Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Həmrəy olaq, koronavirusa birlikdə qalib gələk!
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Həmrəy olaq, koronavirusa birlikdə qalib gələk!

Həmrəy olaq, koronavirusa birlikdə qalib gələk!


Əsrlərdir bir çox qanlı müharibələrin, milyonlarla insanın ölümünə səbəb olan xəstəliklərin yaşandığı dünyamız çox ciddi imtahan qarşısındadır - insanlıq tarixinin ən dəhşətli viruslarından biri olan koronavirus (COVID-19) pandemiyası bütün bəşəriyyəti cənginə alıb.

Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Aydın Tağıyevin koronavirus pandemiyası ilə bağlı hazırladığı yazını təqdim edir.

Olduqca sürətlə yayılan, minlərlə insanı öldürən və öldürməkdə davam edən bu virus sərhəd tanımır. İlk dəfə Çində aşkarlanan bu virus oradan bütün dünya üzərinə sanki güclü silahlanmış ordu kimi hərəkət edir. Qarşısıalınmaz orduya qarşı ölkələr ehtiyat tədbirləri görsələr də, üstünlük hələ ki, ölümcül virusun tərəfindədir.

Hər gün aldığımız bədbin xəbərlər əhvalımızı nə qədər korlasa da, ümidimizi itirmir, bəşəriyyətin bu bəladan qurtaracağı anı gözləyirik. Bu elə bir bəladır ki, böyüyə-kiçiyə, varlıya-kasıba baxmaz. Televiziya, eləcə də internet resursları vasitəsilə yayımlanan kadrlarda kütləvi şəkildə insanların ölməsini, boş küçələri, meydanları və parkları görmək həqiqətən ürəkağrıdıcı mənzərədir.

Bu bəladan qorunmaq üçün müxtəlif tədbirlər görülür. Dövlətlər sərhədlərini bağlayır, insanlar gündəlik ünsiyyətindən tədric olunur, əlaqələr demək olar ki, sıfır həddinə yenib. “Evdə otur, sağlam qal” deməklə həyəcan təbili çalınır sanki. Bu da əbəs deyil. İndi əsl birlik, həmrəylik göstərmək zamanıdır. Evdə qalaraq gecəsini gündüzünə qatan, başqa insanların həyatını xilas etmək üçün öz həyatlarını təhlükəyə atan həkimlərimizə kömək etmiş, onların yükünü azaltmış olarıq. Bunun üçün vətəndaş həmrəyliyi vacib şərtdir.

Tarixə nəzər salsaq görərik ki, bu, bəşəriyyətin üzləşdiyi ilk hal deyil, dünya tarixində dəfələrlə bu cür pandemiyalar olub, milyonlarla insan onların qurbanına çevrilib. Son 30 ildə 36 milyon insanın həyatına son qoyan QİÇS, ebola, donuz qripi, sars, mers kimi təhlükəli virusları misal göstərmək olar.

Görkəmli Amerika yazıçısı, jurnalisti və ictimai xadim Mark Tven deyirdi: “Dünyanın sizə sanki borcu var kimi fikirləşməyin, o sizdən əvvəl mövcud olub və sizə heç nə verə bilməz”. Yəni, özünüz özünüzü qoruyun. Bu dünyada sizi xilas edəcək tək adam elə siz özünüzsünüz.

İnsan oğlu gərək hər bir halı ilə ehtiyatlı ola. Sosial çağırışlarda deyildiyi kimi, qapıları bağla! özünü xilas et! ailəni xilas et! Sonra peşman olma! Hazırkı duruma laqeyd yanaşmaq olmaz!

Fransız yazıçısı və filosof Albert Kamyunun “Taun” əsərində dediyi kimi, “Dünya boş bir məkandır, onu maraqlı edən isə insanlardır, buna görə də insanları qorumaq lazımdır!”

Bunu anlayıram, o birisini qəbul etmirəm kimi bir şey yoxdur. Laqeydliklər yaşıllıqları boza, çiçəkləri külə çevirə bilər..!

Özümüz, yaxınlarımız, əzizlərimiz, körpələrimiz naminə bütün qaydalara vaxtında əməl etməliyik ki, həmin itirdiyimiz zaman onları bizdən ayırmasın.

Görkəmli şair və filosof Nizami demiş “Bəşəriyyətin ən gözəl əşrəfi elə biz insanlarıq”.

İnsan zəkasının hüdudları sonsuzdur. Sonda mütləq elm, təbabət koronavirusa qalib gələcək. Çalışaq həmin vaxta qədər qorunaq, özümüzdən və əzizlərmizdən muğayat olaq, sağlam qalaq!

İnanıram ki, həmin gün uzaqda deyil! Bəşəriyyət bu bəladan qurtaran kimi Azərbaycan Respublikasının vətəndaşı olaraq “Dünya Beynəlxalq Həmrəylik Günü”nün təsis edilməsinin təşəbbüskarı olacağam! Çünki koronavirus təhlükəsi bir daha göstərdi ki, müxtəlif ərazilərdə yaşamağımıza, sərhədlərlə bir-birimizdən ayrılmağımıza, başqa-başqa dillərdə danışmağımıza, ayrı-ayrı millətlərə mənsub olmağımıza baxmayaraq, bəşəriyyəti təhdid edən bəlalara, təhlükələrə ancaq bir, həmrəy olaraq qalib gələ bilərik.

Biz Birlikdə Güclüyük!

Geri dön