Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > Universitetlər Xocəsən və Qobuya köçürülür.
Universitetlər Xocəsən və Qobuya köçürülür. |
Təhsil naziri ərazidə ali məktəb şəhərciyi üçün müvafiq ərazinin ayrıldığı deyir; ekspertlər isə ilk növbədə sosial məsələlərin həllini vacib sayır
Ali məktəblərin Bakının mərkəzindən şəhərətrafı ərazilərə köçürülməsi məsələsi yenidən gündəmə gəlib. Təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib ki, Bakının mərkəzində yerləşən bir sıra ali məktəblər şəhər ətrafına köçürüləcək. Onun sözlərinə görə, hələlik ilkin olaraq hansı ali məktəbin köçürüləcəyi məlum deyil: “Köçürülmə ilə bağlı qəti qərar qəbul olunandan sonra ali məktəblərin adı məlum olacaq”. Hazırda Azərbaycanda 35-i dövlət, 15-i qeyri-dövlət olmaqla 50-yə yaxın ali təhsil müəssisəsi fəaliyyət göstərir ki, həmin təhsil müəssisələrinin əksəriyyəti paytaxt Bakıda yerləşir. “Yeni Müsavat”ın məlumatına görə, ali məktəblərin mərkəzdən kənara köçürülməsi üçün artıq müvafiq işlərə başlanıb. Mənbə bildirib ki, hökumət ali məktəblərin köçürülmə yeri kimi Xocasən qəsəbəsinin üzərində dayanıb. Artıq Xocasən ərazisində ali məktəb şəhərciyi üçün müvafiq ərazi də ayrılıb, sadəcə, hələlik bu barədə ictimaiyyətə rəsmi məlumatın açıqlanmaması qərara alınıb. Qobu bələdiyyəsinin keçmiş sədri Mübariz Bayramov da bir neçə ay öncə mətbuata bunu təsdiqləyib. Bildirib ki, bir neçə universitetin Qobu ərazisinə köçürülməsi planlaşdırılır: “Bu sırada İqtisad, Pedaqoji universitetinin adı çəkilir”. Tanınmış memar Emil Axundovun sözlərinə görə, mərkəzdəki universitetlərin Bakının nisbətən ətraf ərazilərinə köçürülməsi reallaşsa, bu hamının ürəyincə olar, amma bunun üçün külli miqdarda vəsait lazımdır: “Köçürülmə prosesi tədricən baş verməlidir. Bakı ətrafında ali məktəblərin korpusları tikilməli və tələbələr tədricən ora köçürülməlidir. Amma bu, bir qədər gec qaldırılmış məsələdir. Bu məsələni özəl ali məktəblər yeni yarananda həll etmək lazım idi. Düşünürəm ki, Bakıətrafı rayonlarda geniş torpaq sahələri ayırıb, orada Avropa standartlarına uyğun universitet şəhərcikləri salmaq olar”. Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev də ətraf rayonlarda universitetlərin köçürülməsini müsbət qarşılayır: “Amma bir neçə məsələ var ki, bu nəzərə alınmalıdır. Tələbələr harada yaşayacaq? Onların imkanı çatacaqmı hər gün kənar rayona gedib-gəlsin? Müəllimlərin durumu buna imkan verirmi? Belə suallar açıq qaldıqca, universitetləri şəhərdən kənara köçürmək olmaz. İlk növbədə sosial məsələlər öz həllini tapmalıdır”. Günay MUSAYEVA Geri dön |