Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > “Qondarma xunta rejimi dünyanı aldatmaq istəyir”- “Seçki” oyunu
“Qondarma xunta rejimi dünyanı aldatmaq istəyir”- “Seçki” oyunu |
“Lakin beynəlxalq aləmin Qarabağdakı “seçkiləri” tanımaması göstərir ki, orada qanuni seçkini yalnız Azərbaycan tərəfi keçirə bilər”
“Dağlıq Qarabağda pandemiyanın əlamətləri var. Ermənistan tərəfi isə bunu gizlətməyə çalışır. Ermənistan üçün insan amili önəm kəsb etmir” “Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”ə beynəlxalq təşkilatların və xarici dövlətlərin münasibəti onu göstərdi ki, Azərbaycan tərəfinin apardığı diplomatik iş bəhrə verməyə başlayıb”. Bunu “Sherg.az”a açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq deputat Fərəc Quliyev deyib. Partiya rəhbəri bildirib ki, beynəlxalq qurumlar əslində bugünədək həqiqəti bilsələr də, açıq şəkildə mövqe bildirmirdilər: “Artıq dünyanın aparıcı dövlətləri, bir çox beynəlxalq təşkilatlar məsələyə açıq şəkildə münasibət bildirirlər. Bu o deməkdir ki, Azərbaycan üçün ədalətli status-kvonun bərpa edilməsini istəyirlər və indiki status-kvonu məqbul hesab etmirlər. Digər məqam isə odur ki, hazırda insanları təhdid edən pandemiya səbəbi ilə demək olar ki, bütün savaşlar dayanıb. BMT tərəfindən beynəlxalq atəşkəs elan olunub ki, dövlətlər bir-birinə qarşı atəşkəs rejiminə əməl etsinlər. Amma Ermənistan tərəfi qıcıq verməkdə, öz aqressiyasını davam etdirməkdə və qarşı tərəfi təhrik etməkdə maraqlıdır. Ermənilər işğal etdikləri ərazilərdəki təmas xətti ilə yanaşı, digər sərhəd bölgələrində də atəşkəsi mütəmadi pozurlar. Azərbaycanı savaşa başlaması üçün təhrik edirlər. Reallıq odur ki, Ermənistan siyasəti iflic vəziyyətə düşüb və iqtisadiyyatı çöküb. Onsuz da düşmən ciddi böhran içində idi və son hadisələrdən sonra düşmən ölkə daha ağır zərbələr aldı. Ermənistanın müttəfiqləri sanksiyalara məruz qaldıqları üçün İrəvana kömək edə bilmirlər. Ona görə də Ermənistan daxildəki ictimai rəyi aldatmaq üçün bir təxribata ehtiyac duyurdu ki, vəziyyətdən çıxsın”. F.Quliyevin sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının hüquqlarına hörmətlə yanaşır: “Biz çox istərdik ki, Azərbaycanda keçirilən seçkilərdə onlar da iştirak etsinlər. Amma erməni tərəfi Qarabağ ermənilərini də girov vəziyyətində saxlayıb. Son “seçki” oyunu göstərdi ki, xunta orada oyuncaq bir rejim qurmaqla və “seçki” keçirməklə dünyanı aldatmaq istəyir. Lakin beynəlxalq aləmin Qarabağdakı “seçkiləri” tanımaması göstərir ki, orada qanuni seçkini yalnız Azərbaycan tərəfi keçirə bilər. Yəni ərazilərimiz işğaldan azad olunduqdan və bizim tərkibimizə qayıtdıqdan sonra Qarabağda yaşayan ermənilər seçkilərdə iştirak edə bilərlər. Hesab edirəm ki, diplomatik korpusumuz, siyasi təşkilatlarımız, QHT-lərimiz, informasiya vasitələrimiz və kənardan Azərbaycana qarşı mübarizə aparan televiziya vasitələri ortaq fikri bir istiqamətə yönəltməlidirlər. Çox təəssüf ki, Dağlıq Qarabağda hazırda ermənilər min cür oyundan çıxırlar, lakin buna münasibət yoxdur”. Partiya rəhbəri bəyan edib ki, Dağlıq Qarabağda pandemiyanın əlamətləri var: “Ermənistan tərəfi isə bunu gizlətməyə çalışır və oradakı ermənilərlə maraqlanmır. Dünyanın hər yerində hətta məhkəmələr belə dayandığı halda düşmən tərəf Qarabağda “seçki” keçirir. Deməli, Ermənistan üçün insan amili önəm kəsb etmir və sıfırın altındadır. Halbuki, Azərbaycanda Prezident əfv sərəncamı imzalayır və yüzlərlə məhkumu azadlığa buraxır. Günahları olmasına baxmayaraq, yaşı 65-i ötmüş məhbusların azadlığa qovuşmasını təmin edir. Ancaq Ermənistan dövləti işğal etdiyi ərazidə, pandemiyanın yayıldığı bir yerdə siyasi ambisiyalarını həyata keçirmək üçün virusa yoluxmuş adamlardan belə istifadə edir. Yayılan video-görüntülərdə maskalı adamların səsverməyə gətirildiyi açıq şəkildə görünürdü. Erməni tərəfi öz daxili auditoriyasını aldatmağa çalışsa da, proses düşmənin zərərinə işlədi. Beynəlxalq aləmin reaksiyası göstərdi ki, əgər qısa zaman ərzində erməni tərəfi işğalçı ordularını çıxarmasa, biz beynəlxalq dəstək sayəsində hərbi yolla torpaqlarımızı azad edə bilərik”. İsmayıl Qocayev/sherg.az Geri dön |