Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Azərbaycan qadınları hərbi xidmət keçsinmi?
Azərbaycan qadınları hərbi xidmət keçsinmi? |
Mehriban Vəzir: «Bütün sahələr, o cümlədən orduda xidmət məsələsində də qadınlar kişilərlə bərabər çalışmalıdır»
Mirvari Qəhrəmanlı: «Hərbi xidmətə çağırılan qadından sonradan nə həyat yoldaşı, nə də ailə başçısı olmayacaq» Ülkər Abdullayeva: «Qadının orduda xidmət etməsi normaldır, amma məsələ xanımların öz seçiminə buraxılmalıdır» Mehriban Zeynalova: «Qadınların hərbi sahədə olmasının hər hansı bir təhlükəli məqamı yoxdur» Azərbaycanda zərif cinsin nümayəndələri həqiqi hərbi xidmət keçməkdən azaddır. Yəni qadınlar ölkəmizdə hərbi xidmətə çağırılmırlar. Halbuki, dünyanın bir çox ölkələrində qadınlar da kişilərlə çiyin-çiyinə hərbi xidmətdə qulluq edirlər. Ölkəmizdə Müdafiə Hazirliyi, Daxili Qoşunlar, Sərhəd Qoşunları, Xüsusi Dövlət Mühafizə Xidmətində müəyyən sayda xanım hərbçilərə də rast gəlinir. Qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda qadın hərbçilərin sayı 3 faizdir. Amma onlar əsasən dəftərxana işlərilə məşğul olurlar. İsrail, ABŞ, Rusiya, Çin, Şimali Koreya, Ukrayna, Böyük Britaniyada isə qadınlar bilavasitə döyüş tapşırıqlarında da iştirak edə bilirlər. Bu ölkələrin ordularının həm yuxarı, həm də sıravi tərkibində xeyli sayda qadın hərbi xidmət keçir. Ukrayna ordusunda 50 minə qədər qadın çalışır. Britaniya ordusunun 9, Hepal odusunun 40 faizə qədəri xanım döyüşçülərdən ibarətdir. Müsəlman ölkələri arasında ən çox qadın İran ordusundadır. Yalnız İsraildə qadınlar üçün hərbi xidmət məcburidir. Burada qadınları 20 yaşından əsgər aparırlar. Kişilərin hərbi xidmət müddəti üç il, qadınların isə 2 ildir. Qeyd edək ki, Qarabağ uğrunda gedən müharibədə kişilərlə bərabər xanımlar da döyüş meydanlarında fədakarlıq göstəriblər. Azərbaycan tarixində Tomris kimi qadın döyüşçülər olub. Hazırkı dövrdə ölkəmizdə qadınların həqiqi hərbi xidmətə çağırılmasına heç də birmənalı baxmırlar. Əksər insanlar zərif cins nümayəndələrinin döyüş meydanlarında olmasını qəbuledilməz sayır. Amma bununla belə gender məsələsini əsas gətirərək qadınların da orduda xidmət etməli olduqlarını düşünənlər var. Yazıçı-publisist Mehriban Vəzir qadınların da orduda qulluq keçmələrinin tərəfdarıdır: «Əslində ölkəmizdə qadınların həqiqi hərbi xidmətə çağırılması müəyyən yüksək strukturların çıxaracağı qərardan asılıdır. Eyni zamanda bu prosesdə cəmiyyətin fikir və rəyi də əsas götürülür. Toplum bütünlükdə buna ehtiyac görərsə, qadınların da hərbi xidmətə yollanması mümkündür. Amma ehtiyac görməzlərsə, deməli olmaz. Bütün hallarda burada qərar ictimai fikrin nəticəsinə uyğun olaraq verilməlidir. Gender məsələləri üzrə ekspert olaraq düşünürəm ki, bütün sahələr, o cümlədən orduda xidmət məsələsində də qadınlar kişilərlə bərabər çalışmalıdırlar. Bu mənada Azərbaycan qadınlarının da həqiqi hərbi xidmətə çağırılmasına müsbət baxıram». Heftçilərin Hüquqlarını Müdafiəsi təşkilatının rəhbəri Mirvari Qəhrəmanlının məsələyə münasibəti mənfidir: «Qadınlarımızın hərbi xidmətə çağırılmasına, hərbçi olmasına pis baxıram. Hərbi xidmətə çağırılan qadından sonradan nə həyat yoldaşı, nə də ailə başçısı olmayacaq. Qadının hərbi xidmət keçdiyi ailələrdə sərt rejim olacaq. Belə xanımların ailə həyatı qurması da çətindir. Çünki kişilərin hərbçi qadınlara münasibəti ümumən yaxşı deyil. Mövcud steoreotiplər qadınlarımızın hərbi xidmətdə olmalarına maneə olur. Ona görə də bu məsələnin ictimailəşdirilməsinə ehtiyac görmürəm». Qadın Liderliyi Uğrunda İctimai Birliyinin sədri Ülkər Abdullayeva qadının hərbi xidmətdə olmasına müsbət yanaşsa da, bunun məcburi deyil, xanımın öz seçimi əsasında olmasını vacib sayır: «Ümumi götürəndə zərif cins nümayəndələrinin orduda xidmət etmələrinə normal baxıram. Amma bütün hallarda məsələ qadınların öz seçiminə buraxılmalıdır. Qadının ana olması, ailə qurması da vacibdir. Eyni zamanda hərbi məsələ güc, fiziki və psixoloji hazırlıq tələb edir. Hansı ki, bəzi qadınların orqanizmi hərbdə olan gərginliklərə tam gətirə bilmir. Bu amilləri nəzərə alaraq hərbi xidmətdə qulluq etmək seçimi qadınların özlərinə verilməlidir. Yəni qadınlar üçün məcburi deyil, könüllü hərbi xidmət açıq ola bilər. İsraildə hərbi xidmətdə olan qadınların bir çoxu xidmətdən sonrakı dövrdə dərin psixoloji gərginlik keçirirlər. Ona görə də məsələ qadının öz seçiminə buraxılmalıdır. Azərbaycan qadınları fiziki cəhətdən hazırlıqlı olmalıdır. Qarabağda baş verən müharibə zamanı çoxsaylı qadınlarımız fiziki cəhətdən hazırlıqlı olmadıqlarından erməni vəhşiliklərilə üzləşmişdi. Ona görə də qadınlarımız fiziki cəhətdən hazırlıqlı olmalı və müəyyən silahlardan istifadə etməyi bacarmalıdırlar». «Təmiz Dünya» İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova da Azərbaycan qadının hərbi xidmətdə olmasını dəstəkləyir: «İstənilən halda hərbi sahədə qadının olması onu göstərir ki, zərif cinsin nümayəndəsi bu sahədə də öz potensialını ortaya qoya bilir. Hərbdə qadının olması həm də onu göstərir ki, onlar məsuliyyət və öhdəliklərdən heç də kənara qaçmırlar. Odur ki, qadınların hərbi sahədə olmasının hər hansı bir təhlükəli məqamı yoxdur. Qarabağ müharibəsi zamanı kişilərdən geri qalmayan döyüşçü qadınlarımız olub. Bu baxımdan hərbi sahədə qadının olmasına hər hansı formada baryer çəkmək düşünürəm ki, heç də gərəkli deyil». Rüfət Sultan Geri dön |