Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Qorbaçovun üzünə dedim ki..."
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Müsahibə > "Qorbaçovun üzünə dedim ki..."

"Qorbaçovun üzünə dedim ki..."


Bəstəkar Arif Məlikov: “Hərənin öz prinsipi olmalidir”
“Hərdən düşünürəm qapı açılacaq, Üzeyir bəy içəri daxil olacaq”
“Biletin qiymətini deyəndə bir söz demədim, pulu verdim, ancaq sonradan fikirləşdim 240 manat yaman bahadır”


Düzü, Azərbaycan Musiqi Akademiyasının Bəstəkarlıq Kafedrasının qapısını açmağa 5 dəqiqə tərəddüd etdim. İçəridən kafedra müdiri Arif Məlikovun səsi eşidilirdi. Elə musiqi kimi axıcı danışığı ilə tələbələrilə söhbət edirdi. Həm də dəhlizdə bir neçə tələbə skripka çalırdı. Canlı musiqi dinləməyin ləzzəti hər zaman başqadır axı. Kafedranın qapısına baxıb fikrə gedirəm – Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi ... kimlər keçməyib bu qapıdan. Azərbaycanda professional bəstəkarlığı seçənlərin hamısının sənət yolu buradan başlayıb. Müsahibə üçün gəldiyim Arif Məlikov 1953-cü ildən buradadır. Öncə tələbə, sonra müəllim, indi də kafedra müdiri kimi.

Sentyabrın 13-də görkəmli bəstəkarın 79 yaşı tamam oldu. Allah ömür versin. Bu yaşında da Azərbaycan musiqisinin xidmətindədir. Cəmi 26 yaşında yazdığı “Məhəbbət əfsanəsi” baleti ilə şöhrət qazanan bəstəkar daha 3 baletin, 8 simfoniyanın, simfonik poemaların, orkestr üçün konsertlərin, kinofilmələr, teatr tamaşaları üçün musiqilərin, neçə-neçə instrumental əsərin, mahnının müəllifidir. A.Məlikov SSRİ və Azərbaycanın ən ali mükafatların layiq görülüb. Az sonra söhbətarası deyəcək ki, mükafatların içərisində onun üçün ən dəyərlisi SSRİ xalq artisti fəxri adıdır - 15 respublikanın ali mükafatı olduğu üçün. Qapını döyüb içəri keçirəm, ilk gördüyüm Üzeyir bəyin iri portretidir. Bəstəkarla söhbətə də elə Üzeyir bəy körpü salır:

- Arif müəllim, sentyabr ayında Azərbaycanın musiqi sarıdan bəxti gətirib – dahi Üzeyir bəy, daha sonralar siz bu ayda doğulmusunuz. İndi Üzeyir bəyin yaratdığı musiqi ocağında, onu rəhbərlik etdiyi kafedraya rəhbərlik edirsiniz. Üzeyir bəy də şöhrəti 21 yaşında qazanmışdı. Siz də “Məhəbbət əfsanəsi” baletini yazanda cəmi 26 yaşınız var idi. Necə hislərdir bunlar?

- Üzeyir bəyin Azərbaycan mədəniyyəti qarşısında xidmətləri o qədər böyükdür ki... O, 1948-ci ildə vəfat edib, ancaq hərdən düşünürəm qapı açılacaq, Üzeyir bəy içəri daxil olacaq. Başımın üzərindən hər zaman Üzeyir bəyin portreti asılıb. Fəxr edirəm ki, onunla eyni ayda doğulmuşam, onun qurduğu kafedraya rəhbərlik edirəm. Azərbaycanda musiqi ilə bağlı nə varsa, təməlini Üzeyir bəy qoyub. Onun qurduğu binanın üst mərtəbələri hələ tikiləcək. Gənc yaşda şöhrət qazanmağa gəlincə, təbii, bu, sənətkarın gələcək həyatına ciddi şəkildə təsir edəcək hadisədir.

