Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Sərkisyanın sərsəmləmələrinə Bakıdan sərt cavab
Sərkisyanın sərsəmləmələrinə Bakıdan sərt cavab |
Fərəc Quliyev: “Artıq Azərbaycanın Ermənistanla danışıq aparmasının heç bir mənası yoxdur”
Bu günlərdə Rusiyanın böyük miqdarda silah-sursatları ilə dolu olan hərbi bazalarını təmənnasız olaraq almış Ermənistan rəhbərliyinin qudurğanlığı o həddə çatıb ki, növbəti dəfə ərazilərini təhdid altında saxladığı ölkəmizə hədə və təhdidlər yağdırıb. Beynəlxalq aləm, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 20 ilə yaxındır davam edən mənasız sülh danışıqlarını diriltməyə çalışdığı bu günlərdə Serj Sərkisyan ilhaq olunmuş ərazilərin Azərbaycana qaytarılmayacağını deməklə danışıqların davamında maraqlı olmadığını açıq şəkildə ortaya qoydu. Sarkisyan “Reuters” agentliyinə müsahibəsində “Ən azından Dağlıq Qarabağı Azərbaycanın tərkibində görməyəcəyəm. Buna əminəm və bu, bizim üçün böyük uğurdur”, - deyə, növbəti dəfə sərsəmləyib. Erməni prezident Azərbaycan ərazilərinin işğalında oynadığı rolunu yüksək tribunalardan etiraf edəndə də, erməni gənclərinə xitabən “Artsax"ın taleyini biz həll etdik, Ağrı sizlikdir" deyəndə də eyni cür sərsəmləmişdi. Ancaq nə beynəlxalq aləm erməni prezidentin dediklərinə ciddi təpki verdi, nə də Bakı bundan sonra danışıqları davam etdirməyin mənasının qalmadığını qəbul edib torpaqların azadlığı yolunda konkret addımlar atdı. “Arxalı köpək qurd basar” deyiminə istinad etsək, Sərkisyanı da cürətləndirən Rusiya-Ermənistan birgə hərbi təlimləri, həmçinin rus hərbi obyektlərinin İrəvana hədiyyə olunmasıdır. Xatırladaq ki, hərbi təlimlər zamanı rus ordu hissələrinin Qarabağ torpaqlarına da girdiyi xəbəri yayılmışdı. Ermənistan prezidenti müsahibəsində iddia edib ki, Azərbaycan sülh tərəfdarı deyil. Sərkisyan Azərbaycanın Macarıstandan ekstradisiya olunmuş zabiti Ramil Səfərovla bağlı qeyd edib ki, bu hadisə Azərbaycanla Ermənistan arasındakı münaqişənin tənzimləməsinə mənfi təsir edib: “Bu da onu bir daha göstərdi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibinə heç vaxt qatılmayacaq”. Bütün bu iddialar ermənilərin Xankəndi hava limanını istifadəyə vermək ərəfəsində ortaya çıxır. İstisna deyil ki, ermənilər öz mənfur niyyətlərini gerçəkləşdirib hava limanından rahat istifadə etməkdən ötrü Bakını suçlu çıxartmağa çalışır. Ancaq rəsmi Bakının erməni təxribatlarını dərhal üzə çıxarması, Rusiya-Ermənistan hərbi koalisiyasının fəaliyyətini beynəlxalq aləmə çıxarması zəruridir. Bu günlərdə Separatçı Dağlıq Qarabağ rejiminin “baş naziri” Ara Artunyan Qarabağa Ermənistandan və başqa ölkələrdən köçürülən ermənilərin sayının artdığı barədə açıqlaması da yayıldı. Ermənilərin etirafına görə, təkcə Laçına 5 minədək erməni köçürülüb. ATƏT-in faktaraşdırıcı missiyası da bir neçə il əvvəl apardığı araşdırma nəticəsində Azərbaycanın işğal altında olan ərazilərdə Ermənistan tərəfindən süni məskunlaşma apardıldığını təsdiqləyib. Ancaq Suriya hadisələri köçürülmədə canlanma yaradıb ki, bu məsələyə Bakının müdaxilə etməməsi gələcəkdə yeni problemlərin ortaya çıxmasına səbəb olacaq. Qəribəsi odur ki, dünya gücləri hələ də, Sərkisyanın hədə bəyanatı verdiyi bu günlərdə də sülh nağılları ilə Azərbaycanı yuxuya verməyə cəhd göstərir. “Ümüd edirəm ki, Azərbaycan və Ermənistandan olan yeni nəsil gənclər Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklər”. APA-nın xəbərinə görə, bu sözləri Avropa Şurası Parlament Assambleyasının sədri Jan-Klod Minyon Strasburqda işinə başlamış Demokratiya Uğrunda Beynəlxalq Forum çərçivəsində gənclər assambleyasının sessiyasını açarkən deyib. O, bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli çox mürəkkəb bir