Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Bütöv Azərbaycan istəyi: Tarixi fürsət yoxsa...
Bütöv Azərbaycan istəyi: Tarixi fürsət yoxsa... |
Eldar Namazov: “Parçalanma geopolitik proseslərin nəticəsi olduğu kimi parçalanmış millətlərin birləşməsi də bu proseslərin nəticəsi kimi ortaya çıxır”
Nəsib Nəsibli: “Bütöv Azərbaycan məsələsinin qoyulması həm də İran iqtidarı və müxalifətinə bir mesajdır” ABŞ konqresmeni Dana Rohrabacherin Konqresə “Azərbaycan və İran arasında bölünmüş Azərbaycan xalqının öz taleyini müəyyənləşdirmək və istərlərsə, suveren ölkə yaratmaq haqqı”ndan bəhs edən qətnamə layihəsini təqdim etməsi artıq ölkənin nüfuzlu media orqanlarının da diqqətindədir. Elə ABŞ-ın nüfuzlu “Nyu-York Tayms” qəzeti İrana hərbi müdaxilədən sonra regionda indiki Türkiyədən də güclü Böyük Azərbaycan dövlətinin yarana biləcəyindən yazıb. Qəzet hesab edir ki, İranın indiki rejimi zorakılıqla süquta uğrayacağı təqdirdə Güney Azərbaycandakı 20 milyonluq (əslində İranda 30-35 milyon azərbaycanlı yaşayır-E.P.) azərbaycanlı əhalisi ilə mərkəzi Təbriz olan yeni dövlətin yaranması mümkündür. “Bu dövlət Azərbaycan Respublikası ilə birləşə və daha böyük müttəfiqi olan Türkiyə ilə birlikdə yeni regional güc meydana çıxara bilər” - deyə qəzet bildirir. O da qeyd olunur ki, bu halda Ermənistanın Dağlıq Qarabağ ərazilərinə iddiaları çətin vəziyyətə düşəcək. İllərdir səsi eşidilməyən Cənubdakı həmvətənlərimizin məsələsinin dünyanın fövqəldövlətində müzakirə mövzusu olması, bununla bağlı ABŞ rəsmilərinin açıqlama verməsi, Konqresə layihə təqdimatı indiki halda əlbəttə ki, sevindirici haldır. Elə ABŞ-da mühacir həyatı yaşayan güneyli lider Mahmudəli Çöhrəqanlı da bu hadisəni yüksək qiymətləndirərək rəsmi Bakını millətə sahib çıxmağa çağırıb. Lakin bir sıra ekspertlər, rəsmi, qeyri-rəsmi dairələr 1945-46-cı illərdə Seyid Cəfər Pişəvərinin liderliyi ilə Güneydə qurulan Azərbaycan Demokratik Hökumətinin süqutunda Amerikanın oynadığı rolu xatırladaraq indiki mərhələdə də ehtiyatlı olmağı məsləhət görürlər. Hesab olunur ki, bu, ABŞ-ın İran-Azərbaycan münasibətlərini gərginləşdirmək, yaxud öz məqsədləri naminə Cənubi Azərbaycan əhalisindən istifadə cəhdindən başqa bir şey deyil. Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev rəsmi Bakının İranın ərazi bütövlüyünə hörmətlə yanaşdığını deməklə ehtiyatlı mövqe bildirməklə kifayətlənib. Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin diaspor sektorunun müdiri Qafar Əliyev də teleqraf.com-a açıqlamasında İranda yaşayan azərbaycanlıların xaricdə dövlət yaratmaq hüququnun olması barədə səslənən fikirlərə ehtiyatlı yanaşmanın tərəfdarı olduğunu deyib: “Bilirsiniz ki, İranda yaşayan azərbaycanlıların mübarizəsinə dəstək vermək üçün bir müddət öncə ABŞ konqresmeni dövlət katibinə müraciət edib və ondan sonra bu məsələ Qərb dairələrində gündəmə gəlib. Görünür, beynəlxalq qurumlar, xarici siyasi dairələr Cənubi Azərbaycanın müstəqil dövlət olması layihəsi üzərində işləyirlər. Bu məsələni ABŞ və digər siyasi dairələrin gündəmə gətirməkdə məqsədləri İrana qarşı daha təsirli zərbələr vurmaqdır. Amma Azərbaycan Respublikası bu layihələrin heç birində iştirak etmir və biz İranla münasibətlərimizin normal olmasında maraqlıyıq. Biz cənub qonşumuzda sülh və əmin-amanlığın olmasının tərəfdarıyıq”. ANİF prezidenti Eldar Namazov isə deyir ki, ölkələrin, xalqların parçalanması hansısa böyük geopolitik gərginliklərdən keçirsə, onların yenidən birləşməsi də həmişə böyük geopolitik proseslərin təsiri altında baş verir: “Vaxtilə Azərbaycanın da parçalanması bölgədə Rusiya, İran və Türkiyənin apardığı savaşların fonunda baş verdi. Faktiki olaraq böyük geopolitik prosesin bir nəticəsi idi ki, iki imperiya - Rusiya və İran onu öz aralarında parçalayıb bölüşdürdü. Ona görə də parçalanma geopolitik proseslərin nəticəsi olduğu kimi parçalanmış dövlətlərin və millətlərin birləşməsi də yenə də geopolitik proseslərin bir nəticəsi kimi ortaya çıxır. Təsadüfi deyil ki, II Dünya müharibəsi nəticəsində parçalanan Almaniya SSRİ-nin dağılması nəticəsində birləşdi. Yəni yenə də bu proses böyük bir geopolitik prosesin nəticəsi kimi baş