Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Yanardağ - Azərbaycanın odlu möcüzəsi həm də turizm məkanıdır
Yanardağ - Azərbaycanın odlu möcüzəsi həm də turizm məkanıdır |
Təbiətin Azərbaycana bəxş etdiyi möcüzələrdən biri də Yanardağdır. Yanardağ haqqında çox eşitmişdim. Amma buranı ziyarət etmək imkanım olmamışdı. İstirahət gününün verdiyi fürsətdən istifadə edib çoxdandır marağında olduğum Yanardağa getdim. Gördüklərimi danışmamışdan əvvəl istərdim Yanaradağın tarixi haqqında sizlərə məlumat verim. Yanardağ Abşeron yarımadasının Məhəmmədi kəndi ərazisində yerləşir. Bakıdan 27 km uzaqlıqda yerləşir. Yanardağın yuxarı ərazisinin hündürlüyü 116 metrdir. Bura Abşeronun ən hündür zirvəsi hesab olunur və dəniz səviyyəsindən 86 metr hündürlükdədir. Yanardağ dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan, tarixi bilinməyən təbiət abidəsidir. Bu təbiət abidəsinin qorunması məqsədilə Yanardağın ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilib. Bu əraziyə Qurd yuvası, min yaşı olan iki qəbiristanlıq və qədim məscid, Qotursu bulağı, Əli daşı, Kardaşı, Qırməki vadisi və Yanardağ aiddir. Dağda alovu yaradan maddə metan qazı ilə kükürdün qarışığıdır. Sözügedən maddə istifadə üçün yararsızdır və onu qapalı məkanda yandırmaq qeyri-mümkündür. Belə qazın yanması yalnız açıq havada baş verir. Bağlı məkanda isə partlayış yaradır.
Yanardağla bağlı çoxlu əfsanələr var. Deyirlər ki, dağ şimşək nəticəsində yanmağa başlayıb. Tarixi bilinməyən bu təbiət möcüzəsini bu günə kimi nə yağış, nə qar, nə də çovğun söndürə bilib. Şahidlərin dediyinə görə, əvvəllər alovun hündürlüyü 10-15 metrə çatırmış. Onu da deyirlər ki, əvvəllər Yanardağın əks istiqamətində yanan üç təpə olub, indi isə həmin təpələr sönüb. Bakının rəmzi hesab olunan üç yanar alov dili və dəniz simvolu da Yanar dağın mövcudluğuna istinadən qəbul edilib. Kassaya yaxınlaşıb öncə bilet alıram. Bilet yerli ziyarətçilər üçün 2 manat, xaricliər üçün 9 manatdır. Tələbələr tələbə biletin təqdim etməklə bir manata ala bilərlər. Qoruq 18 yaşına qədər uşaqlar, Milli qəhrəmanlar, I və II qrup əlillər və müharibə veteranları üçün pulsuzdur. Biletimi alıb qoruğa daxil oluram. Bir az getdikdən sonra qarşımda möhtəşəm mənzərə açılır - yanan bir dağ. Alovun ətrafında çoxlu turistlər var. Onların bu təbiət möcüzəsinə necə heyrətlə baxdıqları gözlərindən oxunur. Xarici turistlər arasında xüsusilə İrandan və Hindistandan gələn turistlər üstünlük təşkil edir. Bunun da xüsusi səbəbi var. Yanardağ dünya atəşpərəstlərinin müqəddəs məkanlarındandır. Alov atəşpərəstlər üçün müqəddəs sayılır. Yuxarıda adını çəkdiyim ölkələrdə isə atəşpərəstlər kifayət qədərdir. Havanın soyuq olması belə turistlərin bura gəlməsinə mane ola bilməyib. Sözsüz ki, qoruğun ən maraqlı yeri yanan torpaqdır. Qoruqda bundan başqa da maraqlı yerlər var. Yanardağ muzeyi öz qədim eksponatları ilə diqqətimi cəlb etdi. Muzeydə maraqlı 3D var. Burada müasir texnologiyanın köməyi ilə divarın qarşısına keçən istənilən insan alov dilləri şəklində öz əksini müşahidə edə bilər. Qoruqda açıq havada Daş muzeyi də fəaliyyət göstərir. Muzeydə qədimdə yerli əhali tərəfindən istifadə edilmiş daşlar var. Qoruq ərazisində uşaq oyun meydançası, kafe və suvenir mağazası fəaliyyət göstərir. Suvenir mağazasındakı bütün suvenirlər əl işidir. Turistlər ölkələrinə aparmaq üçün buradan müxtəlif suvenirlər alırlar. Bura "Koroğlu" metro stansiyasının yaxınlığından 217 saylı avtobusla getmək olar. DAVAM.AZ Geri dön |