Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > “Ermənistan savaş istəmirsə, ordusunu Qarabağdan çıxarsın!” - MÜSAHİBƏ
“Ermənistan savaş istəmirsə, ordusunu Qarabağdan çıxarsın!” - MÜSAHİBƏ |
Fərəc Quliyev: “Filan dövlət böyükdür, o bizim mücadiləmizə qarşı dayana bilər, düşüncəsi ilə heç vaxt işğaldan qurtula bilmərik”
Aprel döyüşləri Azərbaycanın müasir hərb tarixində yeni bir səhifə açdı. Bu şanlı tarix, Azərbaycanın böyük zəfərinin başlanğıcıdır. Həmin gün vətən uğrunda canını qurban verən şəhidlərimizin günüdür. Bu gün Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı beynəlxalq hüquqa məhəl qoyulmursa, işğalçıya qarşı sanksiya tətbiq edilmirsə, o zaman növbəti Aprel döyüşü zərurəti yarana bilərmi? Versus.Az xəbər verir ki, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev müsahibədə bu və ya digər məqamlara aydınlıq gətirilib. “Çox qısa zaman ərzində ordumuzun çox kiçik bir hissəsi ilə Ermənistan ordusunu darmadağın etmək imkanlarına malikik” - Fərəc bəy, məlumdur ki, tarixən Azərbaycana qarşı “erməni maşası” ilə soyqırımlar, işğallar, deportasiya, repressiyalar həyata keçirilib və hələ də torpaqlarımızın işğalı davam edir. Belə bir şəraitdə Aprel döyüşləri Azərbaycan insanının, eləcə də dünyanın qarşısnda hansı nümunəni ortaya qoydu və beynəlxalq ictimaiyyəti “silkələyib ayıltmaq” üçün hansı səhifəni yaratdı? - İlk olaraq Vətən uğrunda gedən döyüşlərdə öz canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Şəhidlərimiz bizə bir məktəb qoydular. Təbii ki, işğalçıya qarşı aparılan bütün döyüşlər əhəmiyyətlidir. Amma Aprel döyüşləri psixoloji cəhətdən düşməni sarsıdan döyüş oldu. O ana qədər ermənilər elə düşünürdülər ki, cəbhə xəttində uğur qazanıblar, məğlubedilməzdirlər. Və bu “mif” Ermənistan cəmiyyətində də formalaşmışdı. Aprel döyüşləri sübut elədi ki, biz çox qısa zaman ərzində ordumuzun çox kiçik bir hissəsi ilə Ermənistan ordusunun qoşununu darmadağın etmək imkanlarına malikik. Bunu həm Ermənistan, həm də Azərbaycan cəmiyyəti gördü. Ordumuzun özünə güvəni artdı. Ən mühüm məsələlərdən biri isə cəmiyyətin belə bir mərhələdə sərgilədiyi davranış idi. Həmin günlər ermənilər arxada post yaratmışdılar ki, əsgərləri geriyə qaçmasın. Azərbaycan tərəfində isə post qoyulmuşdu ki, Azərbaycan əhalisi orduya qoşulmaq, ona kömək üçün getməsin. Kənarda yaşayan azərbaycanlılar- diasporalarda olan, xaricdə təhsil alan gənclər kütləvi şəkildə müraciət edib döyüşdə iştirak etmək istədiklərini deyirdilər. Bizim partiya daxil olmaqla, bir çox partiyalar da ortaya mövqe qoydu və döyüşə getməyə hazır olduğumuzu bildirdik. Bu, çox mühüm psixoloji məqam idi. Yəni belə ciddi məsələlərdə həmrəyliyin olması, dövlət-millətçilik baxımından cəmiyyətin həmrəyliyə hazır olması sübut olundu. Ona görə də düşünürəm ki, Aprel savaşında bu iki faktor çox mühüm idi. Diplomatik sahədə bizim uğurlarımızın bir başlanğıcı qoyuldu. Bəlkə o günə qədər ATƏT-in Minsk Qrupu və böyük dövlətlər Azərbaycan tərəfi ilə “yolavermə” dili ilə danışırdılarsa, bu savaşdan sonra gördülər ki, Azərbaycan öz hərbi resurssları ilə problemi həll edə bilər. Aprel döyüşlərinin təsiri diplomatik sahədə - masada da özünü göstərdi. Məsələ burasındadır ki, bizim bu