Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Üzeyir Hacıbəyli: şəxsiyyət və sənət bütövlüyü
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Üzeyir Hacıbəyli: şəxsiyyət və sənət bütövlüyü

Üzeyir Hacıbəyli: şəxsiyyət və sənət bütövlüyü


İşıqlı Atalı

Xalq – etnos birliyi, ərazi birliyi, dil birliyi deməkdir. Xalq adlı mahiyyətin özülü yetkin fərdlərdir.
20-ci yüzil bir çox xalqların “ölüm-dirim” dövrü oldu. Təbiidir ki, xalq – gerçəkliyi ötmək hadisəsidir, o, yalnız insaniliyin, xəlqiliyin mahiyyətinə uyğun yaşayanda əbədi var olur.
Keçən yüzilin başlanğıcında Azərbaycan aydınlarının millətin qayğılarına yönəlik fədakarlıq, özündənkeçmə səviyyəsində çabaları daha artdı. Özülü Həsən bəy Zərdabidən başlayan milli mətbuatımızın artıq 20-ci yüzülin başlanğıcında Mirzə Cəlil, Sabir, Ömər Faiq Nemanzadə, Əli bəy Hüseynzadə və başqa fədailəri vardı.
Bu dönəmdə yaradıcılığa jurnalistika ilə başlayan Üzeyir Hacıbəyli həm də peşəkar bəstəkarlıqla da məşğul oldu: 22 yaşında “Leyli və Məcnun” kimi operanı ortaya qoydu.
Düzdür, bu əsər onun sonrakı əsərləri ilə qarşılaşdırmada möhtəşəm deyil, ancaq bütün hallarda milli operamızın başlanğıcıdır.
Üzeyir Hacıbəylinin bütün həyatı faciəviliklərlə doludur: Düşünmək olar ki, sovet imperiyasının qılıncının kəshakəs çağında yaşamaq və yaratmaq onun üçün necə dözülməz olub.
İyirminci yüzilin başlanğıcından hərtərəfli gərgin yaradıcılığının Azərbaycan Xalq Cümhuriyyətinin qurulması dövründə daha da artması, Cümhuriyyət zamanı ictimai-siyasi fəaliyyətin zənginliyi, Azərbaycan Sovet imperiyasına qatılandan sonra ömrünün büsbütün musiqiyə və sovet quruluşunun tələbi yönündə ictimai-pedaqoji fəaliyyətə həsr olunması Üzeyir bəyin nələr çəkdiyini aydınca göstərir.
Üzeyir bəy 1920-ci ildən sonra siyasi fəaliyyətdən ayrıldı, demək olar, ömrünü büsbütün musiqiyə həsr etdi. O, anlayırdı ki, Azərbaycanda imperiyanın ömrü uzun çəkəcək.
Düzdür, onunla birlikdə yeni Sovet dönəmə Hüseyn Cavid, Əhməd Cavad, Cəfər Cabbarlı, Mikayıl Müşfiq də ayaq basdılar. Ancaq Sovetlər üçün hətta möhtəşəm milli musiqinin varlığı belə ədəbiyyat qədər təhlükəli deyildi. Bu üzdən də 1930-cu illərin repressiyası daha çox ədəbiyyat adamlarını apardı.
1937-ci ilə kimi artıq Üzeyir bəy özünü “Sovet bəstəkarı” kimi təsdiq edə bildi. Bu, onun sağ qalıb professional milli musiqimizin yeni-yeni örnəklərini yaratması üçün çox gərəkli idi.
Görünür, quruluş da Üzeyir bəyin sağ qalmasında maraqlı idi: şeirdə Səməd Vurğunu, musiqidə də Üzeyir bəyi saxladı, çoxlarını isə yox etdi.
Azərbaycan professional musiqisinin yaradıcısı Üzeyir Hacıbəylinin gördüyü işlər son dərəcə heyrətamizdir. Onun Azərbaycan Xalq Cümhuriyyətinin möhtəşəm himnini yazması, o dövrdə Cümhuriyyətin varlığı üçün olduqca gərəkli işlər görməsi ardıcıl millətimiz üçün fədakar yaşamasından soraq verir. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət himni son dərəcə möhtəşəmdir: bu gün o, Azərbaycan Respublikasının dövlət himnidir. Bu himnin sözlərində müəyyən uyarsızlıqlar olsa da, musiqisinin dahiyanə olması danılmazdır: “Himnin əvvəlinin fəlsəfi mənası haray, ortası ümid, sonu isə inamdır “ (Asif Ata).
