Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:Mübarizə metod və vasitələri dəyişə bilər, yolum və hədəfim sabitdir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Mübarizə metod və vasitələri dəyişə bilər, yolum və hədəfim sabitdir

Fərəc Quliyev:Mübarizə metod və vasitələri dəyişə bilər, yolum və hədəfim sabitdir


“Dövlət babadır, cəza verən də odur, bağışlayan da...”

Musavat.com-un qonağı MDHP rəhbəri, sabiq deputat Fərəc Quliyevdir. Onunla ölkə gündəmində olan əsas məsələlərlə, eləcə də, adı ətrafında gedən bəzi müzakirələrlə bağlı söhbət etdik.

- Azərbaycanda koronavirusla bağlı görülən tədbirləri necə dəyərləndirirsiz?

- Hər kəsə cansağlığı arzulayıram. İmkanım daxilində təkliflərlə çıxış edirəm. Bunların bir qismi də nəzərə alınır. Azərbaycan tərəfi bu məsələlərdə bütün imkanlarından istifadə edir. Yubanmalar olsaydı, çox dəhşətli fəlakətlərə gətirib çıxarardı. Belə məqamlarda sevindirici hal odur ki, anlayan, Azərbaycanı bir ailə kimi qəbul edən hər kəs qərəzliliyini kənara qoyub, qolunu çırmalayıb, məsələlərə dəstək verməyə çalışdı. Ən azından əlindən bir şey gəlməsə belə, mane olmamağa çalışdı. Bu çox mühüm bir məsələdir. Təbii ki, ağırlıq dövlətin çiynindədir. Bəzi istisnalarla müxalifət də öz üzərinə düşəni etməyə çalışdı. Çox təəssüf ki, bəzi qruplar şəxsi maraqlarını kənara qoya bilmədilər. Ölkə daxilində də, kənarda da belə oldu. Bütün dünya, insanlıq təhdid qarşısında olduğu, hətta BMT tərəfindən atəşkəs çağırışı edildiyi bir vaxtda daxildə həmrəyliyin istədiyimiz səviyyədə olmaması çox üzücü oldu. Azərbaycan hökuməti tərəfindən xüsusilə, görülən üç mərhələli tədbirlər çox təqdirəlayiqdir. Birinci mərhələdə xəstəliyin ölkəmisdə yayılacağı gözlənilirdi, amma hadisələr hələ bir görüntü verməmişdi. Lakin profilaktiv tədbirlər istənilən səviyyədə həyata keçirildi. İkinci mərhələdə virusun yayılmasının nəticələrinin görünməsi ilə bağlı ,qərargahın yaradılması,həkimlərin toplanması çox sevindirici idi. Bütün sistem ayağa qalxdı və ölkədə bu məsələdə heç nəyə qənaət olunmadı. Bəzən hakimiyyətin üzərinə maliyyə məsələləri ilə bağlı gəlirlər, amma bu belə deyil. 2 milyarddan çox vəsaitin ayrılması məncə 10 milyonluq ölkədə çox böyük bir rəqəmdir. Hətta prezidentin daha “nə qədər vəsait lazımdır, ayıra bilərik” deməsini də unutmaq olmaz. Üçüncü mərhələdə cəmiyyətin özünün toparlanması, məsələlərə adevkat reaksiya sərgiləməsi çox vacib idi. Düzdür, bu məsələ o qədər də ürəkaçan olmadı. Bəzi qanun pozuntuları yaşanır. Amma hər halda KİV-lər də bu problemlərin həllində böyük rol oynayır. Virusla əlaqədar iş yerlərinin bağlanması və digər səbəblərdən insanların əyalətlərə qayıtması prosesləri baş verdi. Əyalətlərə qayıdanlara kənd təsərrüfatı ilə məşğul olmaq üçün yardımın nəzərdə tutulması,yaxın zaman üçün bu insanlara dəstək və orta perspektivdə əyalətlərin inkişafı baxımından çox mühümdür. Kənd təsərrüfatının inkişafını və digər amilləri nəzərdə tuturam. Bütün bunlar üçün də hökumət çox mühüm işlər görür. Hökumətin və cəmiyyətin məsələlərə münasibətini adevkat sayıram.

