açmışdır. Uşaq yaşlarından atasının əkinçilik təsərrüfatında çalışan Mərziyyə hələ çox gənc ikən həm əkinçiliyin əzab–əziyyətləri ilə, həm də yoxsul kəndlilərin həyat şəraiti ilə yaxından tanış olur. Öz alın təri və gündəlik əzabları hesabına insanlar üçün naz–nemət, bolluq yaradan kəndlilərin məruz qaldıqları işgəncələr onun diqqətindən yayınmır.
İbtidai və orta təhsilini doğma şəhərində alan Mərziyyənin kitab oxumağa böyük həvəsi olur. Bunun nəticəsində də ictimai həyatın sirlərinə bələd olur. Görüb şahidi olduğu, müşahidə etdiyi çatışmazlıqları aradan qaldırmaq uğrunda mübarizə eşqi onda güclü idi.
Orta məktəbi bitirdikdən sonra Təbriz Pedaqoji Texnikumuna daxil olur. Bu təhsil müəssisəsində onun solçu düşüncəli, məzmunlu ədəbiyyatla tanış olmasına yetərincə imkan yaranır. Pedaqoji Texnikumda təhsilini başa vurduqdan sonra Üskü mahalının ibtidai məktəblərində müəllim kimi fəaliyyətə başlayan Mərziyyə Üskui üçillik pedaqoji fəaliyyəti dövründə şagirdlərlə, onların ailələri ilə yaxın ünsiyyətdə olur, ağır həyat şəraiti ilə tanış olur. Mərziyyə məşhur pedaqoq Səməd Behrənginin təhsil və təlim sahəsindəki fikir və düşüncələrinə, axtarışlarına elə bil ortaq olur, onun yolu ilə gedir. İbtidai məktəblərdə üçillik müəllimlik fəaliyyətindən sonra Təbriz Universitetinə daxil olur. Bu illərdə təhsilini davam etdirməklə yanaşı o, həm də pedaqoji fəaliyyətlə məşğul olur.
Ağır iqtisadi çətinliklər onu “Bilik ordusu” Texnikumuna çəkib aparır. Həmin təhsil müəssisəsinin Veramin şəhərində yerləşməsi Mərziyyəni sevindirir. O, yaxınlıqda olan fars və türkdilli kəndləri gəzməyə, kənd məktəbləri ilə tanış olmağa, habelə kəndli uşaqlar üçün “Kitab evləri” yaratmağa çalışır.
1349–cu ilin (1970) isfənd ayında tələbələrin etiraz nümayişlərinə rəhbərlik edən Mərziyyəni qarabaqara izləyirdilər. Onun adı SAVAK–ın qara kitabına düşmüşdü. Hər addımı şah rejimi agentləri tərəfindən qeydə alınır, yuxarılara çatdırılırdı. 1353–cü ildə (1974) SAVAK cəlladları ilə silahlı toqquşmada Mərziyyə Üskui həlak oldu. Düşmənlər bu azad düşüncəli maarifpərvər insanı aradan götürdülər.
Mərziyyə yaxın dostları Behruz Dehqani və Əlirza Nabdil ilə Tehrandakı Behişti–Zəhra qəbiristanlığının 33 saylı guşəsində dəfn edilmişdir.
Mərziyyə yüksək şairlik istedadına malik idi. Əsərlərində başlıca olaraq xalqın ağır həyat şəraiti tərənnüm edilirdi. Onun diqqəti cəlb edən ilk əsərlərindən biri “Dalğa” adı ilə çap olunan şeiri idi. Bu həm ədəbiyyatşünaslar, həm də geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanan qələm nümunəsi idi. Təəssüf ki, şairin həm fars, həm də türk dilində yazdığı əsərləri bu günə qədər toplu şəklində nəşr olunmamışdır. İnternetdə işıq üzü görən əsərlərindən biri “Qaraçı qızların ilk ölüm təcrübəsi”dir.
Mərziyyə Üskui fars və türk dilində zəngin poetik irs qoyub getmişdir. İşin maraqlı cəhəti bir də ondan ibarətdir ki, o, fars dilində yazdığı qələm məhsullarını türk dilinə və əksinə, doğma dilində qələmə aldığı poetik nümunələri fars dilinə tərcümə etmişdir.
Mərziyyə xanımın bir çox döyüşkən şeirlərində olduğu kimi “İftixar” adlı şeirində şairin həyata, dünyaya baxışı xüsusi ahənglə səslənir: “Mən anayam, mən bacıyam, mən sədaqətli həyat yoldaşıyam, mən qadınam… Mən şimalın kiçik kəndindənəm. Düyü plantasiyalarında, çay tarlalarında gücüm çatana qədər əmək sərf etmişəm… Mən fəhləyəm, mən kəndliyəm. Mənim bütün varlığım əməklə yoğrulmuşdur. Aclığımın qondarma, lütlüyümün əfsanə olduğunu iddia edənlər nə qədər şərəfsizdir. Mən bir qadınam ki, onun varlığını ifadə edən heç bir məfhum sizin bədnam mədəniyyətinizdə öz əksini tapmamışdır… Mən bir qadınam ki, zəhmət, əmək ona silah tutmaq qabiliyyəti də bəxş edib”.