məsələdir. MM-in Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev də hesab edir ki, artıq Azərbaycanın Ermənistanla danışıq aparmasının heç bir mənası yoxdur: “Çünki Ermənistan təcavüzkarlıq siyasətindən əl çəkmir”. Deputatın fikrincə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmasından yararlanaraq Dağlıq Qarabağ məsələsinin BMT Təhlükəsizlik Şurası müstəvisinə çıxarılmasına nail olmalıdır. Onun fikrincə, bu, Azərbaycan üçün bir şansdır. Bəs, MM-in Təhlükəsizlik və müdafiə komitəsinin üzvləri məsələnin komitədə müzakirə olunması və parlamentə dinləmələrlə bağlı müraciətin edilməsi təşəbbüsü ilə çıxış edə bilərmi? F.Quliyev dedi ki, bundan öncə dəfələrlə belə bir mövqedən çıxışlar edib. O, həmçinin ölkənin hərbi nazirinin hərbi hazırlıqlar və ordudakı vəziyyətlə bağlı parlamentə hesabat verməsini vacib saydığını vurğuladı. Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, Sərkisyanın dedikləri cəfəngiyyatdır: “Belə bir deyim var ki, qara məni basınca qoy qaranı mən basım. Yəqin Sərkisyan da Azərbaycanın bu məsələlərə seyrçi mövqeyini görüb belə bəyanatlar verir. Əslində Azərbaycan müharibəyə hazırlaşmamalıdır, çoxdan bu müharibəni sona çatdırmalı idi. Çünki 20 ildir ATƏT-in Minsk Qrupunun həmsədrləri, digər qurumlar Azərbaycanın başını qatıb ki, guya nəsə bir iş görürlər. Amma 18 illik atəşkəs dövründə biz xeyli əsgər itirmişik, həmçinin böyük maddi və mənəvi itkilərə məruz qalmışıq. Azərbaycan təbii ki, silah almalıdır. Nə qədər ki, torpaqlarımız işğaldadır bu silahlar hər an lazım ola bilər. Nəzəri cəhətdən müharibənin hər an başlaması ehtimalı həmişə olub, var və olacaq. Amma praktiki baxımdan Sərkisyan yaxşı bilir ki, bu gün Azərbaycanda heç bir müharibə əhval-ruhiyyəsi yoxdur. Azərbaycan rəsmiləri yalnız bəyanatlar səsləndirməklə işlərini bitmiş sayırlar”. Ü.Cəfərov Ermənistanın bu günlərdə Rusiyadan aldığı obyektlər haqqında da danışdı: “Bununla bağlı bəzən yanlışlıqlara yol verilir. Rusiya Ermənistandakı (Gümrüdəki) 102-ci hərbi bazasının 10 hərbi obyektini ermənilərə verib. Yəni 30 obyektdən 10-nu Ermənistana bağışlayıb. O obyektlər də fəaliyyətdədir, sadəcə onların təyinatı dəyişdiriləcək. Həmin 10 obyekt ermənilərə ona görə verilib ki, həm birgə hərbi fəaliyyəti həyata keçirsinlər, həm də bu, ermənilərə böyük dəstək olacaq. İqtisadi çətinlikləri olan ermənilərə bu, böyük dəstəkdir”. Ekspert bu obyektlərdəki silah-sursatın qiymətinin milyardlarla ölçüldüyünü qeyd etdi: “Ruslar 102-ci bazanı yenilədikcə orda ştatdan çıxartdıqları silah-sursatı təkrarən Rusiyaya daşımırlar və təmənnasız olaraq ermənilərə verirlər. Bunu da hesablayanda 5 milyarda yaxın rəqəm alınır. Rusiyanın Ermənistana 10 hərbi obyekti verməsinə rəsmi Bakının reaksiya verməməsi şəxsən mənim üçün çox qaranlıq qaldı. Bakı münasibətini bildirmədi ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan bir ölkə danışıqlar prosesinin davam etməsində maraqlıdırsa, sülh missiyasını üzərinə götürübsə, necə olur ki, Ermənistanı bu şəkildə silahlandırır?” Ü.Cəfərov deyir ki, R.Səfərov məsələsi ilə bağlı gərginlik davam etsə də, görünən budur ki, ermənilər diqqəti öz əməllərindən yayındırmağa xidmət edir: “Bu gün ermənilər müharibə aparmaq iqtidarında deyillər. Ancaq Azərbaycanın müharibəyə hazırlaşdığı görüntüsü yaradırlar. Azərbaycanın müharibə hazırlıqları nədə görünür? Azərbaycanda səhərdən-axşama kimi beynəlxalq forumlar, idman yarışları keçirilir, hansı müharibə hazırlıqlarından söhbət gedə bilər? Gələn il həm Azərbaycan, həm Ermənistanda prezident seçkiləri keçiriləcək. Belə olan təqdirdə müharibənin başlanacağını gözləmək absurddur. Bu mənada Ermənistan prezidentinin dedikləri növbəti blef, daxili auditoriyaya hesablanmış bəyanatdır. Sadəcə ”Röyter"in