- Daxildə proseslərə kölgə salmağa cəhd edənlərin olduğunu qeyd etdiniz. Kimləri nəzərdə tutursunuz?

- Özünü radikal adlandıran qüvvələrin, xüsusilə, Milli Şura üzvlərinin çağırışlarının, insanları çaşdıran bəyanatlar vermələrinin hər kəs şahididir. Bu məsələdə fədakarlıq göstərmək əvəzinə, kiçik bir yanlışı, çatışmazlığı tirajlamaq doğru deyil. İnsanlara beş manat verirsən, deyir 15 manat verməlisən, yaxud hansısa sektorun inkişafı ilə bağlı vəsait ayrılırsa, deyir bu gün iş yerinə ehtiyac yoxdur, yalnız pul paylayın...Belə yanaşma olmaz axı. Dünənə qədər sən məşğulluq istəyirdin, indi fərqli yanaşma ortaya qoyursan. Burada ölkənin taleyindən söhbət getdiyini qətiyyən unutmaq olmaz. Dövləti qətiyyən sarsıtmaq olmaz. Ola bilsin ki, insanların tələblərinə lazım olanları həyata keçirmək imkanları olmasın, bunu başa düşürəm. Amma hər halda, bu gözəgörünməyən düşmənlə savaşdır. Burada hamıdan fədakarlıq gözlənilir. Polislər, tibb işçiləri bunu artıqlaması ilə göstərirlər. Siz jurnalistlərin özlərini qorumadan müəyyən yerlərə getməyinizi, prosesləri işıqlandırmağınız azmı fədakarlıqdır? Belə məqamda siyasi ambisiyalardan çıxış edərək, qarşı tərəfin üstünə getmək doğru deyil. Milli maraqları qorumaq üçün hər kəs özünü əsgər kimi aparmalıdır. Kənardan atılan güllə ölkənin üzərinə gəlir, insanların siyasi kimliyini hədəf almır ki... Belə məqamlardan istifadə cəhdləri məni üzür. Təəssüf edirəm ki, bu hələ də davam edir.

- İşsizlərə 190 manat ayrılması sosial şəbəkələrdə ciddi müzakirə olunur...


- Təbii ki, bu məbləğ azdır. Hər zaman istəmişəm ki, bu məsələlər əhalinin marağına uyğun olsun. Bunu dəfələrlə parlamentdə olduğumuz zamanlarda səsləndirmişəm. Amma təcili addımlar ortalığa çıxanda bu gün bir rəqəm səslənib yardım olunursa, ümumi vəziyyət nəzərə alınmalıdır. Diqqət edin, bir ailədə bir nəfər işləyirsə, digərinə yardım olunmayacaq deyilib, bir gündən sonra digərlərinə də kömək olunacaq deyilir. Yəni araşdırmalar gedir,fəaliyyətdə redaktələr olunur,təkliflər nəzərə alınır. Hesab edirəm ki, kənd yerlərində adına torpaq sahələri olan adamlara bu məbləğin şamil olunmaması doğru deyil. Özüm kənd doğumluyam, bunu yaxşı bilirəm. İndi insanların ən az imkanları olan vaxtlarıdır. Payız fəslindən sonra insanların imkanları bir qədər artır, məhsullarını satır. O insanlara bu gün yardım etmək vacibdir. Bir ailə var ki orada bir nəfər 250 manat alır, digər 4-5 ailə üzvü pul almırsa, bu məbləğ bəs eləməz axı. Düzdür, əhalinin hamısını işindən ayırıb, kurorta göndərməyiblər. Amma insanlar sağ qalmalıdır. Bu virus 1-2 aylıq bir məsələdir. Mən ən müxtəlif məsələlərlə bağlı təkliflərimi vermişəm .Alimlərlə, həkimlərlə, kənd təsərrüfatı, tibb məsələləri, kreditlərlə bağlı təkliflər göndərmişdim. 95%-dən çoxu qəbul olundu. Hər kəs də təkliflərini versin.Yoxsa insanları fərqli yanlış davranışa çağırmaq çıxış yolu deyil.

