Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Məsut Yılmaz: “PKK-nın başında duranlar arasında ermənilərin olduğuna şübhə etmirəm”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Müsahibə > Məsut Yılmaz: “PKK-nın başında duranlar arasında ermənilərin olduğuna şübhə etmirəm”

Məsut Yılmaz: “PKK-nın başında duranlar arasında ermənilərin olduğuna şübhə etmirəm”


Türkiyənin sabiq baş naziri Məsut Yılmazın müsahibəsi:

- Məsut bəy, bir müddətdir ki, Türkiyənin sabiq prezidenti Turqut Özalın zəhərlənməsi ilə bağlı iddialar gündəmdədir.

Artıq məhkəmənin sabiq prezidentin qəbrinin açılmasına dair qərarı var. Siz bu barədə nə düşünürsünüz?

- Məhkəmənin qərarı barədə məlumatım var. Amma mən Turqut Özalın zəhərlənməsinə inanmıram.

- İndiki Ədalət və İnkişaf Partiyası (AKP) hökumətinin daxili və xarici siyasətini necə qiymətləndirirsiniz?

- Hazırda mən siyasətlə məşğul olmadığım üçün daxili siyasətdən danışmaq istəmirəm. Digər tərəfdən əgər bu barədə Türkiyədə nəsə danışmıramsa, deməli, Azərbaycanda da heç danışmaram. Xarici siyasətə gəlincə, Türkiyənin indi həyata keçirdiyi xarici siyasətində fərqliliklər var və bu fərqlilik zaman-zaman dəyişir. Bunun əsas örnəklərindən biri kimi Suriya məsələsini göstərmək olar.

Türkiyə hökumətinin bununla bağlı mövqeyinə dair öz narahatçılığımızı hər zaman səsləndiririk. Bizim narahatçılığımızın nəzərə alınacağına ümid edirik.

- Türkiyə qonşu dövlətlərlə “sıfır problem” siyasətini bəyan etmişdi. Bu siyasəti həyata keçirmək mümkündürmü?

- Əgər qonşularımız da Azərbaycan kimi eyni iradəyə sahib olsalar, bu mümkündür. Amma ermənilər hələ də tarixin tunelində qalıblarsa, o zaman nə qədər yaxşı niyyətli olsan da, sıfır problem siyasətinin hədəfə çatması mümkün olmaz. İnanıram ki, Türkiyə hökuməti bu məsələdə yaxşı niyyətlə yola çıxıb, amma qısa zamanda gərçəkləri gördü.

- Bəs Türkiyənin İranla münasibətlərinə necə baxırsınız?

- İran bizim tarix boyunca ən çox barış içində olduğumuz ölkədir, yaxın qonşumuzdur. Yəni 1600-cü ildən bəri aramızda heç bir savaş olmayıb. Bununla bərabər İranla əlaqələrimiz yüksəlməyə doğru gedib. Hər iki ölkə yaxşı münasibətlərin tərəfdarıdır. Amma bunu əngəlləyən önəmli faktorlar var. Bunlardan biri də Türkiyənin NATO-ya üzv olmasıdır. İran Amerikanı böyük düşmən olaraq qəbul edir. İndi bir tərəfdə Türkiyənin üzv olduğu NATO, digər tərəfdə isə Türkiyənin tarixi qonşusu olan İran dayanır. Dolayısı ilə bu türk hökumətindən çox incəlik istəyən bir siyasətdir. Türkiyənin bu günə kimi bu siyasəti uğurlu olub, amma eyni zamanda risklidir. Gələcəkdə də Türkiyə bu risklərlə üzləşə bilər.

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu günə kimi həllini tapmayıb. Sizin bununla bağlı mövqeyiniz necədir?

- Əgər Dağlıq Qarabağ münaqişəsinin həlli təkbaşına Türkiyədən asılı olsaydı problem çoxdan çözülmüşdü. Amma bu münaqişənin iştirakçısı olan tərəflər çoxdur.

Rusiya da bunlardan biridir. Rusiyanın sabiq prezidenti Dmitri Medvedev bu məsələnin həlli üçün çalışdı, amma hər hansı nəticə olmadı. İndi prezident Vladimir Putin bu fəaliyyəti davam etdirir. Onun bu məsələdə hansı siyasət aparacağını bilmirəm. Biz də bunu maraqla gözləyirik. Bu prosesi indi təhlil edəndə V.Putinin D.Medvedevdən fərqli siyasət aparmayacağının şahidi oluruq.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bir bəyanatı oldu, o bildirdi ki, əgər hansısa tərəf bu məsələnin həllində silaha əl atsa, Rusiya buna müdaxiləsiz qalmayacaq. Bu məsələ ilə bağlı qarşıdakı illərdə Rusiyanın siyasətində dəyişiklik gözlənilir. Bunu diqqətdə saxlamaq lazımdır. Türkiyənin Qarabağ məsələsində yeri və mövqeyi bəllidir.

Bu məsələyə Avropa İttifaqı da müdaxilə etmək istəyir. Avropa İttifaqının daxilində bununla bağlı fərqli fikirlər var. Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyi bəzi dairələr tərəfindən dəstəklənir, amma Avropa İttifaqına üzv olan bəzi ölkələr isə öz siyasətləri naminə fərqli fikirlər söyləyirlər. Çox təəssüf ki, hazırda olduqca qarışıq vəziyyət yaranıb.

