Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Prezidentdən növbəti mesajlar: “Biz onları təcrid etmişik, bunu gizlətmirik”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Prezidentdən növbəti mesajlar: “Biz onları təcrid etmişik, bunu gizlətmirik”

Prezidentdən növbəti mesajlar: “Biz onları təcrid etmişik, bunu gizlətmirik”


"Heç kimin qabağında gözükölgəli deyilik. Heç kimdən asılı deyilik. Heç kimdən yardım istəmirik"

Sentyabrın 21-də Azərbaycan Diplomatik Akademiyasının yeni tədris kompleksi istifadəyə verilib. Yeni kompleksdə Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü müşavirəsi keçirilib. Müşavirədə Prezident İlham Əliyev nitq söyləyib.

Xarici siyasətdə əsas vəzifə

İlham Əliyev deyib ki, gələcəkdə diplomatik nümayəndəliklərin sayı artırılacaq ki, Azərbaycan öz maraqlarını daha da böyük uğurla müdafiə edə bilsin. Prezidentin sözlərinə görə, xarici siyasətlə bağlı ölkə qarşısında duran əsas vəzifə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir.

“Bu, bizim nəinki xarici siyasətdə, ümumiyyətlə, ölkə qarşısında duran əsas məsələdir. Bildiyiniz kimi, məsələ uzun illərdir öz həllini tapmır, ədalət, beynəlxalq hüquq normaları pozulur və bu ədalətsizlik davam edir. Azərbaycan bu məsələnin həlli üçün bütün imkanlardan istifadə edir və etməlidir. Diplomatik səylər gücləndirilməlidir və gücləndirilir. Digər amillər də bu məsələnin həlli üçün öz rolunu oynamalıdır və bu istiqamətdə önəmli addımlar atılır.
Əgər müstəqillik dövrünə nəzər salsaq görərik ki, bu 20 il ərzində Ermənistan ilə Azərbaycan arasındakı fərq, yəni uçurum daha da böyük olmuşdur. Növbəti illərdə bu fərq yalnız və yalnız böyüyəcək və Azərbaycanın üstünlükləri daha da görünəcəkdir”.

Prezident deyib ki, təkcə hərbi xərclərimiz Ermənistanın bütün büdcəsindən iki dəfə çoxdur.
“Ermənistan isə iqtisadi cəhətdən çıxılmaz vəziyyətdədir. Xarici yardımlar, kreditlər, diasporun ianələri olmasa Ermənistan iqtisadiyyatı tamamilə çökəcəkdir. Bu yaxınlarda onların hətta rəsmi statistik məlumatlarına görə Ermənistanın ixrac nomenklaturası bəlli oldu və orada çox gülməli ixrac məhsulları üzə çıxdı. Yəni, qurbağalar, - bəlkə bu auditoriyada bu barədə danışmaq yersiz olar, - amma bu, reallıqdır. Yəni, bu ölkənin daxili resursları tükənir. İqtisadiyyat çökür. Sənaye iflic vəziyyətindədir. Demoqrafik vəziyyət acınacaqlıdır. Ölkədən hər il yüz minə qədər əhali köç edir və bu proses davam edir. Bu prosesin qarşısını almaq artıq mümkün deyildir, o vaxta qədər ki, Ermənistan öz qonşularına qarşı torpaq iddiasında olmağa davam edəcəkdir”.

Ölkə başçısı “biz elə etməliyik ki, Azərbaycan əhalisi daha sürətlə artsın. Əgər Ermənistan rəhbərliyində reallığı dərk edən adamlar hələ ki, qalıbsa, anlamalıdırlar ki, Azərbaycan ilə qısamüddətli və uzunmüddətli rəqabətdə onları yalnız məğlubiyyət gözləyir. Hazırda əgər onlar danışıqlar masasında olan varianta razılıq verərlərsə və işğal edilmiş torpaqlardan qoşunlarını çıxararlarsa, o zaman öz xalqının gələcəyini təmin etmiş olarlar. Çünki onları gələcəkdə böyük təhlükələr gözləyir”-deyə vurğulayıb.

“Təcridetmə siyasətimiz davam etdirilməlidir”

Prezident deyib ki, Azərbaycan bəzi hallarda qat-qat böyük qüvvələr qarşısında öz maraqlarını təmin edir, heç kimin qarşısından geri çəkilmir.

