Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan türkçülüyü ideyası - XIII
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Azərbaycan türkçülüyü ideyası - XIII

Azərbaycan türkçülüyü ideyası - XIII


Faiq Ələkbərov (Qəzənfəroğlu)

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru


Azərbaycan Cümhuriyyətinin tərənnümçüləri: Əhməd Cavad, Abdulla Şaiq və Cəfər Cabbarlı

Azərbaycanın Cümhuriyyətinin, o cümlədən Azərbaycan türkçülüyü ideyasının 1918-1920-ci illərdə şeir sənətində ən böyük tərənnümçüləri Əhməd Cavad, Abdulla Şaiq və Cəfər Cabbarlı olmuşdur. Azərbaycan Cümhuriyyətinin istiqlal şairləri arasında ilk yeri tutmağa layiq olan Əhməd Cavad Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Məhəmməd Hadi, Hüseyn Cavid və başqa Azərbaycan-türk mütəfəkkirlər kimi, həm turançılığı, həm də onun müstəqil bir qolu olan Azərbaycan türkçülyü ideyasını təbliğ etmişdi. Fikrimizcə, onun turançılığı «Çırpınırdın Qara dəniz», «Bən kiməm?» və başqa şeirlərində daha aydın şəkildə ifadə olunmuşdu. Ə.Cavad «Bən kiməm?» şeirində yazır:

Soranlara, bən bu yurdun
Anlatayım nəsiyəm:
Bən çeynənən bir ölkənin
«Haqq!» bağıran səsiyəm!.

Azərbaycan türkçülüyü ideyası - XIIICümhuriyət dövründə isə Ə.Cavadı bütün xalqın sevimli istiqlal şairinə çevrilmişdi. Ancaq onun şeirlərində fəlsəfi romantizm daha güclü idi. Bu baxımdan Azərbaycan milli azadlıq hərəkatının şeir sənətində ilhamvericisi olan Ə.Cavad Azərbaycan Cümhuriyyətinin ən görkəmli şair-mütəfəkkirlərindən biri idi. Belə ki, Ə.Cavad ümumi türkçülüklə, türk birliyi (turançılıqla) ilə yanaşı, konkret Azərbaycan türkçlüyünü şeir vasitəsilə ideolojiləşdirmişdi. Belə ki, o, «Azərbaycan bayrağına» (1919-cu il) şeirində Türküstandan, Turandan, üç boyalı türk bayrağından, türklərin soykökündən, türk ellərinin birliyindən və s. bəhs etmişdir:

Türküstan yelləri öpüb alnını
Söylüyor dərdini sana, bayrağım!
Üç rəngin əksini Quzğun dənizdən
Ərmağan yollasın yara, bayrağım!

Gedərkən Turana çıxdın qarşıma,
Kölgən Dövlət quşu, qondu başıma!
İzn ver gözümdə coşan yaşıma -
Dinlətsin dərdini aha, bayrağım!

Qayi xan soyundan aldığın rəngi,
Qocalmış Elxanla müsəlman bəgi.
Elxanın övladı, dinin dirəgi,
Gətirdin könlümə səfa, bayrağım!

Köksümdə tufanlar gəldim irəli,
Öpüm kölgən düşən mübarək yeri!
Allahın yıldızı, o gözəl pəri,
Sığınmış qoynunda Aya, bayrağım!

Cavadın Azərbaycan Cümhuriyyətinin qurucusu, Azərbaycan türkçülüyü ideyasının ideoloqu Məhəmməd Əmin Rəsulzadəyə həsr etdiyi «Elin bayrağı»ı şeiri də maraq doğurur:

Sən çıx bu minbərdən doğrunu söylə,
Yalvarma kimsəyə Tanrıdan başqa!
Küskünsə taleyin, sən ona küsmə,
Dinlə qədir səsin, çalış-çabala!
Bu bəxtsiz millətin daddığı acı,
Çalış əlac olsun, diriltsin onu!
Düşmən başındakı o zəfər tacı
Görsün ki, ər qəmin deyildir sonu!

«Türk ordusuna» şeirini isə Ə.Cavad Bakının türk ordusunnu 1918-ci il sentyabrın 15-də bolşevik-daşnak ünsürlərdən azad edilməsi şərəfinə qələmə almışdı:

Ey şanlı ölkənin şanlı ordusu,
Unutma Qafqaza girdiyin günü!
Gəlirkən qovmağa Turandan Urusu,
Ayağını Qara dəniz öpdümü!.