- Baleti Nazim Hikmətin əsəri əsasında bəstələmisiniz. Məncə tarixçəsi maraqlı olmalıdır – musiqinin müəllifi sovet rejimində yaşayan türk əsilli bəstəkar, əsərin müəllifi solçuluq ideyasını görə vətənindən mühacirət etməyə məcbur olan Türk şeirinin dühalarından biri. İdeya necə yarandı?

- Hərdən böyük əsərlər çox uzaq nöqtələrdən başlayır. Heç bilmirsən necə olur ki, ətrafdakı yüzlərlə, minlərlə emosiyadan yalnız biri sənin yaddaşında ilişib qalır. Bu balet də yavaş-yavaş yetişdi. Leninqrad balerinası vardı, daha sonra Perm teatrına keçdi – Jenkina. O, Nazim Hikmətin pyesi əsasında libretto yazmışdı. Bütün bəstəkarlara göndərirdi. Qara Qarayevə də vermişdi. Qara da bir gün mənə dedi ki, o qız məndən hər dəfə cavab istəyir, ona bir cavab yaz. Mən də yazdım ki, Nazim Hikmətin əsərində filan-filan məqamlar var, ancaq bunu balet səhnəsində canlandırmaq mümkün olmaz. Jenkina mənə nəsə cavab yazdı, beləlikə polemika başladı. Mən Nazim Hikmətin əsərini oxudum, çox təsirləndim. İlk variantı bəstələyib Leninqrad Opera və Balet Teatrına apardım, orada da çox bəyəndilər və qəbul elədilər. Nazim Hikməti də dəvət etdik, o libretto müəllifliyini boynuna götürdü. Premyera 1961-ci ildə oldu. Nazim Hikmət də Leninqrada gəlmişdi. Necə sevinirdi? Uşaq kimi...

- Balet Türkiyədə neçənci ildə səhnələşdirildi?

- 1979-da. O zaman Ankara teatrı məni dəvət etmişdi. Təxminən 6 aya hazırladıq tamaşanı. Ancaq premyeraya az qalmış dedilər ki, Nazim Hikmətin adını əsərdən çıxarmalıyıq - imkan vermədim. Dedim, bütün kapitalist ölkələrində əsər Nazim Hikmətin adı ilə gedir, öz vətənində də belə olmalıdır. Beləliklə, premyera baş tutmadı. Ancaq 2 il sonra Türkiyədə hökumət dəyişikliyi oldu. Məni bu dəfə İstanbul teatrına dəvət etdilər. Orada baleti ilk dəfə Leninqradda səhnələşdirən xoreoqraf Qriqoroviçlə işlədik. Tamaşa çox uğurlu alındı. Ona görə indi baletin Türkiyədə iki versiyası var - biri Ankara, biri də İstanbul versiyası. İstanbul versiyasının xorioqrafı Şikera oldu.
- Sonralar çox əsərlər bəstələdiniz, ancaq adınız gələn kimi ilk olaraq bu balet yada düşür...
- Hər zaman “Məhəbbət əfsanəsi”ni ən böyük əsərim kimi təqdim edirlər. Sözsüz, məni dünyaya qəbul etdirən bu əsərdir. 51 ildə 60 dəfə dünyanın ən məşhur teatrlarında – Rusiyada, Türkiyədə, Ukraynada, ABŞ-da, İspaniyada, İtaliyada, Avstriyada, Yaponiyada səhnələşdirilib. Ancaq məncə ən böyük əsərlərim simfoniyalarımdır, özü də cüt saylı simfoniyalarım, 2-ci, 4-cü, 6-cı, 8-ci. Nəyə görəsə belə alınıb – mən yenilikləri, tapıntıları cüt simfoniyalarımda daha qabarıq edə bilmişəm. Simfoniya çox çətin janrdır. Ancaq bəstəkara sərbəstlik, yenilik yaratmaq imkanları verir. Balet isə səhnə əsəridir – onu teatr çərçivələrinə sığışdırmalısan. Uzun illər “Məhəbbət əfsanəsi”nin müəllifi kimi təqdim edildiyimə görə əsəbləşmişəm. Simfoniyalarımı, romanslarımı tərifləyəndə də deyirdilər, bu əsəri “Məhəbbət əfsanəsi”nin müəllifi yazıb. (Gülür) Sonralar mən bu situasiya ilə barışdım. Anladım ki, bu mənim alın yazımdır. Bu gün də, özümdən sonra da belə yadda qalacam. İndi deməyəndə özüm deyirəm, “Məhəbbət Əfsanəsi”nin müəllifiyəm.

