Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ustupu - "AĞILLI İNSANLARIN YURDU"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik, Mədəniyyət > Ustupu - "AĞILLI İNSANLARIN YURDU"

Ustupu - "AĞILLI İNSANLARIN YURDU"


Üstüpü (Ordubad rayonunun kəndi) bir kənd adı olaraq yerli əhali tərəfindən “Üstüpü” adlandırılsa da, 1 mart 2003-cü ilədək rəsmi sənədlərdə Ustupu olaraq qeyd edilmişdir. Məsələyə ilk olaraq bu toponimin Üstüpü, yoxsa Ustupu olması prizmasından yanaşsaq, sözün morfologiya və semantikasındakı anlaşılmazlığı ortaya çıxara bilərik. Bu baxımdan adın ilk hissəsinə, yəni “Us” ifadəsinə baxmaq lazımdır. Kəndin qədim tarixə malik olduğunu və əhalinin oğuz boyundan gələn türklər olduğunu nəzərə alaraq Oğuz adından yola çıxmaq olar. Hələ ən qədim dövrlərdən Qafqaz yolu ilə bugünkü İran ərazilərindən Mesopotamiyaya qədər yerləşən xalqların Oğuz boyları olduğu fikrini paylaşan bir çox tarixçi vardır. Məsələn, məşhur yunanlı tarixçi Yustin deyir: “Samilər və arilər bölgəyə gəlməmişdən 1500 il əvvəl bu bölgədə söz saibi olan Turanilər idi.” Onun bu fikri ilə F.Lenormant da razılaşır. Yəni Ustupu toponiminin fars, ərəb mənşəli ola bilmə ehtimalı sıfıra bərabərdir.

Bu ərazilərdə yaşayan türklərin az, uz, us, quz, oğuz kimi qədim tayfa adlarının həm etnik varlıq, həm də leksik vahid olaraq bir mənşədən törəməsi isə türkologiya elminə məlumdur. Məsələn, Oruzqan//Orusxan//Uruzqan toponiminin birinci və ikinci komponenti də həmin adlarla bağlı olub eyni mənşəlli hesab edilə bilər. Və yaxud da Qafqaz adındakı qaz/q-us/q-uz/xas/kaz ilə az/as, uz/us morfemləri və oq-uz sözünün uz/us hissəsi də eyni fono-semantik dairəyə düşür.

Bəs yuxarıda sadaladığımız fikirlərin kökləndiyi “US” ifadəsi nə deməkdir? Qədim maday (türk) sözü olan “us” sözünün mənası “ağıl” deməkdir. Tez anlaşılsın deyə anadolu türkcəsindəki “uslu ol” ifadəsini misal göstərə bilərik.

“Us” sözünə qədim türklərdə Kəyani hökmdarlarından bəzilərinin adlarında da rast gəlinir. Məsələn, Kaus (Kay+us). Bu söz “kay”, yəni “bəy” titulu və “us”, yəni “ağıl” mənasına gələn sözün birləşməsindən yaranmışdır. Və yaxud madaylar öz hökmdarlarına “Aspada/USPUDU” ləqəbini vermişlər. Belə ki, pəhləvi dilinə “usi”, “uşi” şəklində keçmiş bu sözü Qərb alimləri “ağıl” (intel¬ligence) və ya “ağıllı adam” olaraq tərcümə ediblər. Biz bunu J.Oppertin «Le Peuple et la Langue des Mèdes» əsərində görə bilərik.

Daha yaxın tarixdə Naxçıvan bölgəsində 1591-ci ilə aid Osmanlı təhrir dəftərində qeydə alınmış Oğuz-Türkmən tayfaları arasında əlilü, qaraquş, türkən və s. adları ilə yanaşı Uz/Us tayfalarının da olduğunu görürük. Bu tayfalar arasında Qaraquş tayfalarının da olmasını təsadüfi olaraq qeyd etmədim. Çünki Üstüpü kəndində də Qaraquş dağı vardır. Böyük ehtimalla, tarixin müəyyən mərhələlərində Üstüpü kəndində qaraquş tayfaları da olmuşdur. Əslində, Qaraquş da “qara” və “us” kəlmələrindən düzəlib. “Qara„-böyük, “us„-ağıl deməkdir. Bunu siyah sözündən də görə bilərik. Məsələn, Siyavuş adı - Siyah + us sözlərindən formalaşıb və mənası qara+ağıl, “ağlıqara„ deməkdir. Bu yanaşma ilə qaraquş da qara+ağıl, “ağlıqara„ böyük/yüksək ağıla sahib olan deməkdir.

Fikirlərimin əsaslılıq gücünün artırılması baxımından daha bir maraqlı faktı da qeyd etmək istərdim. Antik mənbələr eramızın III əsrində sirakların Şimali Qafqazdakı paytaxt şəhərinin adını da “USPU” kimi qeyd edirlər. Əslində, Uspu adı toponimin latınca yazılış formasıdır və Usopa (Usoba) adının təhrifidir ki, bu da türk dillərində “Us”, yəni “ağıl” və “opa”, yəni “oba” mənasına gələn iki sözün birləşməsindən yaranmışdır. Uspu/Usopa – “Ağıllı oba / ağıllıların yurdu” / “ağıllı insanların yurdu” deməkdir.

Üstüpü kəndində Kiçik Qafqaz dağ silsiləsinə aid olan ULUS dağının, illərdir yaylaq kimi istifadə edilən və qədim tarixə malik olan RumUS yaylağının, kəndə çox yaxın yerləşən digər bir kənd – UnUS kəndinin də adında “US“ ifadəsinin olması qətiyyən təsadüfi deyil və bütün bu sadalananlar Üstüpü toponiminin, əslində, AĞILLI İNSANLARIN YURDU mənasına gəldiyini qəbul etməyə əsas verir.

Sonda oğuz ellərinin qədim sanamalarından birini nəzərinizə çatdıraraq daha çox düşünməyinizi xahiş edirəm...

Ustubudu, ustubu
O kişi mənim dostum udu.
Getdi irana gəlmədi,
Yaylığımı vermədi.
Yaylığımın ucu qara,
Göndərdilər peyKar yara.
PeyKar yarı öldürdülər,
Ağ balıya gedirdilər.
Ağ balının saçağı
Gümüşdəndir bıçağı...

Yuxarıda sadalanan fikirlərlə yanaşı, hörmətli Farac Quliyev və hörmətli Nazim Muradovun Üstüpü toponimi barəsində verdikləri açıqlamaları da yüksək qiymətləndirir, gələcək nəsillər və tariximiz adına bütün bu fikirlərin mütəxəssislər tərəfindən araşdırılmasının vacib olduğunu düşünürəm.

Sayğılarla, Mətin Quliyev.

Geri dön