“Regionda baş verən bəzi son hadisələr onu göstərir ki, bizim maraqlarımızı nəzərə almadan bölgədə siyasi təşəbbüslər icra edilə bilməz. Biz ən böyük sınaqlardan üzüağ çıxmışıq. Hətta bizim mövqeyimizi, necə deyərlər, bölüşməyən və əks mövqedə olan böyük qüvvələr vahid bir mövqe nümayiş etdirərkən, Azərbaycanın mövqeyi imkan vermədi ki, bölgədə bizim maraqlarımıza zidd olan hər hansı bir hadisə baş versin. Yəni, biz təkbaşına mübarizəyə nəinki hazırıq, bu mübarizəni aparırıq, özümüzü dünyada təsdiq edirik, gələcəyimizi özümüz müəyyən edirik. Ermənistan isə aydın məsələdir ki, xarici yardım olmadan ümumiyyətlə, heç bir gələcəyi olmayan ölkədir. Regionda gedən proseslər, bir daha demək istəyirəm, o vəziyyətə gətirib çıxara bilər ki, Ermənistan seçim qarşısında o qədər də böyük seçimə malik olmayacaqdır. Ona görə onların xeyrinədir ki, əsassız iddialardan əl çəksinlər, özlərinə məxsus olmayan torpaqlardan çıxsınlar. O zaman bölgədə sülh, əməkdaşlıq yaranar. O zaman Ermənistan da regional məsələlərə qoşula bilər.
Biz bölgədə söz sahibiyik və bundan sonra mövqeyimiz daha da möhkəm olacaqdır. Biz heç vaxt imkan verə bilmərik ki, Ermənistan hər hansı bir siyasi, iqtisadi, enerji, nəqliyyat layihəsinə qoşulsun. Biz onları təcrid etmişik, bunu gizlətmirik. Gələcəkdə təcridetmə siyasətimiz davam etdirilməlidir. Bu, öz bəhrəsini verir. Əgər məsələni sülh yolu ilə həll etmək üçün bizə daim mesajlar göndərən tərəfdaşlar doğrudan da istəyirlər ki, bölgədə sülh olsun, Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır. Çünki əks təqdirdə məsələnin başqa yolla həll edilməsi istisna deyildir. Biz bunu heç vaxt istisna etməmişik. Beynəlxalq hüquq bu haqqı bizə verir. Sadəcə olaraq, Azərbaycanın sülhsevər siyasəti, bölgədə gedən proseslərə artan məsuliyyəti və Azərbaycanın bölgədə artıq sabitləşdirici amil kimi çıxış etməsi bizi bu radikal addımlardan hələ ki, çəkindirir. Ona görə məsələnin tezliklə həlli hər tərəfin marağında olmalıdır”.

Ölkə başçısının sözlərinə görə, danışıqlar prosesində bir neçə dəfə Azərbaycan hesab edib ki, artıq razılaşmaya yaxınıq. Ancaq Ermənistanın riyakar mövqeyi, yalançı vədləri imkan verməyib ki, razılaşma baş tutsun.

“Həmsədr ölkələrin prezidentlərinin bəyanatları bizi, əlbəttə, ruhlandırır ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Ancaq bu bəyanatlardan sonra biz konkret addımlar gözləyirdik. Biz nəhayət gözləyirdik ki, işğalçıya çox ciddi siqnallar veriləcək ki, daha bəsdir, bu torpaqdan çıxmasan Azərbaycan məsələni başqa yolla həll edəcəkdir.
Ona görə daim məsələnin sülh yolu ilə həll edilməsi prioriteti səslənəndə bu, Ermənistana yanlış mesaj göndərir ki, siz narahat olmayın, sülh yolu ilə həll olunacaqdır. Buna görə bu məsələni uzada bilərsiniz. Bu, yanlış yanaşmadır. Mən dəfələrlə bizim tərəfdaşlara bu barədə fikirlərimizi demişəm. Biz də sülh istəyirik, amma bir daha demək istəyirəm ki, ilk növbədə, vətəndaşlarımız işğal edilmiş torpaqlara qayıtmalıdırlar”.

Xarici siyasətlə digər mühüm vəzifə - Xocalı soyqırımı

İlham Əliyev qeyd edib ki, xarici siyasətlə bağlı digər mühüm vəzifə Xocalı soyqırımını dünyada tanıtdırmaqdır. O, artıq üç ölkənin parlamenti tərəfindən Xocalı qırğınının soyqırımı kimi qəbul edildiyini, başqa ölkələrdə Xocalı abidələri ucaldıldığını vurğulayıb.
Prezident deyib ki, səfirlər, səfirliklərin nümayəndələri çalışdıqları ölkələrin qanunvericilik orqanlarında Xocalı soyqırımı məsələsini qaldırmalıdırlar.

