Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ötən illərlə müqayisədə plastik tullantıaların toplanma faizi iki dəfədən çox artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial, Bildiriş > Ötən illərlə müqayisədə plastik tullantıaların toplanma faizi iki dəfədən çox artıb

Ötən illərlə müqayisədə plastik tullantıaların toplanma faizi iki dəfədən çox artıb


2019-cu il fevralın 7-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sənəddə nəzərdə tutulan tədbirlərin icrasını əlaqələndirmək Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılıb. Həmin tədbirlərin icra vəziyyəti ilə bağlı AZƏRTAC-ın suallarını Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin ekoloji risklərin təhlili və qiymətləndirilməsi sektorunun müdiri Mehman Nəbiyev cavablandırıb.

- Mehman müəllim, plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair Tədbirlər Planı əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz tədbirlər planını hazırlamışdı. Ötən bir ildə bu sahədə nə kimi işlər görülüb?

- İlk növbədə nazirlik tərəfindən plastik qablaşdırma tullantılarının idarə edilməsi, o cümlədən selektiv toplanması, daşınması sahəsində qabaqcıl ölkələrin təcrübəsi öyrənilib, ölkə üçün məqbul variantlar seçilib və prioritetləşdirilib. Həmçinin bu tullantıların təkrar emalı sahəsində qabaqcıl ölkələrin təcrübəsinin müqayisəli təhlili aparılıb. Plastik qablaşdırma materiallarından istifadə ilə bağlı aidiyyəti dövlət qurumları, istehsalçıların, yerli və xarici ekspertlərin rəyi alınıb. Polietilen torbaların mənfi ekoloji təsirlərini azaltmaq, resurslardan daha səmərəli istifadəni təşviq etmək məqsədilə plastik qablaşdırma vasitələrindən istifadədə sahəsində qabaqcıl ölkələrin və beynəlxalq qanunvericilik bazası nəzərə alınmaqla təkliflər hazırlanıb. Plastik tullantıların ekoloji tarazlığı pozması ilə əlaqədar genişmiqyaslı təbliğat kampaniyasının istiqamətləri və hədəf auditoriyası müəyyənləşdirilib.

Alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti, plastik tullantıların ətraf mühitə mənfi təsiri və bu təsirin azaldılması haqqında maarifləndirici xarakterli çap və video materiallar hazırlanıb, bu materialların yayılması ilə bağlı tədbirlər görülüb, plastik tullantıların ətraf mühitə mənfi təsir səviyyəsi və bu təsirin azaldılması yolları müəyyənləşdirilib.

Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri haqqında televiziya və radio kanallarında ünvanlı (müxtəlif hədəf qruplarına, xüsusilə məktəblilərə, tələbələrə, gənclərə ünvanlanan) maarifləndirici proqramlar yayımlanması təmin edilib, sosial mediada videoçarxlar və digər maarifləndirici və məsləhət xarakterli materialların yerləşdirilməsi ilə bağlı işlər görülüb, bu tullantıların ətraf mühitə mənfi təsiri barəsində ictimai məlumatlılıq artırılıb.

Digər hədəf auditoriyamız şagird və tələbələrdir. Bu məqsədlə plastik tullantıların ətraf mühitə mənfi təsiri və alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti haqqında maarifləndirici seminar və təlimlər keçirilib, müxtəlif formatda müsabiqələrin və praktiki tapşırıqların təşkilinə dair təkliflər hazırlanıb və belə layihələrin birgə icrası üçün təhsil müəssisələri ilə əməkdaşlıq qurulub.

- Nazirlik sahibkarlara müraciət edərək istifadə olunmuş plastik qablaşdırma materiallarının təkrar emalı müəssisəsini yaratmağı təklif etmişdi. Bu təklifə reaksiya verildimi, bu işə investisiya yatırmağa maraq göstərən varmı?

- Nazirlik tərəfindən istehsal və təkrar emal müəssisələrinin nümayəndələri ilə tez-tez görüşlər keçirilir, onların çətinlikləri, təkrar istehsal gücünün artırılmasına dəstək üçün lazım olan tədbirlər razılaşdırılmaqla aidiyyəti qurumlara yönləndirilir. Eyni zamanda, ötən il ərzində təkrar emal sahəsində fəaliyyət göstərmək üçün Balaxanı Sənaye Parkında təkrar emala dəstək üçün yaradılmış güzəştlərdən yararlanmaqla yeni təkrar emal müəssisələrinin fəaliyyətə başladığını qeyd etmək olar. Həmçinin İqtisadiyyat Nazirliyinin dəstəyi ilə bu sahəyə investisiya qoymaq istəyən sahibkarlar üçün münbit şərait yaradılmaqla investisiya təşviq sənədləri verilib.

- Bəzi ölkələrdə plastik paketlərdən və birdəfəlik plastik qab-qaşıqdan ya imtina olunur, ya da onların istifadəsi məhdudlaşdırılır. Azərbaycanda fəaliyyət göstərən marketlərdə plastik paketlərin istifadəsinin məhdudlaşdırılması hiss olunmur. Bu istiqamətdə hansı işlər görülüb?