- Ancaq biz “Məhəbbət əfsanəsi”nə baxa bilmirik. Uzun illər öncə onu Leninqrad Opera və Balet Teatrının versiyasında televiziyada izləmişdim. Niyə balet vətənində səhnələşdirilmir?

- Azərbaycanda balet uzun illərdir repertuardan çıxarılıb. Biz biganəyik. Hələ Azərbaycanda 1 qəzetdə belə bir sual oxumamışam – dünyanın ən qədim və məşhur səhnələrində uzun illərdir repertuarlardan çıxrılmayan “Məhəbbət əfsanəsi” baleti niyə Azərbaycan Opera və Balet Teatrında səhnələşdirilmir? Keçən il baleti Ukraynada yenidən səhnələşdirdilər. 2011-ci ildə tamaşanın 50 illiyini Moskvada Araz Ağalarovun teatrında Peterburq teatrının truppası ifa etdi. Niyə biz Azərbaycan musiqi sənətini dünyada tanıdan bir əsərin 50 illiyini Bakıda yox, Moskvada keçiririk? 51 ildə bir dəfə də Sankt-Peterburq teatrı baleti repertuarından çıxarmayıb. Mən hələ bu sualı teatra, Mədəniyyət Nazirliyinə verəni görməmişəm. Lap elə belə atsınlar göyə ki, nə üçün Azərbaycanda “Məhəbbət Əfsanəsi” səhnələşdirilmir? Layiqli əsər deyilsə, niyə o Praqada, Peterburqda, Moskvada, Tokioda gedir? Rusiyadakı 10-dan artıq opera və balet teatrlarında bu gün repertuardadı. Ora mənim vətənim deyil – ancaq 50 illiyi orada keçirməyə məcburam. Baxmaq istəyəndə də nəvəmi götürüb gedirəm Sankt-Peterburqa. Əsərimin xarici səhnələrdə qoyulması xoş hisdir, ancaq mən onu öz xalqım üçün yazmışam. Böyük bir məhəbbət dastanıdır - əcnəbi ona baxıb saflaşır, ancaq mənim vətəndaşım bundan məhrumdur.

- Bəlkə problem Bakı teatrının potensialı ilə bağlıdır?

- Həm də bununla bağlıdır. Bizim teatrımızın səviyyəsi qabaqkı deyil. Bu gün gəlib mənə desələr ki, “Məhəbbət əfsanəsini” səhnələşdirək, istəmərəm. Amma bizim teatrımızda Niyazinin dövründə 5 Mehmanəbanu vardı, 4 Şirin, 4 Fərhad vardı. Bilmirdilər premyeraları necə qursunlar – kim oynasın? Niyə bu teatrı bu dərəcəyə çatdırıblar? Əgər teatrı bu dərəcəyə çatdıran yenə onun başında oturubsa, deməli, ondan yuxarıdakı da düzgün qərar verə bilmir. Mən hərdən fikirləşirəm ki, mənim millətim çox biganədir. Teatrın müdiri və işçiləri bəzən qəzetlərdə mənim haqqımda elə şeylər yazırdılar, mən deyirdim, əsəri qoymamısız, qoymamısız, heç olmasa, ağzınıza gələni yazmayın. Dünyanı dolaşmışam – müxtəlif ölkələrdə insanlardan sevgidən, məhəbbətdən, xoş rəftardan başqa heç nə görməmişəm. Haqqımda mənfi düşüncələri ancaq Azərbaycanda eşitmişəm. Cəmiyyət isə belə məsələlərdə susqundur. İctimai etiraz yoxdur bizdə.