savaşımızı zorla dayandırdılar və biz əməliyyatları sona çatdıra bilmədik. Azərbaycan tərəfi Aprel döyüşləri ilə sübut elədi ki, biz beynəlxalq konvensiyalara, eləcə də Konstitusiyamıza uyğun olaraq istənilən məqamda, torpaqlarımızda ədaləti bərqərar edə bilərik. “Azərbaycan, Ermənistana ordusunu geri çəkməsi üçün müddət verməlidir” - Böyük zəfərin başlanğıcı olan Aprel savaşı bizim üçün bir örnəkdir. Amma o da bəllidir ki, maraqlı güclər torpaqlarımızın işğaldan azad olunmasına süni maneələr yaradırlar. Nəhayət, məsələ hansı səviyyədə qaldırılmalıdır ki, haqq-ədalət öz yerini tapsın? - Hesab edirəm ki, Azərbaycan tərəfi sonuncu çağırışlarını etməlidir və Ermənistana ordusunu geri çəkməsi üçün müddət verməlidir. BMT nizamnaməsinin 7-ci bəndinin 45-48-ci paraqraflarında da təcavüz edən tərəfə qarşı sanksiyaların tətbiq edilməsinin mümkünlüyü açıq şəkildə göstərilib. Həmin bənddə açıq şəkildə hərbi və qeyri-hərbi qaydalarda sanksiyalar nəzərdə tutulur. Ermənistan tərəfinə sonuncu çağırışını edən Azərbaycan öz hüquqlarından istifadə edərək, Ermənistan qoşunlarını öz torpaqlarından çıxarmaq üçün hərbi əməliyyatlara başlaya bilər. Və başlamalıdır, bunun başqa yolu yoxdur. Düşünürəm ki, Aprel savaşı həm də bir dərs oldu. Ermənistan və beynəlxalq auditoriyaya vəziyyətin nə yerdə olduğu məlum oldu. Kim nə deyirsə desin, işğalçının kimliyi hamıya məlumdur. Bu müharibənin səbəbi nə qədər Qarabağ ermənilərinin, yaxud təkcə Ermənistanın məsuliyyəti üzərinə qoyulsa da, burada Rusiyanın birbaşa iştirakı məlumdur. Bu münaqişə deyil, bir işğaldır, müharibədir və Azərbaycan tərəfi də bu müharibədən əziyyət çəkən tərəfdir. Bu gün beynəlxalq şərtlər dəyişib. Mən fikrimi pandemiyanın yaranması ilə əlaqələndirmirəm. Ümumiyyətlə, beynəlxalq durum pandemiyaya qədər də kifayət qədər gərginləşmişdi. Bu, özünü Suriya, İdlib hadisələrində, Rusiya-Türkiyə münasibətlərində və sair məsələlərdə göstərdi. Hadisələr göstərir ki, biz artıq öz gücümüzlə öz hüquqlarımızın müdafiəsinə qalxmalıyıq. Buna bizim gücümüz var. Ərazi bütövlüyümüzün bərpa olunması üçün bütün imkanlarımız var. Hesab edirəm ki, sonuncu çağırışları, xəbərdarlığı edəndən sonra, düşmənə qısa vaxt verməklə dərhal əməliyyatlara başlamalıyıq. “Biz dayanıqlı sülh istəyiriksə şərəfli döyüşlərə hazır olmalıyıq” - Fərəc bəy, siz xəbərdarlıq ediləndən sonra torpaqların hərblə işğaldan azad olunması ideyasını ortaya qoydunuz. Bir çox ekspertlər isə hesab edirlər ki, bu gün hərbdən çox diplomatik sahədə qələbə qazanmaq daha çox mümkündür. Bu, beynəlxalq təşkilatları işğalçıya qarşı sanksiya dili ilə danışmağa inandırmaqdır. Məlumdur ki, bu baş vermir və beynəlxalq təşkilatların işğal faktına laqeyd yanaşmaları indi də var. Bu nəyi ifadə edir, diplomatik sahədə lazımı uğuru qazana bilməmişik, yoxsa daha ciddi nüanslar var? - Mən hesab edirəm ki, diplomatik sahədə uğurlarımız var. Son zamanlar bunu bəzi beynəlxalq təşkilatların Ermənistanı işğalçı adlandırması, Dağlıq Qarabağın Azərbaycan əraziləri olduğunu ifadə etməsi, Ermənistan ordusunun çıxarılması ilə bağlı sərgilədiyi işartılardan görürük. Mən düşünürəm ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı dövlətlərin də Azərbaycana sərgilədiyi münasibətlər