Habelə onun yaradıcılığında “Sənsiz”, “Sevgili canan” romansları ayrıca hadisədir, “Koroğlu” operası isə zirvə təşkil edir. "Koroğlu" operasındakı "Üvertüra" mahiyyətcə “Qədimdən gələn səsdir” (Asif Ata). Gərək insan xəlqi mahiyyəti görsün ki, möhtəşəm əsər yaratsın.
Jurnalist, publisist, dramaturq, pedaqoq, sənətşünas, ən başlıcası isə bəstəkar, fədakar insan... Həyat hadisələrini, insan münasibətlərini dərindən öyrənən, bilən, milli duyğudan bir an da olsun ayrılmayan, neçə-neçə yaradıcı gəncə təsəvvürəgəlməz dərəcədə insani qayğı göstərmək, ömrün bu sayaq qayğılarla dolması Üzeyir bəyin fədakarlığının danılmaz örnəkləridir. O, gerçəkdən fədai idi. Xoşbəxtlikdən Üzeyir bəyin yaratdığı milli özül güclü oldu. Çünki özü həmin özülə bağlı idi, bir an da ondan ayrılmadı.
Bir neçə il qabaq Azərbaycan cəmiyyətində Üzeyir Hacıbəylinin əlyazmalarının, əşyalarının oğurlanması, tapılaraq yenidən muzeyə qaytarılması ilə bağlı söz-söhbətlər oldu. Türk ruhundan doğulmuş Üzeyir Hacıbəylinin canlı yaradıcılıq soraqlarının sübutu, ifadəsi olan əlyazmalarının yoxa çıxarılması istəyi onu sevməyənlərin gözündə qaldı. Bu hadisə gerçək anlamda xətasız sovuşsa da, hər halda xalqımız üçün dərs olmalıdır. Yəni bir xalq kimi belə hadisələrdən bundan sonra da sığortalanmayacağımızı, yenə də baş verə biləcəyini, daim bu sayaq durumlara hazır, ayıq-sayıq olmalıyıq. Zaman-zaman Azərbaycanın çoxlu milli-mənəvi soraqları məhv edilib, başqa millətlərin adına çıxılıb. Bizi sevməyənlər mümkün qədər belə örnəkləri təhrif ediblər. Yüzillərlə türkə qarşı həqarət, hər sayaq murdarlıq, xəyanətlər edən soysuz, ruhsuz ermənilər özəlliklə son yüzildə daha da amansızlaşıblar.
Bu gün Azərbaycanda ədəbiyyat, musiqi sahələrində yeni nəfəslərin, orijinallığın yavaş-yavaş azalması müşahidə edilməkdədir.
Üzeyir Hacıbəylinin gördüyü işlərin qətiyyən inkar edilməməsi şərtilə indi də yeni şəxslərin meydana çıxmasına, sənət zirvələrinin yaranmasına böyük gərək duyulur. Acınacaqlı haldır ki, bu gün belə zirvələrin yox, olanların, yaradılanların kor-koruna təkrarçılığının, daha çox isə yamsılandığının şahidi oluruq. Məsələn, məşhur "O olmasın, bu olsun", "Arşın mal alan" kimi əsərlər çağdaşlaşdırılır, obrazlar bugünkü tamaşaçının, gənc nəslin gözündə cılızlaşdırılır. Belə şoular xalqın sabahkı yaradıcılıq üfüqlərini daraldır. Böyük mənada yeni yaradıcılar meydana çıxmalıdır. Deməli, Üzeyir bəyin özülünü qoyduğu Azərbaycan peşəkar musiqisinin bundan sonra da həmin milli ruh üstə yüksəlişi gərəkdir. Böyük sənətkarlar yenə də özünəməxsus şəkildə fərdiliklərini yaratmalı və yaddaşlarda dərin iz qoymalıdırlar.
Üzeyir bəyin ən başlıca böyüklüyü, özəlliyi ondadır ki, onun şəxsiyyəti haqqında hamı uca, ləyaqətli düşüncədədir. Bunu isə o, öz fədakar ömrü ilə yarada bilib. Onun zamandan üstünlüyü bununla bağlıdır. Dahilərin hamısı isə belə olmur...

Geri dön