verdi”. E.Namazovun sözlərinə görə, bu gün Azərbaycan məsələsinin Vaşinqtondamı, Brüsseldəmi, başqa paytaxtlarda, beynəlxalq qurumlarda gündəmə gətirilməsinə təbii baxmaq lazımdır: “Çünki ortalıqda real bir fakt var: Azərbaycan xalqı parçalanıb. Real fakt var ki, dəfələrlə Azərbaycan xalqı birləşmək uğrunda mübarizə aparıb. Bunu nə görməzliyə vurmaq, nə də inkar etmək olmaz. Ancaq o vaxt müəyyən geopolitik maraqların nəticəsində buna göz yumulurdu. İndi isə müəyyən geopolitik proseslərin nəticəsində bu, beynəlxalq ictimaiyyətin diqqətinə qabarıq şəkildə çatdırılır, bununla bağlı mövqe formalaşır. Ona görə də bütün hallarda bu, qaçılmaz bir prosesdir və bunu təxribat kimi qəbul etmək çox yanlış olar”. Politoloq deyir ki, burada hansısa güclərin maraqlı olması təbiidir: “Elə Azərbaycanı parçalayanda da kimsə şəxsi maraqlarını güdürdü. Ancaq Azərbaycanın birləşməsi də ola bilsin ki, hansısa dövlətlərin, siyasi qüvvələrin maraqlarına uyğun gəlsin. Sadəcə, buna təbii baxmaq lazımdır. Ölkələr özləri parçalanmır, yaxud birləşmir. Bunlar daim böyük geopolitik proseslərin fonunda baş verir. Ancaq bundan çəkinməyə dəyməz”. Sabiq millət vəkili, Azərbaycanın İrandakı keçmiş səfiri, tarixçi-alim, professor Nəsib Nəsibli hesab edir ki, bu, sıradan bir məsələ deyil: “Amerika konqresmeninin məlum bəyanatı, ardınca qərar layihəsinin təqdim olunması əlbəttə ki, doğru bir işdir. O mənada ki, İrandakı soydaşlarımızın gerçək vəziyyətini ifadə edir. Bu problemin mövcudluğu haqqında Qərb elmi ədəbiyyatında çoxlu qaynaq var. Amma siyasi müstəvidə, ya KİV-də - ”Nyu-York Tayms" qəzetində bir neçə gün əvvəl çıxan məqaləni nəzərdə tuturam - bu məsələnin qoyuluşu 1946-cı ildən bu yana yenidir. Niyə? İndi nə oldu ki, bu məsələ qoyulur? Məncə, İran məsələsi beynəlxalq siyasətin mərkəzində yer almaqdadır və neçə ildir ilk yerlərdən birini tutur və son vaxtlar müşahidə olunanlar bunun daha da aktuallaşmasının göstəricisidir. Bütöv Azərbaycan məsələsinin qoyulması həm də İran iqtidarı və müxalifətinə bir mesajdır. Xüsusən də bu mesaj İranın demokratikləşməsini özünün vəzifəsi elan edən qruplara ünvanlanıb. Yaşıllar Hərəkatının şəxsində özünü göstərən o müxalifət ölkədə etnik azlıqların mövcudluğunu etiraf etmək, onların milli hərəkatını qəbul etmək istəmir. Amma son illərdə bu milli hərəkat öz varlığını aydın şəkildə ortaya qoyub. Həmçinin Azərbaycan milli hərəkatı da öz mövcudluğunu ciddi şəkildə ortaya qoyub və siyasi qrupları, proqramları ilə öz varlığını bildirib. Bu mesajın bir mənası da odur ki, əgər İranın demokratikləşməsini istəyirsinizsə, onda milli faktları da qəbul etmək məcburiyyətindəsiniz". N.Nəsibli bu mesajları İrana təzyiq kimi qiymətləndirənlərlə razılaşdığını bildirdi: “Doğrudan da bu, İrana təzyiqdir. Çünki İranda tək bizim soydaşlarımıza qarşı deyil, qeyri-farsların hamısına qarşı bir irqçi rejim var. Bu cür mesajların müəllifindən asılı olmadan hesab edirəm ki, çox doğru olaraq atılmış bir addımdır”. Tarixçi-alim deyir ki, xüsusən xaricdə olan Azərbaycan diasporu Güneylə bağlı son illərdə çox aktivdir və çox böyük işlər görür: “Bu iş davam edəcək. Artıq türk milliyyətçiliyi bu hərəkatın xarakterini müəyyən edir. Həmçinin özünü dərketmə prosesi çox sürətlə inkişaf edir. İranın daxilində hərəkatın səsi dünyaya lazımınca çatdırılmır. Amma müasir informasiya vasitələri - YouTub, GünAZ.TV-nin saytı vasitəsilə artıq oradakı proseslərin mahiyyətini insanlara çatdırmaq üçün geniş imkanlar var. Artıq daxildə baş verənlərin mahiyyətini gizlətmək İran iqtidarı üçün çətinləşib. Bu iş əlbəttə ki, davam edəcək. Çünki artıq cin şüşədən çıxıb”. Hansı nəticəsini verməsindən asılı olmayaraq Azərbaycan dövləti və milləti olaraq bölgəmizdə baş verəcək proseslərə hazır olmalıyıq. Tarixdə çox namümkünlərin mümkün olduğunu heç vaxt unutmaq olmaz. 15-20 il öncə milli lider Əbülfəz Elçibəy “Vaxt gələcək bütün yollar dağlar sultanı, dağlar piri Savalana gedəcək” deyirdi. O zaman Güneyin səsi heç Bakıya da çatmırdı. Elçibəyin dedikləri rəqibləri tərəfindən hətta tənə ilə qarşılanırdı. Bu günsə Güneydən, Bütöv Azərbaycan məsələsindən hətta ABŞ Konqresində də danışılır... Elşad PAŞASOY Geri dön |