Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > "İnqilab Qırğızıstana böyük uğur gətirib."
"İnqilab Qırğızıstana böyük uğur gətirib." |
Qubad İbadoğlu: “Bu ölkədə şəffaf mühit yaradılıb, hakimiyyət xalqın həyatını asanlaşdırmaq üçün bütün tədbirlərə əl atır”
İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Qubad İbadoğlu bir neçə gün qabaq Qırğızıstan hüquq müdafiəçilərinin yaratdığı “Vətəndaşlar korrupsiyaya qarşı” Mərkəzinin dəvəti ilə Bişkəkdə səfərdə olub. Q.İbadoğlu türk cümhuriyyətlərindən biri olan Qırğızıstanın inqilabi təlatümlərdən sonra yeni düzən qurması haqqında maraqlı açıqlamalar verdi. - Son bir neçə ildə baş verən 2 inqilab Qırğızıstana nələr gətirib? - Öncə onu vurğulayım ki, ölkəyə pozitiv bir enerji hakimdir. Hakimiyyət-xalq münasibətləri olduqca müsbət çalarlar qazanıb. Ölkədə çox ciddi islahatlar gedir. Hakimiyyət vətəndaşların həyatını asanlaşdırmaq üçün bir sıra ciddi addımlar atıb. Korrupsiyaya qarşı dövlət səviyyəsində ciddi mübarizə bir neçə ayda bəhrəsini verib və artıq ölkədə şəffaf bir mühit yaradılıb. Düşünürəm ki, bu, inqilabın Qırğızıstana gətirdiyi ən böyük uğurdur. Qırğızıstan parlament respublikasıdır. Parlamentdə 4 partiya təmsil olunur. Hökumət partiyası ilə parlamentdəki partiyalardan yalnız biri koalisiyadadır. Qalan 2 partiya müxalifətdədir. Bu faktorun özü həm dövlət idarəçiliyində, həm də ölkənin siyasi səhnəsində bir balans yaradır. Bu faktor eyni zamanda həm parlament mədəniyyətinin yaranması, həm iqtidar-müxalifət münasibətlərinin formalaşması üçün olduqca önəmlidir. Parlament hökumətin fəaliyyəti üzərində ciddi nəzarət qura bilib. Bu gün Qırğızıstandan dövlət vəsaitlərinin mənimsənilməsi, oğurlanmasının qarşısını alan isə parlament institutu ilə yanaşı ictimai institutlardır. Səfər zamanı müxtəlif səviyyəli görüşlər keçirdik. Hökumət və parlament üzvləri ilə, Bişkəkin meri ilə, keçmiş prezidentlə, ölkənin ombudsmanı ilə, ən əsası da çoxsaylı ictimai sektor təmsilçiləri ilə görüşlərimiz oldu. Bu görüşlərdə gəldiyim nəticə odur ki, qısa zamanda Qırğızıstanda vətəndaş cəmiyyətinin yaradılması üçün ciddi addımlar atılıb. Hökumətlə vətəndaş cəmiyyəti arasında da qarşılıqlı əməkdaşlıq var. Qarşılıqlı fəaliyyət dəyərləndirilməsi, sağlam tənqid, sağlam münasibətlər sistemi formalaşmaqdadır. - Qırğızlar idarəçilik modeli kimi daha çox hansı ölkənin modelinə üstünlük verir? - İqtisadiyyatda Türkiyə, siyasətdə isə daha çox Gürcüstan modeli seçmələri hiss edilir. Təbii, Türkiyənin də, Gürcüstanın da özünəməxsus cəhətləri var ki, onları ikinci bir ölkədə tətbiq etmək faktiki mümkün deyil. Ancaq Qırğızıstanda Türkiyədəki kimi sərbəst iqtisadiyyat, Gürcüstandakı kimi demokratik siyasi mühit yaradılır. Bilirsiniz ki, Qırğızıstan Mərkəzi Asiyada o qədər də sevilmir. Çünki ölkədə həyata keçirilən islahatlar, demokratik dəyişikliklər Mərkəzi Asiyanın avtoritar hakimiyyətləri üçün narahatlıq yaradır. Buna baxmayaraq, Qırğızıstan xarici siyasət kursunda qonşularla mehriban münasibətlər kursunu