- Yeri gəlmişkən, professor, musiqinin bu gününü necə dəyərləndirirsiniz? 30-40 il öncə bir kəsim Zeynəb Xanlarovanı, Əlibaba Məmmədovu, bir kəsim, Şövkət Ələkbərovu, Mirzə Babayevi, Flora Kərimovanı, bir kəsim Vaqif Mustafazadəni dinləyirdi? İndiki durum necədir? Biz kimə, nəyə qulaq asırıq?

- Keçmişdə ölkədəki yaşlıların, gənclərin, müasirlərin, hətta geriqalmışların hərəsinin öz qazanı vardı, orda özləri üçün bir şey hazırlayırdılar. İndi bütün stillər – milli, caz, rok, pop hamısı bir qazanda qarışıb. Ona görə də heç kəsə də öz yeməyini tapa bilmir. Bu təkcə bizdə də deyil. Yaxınlarda Almaniyada bir hadisə oldu – stadiondakı konsertdə səhnə yıxıldı, insanlar öldü, ancaq stadionun bir təfəri uzun müddət sadəcə ritmin altında atılıb-düşdü. Düşünürəm bu, təmizlənəcək. Hər dövrün fərqli təsirləri olur. Məsələn indi Şakiradır, Cey Lodur onların təsirləri genişdir. Ancaq bizdən fərqli olaraq onların bazarı böyükdür, onların dünyaya çıxmaq imkanları çoxdur.

- Cenifer hətta Bakıya da gəldi...

- Bəli, cavanlar da çox böyük maraq göstərdi. Mənim nəvəm də getdi. Biletin qiymətini deyəndə bir söz demədim, pulu verdim, ancaq sonradan özlüyümdə fikirləşdim 240 manat yaman bahadır.

- Təxminən müəllimin aylıq maaşı qədər...

- İndi dünya belədir – pulun yoxdur, getmə.

- Təmizlənəcək dediniz. Yaxşı musiqini, təbii yaxşı bəstəkar yazır. Bu gün bəstəkarlığa meyl varmı? Bir zamanlar Şestakoviç sizə “sənətdəki nəvəm” deyirdi. Sizin də sənətdə “övladınız”, “nəvəniz” varmı?

- Olmasaydı, mən sizinlə burda söhbət etməyəcəkdim. Bəstəkarlıq kafedrası başqa kafedralara bənzəmir. Burada istedad vacibdir. Bura gələn “mən bəstəkar olmaq istəyirəm” sözləri ilə yox, əsərlə gəlir. Bu il 5 nəfər gəlib bəstəkarlığa – iki nəfər Milli Konservatoriyasına gedib, üçü də bizim Musiqi Akademiyasına. Bunu uğur sayırıq. Bu şəxslər təhsil alacaq, inkişaf edəcək. Bu yaxında eyni konsertdə mənim 3 tələbəmin orkestr üçün yazdığı əsərlər səsləndi. Hər dəfə də deyirlər, bu gənc bəstəkarlar Arif Məlikovun sinfini bitirib. Belə gözəl işlər baş verir. Ancaq çətinliklər də olur. Bəstəkar o adı qazanana, bəlli bir mərhələyə gələnə qədər maddi təminatı olmalıdır. Bu olmayanda bəzən həyatın ağırlığına tab gətirə bilmirlər. Hətta çörəkpulu üçün gedib adi məktəbdə müəllim olanı da var. Çünki zaman keçir, ailə quran olur, maddi ehtiyaclar artır, istedad da məhv olur.

- Azərbaycanda son iki ildə iki dəfə beynəlxalq klassik musiqi festivalı keçirilib - Qəbələdə. Ancaq sanki bu festival Azərbaycanın mədəni həyatına təsir etmir – kiçik bir cameə üçün təşkil olunur. Siz necə düşünürsünüz?

