Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır

Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır


Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Faciənin 28-ci ildönümü münasibətilə təşkil edilən tədbirdə akademiyanın prorektoru Yeganə Axundova çıxış edərək Xocalıda törədilən dəhşətlərdən danışıb. Deyib ki, Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır. Bu faciə, həm də əsrlərboyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların daha bir dəhşətli təzahürüdür. Xalqımız bu faciəni heç vaxt unutmayacaq.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev Xocalı soyqırımının tarixindən, xalqımızın başına gətirilən müsibətlərdən və bu faciənin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında birgə səylərin göstərilməsinin vacibliyindən danışıb.
Bildirilib ki, XX əsrin sonunda bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı ermənilərin xalqımıza qarşı apardığı təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsidir. Son illərdə Xocalı soyqırımının tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlərdən danışan natiq deyib ki, artıq ABŞ-ın 20-dən çox ştatı və 15-ə qədər ölkənin qanunverici orqanları Xocalı faciəsinin soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınması barədə qətnamə qəbul edib. XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımın indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirən Tural Gəncəliyev söyləyib ki, Xocalı soyqırımı tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Holokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənmir. O vurğulayıb ki, ermənilərin Xocalıda törətdikləri vəhşiliklər elə həmin dövrdə “The Sunday Times”, “The Sunday Times” (İngiltərə), “Washington Post” (ABŞ), “İzvestiya” (Rusiya) qəzetlərində, “Krua l`Eveneman” (Paris) jurnalında, həmçinin Rusiyanın “Memorial” Hüquq-Müdafiə Mərkəzinin məlumatında, eləcə də dünyanın bir çox nüfuzlu KİV-lərində öz əksini tapıb.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri gənclərə müraciət edərək söyləyib ki, bu faciənin tanıdılması üçün müasir vasitələrdən istifadə edilməli və hər bir azərbaycanlı bu işdə həmrəylik nümayiş etdirməlidir. Tədbirdə Bakı Musiqi Akademiyasının kafedra müdiri, filologiya elmləri doktoru, professor Tərlan Quliyev qeyd edib ki, aylarla mühasirədə saxlanılan Xocalı şəhəri erməni faşistləri və onların havadarları tərəfindən bir gecənin içində yerlə-yeksan edilib. Bu qanlı aksiya zamanı dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib, meyitlər təhqir olunub, 1275 nəfər girov götürülüb, 197 nəfərin taleyi isə hələ də məlum deyil: “Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürüldü, insanlar diri-diri yandırıldı, başlarının dərisi soyuldu, bədən əzaları kəsildi, gözləri çıxarıldı, hamilə qadınların qarnı süngü ilə yarıldı”.
Tədbirdə Xocalı soyqırımı zamanı erməni əsriliyində 8 gün qalmış Dürdanə Ağayeva və faciənin canlı şahidi Samirə Hüseynova başlarına gətirilən müsibətlərdən danışıblar. Sonra Bakı Musiqi Akademiyasının kafedra müdiri, Əməkdar incəsənət xadimi Aydın Əzimovun Xocalı soyqırımına həsr olunmuş Hüseyn Cavidin sözlərinə yazdığı “Əcəba” musiqili kompozisiyası nümayiş olunub. Mərasimdə Xocalı soyqırımı qurbanlarının xatirəsi Bakı Musiqi Akademiyasının müəllim və tələbələri tərəfindən hazırlanmış musiqili proqramla da anılıb.

DAVAM.AZ

Geri dön