mühümdür. Ermənistanın həmin qurumda güvəndiyi dövlətlər də Azərbaycanın haqqını tanıyırlar. Hətta Ermənistan mediası mütəmadi olaraq Rusiyaya qarşı Azərbaycana silah satmasına və sair başqa əlaqələr qurmasına görə iradlarını bildirir. Ona görə mən düşünürəm ki, diplomatik sahədə uğurlarımız var. Əslində təkcə BMT-nin 4 qətnaməsi kifayət edir ki, biz diplomatk sahədəki işimizin yekunlaşması haqqında fikir söyləyək. Bu qətnaməni həmin qurum özləri icra eləməlidir. Əgər icra eləmək istəmirlərsə, biz dərhal bunun icrası ilə bağlı işlər görməliyik. Ona görə də mən hesab edirəm ki, hətta hərbi əməliyyatlara başlamaqla bağlı çağırışların özü də diplomatik gedişlərdə əsas yerdə olacaq. Təbii ki, biz müharibə istəmirik. Əgər Ermənistan işğal etdiyi torpaqlardan dinc yolla çıxacaqsa, niyə müharibə eləməliyik. Əgər böyük güclər, beynəlxalq təşkilatlar savaş olmadan bu ədaləti bərpa edə biləcəklərsə, buyursunlar. Ermənistan savaş istəmirsə ordusunu Qarabağdan çıxarsın. Yox, bu olmayacaqsa hərbi yoldan başqa bizə çıxış yolu qoymurlar. Hesab edirəm ki, nə qədər çətin, ağır, itkilər olsa da, biz bu addımı atmaq məcburuyyətindəyik. Biz zatən bu illər ərzində işğal olunmuş ərazilərimizdə 30 milyarda qədər talançılığa məruz qalmışıq. Onsuz da bu gün ərazilərimizdə erməni əhalisini yerləşdirməklə məşğuldurlar. Biz ərazilərimizin 20 faizindən istifadə edə bilmirik. Onsuz da itkilər veririk, hər gün Ermənistan atəşkəsi pozur. Amma biz dayanıqlı sülh istəyiriksə, şərəfli döyüşlərə hazır olmalıyıq və buna da getməliyik. “Qorxaq nazirlər, qorxaq məmurlar, harınlamış bir qrup insanlar qorxu ab-havası yaradırlar” - Fərəc bəy, regionda daha çox Azərbaycanın müstəqil şəkildə öz torpaqlarını işğaldan azad etməsinə maneə kimi ortaya qoyulan “Rusiya mifi”-i ni hansı şəkildə aradan qaldırmaq olar. Bu gün Rusiyanın “Azərbaycan sevgisi”nə məhəl qoymadan hərbi əməliyyatlara başlasaq, hansı əks təsirlərlə üzləşə bilərik? İstənilən təsir ola bilər. Bizim taleyimiz belədir. Biz iki əsrdə 4-5 dəfə dövlət quran millətik. Həm şimali Azərbaycanda, həm cənubi Azərbaycanda. Amma istənilən məqamlarda müqavimət hərəkatı qura bilmişik. Biz dirəniş göstərməsək, “filan dövlət böyükdür, o bizim mücadiləmizə qarşı dayana bilər” düşüncəsi ilə heç vaxt işğaldan qurtula bilmərik. Tutaq ki, Rusiya kimi böyük bir dövlət işğala əl qoyarsa, o zaman torpaqlarımızı qorumaqdan əl çəkməliyik? Xeyir. Biz savaşmalıyıq. İnanmıram ki, bu gün Rusiya və yaxud başqa bir dövlət açıq şəkildə bu məsələyə müdaxilə eləsin. İkinci, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını qorxu nümunəsi kimi irəli çəkirlər. Amma bu təşkilat yalnız Ermənistan ərazilərində bir savaş olarsa müttəfiqlik şərtlərini yerinə yetirə bilər. Digər tərəfdən, dünyada şərtlər dəyişib. Hazırda Rusiya ilə Türkiyənin münasibətləri yüksək səviyyədədir. Rusiyaya tətbiq olunan sanksiyalarla bağlı düşdüyü çətin vəziyyət, Ermənistanın ikili oyunları, Rusiyanı radikal addımlardan çəkindirəcəkdir. Amma hesab edirəm ki, əvvəl olduğu kimi Rusiyanın “siz savaşı dayandırın, biz sahmana salacağıq” bəyanatlarına cavabımız var. Biz deyə bilərik ki, 2016-cı ildə dediniz, biz də savaşı dayandırdıq, amma heç bir ölçü götürmədiz. Ona görə də biz