- Mən o festivalda olmamışam. Dəvət ediblər ancaq səhhətimlə bağlı gedə bilməmişəm. Mənim əsərimi də səsləndiriblər orda. Gələnlərin adını mətbuatdan oxumuşam. Düzü, o auditoriyanı hardan yığırlar, necə formalaşdırırlar xəbərim yoxdur.

- Bir ara iqtisadi çətinlik üzündən xeyli sənətçi Azərbaycandan getdi. Azərbaycan musiqisi bununla nə itirdi, nə qazandı?

- 1958-ci ildən işləyirəm, dünyanı çox gəzmişəm. Azərbaycan bəstəkarlıq məktəbi dünyanın bir çox ölkələrindən irəlidədir. Bizim professional tələbələrə ehtiyac var. Tərsinə də ola bilərdi. Mən burda ziyanlı bir şey görmürəm. Bilirsiz, bir vaxt bizə - Azərbaycan musiqiçilərinə ehtiyac vardı. Musiqiçimiz çox idi, iş yeri tapılmırıdı. Türkiyə böyük dövlətdir, xeyli konservatoriyaları var. Vaxt olub mən özüm xeyli musiqiçinin Türkiyədə işə düzəlməsi üçün təqdimatlar vermişəm. Onlardan biri Türkiyədə işləyərkən ABŞ-a dəvət alıb, indi orada işləyir. Xanım tələbələrimdən biri İtaliyaya getdi, sonra orada italyanla ailə qurdu. Bu, çox sevindiricidir. Sevinirəm ki, onların bir xeylisi geri qayıdıb. Məsələn, Aydın Əzimov 10 il Türkiyədə işlədi – indi bizim kafedrada dərs deyir.

- Sizə də iş təklifləri gəlirdimi?

- Əlbəttə. ABŞ-dan, Avropanın çox ölkələrindən, Yaponiyadan... Yüksək maaşlar təklif olunurdu – məsələn, aylıq 20 min dollar. Getmədim. Oturmuşam öz vətənimdə, dünyanı gəzirəm. Mənim bir dövrüm vardı, qısa müddətdə 200 dəfədən çox səfərə getdim. Maddiyata görə bir ölkəyə bağlanmaq mənə görə deyil. Şükür Allaha, çörəkpulumu sənətimlə qazanmışam. Sizə deyim ki, bu gün bəstəkarlıqla pul qazanmaq çox çətindir. Azərbaycanda bəstəkarla iri məbləğli müqavilələr bağlanmır. Nə teatrın, nə kinonun elə gücü yoxdur. Müxtəlif ölkələrdə konservatoriyalara gedirəm, master-klasslar da olur, müzakirələr də. Hansısa təklifi qəbul edib xaricə köçsəydim, adım həmin konservatoriyanın, ya akademiyanın adı ilə bağlı olacaqdı. Ancaq indi hər yerdə Azərbaycan bəstəkarı kimi təqdim olunuram. Bu, mənim öz xalqıma xidmətimdir.

- Siz həm də rəsm əsərləri çəkirsiniz. Xalq artisti Brilyant Dadaşovanın sizin “Güllərim” mahnınıza çəkdirdiyi klipdə də siz bəstəkar yox, rəssam rolundasınız. Nə zamandan çəkirsiniz?

- Əslində uşaqlıqdan rəsmə daha çox həvəs göstərmişəm. Sonradan iş elə gətirdi mən musiqinin arxasınca getdim. Rəsm üzrə təhsilim yoxdur. Ancaq indi Rəssamlar İttifaqı ilə Bəstəkarlar İttifaqı, belə demək mümkünsə, məni bölə bilmir. (Gülür) Bir neçə ilə qabaqkı ad günümdə yağlı boya ilə çəkdiyim 50 tablonun sərgisini də keçirdilər.

