Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qarabağ erməniləri Ermənistanla birləşmək istəmir.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Qarabağ erməniləri Ermənistanla birləşmək istəmir.

Qarabağ erməniləri Ermənistanla birləşmək istəmir.


İrəvanda keçirilən azsaylı mitinqdən sonra Xankəndində narazılıq yaranıb, separatçılar başa düşür ki, nə qondarma “müstəqilliyin” tanınması, nə Ermənistana birləşmək real deyil

Ermənilər arasında Ramil Səfərovun Azərbaycana qaytarılmasından sonra baş qaldıran isterika fonunda “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi” mövzusu yenidən gündəmə gəlib. Düşmən ölkədə Azərbaycana qarşı cavab addımlarından biri kimi “birləşmə” ideyası müzakirəyə çıxarılıb, “Ayazn” adlı ictimai təşkilat isə İrəvanda bu tələblə mitinq də çağırıb. Lakin ötən ay keçirilən mitinqə cəmi 100-ə yaxın adam çıxarmaq mümkün olub və bu fakt erməni cəmiyyətində “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi” mövzusunun aktuallığını itirdiyini göstərib.

Hansı ki, ötən əsrin 80-ci illərinin sonlarında Zori Balayan, Silva Kaputikyan kimi erməni şovinist xadimlərinin çağırışları ilə İrəvanda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə yüz minlərlə adam meydanlara çıxırdı. Belə görünə bilər ki, Dağlıq Qarabağ və ona bitişik 7 Azərbaycan rayonunu işğal etdikdən sonra Ermənistanda birləşmə ideyası aktuallığını itirib, ermənilər birləşmə məsələsini de-fakto həll edə biliblər. Lakin digər tərəfdən, işğal altındakı Azərbaycan ərazilərində heç kimin, heç Ermənistanın da tanımadığı qondarma “respublika”nın qurulması ermənilərin tam qələbəsi sayıla bilməz. Bunu Ermənistan rəhbərliyində də dəfələrlə etiraf ediblər. Eyni zamanda Ermənistanda nəzərə almağa məcburdurlar ki, beynəlxalq hüququn normalarına zidd olaraq Dağlıq Qarabağı özünə birləşdirmək, yaxud onun qondarma “müstəqilliyini” tanımaq barədə birtərəfli qərarların qəbulu real deyil.

Görünür, bu səbəbdən istər “DQR”in tanınması, istərsə onun Ermənistana birləşdirilməsi barədə İrəvanda vaxtaşırı olaraq ortaya atılan təkliflərə geniş ictimai-siyasi dəstək toplamaq mümkün olmur. İrəvanda “birləşmə” tələbi ilə keçirilən azsaylı mitinq isə Dağlıq Qarabağ erməniləri arasında hətta narazılıq yaradıb. “Kavkazskiy uzel” portalının materialına görə, Xankəndi erməniləri Ermənistanda bu ideyanın gündəmə gətirilməsinin səhv addım olduğunu deyirlər. Onların fikrincə, Dağlıq Qarabağı Ermənistana birləşdirmək yox, onun “müstəqilliyini” tanımaq haqda fikirləşmək lazımdır. Məsələn, Dağlıq Qarabağdakı qondarma “parlamentin” üzvü Vaqram Atanesyanın fikrincə, birləşmə ideyası “DQR”in beynəlxalq miqyasda tanınması taktikasına birbaşa ziddir. “Dağlıq Qarabağın Ermənistanın bir vilayəti olmasını tələb etmək axmaqlıqdır. O zaman Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını təyin etmə hüququ haqda deyilənlərə kim inanacaq?” deyə, Atanesyan bildirir. Onun sözlərinə görə, bu ideyanı ancaq təxribatçılar ortaya ata bilər. “Bu cür axmaq təkliflər irəli sürməkdənsə Ermənistan parlamentində Dağlıq Qarabağın tanınması barədə ciddi müzakirələr aparmaq lazımdır” deyə o əlavə edir.

Qarabağ daşnaklarının qondarma “parlamentdəki” nümayəndəsi Armen Sərkisyan da birləşmə ideyasının “strategiyanı kökündən dəyişdirdiyini” deyir. “Əgər Ermənistanda bir çox ictimaiyyət nümayəndələri bizim strategiyamızı dəyişdirməyə cəhd etsə, bu, ciddi problemlərə yol açacaq. Müstəqilliyə can atmaq yeganə düzgün yoldur” deyə, o bildirib. Qarabağlı təhlilçi, qondarma rejimin keçmiş “xarici işlər naziri” Arman Məlikyana görə isə birləşmə barədə danışanlar məsələnin güc yoluyla, birtərəfli qaydada həllinin tərəfdarı olanlardır: “Bu ideyanın müzakirəsini rəsmi səviyyəyə qaldırmaq danışıqlar prosesini məhv edərdi”. Məlikyanın fikrincə, əsas diqqəti “DQR-in müstəqilliyinə” yönəltmək lazımdır. Lakin Ermənistan tərəfindən “DQR”i birtərəfli qaydada tanımaq da problemi həll etmir, əksinə, daha da qəlizləşdirir. Xankəndindəki erməni jurnalist Nune Ayrapetyana görə isə birləşmə barədə danışmaq həm də ona görə axmaqlıqdır ki, Qarabağla Ermənistan onsuz da birgədir. “Bizim eyni pul vahidimiz var, xarici aləmlə Ermənistan vasitəsilə əlaqə saxlayırıq, artıq mövcud olan şeyi tələb etmək axmaqlıqdır” deyə, o bildirir.

Qeyd edək ki, Ermənistan parlamentinə neçə vaxtdır “DQR-in tanınması” qanun layihəsi təqdim olunub. Layihənin müəllifi müxalifətdə olan “İrs” Partiyasıdır. Lakin bu layihə parlamentdə müzakirəyə çıxarılmayıb və hakim partiya bildirib ki, tanınma məsələsini birtərəfli qaydada həll etmək səhv addım olardı. İrəvanda nəzərə alırlar ki, “DQR”in tanınması barədə əslində heç bir beynəlxalq hüquqi əhəmiyyəti olmayan sənədin qəbulu Azərbaycanla danışıqlar prosesinin sonu demək olardı və bu zaman Bakının əlinə məsələni güc yoluyla öz xeyrinə həll etmək üçün güclü arqument keçərdi.

Fərhad MƏMMƏDOV

Geri dön