“Çalışmalıyıq ki, bu soyqırımı müxtəlif səviyyələrdə tanınsın. Biz istər regional, istər munisipal, - əlbəttə ki, federal səviyyədə olarsa daha yaxşı olar, - səviyyədə bu işi daim aparmalıyıq. Əldə edilmiş nəticələr əlbəttə ki, bizi ruhlandırır, göstərir ki, bu, mümkündür...
... əminəm ki, gələcəkdə Meksikaya, Pakistana, Kolumbiyaya digər ölkələr də qoşulacaq və Xocalı soyqırımı digər ölkələr tərəfindən tanınacaqdır. Vaxt gələcək bu soyqırımını törədənlər qanun qarşısında cavab verəcəklər”.

Prezident diplomatlara xatırladıb ki, Azərbaycan ikitərəfli formatı gücləndirməlidir, bu format böyük uğurlar gətirir.
“Xüsusilə nəzərə alsaq ki, Azərbaycan ilə daha da sıx münasibətlər qurmaq istəyən ölkələrin sayı artır, bizim xarici diplomatiyamız çox fəaldır. Mənim çoxsaylı xarici səfərlərim bu gözəl bazanı möhkəmləndirir və ölkəmizə mənim həmkarlarımın səfərləri və aparılan danışıqlar ikitərəfli formatı gücləndirir. Yəni, bizim xarici siyasətdəki əsas istiqamətimiz ikitərəfli əlaqələrdir. Deyə bilərəm ki, ikitərəfli əlaqələrdə tərəfdaş ölkələrin böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, biz bərabərhüquqlu münasibətlər formalaşdıra bilmişik. Bu, çox vacibdir”.

“Diasporla əlaqələr gücləndirilməlidr”

Ölkə başçısı onu da deyib ki, səfirlər Azərbaycan şirkətlərinin fəaliyyətini də təmin etməlidirlər, diaspor təşkilatları ilə sıx əlaqədə olmalıdırlar.

“Bizim üçün diaspor təşkilatlarının fəaliyyəti, xüsusilə Ermənistan-Azərbaycan məsələsi ilə bağlı çox önəmlidir. Bu istiqamət daim diqqət mərkəzində olmalıdır.
Əlbəttə, səfirlərimiz dövlət orqanlarının nümayəndələri ilə sıx əlaqədə olmalıdırlar, çalışdıqları ölkələrin nazirlikləri ilə əlaqədə olmalıdırlar. Bununla bərabər, hesab edirəm ki, qeyri-hökumət təşkilatları ilə əlaqələr daha da fəal olmalıdır. Bu, yaddan çıxmamalıdır. Media ilə əlaqələr daha fəal qurulmalıdır. Çünki hələ ki, erməni lobbisinin təhriki ilə hərdənbir Azərbaycana qarşı əsassız ittihamlar səslənir. Biz bilirik bu, haradan qaynaqlanır. Əlbəttə ki, bu cür çirkin yazıların birinci mənbəyi erməni lobbisidir. Çünki erməni lobbisi, dünya erməniliyi Azərbaycanı bir nömrəli hədəf kimi seçibdir. Yəni, bu, reallıqdır, bu, belədir. Çünki başa düşürlər ki, onlar üçün bir nömrəli təhlükə məhz Azərbaycandır.
Bizim üçün də erməni lobbisi ən böyük düşməndir. Mən yenə də bildirmək istəyirəm ki, bunu deməkdən çəkinmirəm. Çünki bu, reallıqdır, bu, həqiqətdir. Onların, necə deyərlər, çirkli pulları bəzi siyasətçiləri, bəzi ictimai xadimləri bu qəbuledilməz yola təhrik edir. Biz bunlara qarşı daim mübarizə aparmalıyıq. İkinci, Azərbaycana qarşı yanlış məlumatlarla dolu yazıların səbəbi isə ölkəmizin müstəqil siyasətidir. Müstəqil siyasət heç də hər kəsin xoşuna gəlmir. Biz qarşıya vəzifə qoymuşuq ki, müstəqil siyasəti gücləndirək, Azərbaycan xalqının maraqlarını təmin edək. Bəzi hallarda bizi hansısa məsələyə, yönəltmək, hansısa məsələdə mövqeyimizi yumşaltmaq naminə müəyyən dairələr bizə qarşı kampaniya şəklində hücumlar edirlər. Biz bunu “Eurovision” ərəfəsində də, ondan əvvəlki dövrdə də görmüşük. Ancaq həqiqət ondan ibarətdir ki, bu kampaniyaların heç bir təsiri yoxdur. Azərbaycan dövlətinin iradəsinə, siyasətinə heç kim kənardan təsir edə bilməz”.

