Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Beynəlxalq qurumları deyil, öz dövlətini sevməli
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Beynəlxalq qurumları deyil, öz dövlətini sevməli

Beynəlxalq qurumları deyil, öz dövlətini sevməli


SAFRUH
Mütləqə İnam Ocağının Ruhani Başçısı


İndi dünyanın halı bütövlükdə insanın çox böyük çaşqınlığı kimi dəyərləndirilə bilər. İnsanların geniş qapsamlı və ülvi anlamda sevgiləri puç edilir, əllərindən çıxarılır, kirləndirilir.
İnsanın birinci sevgilisi onun yaşamı və ərdəmliyidir, yəni həyatı və ləyaqətidir. Bu gün bu sevgili dəbdə və çəkidə deyil.
Sonra insanın sevgisi və sevgilisi onun ailəsidir. Bu gün bu sevgili ölümə məhkum durumdadır. Hər yandan ona inamsızlıq, gələcəksizlik yağdırılır.
İnsanın növbəti sevgisi – sevgilisi onun ulusu və yurdudur. Bu gün bu sevgilinin görüntüsü var. Ona qarşı dağıdıcı baxışlar, fəlsəfələr, çirkli, pozucu əhvallar yağdırırlar. Bunları gərəksiz elan edirlər, insanın gözündən salırlar.
Daha geniş anlamda dünyada iki sevgili var: gələnəyə görə, bunları Doğu və Batı deyə (Şərq və Qərb) adlandırırlar.
Mən Doğunu şərqlilərin sevgisi və sevgilisi sayıram, belə olduğunu düşünürəm. Batını isə batılıların sevgisi və sevgilisi saya bilmirəm. Ona görə ki, orada sevgi yerinə üstünlük, qalib gəlmək baxışı hakimdir.
Doğunun pis durumda olmasının səbəbi məncə, budur: Doğu özünün yaratdığı dəyərlərlə yaşamır, Batının dalınca yüyürür.
Batınınkı isə yaxşı yaşamaq və bu yaşam üçün qalib gəlmək, başqasını yenmək əhvalı üstədir.
Dünyanın indiki acınacaqlı və utanclı, xəcalət çəkməli durumunun səbəbi bunlardır. Doğunun “geriliyi”, yenikliyi, mağmınlığı bundan yaranır.
Tutalım, kimsə qarşılaşacağı şəxsə xoş bir söz deməyəi ağlında tutur, arxasında gizlətdiyi çiçək qomunu ona verəcəyini düşünür. Onun görməyə getdiyi şəxs isə ona şillə vuracağını, qorxuzacağını, özündən asılı edəcəyəni düşünür. Onu da düşünür ki, onların dostluğu yalnız bu şərtlə baş tutar: şillə vurub qorxuzuram, belə «dostluq» eləyirəm.
Açığı, mən dünyanın indiki çaşqın, qibləsiz, hədəfsiz, mənəviyyatsız hala düşməsini yalnız belə davranışlarla bağlayıram.
Batı Doğuya yuxarıdan aşağı baxmamalıdır, Doğu da Batıya aşağıdan yuxarı baxmamalıdır. Bunların mələzləşməsinə – calaq edilməsinə, bir bəşər olmasına çalışmaq ən böyük şərdir.
Batının istəyi odur ki, Doğusayağı dünyabaxış aradan qalxsın. İndi dünyada baş verən qabarıq hadisələr, ölkələrin, mədəniyyətlərin darmadağın edilməsi, həmin təpəgöz mələzin yaratdıqlarıdır. Bunu başqa adlarla açıq deyirlər: ”Dünyada bir dövlət, bir supergüc olmalıdır.” “Bir mədəniyyət, bir dil olmalıdır.”
Onlar indiki çağda şanslıdırlar, pulludurlar. Bəs yerdə qalan güclü, fərqli ehtirasların düşüncələri, istəkləri, yaradıcılıqları necə olsun? Onlar yox olanda bunların həyata gətirdiyi özəlliklər də yox olur. Dünya yalnız caydaq basketbolçulardan ibarət ola bilməz axı! Bu, həyat üçün heç bir əsaslı, yaxşı şey demək deyil.
Bütün bu yüyürənlər, hoppananlar, Danimarka filosofu Syören Kyerkeqorun bir günlük həyatına dəyməz. Batı deyir ki, hər şey çöldə olsun, iç olmasın, dayanmaq olmasın, yalnız yüyürmək, hoppanmaq olsun!
İraq kimi bir dövlət yox edilir, öz ölkəsini sevən, onu quran, abadlaşdıran, yaşadan şəxs ölkəsində öldürülür ki, Batıdan başqa Yer kürəsində sevilən bir ünvan olmasın.
Batı istəyir ki, dünyada namuslu insandansa istehlakçı, güclü, «super» insan olsun. İraq dağıdılır, Liviya dağıdılır, Əfqanıstan dağıdılır, Suriya dağıdılır… Dağıdıb neyləyəcəksən? Dünyada insanların öz ölkəsinə, öz ağlına inam və sevgisi yox edilir.
Doğunun özünəməxsus baxışları – ruhaniliyi, mənəviliyi, inam, vəcd, vəhy baxışları sıradan çıxarılır. Ölkələr çalışmalıdırlar ki, beynəlxalq qurumlar onların müstəqilliyinə təcavüc etməsinlər. Xalq beynəlxalq qurumları deyil, öz dövlətini sevməlidir, aliləşdirməlidir. Sevgilərini beynəlxalq qurumlara – öz ölkələrindən qıraqdakı qurumlara yönəltməməlidirlər. Dünyada bunun psixologiyası yaranmalıdır. Əslində biz Ocağımızda buna çağırırıq, bu psixologiyanın yaranmasına çalışırıq.
Məncə, dünya, bəşər həddindən artıq birləşib. Dünyada çoxlu, zəngin ruhaniyyatlar, baxışlar yaranmalıdır. Hər xalq ruhaniyyatla məşğul olmalı, beyinlər işləməlidir. Onda dünyada balaca, doğma mühitə kök ata bilməyən qəliblər yox olar.
Ocaq tərəqqiyə qarşı deyil, biz tərəqqinin insanın mənəviyyatına, iradəsinə, ruhaniyyatına qarşı yönəlməsini istəmirik. Bir yanda qoyuruq insanın mənəviyyatını, ürəyini, ruhaniyyatını. O biri yanda isə tərəqqini – dünyanın indiki başa düşdüyü irəliləyişi. Onlar qarşı-qarşıya gələndə isə biz ruhaniyyatı götürürük. Robot tərəqqisi insaniliyə qarşıdırsa, onu qəbul etmirik. Bunu da sırf öz iradəmiz kimi yox, ümumbəşəri zərurət kimi irəli sürürük.
Atamız var olsun!

17 Ata 34-cü il.
(17 sentyabr 2012).

Geri dön