- Xaricdə əsərləriniz səhnələşdirilən zaman rəsm əsərlərinizi də sərgiləmək ideyası olubmu?
I
- Belə bir sərgim olmayıb, ancaq yağlı boya ilə çəkilmiş əsərlərimdən ibarət bukletlərim var. Ən çox gülləri çəkməyi sevirəm. Mənimçün bu hobbidir, ancaq Rəssamlar İttifaqı deyir, bu, hobbi deyil, əsl sənətdir.
- Portret də çəkirsiniz?
- Səttarı çox sevirəm, onun portretini işləmişəm. Mədəniyyət naziri hər dəfə deyir, Arif müəllim, o portreti nazirliyə satın. Mən də cavab verirəm ki, rəsmlərimi satmıram. Ümumiyyətlə portret yox, peyzaj çəkməyi sevirəm. Şıxovda xəstəxanadaydım, orda uzaqda təzə qurulmuş neft buruqları vardı. Mindim maşına, 4 dənə də kətan götürdüm. Bir obyekti 4 fərqi variantda çəkdim – bir səhər, biri gecə. Qıraqdan baxsa, heç kim inanmaz ki, bu eyni nöqtədən çəkilib - biri bircə buruqlardan bilinir. Evimin eyvanından Təzəpir məscidi görünür. Onu 3 dəfə çəkmişəm – günün ayrı-ayrı vaxtlarında. Baxanda adama elə gəlir, hərəsini ayrı rəssam çəkib. Rəssamlıq da məncə, musiqi düşüncəsindən gəlir. Biz sizinlə bir kitab yazdıq ki... (Gülür)

- Elədir. Təbii, bu Sizin çoxşaxəli fəaliyyətinizlə bağlıdır. Sənət öz yerində ancaq bu söhbətdə ictimai fəaliyyətinizi yada salmamaq olmaz. Siz yaddaşlarda həm də SSRİ Ali Sovetinin Azərbaycandan olan deputatı, baş katib Qorbaçova, müdafiə naziri Bakatinə Bakıda törətdikləri 20 Yanvar qırğınlarına görə ağır sözlər deyən şəxs kimi qalmısınız.

- 1990-cı ildə təsadüfən sağ qaldım. Mənə bir dəfə atəş də açmışdılar.
- Bakıda?
- Bakıda. O zaman çox qarışıqlıq idi – sonralar bu işin üstündən keçdilər. Qorbaçovun üzünə çox şeylər dedim. Dedim ki, insanlar sənə cəza verməsə də, Allah verəcək. “Mən ittiham edirəm” kitabımda yazmışam bunları. Mən Bakıdakı Hərbi Komendaturadan çağırıb xəbərdarlıq etdilər ki, bu işlərə qarışma. Atəşi də onda açmışdılar mənə. Ancaq geri çəkilmədim. O zaman çox insan tutmuşdular. Həbsxanalardan nə qədər insanların çıxarılmasın nail oldum. Onların ailələri ömür boyu mənə duaçıdırlar. Kitabımda onların siyahısı var – bunlar faktlardır. SSRİ-nin həbsxana künclərinə atdığı bu insanlarla heç kəs məşğul olmurdu- bəstəkar məşğul olurdu. İndi hamı qəhrəman olub... Mən bu mövzulara daha toxunmaq istəmirəm. Kitabımda bütün həqiqətləri yazmışam.

- Bu gün Azərbaycanda Ziyalılar Forumu deyilən bir qurum yaranıb. Qurumun fəaliyyətilə maraqlanırsınızmı?

- Nə yaşım, nə səhhətim əsas işlərimdən kənar nəyləsə məşğul olmağıma icazə vermir. Bu, mümkün deyil. Mövqeyimlə, Azərbaycan üçün etdiklərimlə tanış olmaq istəyənlər “Mən ittiham edirəm”i oxusun. İndi mən bu yaşımda gedib sinəmi qabağa verib nə edəcəm? Kiminlə mübarizə aparmalıyam? Mənim əsas işim Azərbaycan musiqisini gənclərə öyrətməkdir. Mənim Vətən üçün edə biləcəyim ən böyük iş budur. Azərbaycanın çətin vaxtında onu qoyub getmədim. Hərənin bir prinsipi olmalıdır.

Aygün Muradxanlı

Geri dön