Münaqişənin həlli ilə bağlı indiyə kimi hər hansı irəliləyiş əldə olunmayıb. Amma hər kəs bilməlidir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qala bilməz. ATƏT-in Minsk qrupu münaqişənin həllini tapmalıdır. İndi Ermənistan getdikcə çökür, amma Azərbaycan bütün sahələrdə, o cümlədən hərbi və iqtisadi sahədə böyük inkişafa nail olur. Hazırda Ermənistan qapalı ölkəyə çevrilib. Qısa olaraq deyim ki, indi zaman Azərbaycanın xeyrinə, Ermənistanın isə əleyhinə işləyir. Ermənistanın da bunu dərk etməsi lazımdır, əgər dərk etməsə, o zaman bəzi dövlətlərin bunu Ermənistana göstərməsi vacibdir.

- Ermənilər 2015-ci ildə qondarma soyqırımın 100 illiyini qeyd etməyə hazırlaşırlar. Buna etiraz olaraq Türkiyənin addımları nədən ibarət ola bilər?

- Hesab edirəm ki, Türkiyə bu məsələ ilə bağlı lazımı işlərini görür. Türkiyə saxta soyqırımı iddiaları ilə bağlı öz mövqeyini bildirib və Ermənistana tərəfsiz, müstəqil tarixçilərdən ibarət bir komissiya yaradılmasını təklif edib. Bu komissiya hər iki ölkədə arxivləri araşdırıb, qərar verməli idi. Və nə qərar versə idi, onu qəbul etmək lazım idi. Ermənistan bunu qəbul etmədi, ona görə ki, tarixçilər tərəfindən incələnmədən bu məsələni soyqırımı kimi elan edib və bəzi Avropa qanunverici orqanlarında onun tanınmasına nail olub.

Hər hansı məhkəmə qərarı, fakt və dəlil olmadan yalandan “bizə qarşı soyqırımı olub” deyilməsi tarixdə ancaq ermənilərə məxsus olub. İndiyə kimi Ermənistan hələ də öz arxivlərini dünya tarixçilərinə açmır.

- Bu yaxınlarda ASALA erməni terror təşkilatı Azərbaycan və Türkiyə diplomatlarını təhdid edən bəyanatlar yayıb. Bu barədə nə deyə bilərsiniz?

- Ermənilər keçmişdə terror üsullarından çox istifadə ediblər və bunun nəticəsində çoxlu sayda türk diplomatları və vətəndaşları şəhid olublar. Amma türk dövlətinin buna qarşı seyrçi qalmayacağını görəndə, bu əməllərindən əl çəkdilər. Biz təəssüf ki, Türkiyə olaraq terrorla yaşamağa məcbur bir dövlətik. Yenidən edərlərsə, cavablarını alarlar. Əgər ASALA və digər terror təşkilatları bizlərə qarşı yenidən terror aktları törədərlərsə, o zaman yenə də layiqli cəzalarını alacaqlar.

- Bəs nə üçün hələ də Türkiyə PKK-ya layiqli cəza verə bilmir?

- Təəssüflər olsun ki, PKK ASALA ilə müqayisədə daha güclü və çox terrorçuya malikdir. Yəni, nə qədər PKK terrorçuları ilə mübarizə aparılsa da, onların sayı çoxdur. Mən hesab edirəm ki, Türkiyə PKK-ya qarşı mübarizədə təkcə gücdən istifadə etməsi kifayət etmir. Bunun üçün PKK məsələsinin digər tərəfləri də diqqətdə saxlanılmalıdır. Əgər yadınıza gəlirsə, mənim hökumətdə təmsil olunduğum dövrlərdə ilk dəfə olaraq Türkiyədə yaşayan etnik xalqların mahnı, təhsil və media qadağaları aradan qaldırılıb. Sonrakı dövrlərdə iqtidara gələn hökumətin dövründə həmin qanunlar həyata keçirilib. Məncə, bu siyasət düzgün siyasətdir.

- Bu yaxınlarda Türkiyə Böyük Millət Məclisinin üzvü Sinan Oğan bəyan etdi ki, PKK terror təşkilatını idarə edənlərin əksəriyyəti ermənilərdir və bu məhkəmə tərəfindən də təsdiqlənib...

- Bu barədə dəqiq bir söz deyə bilmərəm. Ona görə ki, 10 ildir ki, hökumətdən kənardayam və dövlətin sənədləri mənim əlimdə deyil. Əgər dövlətdə təmsil olunanlardan belə bir açıqlama verilibsə, o zaman onun dəlilləri mütləq dövlətdə də var. Amma mən PKK-nı idarə edənlərin əsasən ermənilərdən ibarət olması barədə dəqiq məlumata malik olsaydım belə, heç də təəccüblənməzdim.
Çünki, PKK-nın başında duranlar arasında ermənilərin olduğuna qəti şübhə etmirəm. PKK zaman-zaman Türkiyə ilə düşmən olan bütün ölkələrlə yaxından əməkdaşlıq edə bilər. Zaman-zaman Suriya və Yunanıstan PKK-ya yaxından dəstək veribsə, indi Ermənistanın da bu terror təşkilatına dəstək verməsi inandırıcı görünür. İndi Ermənistan böhran içərisində boğulur. Ona görə də Ermənistan Türkiyəyə zərbə vurmaq üçün istər PKK, istərsə də digər terror təşkilatlarına yaxından dəstək verməsi təəccüblü deyil.

Pərvanə Sultanova, Zaur Rəsulzadə

Geri dön