“Bəzi ölkələr Azərbaycandan ibrət götürməlidir”

Azərbaycanda azad internet, azad mətbuatın olduğunu deyən Prezident, ölkədə sərbəst toplaşmaq azadlığının, vicdan azadlığının tam təmin edildiyini, siyasi fəaliyyətlə bağlı heç bir məhdudiyyətin olmadığını söyləyib:

“Hər bir siyasi qüvvə getsin müəyyən edilmiş yerlərdə öz tədbirlərini keçirsin. Yaxın keçmişdə belə hadisələr olubdur. Sadəcə olaraq bu tədbirlərə heç kim gəlmir. Onun üçün bəzi siyasi qüvvələr Fəvvarələr meydanında, yaxud da ki, başqa mərkəzi yerlərdə bu nümayişləri keçirmək istəyirlər ki, hər hansı bir kanal gəlsin bunu çəksin və göstərsin. Biz bunu da bilirik.
Ona görə bütün azadlıqlar vardır. Yəni, vicdan azadlığı. Bəzi ölkələr Azərbaycandan ibrət götürməlidir. O ölkələr ki, islamofobiya meyillərini süni şəkildə gücləndirirlər, gəlsinlər bizdən öyrənsinlər, dinlərarası münasibətlər necə qurulmalıdır. Biz bunu təcrübə naminə etmirik. Bu, bizim həyat tərzimizdir”.

“Heç kimin qabağında gözükölgəli deyilik”

Bir daha xarici siyasət məsələlərindən danışan Prezident bildirib ki, Azərbaycan heç kimin qabağında gözükölgəli, heç kimdən asılı deyil, heç kimdən yardım istəmir.

“Onsuz da bilirik ki, heç kim bizə yardım etməyəcəkdir. Çünki yardım lazım olan zaman kimsə gəlib bizə arxa durdu?! Yox. Bizim iqtisadiyyatımız çökəndə, Ermənistan torpaqlarımızı zəbt edəndə, bir milyona yaxın azərbaycanlını sürgün edəndə kimsə gəlib bizə kömək etdi?! Heç kim. Ona görə belə illüziyalar məndə yoxdur, çoxdan yoxdur. Belə olan halda ölkələrlə və beynəlxalq təşkilatlarla bərabərhüquqlu yanaşmanın tərəfdarıyıq. Biz beynəlxalq təşkilatlara könüllü şəkildə üzv oluruq. Əgər görsək ki, maraqlarımız orada tapdalanır, yaxud da ki, Azərbaycana qarşı qərəzli mövqe sərgilənir, könüllü şəkildə də oradan çıxa bilərik. Biz bu qərəzli mövqeni dəfələrlə görmüşük. Mən şəxsən görmüşəm. Mən bu qərəzli mövqenin, ikili yox, üçlü, bəlkə beşli standartların şahidiyəm. Heç nə dəyişməyibdir. Yəni 2000-ci illərin əvvəlindən bu günə qədər bu məsələ ilə bağlı heç nə dəyişməyibdir. Sadəcə olaraq Azərbaycan dəyişibdir”.

Prezidentin sözlərinə görə, Azərbaycanda yoxsulluq 49 faizdən səkkiz ildə 7 faizə düşüb, iqtisadiyyat üç dəfə artıb, Cənubi Qafqaz iqtisadiyyatının təxminən 80 faizi Azərbaycan iqtisadiyyatıdır. Avropa İttifaqına üzv olan bəzi ölkələrin enerji balansında Azərbaycan neftinin payı 35-40 faizə yaxındır.

“...Azərbaycan indi o qədər inkişaf edibdir ki, bizə deyirlər bir az yavaşlayın, çünki siz çox sürətlə gedəndə başqa ölkələrdə buna qısqanclıqla yanaşırlar.
Amma, eyni zamanda, mən tam əminəm ki, biz bir addım da yavaşlaya bilmərik. Biz irəliyə getməliyik. Çünki həllini gözləyən məsələlər çoxdur”.

Geri dön