imkanlarından istifadə edib bütün dünyada yanlış rəy yaratmağa çalışır". Qeyd edək ki, Milli Məclisin iclasında çıxış edən deputat Fəzail Ağamalı ATƏT-in Minsk Qrupunun Azərbaycanda fəaliyyətinin ləğv olunması ilə bağlı parlamentin qərar qəbul etməsini və müharibəyə başlamaqla bağlı ölkə başçısına müraciət etməsini təklif etmişdi. XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin sözlərinə görə, erməni prezident öz cinayətlərini ört-basdır etmək üçün bu cür danışır: “Bu gün Ermənistanın Silahlı Qüvvələri Azərbaycan ərazisindədir, Azərbaycan ordusu Ermənistan ərazisində deyil. İkinci tərəfdən bu gün elə bir beynəlxalq təşkilat yoxdur ki, Ermənistanın işğalçı olması ilə bağlı beynəlxalq səviyyədə müxtəlif qətnamə və qərarlar qəbul olunsun. Ermənistanın işğalının davam etməsinin arxasında təəssüflər olsun ki, beynəlxalq ictimaiyyətin çoxstandartlı yanaşması durur. Azərbaycan onsuz da əvvəl-axır ərazi bütövlüyünü bərpa edəcək və heç zaman ərazi itkisi ilə, mövcud status-kvo ilə barışmayacaq. Mövcud status-kvonun qəbuledilməzliyini əksər ölkələr açıq şəkildə bəyan edirlər. Status-kvo işğal faktının davamı deməkdir. Bu, həm də o deməkdir ki, beynəlxalq ictimaiyyət işğal faktının aradan qaldırılmasını istəyirlər”. XİN təmsilçisi deyir ki, Ermənistan rəhbəri seçkiqabağı ərəfədə müxtəlif bəhanələrdən istifadə etməklə vəziyyətdən çıxmağa, dividentlər götürməyə çalışır: “Bu bəyanat populizmdir və şou xarakteri daşıyır. Ermənistan ictimaiyyəti də çox yaxşı bilir ki, ölkə rəhbərliyi Azərbaycan xalqına qarşı hansı cinayətləri törədib və günahsız insanlara qarşı törədilən cinayətlərə görə o, bir gün cavab verəcək”. Diplomat Ermənistan prezidentinin son açıqlamasının işğal faktorunun uzadılmasına hesablandığını qeyd etdi: “Bu cür ifadələrlə Sərkisyan öz cinayətlərini ört-basdır etməyə çalışır. Ermənistanın hazırkı və keçmiş rəhbərliyində cinayətkarlar var və o cinayətkarlar bir gün dünya ictimaiyyəti, Azərbaycan xalqı tərəfindən cəzaya məhkum ediləcəyindən qorxaraq özlərinə bəraət qazandırmağa çalışır. Ancaq Xocalı soyqırımı dünya ictimaiyyətinin yaddaşından heç vaxt silinməyəcək. Müasir dünyada zor gücünə sərhədlərin dəyişdirilməsi mümkün deyil. Buna heç bir dövlət, o cümlədən Azərbaycan imkan verməyəcək. Heç kimin şübhəsi olmasın ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq”. XİN təmsilçisi dedi ki, Rusiyanın Ermənistana bağışladığı silah-sursatla bağlı rəsmi Bakı araşdırmalara başlayıb və gələn həftə bununla bağlı mövqe açıqlanacaq. *** Belə bir ərəfədə Türkiyədə Azərbaycana daha bir dəstək bəyanatı qəbul olunub. APA Türkiyə XİN-ə istinadən xəbər verir ki, bəyanatda Ermənistanın 1992-ci ildən bu yana işğal altında saxladığı Dağlıq Qarabağdakı Xankəndi hava limanını 2012-ci il sentyabrın 28-dən istismara verdiyi və bu hava limanında test uçuşlarının həyata keçirilməsinə hazırlaşdığı qeyd olunur. “Belə bir addım Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlara zərbə vuracaq təxribatdan başqa bir şey deyil. Bu kimi təhrikçi addımların Qafqaz regionunda sülh, sabitlik və rifahın bərqərar olmasına yardım etməyəcəyi aydındır. Bu səbəbdən Ermənistanı bölgədə sabitliyi poza biləcək addımlardan çəkinməyə çağırırıq”. Çıxış yolu yeganədir: Azərbaycan Türkiyənin hərtərəfli dəstəyi ilə torpaqlarını azad etmək qərarı verməlidir. Necə deyərlər, bu gün tezdirsə, sabah gec ola bilər. Nə qədər ki, Qarabağdakı köç böyüməyib, Xankəndinə mülki təyyarələr uçmur, ermənilərin dərsi verilməlidir. Ancaq təbii ki, savaşa tam hazırıqsa. Əks təqdirdə sərkisyanlar Azərbaycanı təhqir və təhdid etməkdən çəkinməyəcəklər. Ötən 18 il sübut etdi ki, erməni canilərinə babaları Andronikin teleyini yaşatmaqdan başqa çarə yoxdur. Elşad PAŞASOY Geri dön |