- Ölkəmizdə də polietilen torbaların məhdudlaşırılması və birdəfəlik istifadə olunan plastik qabların qadağan olunması istiqamətində addımlar atılıb. Qalınlığı 15 mikrona qədər olan polietilen torbaların (pinqvin torbalar) dövriyyəsinin qadağan olunması ilə bağlı təkliflər aidiyyəti qurumlarla razılaşdırılıb, qərar qəbul olunması üçün hökumətə təqdim edilib. Eyni zamanda, qalınlığı 15-50 mikron olan polietilen torbaların marketlərdə alıcılara ödənişli təqdim olunması ilə bağlı məsələ də gündəmdədir.

Bununla yanaşı, nazirlik tərəfindən bu layihələr razılaşdırmada olduğu müddətdə geniş təbliğat tədbirləri, o cümlədən marketlərdə bu torbalardan imtina ilə bağlı çağırışlar, alternativ parça torbaların pulsuz paylanması həyata keçirilib. Bu tədbirlərin nəticəsi olaraq marketlərin bir çoxunda parçadan, ətraf mühitə zərər verməyən biomateriallardan hazırlanmış torbaların satışına başlanılıb və belə torbalar ölkəmizə idxal olunur. Lakin yaxın zamanlarda bu məhsulların ölkəmizdə istehsalına da başlanılacaq. Artıq biznes qurumları ilə ilkin razılaşmalar əldə olunub.

Hazırda bir dəfə istifadə olunan plastik qab-qacaqların (çəngəl, bıçaq, qaşıq, boşqab, çubuq, stəkan, yemək konteynerləri) istifadəsinin qadağan olunması ilə bağlı təkliflərimiz aidiyyəti qurumlarla birgə qiymətləndirilir.

- Alternativ qablaşdırma ilə bağlı vəziyyət nə yerdədir? Hansı sahələr buna maraq göstərir və alternativ qablaşdırmadan istifadə edir?

- Həmin təbirlər planının qəbulundan sonra özəl sektorun alternativ qablaşdırmalara marağı artıb. Artıq ötən il bir neçə belə müəssisə fəaliyyətə başlayıb. Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə ayrı-ayrı fiziki şəxslər tərəfindən kağız torba istehsalına başlanılıb. Həmçinin qeyd etdiyimiz kimi, polietilen torbaların əvəzində bioparçalanan torbaların ölkəmizdə istehsalı üçün özəl sektor tərəfindən investisiya layihələri icra olunur.

- Nazirliyin təşkilatçılığı ilə sahilboyu və digər ərazilərin plastik tullantılardan təmizlənməsi aksiyaları keçirilib. Bu tədbirlər çərçivəsində yığılan tullantıların sonrakı aqibəti necə olub?

- Bu istiqamətdə nazirlik tərəfindən məktəblilər, tələbələr, ayrı-ayrı peşə sahibləri, jurnalistlər, istehsal müəssisələrinin nümayəndələri və səfirlik əməkdaşları ilə birgə mütəmadi iməciliklər keçirilib. Sahilboyu çimərliklərin ətraf əraziləri plastik və digər tullantılardan təmizlənib. Toplanmış tullantılar bu tədbirlərin iştirakçısı olan təkrar emal müəssisələrinə təhvil verilib. Belə tədbirlərin məqsədi çirklənmiş ərazilərədən daha çox tullantı toplamaq deyil, geniş ictimaiyyətin diqqətini tullantıların düzgün idarə olunmasına yönəltməkdir. Yəni, bu tədbirlər insanları ətraf mühiti çirkləndirməkdən çəkindirmək məqsədi daşıyır. Eyni zamanda, aidiyyəti qurumları, xüsusilə həmin ərazilərdə fəaliyyət göstərən sahibkarları bu məsələlərə daha çox diqqət yetirməyə təşviq edir.

- Əhali, xüsusən məktəblilər və gənclər arasında plastik tullantıları, eləcə də digər tullantıları xüsusi konteynerlərə atmaqla bağlı keçirdiyiniz təlimlər və digər maarifləndirici tədbirlər nə kimi fayda verir?

- Bütün yaş qrupları, o cümlədən məktəblilər, tələbələr və digər hədəf qrupları arasında plastik tullantıların düzgün idarə olunması, çeşidlənməsi və təkrar emala çatdırılması mövzusunda təlimlər keçirilib, təşviqat materialları, məktəbdənkənar vəsaitlər, videoçarxlar, animasiya filmləri, posterlər hazırlanıb və geniş ictimaiyyətə təqdim olunub. Eyni zamanda, ümumtəhsil məktəbləri, universitetlər, elmi institutlar, istehsal və təkrar emal müəssisələri ilə birgə maarifləndirici layihələr icra edilib, plastik tullantıların toplanması üçün xüsusi konteynerlər hazırlanaraq məktəblərdə, universitetlərdə, parklarda, yaşayış məntəqələrinin yaxınlığında yerləşdirilib. Bu konteynerlərdə toplanan plastiklər təkrar emala çatdırılıb. Təkrar emal müəssisələrinin qiymətləndirməsinə görə ötən illərlə müqayisədə plastik tullantıaların toplanma faizi iki dəfədən çox artıb.

Geri dön