Mərziyyə poeziya ilə daha sıx ünsiyyətdə olmağa imkan tapdıqda onun qələminin rejim əleyhinə açdığı atəş daha gur səslənir, daha güclü əks–səda doğururdu: “Ey sökülmüş özülü zəif divar. Səni kökündən uçuracağımız gün uzaqda deyil. Ey ağır polad zəncirlər, sənin hər halqanı torpağımıza göz dikən hakimlərin murdar boyunlarına keçirəcəyimiz gün uzaqda deyil. Ey meydan oxuyan bağlı qapılar, sizin dərinizə sığmayan cəmdəyinizi özünüzün əkin sahənizdə oda tutacağımız gün uzaqda deyil. Ey ac uşaqların dərd çəkməkdən dərinlərə batmış gözləri, çılpaq ayaqlarının qana batmış yaraları, sizin əzab çəkmiş bədənlərinizin şaxtadan xilas olacağı gün uzaqda deyil… İndi düyünlənmiş yumruqlarınızı işə salmağın vaxtı çatmışdır”.
Onunla yaxından tanış olan xanım Siddiqə Fərasət bu azərbaycanlı qızında müşahidə etdikləri barədə yazır: “Mərziyyə Əhmədi Üskui ilə “Bilik ordusu” Texnikumunda tanış oldum. Mən bilmirdim, o, silahlı mübarizənin, atəşin tərəfdarıdır. Elə ilk görüşdən onun səmimiyyətinə və mətin rəftarına vuruldum. Onunla tanışlıq məni heyran qoydu. O, çox mətin və qorxu bilməyən bir adam idi, həmçinin tədbirli, hərəkətlərində, baxışlarında ardıcıl və yüksək bilik səviyyəsinə malik bir mübariz idi. Çox çəkmədi ki, Mərziyyənin əxlaqi və bəşəri keyfiyyətləri tələbələr arasında ona yetərincə inam və hörmət qazandırdı. O zaman az müşahidə edilən açıq səsvermə yolu ilə ümumtələbələrin nümayəndəsi seçildi. Texnikumdan kənarda da çox böyük nüfuza malik idi. O, Təbrizdə fəaliyyət göstərən Səməd Behrəngi və Behruz Dehqani ilə yaxından əlaqə yaratmışdı. Bəzi məhbus ailələri ilə də münasibətdə idi”.
Mərziyyə Üskui həm döyüş əzminin, həm də yaradıcılıq ehtirasının qovuşduğu bir ümman yadigar qoyub getmişdir. Güneyin tanınmış tədqiqatçılarından olan Mehdi Pənahi Mərziyyənin həyat və yaradıcılığı barədə qələmə aldığı “Dalğalar qoynunda” adlı məqaləsində Mərziyyənin kimliyini təqdim etmək üçün çox uğurlu bir yol seçmişdir. O, Mərziyyənin hansı nəsillərə mənsub olduğunu açıqlamaq üçün bir sıra görkəmli Azərbaycan qadınının həyatından söz açır.
Tarixdə “El anası” ünvanı ilə şöhrət tapmış Burla Xatun, Koroğlunun cəsur, ağıllı, tədbirli ömür–gün dostu Nigar xanım, düşmənlərə qarşı Qaçaq Nəbi ilə çiyin–çiyinə səngərdə döyüşən və göstərdiyi hünərlərlə xalqın mübarizə tarixinə şanlı səhifələr yazan Həcər xanım, həyatının son dəqiqələrinə qədər xalqının azadlığı uğrunda döyüşməyi ömrünün mənası hesab edən Şahsevən qızı Səriyyə…
Mərziyyə Üskui məhz bu nəsillərin yadigarı, onların tarixdə göstərdikləri hünər və qəhrəmanlığı öz varlığında yaşadan döyüş, mübarizə və qələm sahibidir.
Mehdi Pənahi yazır ki, Mərziyyə azərbaycanlı qızı idi. O da milli zülm və sinfi məhrumiyyətlərdən əzab çəkirdi. Fərdi və ictimai ədalətin ayaqlar altında tapdanmasından təngə gəlmişdi. Şahlıq rejiminin qadınlara olan münasibətindən narazı idi.
Mərziyyənin qələmindən süzülüb gələn “Dalğa” şeiri xüsusi rezonans doğurmuşdu. Bu adi bir arxın yox, ölkədə getdikcə yeni qüvvət kəsb edən güclü bir nəhrin dalğası idi:
Xırdaca, incə axardım,
Meşələrdən, dağlardan,
Dərələrdən axırdım.
Bilirdim durğun sular—
Öz içində boğular.
Nə yolun uzaqlığı,
Nə qaranlıq çuxurlar,
Nə durğunluq həvəsi,
Məni yoldan qoymadı…
Mərziyyə Üskui kimi cəsur insanlar həyatla yalnız cismən vidalaşırlar. Onlar öz əməlləri və qoyub getdikləri mənəvi irslə əbədi yaşamaq hüququ qazanırlar. Ruhu şad olsun! O taylı, bu taylı müasir qədirşünas nəsillər bu gün də Mərziyyənin nəfəsinin hərarətini aydınca duyur, əməli və sənəti ilə özünə əbədiyaşarlıq hüququ qazanmış vətənin qəhrəman qızını öz sıralarında addımlayan görürlər.

Sabir NƏBİOĞLU,
Filologiya elmləri doktoru.

Geri dön