Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Parisdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Parisdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü

Parisdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü


Fransanın başkəndi Parisdə Azərbaycanın səfirliyinin və UNESKO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə 1991-ci ildə bütün azərbaycanlıların birlik rəmzinə çevrilmiş 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib. Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev və UNESKO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov çıxış edərək, Azərbaycan xalqının milli-mənəvi bütövlüyünü təcəssüm etdirən Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə diasporumuzu təbrik ediblər. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən, onun əsas məqsədinin azərbaycanlıları birliyə, əməkdaşlığa çağırmaq olmasından söz açıblar. Fransa kimi bir ölkədə Azərbaycan icmasının həmrəyliyinin böyük önəm kəsb etməsinə toxunan diplomatlar bu il qeyd edilən ölkədə Azərbaycanlıların Koordinasiya Şurasının yaradılmasından, yeni assosiasiyaların qeydiyyatdan keçməsindən, ana dilində məktəblərin açılmasından danışıblar.
İkitərəfli diplomatik münasibətlərə toxunan səfir 2019-cu ilin yekunlarından, qarşılıqlı rəsmi səfərlərdən və bu səfərlərin ikitərəfli əlaqələrin inkişafına təkan verməsindən, qarşıdan gələn ilin daha da uğurlu olacağından söz açıb. Diplomat bu bayramın əhəmiyyətini qeyd edib, onun azərbaycanlıları birliyə, əməkdaşlığa çağırdığını vurğulayıb. Fransa kimi bir ölkədə Azərbaycan icmasının birliyinə olan ehtiyac nəzərə alınaraq yaradılmış Koordinasiya Şurasının fəaliyyətini alqışlayıb. Başa çatmaqda olan il ərzində həyata keçirilən layihələri, eləcə də əldə olunan uğurları xatırladıb. Bildirib ki, bu il əldə olunan ən böyük nailiyyət Fransa məhkəmələrinin bu ölkənin bəzi komuna və şəhərləri ilə Azərbaycanın işğal altında olan ərazilərindəki inzibati bölgələr arasında imzalanmış qeyri-qanuni “dostluq xartiya”larını ləğv etməsidir. Diqqətə çatdırıb ki, Fransa regionlarında ölkəmizin təşviqi istiqamətində fəaliyyət davam edir və əlaqələr getdikcə daha da möhkəmlənir. UNESKO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov bildirib ki, Azərbaycanın Fransadakı səfirliyinin, rəhbərlik etdiyi nümayəndəliyin və icma üzvlərinin birgə fəaliyyəti gələcək böyük uğurların təməlidir. O, 2019-cu ildə UNESKO ilə ölkəmiz arasında əlaqələrə toxunaraq, qurumun Baş direktorunun ölkəmizə səfərindən, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşməsindən, Azərbaycanın UNESKO-nun bir neçə komitəsinə vitse-prezident seçilməsindən, Bakının UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsindən söz açıb. Ölkəmizin bu təşkilata verdiyi töhfələr, həyata keçirilən layihələr haqqında məlumat verib. Səfirlər soydaşlarımızın yerli xalqa inteqrasiya etməklə bərabər milli kimliklərini, mənəvi-əxlaqi dəyərlərini, Vətənə bağlılıqlarını qoruyub saxlayacaqlarına inandıqlarını bildirərək, diaspor üzvlərinə uğurlar arzulayıblar. Sonra icma üzvləri milli mətbəximizin təamlarını dadıb və gələcək fəaliyyətləri ilə bağlı fikir mübadiləsi aparıblar.

DAVAM.AZ
“Avropa Bürosu”

Geri dön