özümüz öz məsələmizi həll edəcəyik... Bu gün mühüm olan bir məsələ odur ki, daxilimizdə bir toparlanma olmalıdır. Bütün ictimai-siyasi qurumlar, təşkilatlar, vətəndaşlar bir yerdə, vətən uğrunda savaşa hazır olmalıdırlar. Bu döyüşçü ruhunu hər kəs kənardan görməlidir və düşünürəm ki, bundan sonra kimsə bizim daxili işimizə müdaxilə etməyə cürət etməyəcək. Üstəlik, bu gün Rusiya-Azərbaycan münasibətləri yaxşı vəziyyətdədir. Biz Rusiya ilə xoş qonşuluq siyasətinin aparılmasında maraqlıyıq. Biz Rusiyanın ərazi bütövlüyünü tanıyırıq. Ona görə də, kimin nə deməyindən asılı olmayaraq, bizim yalnız bir savaşımız olacaq - hərbi yol. Bu, bizim hüququmuzdur. Bəzən bu yolu ifrat dərəcədə böyüdüb bizim gözümüzə soxurlar. Bəziləri - nazirlər, böyük məmurlar, varlanmış adamlar səviyyəsində bəziləri status-kvonun dəyişməsində maraqlı deyillər. Savaşda maraqlı deyillər. Bakı ərtafında qurduqları villalar onlara kifayət edir. Amma Azərbaycan cəmiyyətinin əksəriyyəti elə düşünmür və mən hesab edirəm ki, nəinki bu gün Qarabağı, tarixən itirilmiş torpaqlarımızı da qaytarmaq üçün milli hədəf ortalığa qoymalıyıq. Strateji bir yol xəritəsi ilə qələbəyə doğru getməyimiz lazımdır. Ölkə Prezidenti də öz çıxışlarında bildirib ki, Ermənistanın indiki əraziləri Azərbaycan torpaqlarıdır. Bu bir çağırışdır ki, biz qədim torpaqlarımızı qaytarmalıyıq. Amma qorxaq nazirlər, qorxaq məmurlar, harınlamış bir qrup insanlar bəzən cəmiyyətdə qorxu ab-havası yaradırlar. Amma bu milli iradə basılmazdır, vətənimizin azad olunması vazkeçilməz bir istəkdir, kimin nə düşünməsindən asılı olmayaraq biz milli birliyə nail olub bu məsələni həll eləməliyik. - Bir sözlə, “böyük güclər”, “Rusiya mifi” dağıdılmalıdır... - Rusiya mifi dağıdılıb. Bu gün Rusiyanın özü çöküb. Hesab edirəm ki, pandemiyadan sonra dünyada bir çox şərtlər, müttəfiqlik münasibətləri, sistemlər, baxışlar dəyişəcək. Artıq hər kəs milli dövlətçilik divarları içərisində siyasət yeritməyə başlayır. Artıq o başqa yerlədə dövlətləri öz əlinin içində saxlamaq istəkləri sarsılıb. Biz yeni vəziyyətə hazır olmalıyıq. Hesab edirəm ki, regionda aqressiv şəkildə nüfuz savaşı aparan dövlətlərin də bu məsələdə istəkləri öləziyib. Belə bir şəraitdə biz milli dövlətimizin taleyini özümüz müstəqil şəkildə həll edə bilərik. Rusiya özünü zorla saxlayır. Düşmənin böyük-kiçikliyindən asılı olmayaraq, vətənimizin, suverenliyimizin, müstəqilliyimizin bütün vasitələrlə qorunmasının tərəfdarıyam. Biz bu mübarizliyi göstrməliyik. Bəzi mətbuat nümunələri də bəzi deputatların fikirlərində "qorxu mifini" təqdim edirlər. Bu, Azərbaycan cəmiyyəti üçün zərərlidir, Ermənistan tərəfinə ruh verəndir, Rusiyanın mövqeyini yersiz şəkildə şişirtməkdir. Bütün bu qorxuların üzərindən xətt çəkərək, bir millət olaraq, dövlət olaraq öz ordumuzu ayağa qaldıraraq problemlərimizi həll edə bilərik. Biz haqlıyıq, haqlı olduğumuza görə də güclüyük. Heç kimə aqressiya göstərmirik. Özümüzə mif yaradıb qorxmaqdansa, qorxmağa bəhanə axtarmaqdansa, fərqli bir ab-hava yaratmaqla hamını səfərbər etməliyik. Umu-küsülərə son qoymalı, toparlanmalı, lazım olarsa son qəpiyimizi də ortaya qoyub, firavan həyat uğrunda savaşa getməliyik. /baxar.az/ T.Qafarlı/Versus.Az Geri dön |