Cümhuriyyət dövründə yazıb-yaratmış Azərbaycan-türk ziyalılarından biri də Abdulla Şaiqdir. Onun Cümhuriyyət dövründə qələmə aldığı «Marş», «Arazdan Turana», «İki mücahid», «Vətənin yanıq səsi», «Yeni ay doğarkən» və b. şeirləri diqqəti daha çox cəlb edir. A.Şaiq «Marş» şeirində yazır:

Birləşəlim, türk oğlu, bu yol millət yoludur,
Ünlə, zəfərlə, şanla tariximiz doludur.
Yürüyəlim irəli, haydı, millət əsgəri,
Keçmişimiz şan, zəfər, durmayalım biz geri.
Yıldırımlı gözünüz qan ağladır düşmənə.
Qorxaq, alçaq, xainin bu meydanda işi nə?!
Dəniz kibi coşalım, dalğa kibi qoşalım,
Altqn ordu, irəli! Dağlar-daşlar aşalım!
Türk qafasında qorxu yuvalamaz, düşmənim!
Həp dəmirdən yapılmış ruhum, qəlbim, bədənim.
Süngümüzün ucundan damar qətrə-qətrə qan,
Hürriyyətdən, vətəndən ölüncə keçməm, düşman.
Dalğalanır üstümdə şanlı Turan bayrağı,
Alovlanır qəlbimdə «Ərgənəkon» ocağı.
Haydı, yola çıxalım, haqsızlığı yıxalım,
Turanda gün doğunca zülmətlə çarpışalım!.

A.Şaiq «Arazdan Turana» şeirində isə Vətənin darda olduğunu və onu qurtaracaq TÜRK oğlunu gözlədiyini yazır:

Gülümsərkən ağzından güllər saçan o gözəl
Şimdi ağlar, gözündən inci damlar. Xain əl
Girmiş məsum qoynuna, yaralayır köksünü,
İnlər: Yoxmu Turanda qurtaracaq ər bəni?
Nərdə o türk nişanlım, o qoç igit, qəhrəman?
Yolunu pək özlədim, yol ver ona, Yaradan?
Yel atına binsin də, gəlsin səni qurtarsın!
Yağı olan bu xain başları qoparsın.

O yazır ki, türk oğlu bu hayqırtını eşidir və Vətəni dardan qurtarır:

«Quzğun dəniz» bu qara xəbərləri dinlədi,
Yara almış bir arslan kimi kimi inlədi.
Basdı Kürü, Arazı dalğaların selinə,
Birdən-birə köpürdü, daşdı Turan elinə.
O dağ kibi yüksələn dalğaları yürüdü,
Yüz milyonluq Turanı başdan-başa bürüdü.
Hər kiçicik dalğasında bir ildırım patladı,
Almas kipriklərində birər şimşək oynadı.
Hər bir öksüz bucaqda qopdu yeni bir tufan,
Coşqun sellər qaldırdı əngəlləri aradan.
Artıq sehrli divlər yediyini həp qusdu,
Sonra Turan da susdu, dəniz də, göy də susdu.

Abdulla Şaiq Cümhuriyyətin ən böyük özəlliklərindən biri kimi də insanların həyata bağlılığının artmasını göstərir. Onun fikrincə, keçmişin qaranlıq günlərini, artıq Cümhuriyyətin işıqlı günlər əvəz etmişdir.

1915-ci ildə ədəbi fəaliyyət başlayan Azərbaycan-türk mütəfəkkiri Cəfər Cabbarlı «Solğun çiçəklər», «Nəsirəddin şah», «Mənsur və Sitarə» pyeslərini yazdı. Cümhuriyyət dövründə isə o, ən gənc istedadlı mütəfəkkirlərindən biri idi. Milli istiqlala və türkçülüyə bağlı olan C.Cabbarlı Azərbaycan bayrağına həsr etdiyi «Sevdiyim» şeirində yazır:

Altun köksün hilal-yıldız, işıqları öpüncə,
Zirvəsindən şah dağının gündoğuşu dinilür.
Rəhm Allahi gözəlliklər tanrısı tək pək incə,
Bir siyaqla könüllərə hey salamlar söylüyür.

Onun 1919-cu ildə «Azərbaycan» qəzetində nəşr olunan «Azərbaycan bayrağına» şeiri ziyalının Cümhuriyyətə bağlılığının ən bariz nümunəsidir:

Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,
Şu sevimli üç boyalı, üç mənalı bayrağı.
Mələklərin qanadımı üzərimə kölgə salan?
Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı!
Göy yarpaqlı, al çiçəkli yaşıl otlar topasımı?
Xayır, xayır? Çiçək solur, otlar yerdə tapdanır.
Fəqət bizim bayrağımız ucaları pək seviyor,
Yulduzlardan hilaldan da yüksəklərdə fırlanıyor.
Kölgəsində ay əyilib bir gözəli qucmada.
Qucaşaraq sevdiyilə yüksəklərə uçmada,
Şu görünüş bir ananın şəfqətinə oxşayor.
Düşündükcə zövqlərimi, vicdanımı oxşayor.
Bu ay, yıldız, boyaların qurultayı nə demək?
Bizcə böylə söyləmək!
Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmyan imanı,
Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.
Səkkiz uclu şu yulduz da səkkiz hərli OD YURDU!
Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,
Səhərlərə uçmuşdur
Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı,
Yurdumuzu qucmuşdur!
Allah, əməllərim edib şu bayrağı intiqal,
Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL!
Yürəyində bir dilək var, o da doğru kəsilsin,
O gün olsun bir göy bayraq Turan üstə açılsın.

Geri dön