Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Niyə indi Üzeyir Hacıbəyov yetişmir?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Niyə indi Üzeyir Hacıbəyov yetişmir?

Niyə indi Üzeyir Hacıbəyov yetişmir?


Firudin Alllahverdi

Bu günlərdə Üzeyir Hacıbəyovun növbəti yubileyi qeyd olundu. Adı ilə bağlı festival açıldı, konsertlər başladı, internetdə onun əsərlərini yaydılar, dinlədilər.

Və azərbaycanlıları bir sual yenidən narahat etməyə başladı: niyə indi elə insanlar yetişmir?

Qınamalı deyil. Adamlar dinləyirlər, başa düşən indi belə insanların olmamağından gileylənir, başa düşməyən də elə sürüyə qoşulub o sualı təkrarlayır.

Hətta AzTV-də bir professor xanım dedi ki “Üzeyir bəyi Azərbaycana Allah göndərmişdi.”

Populist fikirdir. Özünə professor deyən adam bu cür mistik fikirlər səsləndirməməlidir. Doğrudur, adlarını professor qoyanlardan gülməli fikirlər eşitməyimiz ilk dəfə deyil. Nə edək, yaşadığımız cəmiyyətin standartları çox aşağıdır. Amma bununla belə səviyyənin aşağı salınmasına öyrəşməməliyik. Özünə professor deyən adam ciddi söhbət eləməlidi, eləmirsə, biz bu məsələni ona xatırlatmalıyıq.

Amma azərbaycanlıları düşündürən suala cavab tapmalıyıq: doğrudan, necə olur ki indi o cür insanlar yetişmir? Niyə indi Üzeyir Hacıbəyov, Qara Qarayev, Cavad Mircavadov, Səttar Bəhlulzadə, Yusif Məmmədəliyev və digər insanlar yetişmir?

Yoxsa belə çıxır ki Allah bizə istedadları konkret bir zaman kəsiyində göndərib? Heç inandırıcı görünmür...
Gəlin, Üzeyir Hacıbəyovun həyat yoluna qısa nəzər salaq, onda biləcəyik ki o necə yetişib.

Başlayaq Şuşadan. Üzeyir orada çar hökumətinin açdığı rus-tatar məktəbində təhsil almışdı. Şuşada bu məktəblərin açılmasının əsas təşəbbüskarı isə ilk professional mühəndisimiz Fərrux bəy Vəzirov idi.

Sonra Üzeyir Qori seminariyasına getdi. Burada o, Şuşaya nisbətən daha böyük multikultural məkana düşdü. Qori seminariyasının əsas missiyası yerlərdə müəllimlər hazırlamaq idi. Təxminən pedaqoji texnikum... Amma orada nəinki riyaziyyat, ədəbiyyat hətta musiqi dərsləri də keçirilirdi. Şuşada milli musiqi içində böyüyən Üzeyir burada Avropa musiqisi ilə tanış oldu, violin (skripka), bariton (nəfəs aləti) və violonçel alətlərində çalmağı öyrəndi.

Sonra Üzeyir bəy təhsilini davam etdirmək üçün Moskva və Peterburq konservatoriyalarına getsə də hər birində bir ildən çox qala bilmədi. Əsas səbəb maddi problemlər idi. Amma buna baxmayaraq o bu illərdə öz baqajını kifayət qədər doldura bildi. Təsəvvür edəndə ki o, Moskvada, Peterburqda hansı musiqi alimlərini görüb, hansı mühitdə olub, kimlərlə fikir alış-veriş edib, onda bizə çox şey aydın olar.

Sonra özünün də qeyd etdiyi kimi aprel çevrilişi ona imkan və şərait yaratdı, Azərbaycana Rusiyadan müəllimlər dəvət etdi, buradan isə oraya tələbələr göndərdi, musiqi infrastrukturunu yaratdı və saymaqla bitməyən digər ictimai və bədii işlər gördü...

Beləliklə əgər ümid Allaha və onun verəcəyi istedada qalsaydı, bizim Üzeyir Hacıbəyovumuz olmayacaqdı. Bunu isə təsəvvür etmək dəhşətdi!

Hacıbəyov Şuşada qalsaydı, o ən yaxşı halda tanınmış bir tar ifaçısı ola bilərdi – məsələn Qurban Primov olardı, o qədər. Daha nə “Leyli və Məcnun”, nə “Koroğlu”, nə “Arşın mal alan” yazılardı, nə də Azərbaycan mədəniyyəti adına iri addımlar atılardı.

Rus-tatar məktəbləri və Qori seminariyası tək Üzeyir Hacıbəyov yetişdirmədi. Cəlil Məmmədquluzadə, Firudin bəy Köçərli, Süleyman Sani Axundov... Əlqərəz siyahını niyə uzadım ki? Bircə dənə desək ki bu insanların hamısını təhsil sistemi yaratdı, hər şey anlaşılar.

Üzeyir Hacıbəyovu aldığı təhsil yetişdirmişdi, sonra da onun üçün imkan və şərait yaratdılar, o da əlindən gələni etdi.

İndi bəs nə baş verir? Onun qurduğu musiqi təhsili ocaqlarında savadsızlıq baş alıb gedir. Musiqi üzrə ali təhsil alan tələbə not bilmir. Siz də deyirsiniz niyə Üzeyir Hacıbəyov yetişmir?

Onun zamanında da ölkədə cəmi bir dənə simfonik orkestr vardı, indi də demək olar bir dənədi. Siz də deyirsiniz niyə Üzeyir Hacıbəyov yetişmir?

Dəfələrlə olub gənc musiqiçilər xaricdə konservatoriyalara daxil olublar, amma maddi dəstək olmadığından təhsillərini davam edə bilməyiblər. Siz də deyirsiniz niyə Üzeyir Hacıbəyov yetişmir?

Üzeyir Hacıbəyovun yazdığı əsərlər əvvəlcə teatr truppaları, sonralar Sovet hökuməti tərəfindən alınırdı – özü də yaxşı qiymətə. İndi kimdi opera üçün bəstəkara sifariş verən, ya da qulaq asan? Opera nədi? Heç kamera-instrumental əsər sifariş verən yoxdu. Siz də deyirsiniz niyə Üzeyir Hacıbəyov yetişmir?
Əcəb qəribə cəmiyyətik, yoğurmaya-yapmaya Üzeyir Hacıbəyov istəyirik.

Geri dön