Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Yazıçı Gülzar İbrahimova: Evdə oturmaqla bəşəriyyətin üzləşdiyi fəlakətdən xilas olmağa çalışmalıyıq
Yazıçı Gülzar İbrahimova: Evdə oturmaqla bəşəriyyətin üzləşdiyi fəlakətdən xilas olmağa çalışmalıyıq |
Gülzar İbrahimova uzun illərdir ki, uşaqlar üçün nağıl və hekayələr qələmə alır. O, “Sehrli dünya” uşaq jurnalının baş redaktorudur. Balaca oxucuların Gülzar nənə kimi tanıdığı yazıçı “Evdə qal” kampaniyasının fəal təbliğatçılarından biridir.
Yazıçı karantin dövrünün tələblərinə ciddi əməl etməklə yanaşı, ətrafında olanları və öz oxucularını ona riayət etməyə dəvət edir. Son günlər yaşadığı həyat tərzi haqqında məlumat verib: “On gündən artıqdır ki, nəvələrimi görmürəm. Şükür ki, indi Skype, WhatSapp var, görüntülü danışmaq mümkündür. Məlum şəraitlə uyğun olaraq elə bununla kifayətlənirəm. Beş gün, on gün? bir ay görüşməməklə heç nə olmaz. Karantin qaydalarına əməl edib dünyanı dolaşan bu bəladan sovuşmaq lazımdır”. Gülzar xanım yaradıcılıq işləri barədə danışarkən deyib: “Evdə qalıb işləmək mənim üçün xoşdur. Adi günlərdə çoxlu dəvətlər, sifarişlər olur, bəzən kimsə işə, ya evə gəlib saatlarla əyləşir, çoxlu vaxt alır. Bu mənada karantin günlərində sərbəstlikdir. Kompüterimi, yazı-pozu ilə əlaqədar bütün işimi evə köçürmüşəm. Yeri gəlmişkən deyim ki, yaxın vaxtlarda 62 yaşım tamam olacaq, buna baxmayaraq öyrənməkdən yorulmuram. Bir neçə kompüter proqramını mükəmməl olmasa da, müəyyən səviyyədə öyrənmişəm, fotoşopu bilirəm, videomontaj proqramını müəyyən səviyyədə mənimsəmişəm. Bakı Oksford Məktəbinin ikinci sinfində oxuyan nəvəm Osman mənə şahmat oynamağı öyrədib, şahmat taxtası arxasında düşünmək mənə çox maraqlı gəlir. Boş vaxtımda musiqiyə qulaq asıram, hətta arada zümzümə də edirəm. Həvəskar səviyyədə gitarada ifa etməyi bacarıram, arada bu sahədə də qabiliyyətimi təkmilləşdirirəm”. “Evdə qal” kampaniyası dövründə uşaq yazıçısı yaradıcılıq işləri barədə də məlumat verib: “Tarixi kitablar oxumağı çox sevirəm, həmin mənbələr və ensiklopediyalar, eləcə də internet məlumatları əsasında 1958-ci ildə Çində indikinə oxşar epidemiya olduğunu və 30 min nəfərin həyatına son qoyduğunu öyrənmişəm və bununla əlaqədar “Çin hekayəti və koronavirus faciəsi” adlı hekayə yazmışam. “Ağır cəza” adlı romanı yazıb başa çatdırsam da, redaktə etməyə ehtiyac var. Hazırda bir sıra poemalar üzərində də işləyirəm. “Qabusnamə”ni və Nizami Gəncəvinin əsərlərini təkrar oxumaqdan məmnunluq duyuram. Mən həm də Mirzə Şəfi Vazeh adına kitabxananın nəzdində fəaliyyət göstərən uşaq və gənclər məclisinin rəhbəriyəm, həmin məclisin üzvü olan istedadlı uşaqların yaradıcılığı ilə maraqlanır, onlara məsləhətlər verirəm. Evdə xəstə həyat yoldaşıma qulluq etməklə bərabər, bu işlərin hamısına vaxt tapmağa çalışıram. Amma vaxt həmişə azlıq edir...”. Gülzar İbrahimova dünyamızın başı üzəridə dolaşan gözəgörünməz düşmənə qarşı mübarizədə hamının səylərini birləşdirməyə çağırır: “Bu, əbədi deyil ki... Bir müddət evdə oturmaqla, ictimai həyatdan, təmas və ünsiyyətdən uzaq olmaqla bəşəriyyətin üzləşdiyi fəlakətdən xilas olmağa çalışmalıyıq. Həyat gözəldir, yaşamaq böyük nemətdir, onun yarıda qırılmasını isə heç kəs istəmir. Həkimlərin, mütəxəssislərin məsləhətinə qulaq asmaqla, gigiyena qaydalarına əməl etməklə, immuniteti gücləndirməklə bu dəhşətli bəladan xilas olmaq mümkündür. Sabahımız, gələcəyimiz, balalarımız, həyatın gözəlliklərini yaşamaq naminə bu ağır sınaqdan çıxmalı və arzularla dolu ömrümüzə həyat, sevgi dolu naxışlar əlavə etməliyik”. Geri dön |