Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Azərbaycan türkçülüyü ideyası - XVII
Azərbaycan türkçülüyü ideyası - XVII |
Faiq Ələkbərov (Qəzənfəroğlu)
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn Cavid: «Bir millət öz kökü üstə bitər, böyüyür, yüksəlir» 20-ci əsrin Azərbaycan-türk mütəfəkkirlərindən Hüseyn Cavidin (1882-1941) yaradıcılığında türkçülük, islamçılıq və Azərbaycan türkçülüyü ideyası mühüm yer tutmuşdu. Bütün türkçülər kimi islama türk-islam sintezindən yanaşan Cavid, yaradılıcılığının ilk dövrlərində yazırdı ki, «könül bir, sevgi bir, böyük Tanrı bir»dir. Onun fikrinə görə, sevgidədir ancaq Allah rizası, sevgisiz bir könül şeytan yuvasıdır. Bu dünya isə kimsəyə qalmayacaq, çünki əsli, əsası çürükdür. Onun fikrincə, şəriət isə insanların nicat və səadəti üçün yapılmış bir qanundur. Bu baxımdan qadınların üzü bağlı gəzməsinin islama aid olmadığına inanan H.Cavidə görə, qadınların azadlığını əllərindən alanlar yalançı hədislər, yalançı ruhanilərdir: «Xalqı uçurumlara yuvarlayan bir qanun isə pək çürük və mənasız bir əfsanə deməkdir. Bir də nə islam şüarı, nə türklük səciyyəsi qadınlara «örtün» deyə, əsla məcbur etməz və bu hal yalnız etiqaddan doğma bir məhkumiyyətdir ki, o da gec-tez zail olar». Onun fikrincə, ümumiyyətlə, qadınların üzü bağlı, yaxud üzü açıq gəzməsi vicdan məsələsidir. Bu baxımdan H.Cavid də Ə.Hüseynzadə, M.Hadi, ƏAğaoğlu kimi, islamın yeniləşməyə zidd olmaması qənaətinə gəlmiş və hesab etmişdir ki, təbiətdə hər bir şey dəyişməkdə və inkişafdadır. İslam isə, heç vaxt dəyişilməyin və yenilşəməyin əleyhinə olmamışdır. Onun fikrinə görə, islamda öz əksini tapan bəzi məsələlərə - peyğəmbərin meracda olması, tövhid və s. insanların şübhə ilə yanaşması isə kafirliklə deyil, həqiqəti axtarmaqla bağlıdır. Cavid bildirib ki, insanlar etdikləri günahlara görə dinlər, eləcə də dinlərin yayıcıları peyğəmbərlər, o cümlədən ruhanilər qarşısında deyil, yalnız vicdanları və Tanrı qarşısında cavabdhelik daşıyırlar. Bununla da Cavid demək istəyir ki, ürəyində Allah sevgisi olan hər bir kəs doğru yoldaddır. Kim doğru yolda deyilsə, deməli onun ürəyində Allah sevgisi də yoxdur. Qeyd etdiyimiz kimi H.Cavidin yaradıcılığında milllət və din məsələsi isə bir tamı təşkil edir. Bu tamın bir qolu islamdırsa, digəri türklükdür. Bu baxımdan o, türk və islam dünyasının son əsrlərdə çox əzildiyini, artıq buna son verməyin zamanının gəldiyini yazırdı. Türklük qürurunu, şərəfini hər şeydən vacib hesab etmiş H.Cavid üçün Çingiz xan, Əmir Teymur və başqa türk hökmdarları türk tarixinin ən şanlı qəhrəmanlarıdır. Onun fikrincə avropalılar İskəndərləri, Napoleonları və başqa həmyerlilərini böyük sərkərdə adlandırıb heykəllər yapdıqları halda, türklərin öz qəhrəmanlarına qan içən, zalım, canavar kimi isimlər verib ləkələmələri haqsızlıqdır. Eyni zamanda, o, türklərin həmişə törələrinə sahib çıxmalarını və milli şərəflərini uca tutmalarını, xüsusilə qeyd etmişdir. Türklərin şanlı tarixindən söz açan H.Cavid yazır ki, beş-altı əsr bundan əvvələ qədər türkün atı kişnəyəndə bütün ölkələr, onların kralları, prensləri, şahları təslim olarmış: Bir zamanlar şərəfli Turanın O cihani ğəyuri qavğanın Qəhrəman, bərguzidə evladı, Türklərin anlı-şanlı əcdadı Saldırıb titrədirdi yer yüzünü, Hökm edər, dinlətirdi hər sözünü. Nə zaman kişnəsəydi türkün atı, Qırılırdı bir ölkənin qanatı. Hər krallar, prenslər, xanlar, Ulu şahlar, kibirli xaqanlar, Papalar, həp xəlifələr hər gün Diz çökərlərdi türkə qarşı bütün. Vaxtilə türklərin mərhəməti sayəsində canını qurtaran millətlərin indi türkə qənim kəsilməsini isə tarixin acı istehzası adlandıran Cavindin fikrincə, artıq türklər zamanın dəyişməsini görməli, oyanmalı, özünü tanımalı və yüksəlməlidir: Qalx, oyan, gör nə fikrə xadimsən? Kimlərin oğlusan? Nəsin? Kimsən? Sürünüb durma böylə, bir