götürüb. Demokratiyanın geniş tətbiqi hökumətin prioritetidir. Azad medianın, vətəndaş cəmiyyətinin qurulması üçün ciddi addımlar atılır. Qırğızıstan Gürcüstanın polis və inzibati sistemindəki yenilikləri öyrənmək və bu uğurların qırğız cəmiyyətinə uyğun modelini yaratmağa çalışır. - Qırğızıstan xüsusi təbii ehtiyatları ilə seçilmir. Ölkə iqtisadiyyatının inkişafı daha çox nə üzərində qurulub? - Qızıl hasilatı üzərində. Bu yataqların çoxu regionlardadır. Regionlarda icmalar o qədər güclüdür ki, yataqlarda işləyən xarici şirkətlərə çox ciddi nəzarət edə bilirlər. Biz orada olanda belə bir xəbər də yayılmışdı ki, ölkənin cənubunda çalışan xarici şirkətlərdən biri vergilərlə bağlı şəffaflığı qorumadığı üçün onun fəaliyyətinin dayandırılmasına qərar verilib. Hökumətin xarici investorlardan ilkin tələblərindən biri də onların yerli icmalarla işbirliyi qurmalarıdır. Ölkə kasıb ölkədir. İnqilablardan sonra təbii, sarsıntılar yaşanıb. Qonşularla gərgin olan münasibətlər yavaş-yavaş qaydasına düşməkdədir. Xüsusən illərlə Qazaxıstanla gərgin olan münasibətlərdə yumşalmalar var. İndi ölkənin əsas investorları həm də Qazaxıstan şirkətləridir. Əsas ağırlıq isə Türkiyə sərmayəçilərinindir. - İnvestorlar üçün daha cəlbedici sahələr hansılardır? - Daha çox tikinti və turizm sektoru. Tikinti yenidən vüsət almaqdadır. Yaxın illərdə də inkişafın davam edəcəyi gözlənilir. Bütövlükdə götürdükdə ölkənin resursları azdır, maliyyə və iqtisadi imkanları yoxdur. Buna baxmayaraq, xarici sərmayələr üçün yaşıl işıq yandırıblar. 42 ölkə ilə viza rejimi ləğv olunub. Bunlar iqtisadiyyatın liberallaşdırılmasına ciddi təkan verib. - Söhbətin əvvəlində dediniz ki, Qırğızıstanda hakimiyyət vətəndaşların həyatını asanlaşdırır. Buna misal çəkə bilərsinizmi? - Məsələn, avtomobillərin texniki baxışdan keçirilməsi proseduru ümumiyyətlə ləğv olunub. Texniki baxış yalnız ictimai önəm daşıyan nəqliyyat vasitələrində - avtobuslarda, taksilərdə saxlanıb. Bundan başqa, avtomobilin başqa şəxsə verilməsi üçün heç bir sənəd tələb olunmur. Bir sıra sahələrdə birpəncərə sistemi işləyir. Bunlar bir yana, ölkədə diqqətimi çəkən həm də məktəb parlamentinin geniş tətbiqi oldu. Demokratiyanı cəmiyyətə, xüsusən gənc nəslə daha yaxşı öyrətmək üçün ölkənin bir çox məktəblərində parlament yaradılıb. Şəffaf seçki keçirilir, seçki nəticəsində parlament üzvləri seçilir, eyni zamanda seçkini qazana bilməyən müxalifət düşərgəsi formalaşır. Daha sonra prezident, baş nazir seçilir. Sanki gerçəyin kiçik bir modeli yaradılır. Daha sonra yaradılan qurumlar təhsil üzrə ictimai institutlarla işbirliyinə başlayır. Uşaqlar kiçik yaşlarından problemləri müəyyən etməyə və onların çözümü üçün təkliflər verməyə alışdırılır. Bu, vətəndaşın dövlət işlərində iştirakını təmin etməklə, eyni zamanda dövlətə ciddi bir etimad formalaşdırır ki, bu da demokratiyası yeni-yeni irəliləməkdə olan cəmiyyətlər üçün çox vacibdir. Bütün bunlar sanki Qırğızıstan demokratiyasının gələcəyi üçün bir təməldir. A.MURADXANLI Geri dön |