yüksəl! Bir düşün, gör beş-altı əsr əvvəl Nə idin? İndi nərdəsən? Bu nə yəs? Əcəba yoxmu səndə izzəti-nəfs. Cavid sonda yazırdı ki, nura, istiqbala, ideala çatmaq üçün isə milli-dini birlik - türk-islam məfkurəsi lazımdır: İdealsız nicat ümidi məhal… «İttihad!» İştə ən böyük ideal! Səni qurtarsa, qurtarır birlik, Çünki birlikdədir fəqət dirilik!... «Qoca bir türkün vəsiyyəti» şeirində də Cavid qeyd edir ki, ilk vəzifəmiz türk millətinin şanlı tarixini, mədəniyyətini və mənəviyyatını öyrənmək olmalıdır. Yəni ilk növbədə, milli mənsubiyyətimizi tanımalı və türk olmağımızla fəxr etməliyik. Cavid yazır: Bir millətin tarixidir kökü, yurdu, yuvası, Tarixiniz baş ucundan hərgiz əksik olmasın. «Altay» dağı, «Makan» çölü, «Yasın» ovası, Birər aydın səhifədir, hər türk gərək anlasın… Bir millət öz kökü üstə bitər, böyür, yüksəlir, Köksüz ağac çabuq qurur, çiçək açmaz, bar verməz. Baqın, görün tarixiniz sizə nələr göstərir, Həp şərəf, həp böyüklükdür, ancaq şaşılar görməz… Əvət, arslan yavrularım! Türk eli həp şanlıdır, Elmas kibi ləkəsizdir, saqın, qafil olmayın. Əsr, iyirminci əsrdir! Vəzifəsi pək ağır… Arş iləri! Qomşular yol aldı, geri qalmayın! Bu baxımdan Cavidin fikrinə görə, artıq yatmaq vaxtı deyil, bütün qonşu millətlər kimi 20-ci əsrə üzüağ çıxmaq lazımdır. Bunun üçün isə, türkün keçmiş şanlı və şərəfli tarixini öyrənib fəxr etməklə iş bitməz. Türkün şərəfini və şanını 20-ci əsrdə də qorumaq və yaşatmaq lazımdır. Bu cür milli duyğuların təsiri altında H.Cavid «Şeyda» pyesində də yazırdı ki, millətin milli azadlığı, onun birliyində, oyanışında, bütövlüyündə və mübarizliyindədir. Millət öz haqqını almalı və geri verməməlidir. Cavid yazır: «Arkadaş, göz aç aman! Qalx ölüm uyqusundan! Zülmə çox əydin boyun, Çox əzildin, qalx oyan». Deməli, H.Cavid türk millətini oyanmağa, birləşməyə və əsarətdən xilas olmağa çağırır: Çox əzildin yetər, haydı doğrul, ər ol! Haq sənindir bu gün arkadaş! Hazır ol! Haq sənin, çünki zəhmət sənin… Güc sənin, səyü qeyrət sənin…. Məhz islamçılığa, türkçülüyə, o cümlədən Azərbaycan türkçlüyünə bağlılığın nətiəsi idi ki, Sovet Rusiyasının Azərbaycanı əsarət altında saxladığı dönəmdə də Hüseyn Cavid bu ideyalardan üz döndərmədi. Əksinə hər bir şeirində, dramında, poemasında onu yaşatmağa çalışdı. Buna ən bariz nümunə H.Cavidin 1920-1930-cu illərdə qələmə aldığı «Topal Teymur», «Səyavuş» və «Peyğəmbər» əsərləridir. Bu əsərlər milli və dini məzmununa görə, sovet rəhbərlərini çox məşğul etmişdir. Cavid bu əsərlərində açıq şəkildə milli və dini dəyərləri müdafiə edirdi. Xüsusilə, Azərbaycan-türk insanı bu dövrdə səhnəyə qoyulan «Tolpal Teymur»da türklüyün ümumi qəhrəman tipi Teymurun obrazından fövqəladə dərəcədə razı qalmışdır. Çünki Cavid bu əsərdə Teymuru türklüyün və islamın böyük bir türk oğlu kimi tərif etmişdir. Eyni zamanda, o, bu əsərində Teymurla İldırım Bəyazid arasındakı tarixi döyüşü sonuncunun dilindən bir tərəfin deyil, bütün türk millətinin məğlubiyyəti kimi qələmə almışdır. H.Cavid göstərmək istəmişdir ki, türk-islam birliyini daxildən qorusaq, başqa bir millət onun haqlarını qəsb edə bilməz. Bunu, sonradan başa düşən beynəlmiləlçi bolşeviklər bir tərəfdən pyesin göstərilməsini qadağan etmiş, digər tərəfdən «panturanist tiplərini realizə etməyə cəsarət edən» H.Cavidin əleyhinə təbliğat aparmağa başlamışlar. Fikrimizcə, Sovet dövründə qələmə alınan Cavidin «Səyavuş» əsərində də milli istiqlal ideyası təbliğ olunmuşdu. Bir növ o, M.Ə.Rəsulzadənin «Əsrimizin Səyavuşu» siyasi-fəlsəfi əsərini bədii dillə ifadə etmişdi. H.Cavid də Rəsulzadə kimi bir türk qəhrəmanının - Səyavuşun ölümünü, yəni Azərbaycanın Rusiya tərəfindən işğalını Turan üçün zərbə hesab etmişdir. Bu baxımdan hər iki mütəfəkkirin fikrincə, Səyavuşun-Azərbaycanın mücadiləsi millilik və müstəqillik uğrunda mübarizədir. Geri dön |