- Parlamentin tərkibinə düşə bilmədiniz. Milli Məclisə kənardan baxanda nə düşünürsüz?

- Bu sualınıza başqa siyasətçilər bəlkə də fərqli cavab verərdilər. Özünü toxtaq göstərə bilərdilər, amma bu belə deyil. Mən siyasətciyəm . Biri namizədliyini verib yarışırsa, təbii ki, deputat seçilmək istəyir. Ora çox ciddi bir tribunadır. Partiya sədri olaraq, nəinki özümün, partiyadan bir neçə nəfərin orada olmasında maraqlıyam. Son 4 ildə 74 iclasda 177 təkliflə çıxış edən bir deputat olmuşam. Parlamentdə çox məsələlərə təsir imkanları daha çox olur. Amma bu bir yarışdır, nəticədə orada ola da bilərsən, olmaya da. Demək istədiklərimi orada Tahir Kərimli, Əli Məsimli, Qüdrət Həsənquliyev və digər dostlarımız deyirsə, buna sevinirəm ki, bu fikirlər səslənir. Orada olsaydım, əlbəttə daha yaxşı olardı. Çünki Parlament trubinası daha səmərəli fəaliyyətə imkan yaradır . 40 ildir siyasətin içərisindəyəm. Məhbəslərdən, milli-azadlıq hərəkatından, səngərlərdən keçmişəm. İndi parlamentdə təmsil olunanların 95 faizi orada olmayanda, 1990-95-ci illərdə orada olmuşam. Bizim kursumuz, baxışlarımız dəyişməyib. Qarşıdakı zamanda həm ləğv olunmuş dörd dairədə keçiriləcək seçkilərdə, eləcə də, ondan sonrakı bütün seçkilərdə iştirak edəcəyik.

- Yenə deputat olmaq şansınızı necə dəyərləndirirsiz?

- Bunu qarşıma məqsəd qoymamışam. Bəziləri mandatı məqsəd kimi qarşısına qoyub, hər şeydən istifadə etməyə çalışır. Mənim üçün hakimiyyət, mandat vasitədir. Bütöv Azərbaycana çatmaq üçün o bir silahdır, vasitədir, amma məqsəd deyil.

- Artıq parlament partiyası deyilsiniz. Qanunverici orqanda təmsil olunan partiyalara dövlət bücdəsindən müəyyən məbləğdə maddi yardım ayrılır. Bundan məhrum olmağınız fəaliyyətinizə maneələr yaradacaqmı?

- Açığı xeyli təsir edəcək. Məni yaxşı tanıyırlar və imkanlarımdan xəbərdardırlar. Biznesim yoxdur. Gileylənmirəm, sadəcə olanları deyirəm. İş adamı olmaq bacardığım bir sahə deyil. Partiya olaraq fəaliyyət göstərməyimiz üçün dövlətin dəstəyi mühüm idi. Parlament partiyası olmadığımız dönəmdə maddi sıxıntılar yaşayacağıq. Amma biz həmişə parlamentdə olmamışıq. 2003-cü ildə təşkilat yaratmışıq, 2010-cu ildə də deputat olmuşam. Ona qədər əlimizdə olan imkanlarla fəaliyyət göstərmişik. Bütün sıxıntılara rəğmən fəaliyyətimizi davam etdirəcəyik.

- Sizin deputat seçilməmişdən əvvəlki mövqeyinizlə indiki arasında heç bir fərq olmadı. Halbuki, mövqeyinizi sərtləşdirəcəyiniz ehtimalları var idi...

- Başqa cür ola da bilməzdi. Bu gün özünü radikal adlandıranlar sovet dövründə bizlər müstəqillik mübarizəsi aparanda özlərini Şimalı Azərbaycan Demokratik Partiyası kimi kənara çəkib, biz demokratik mübarizə aparanlarıq deyənlər idilər. Biz o vaxt ən sərt mübarizə üsullarını SSRİ-yə qarşı apardıq. Mənim yarım hərbi təşkilat olan “Qisas” təşkilatım var idi və SSRİ-yə qarşı mübarizə aparırdıq. Azərbaycanda məni ən radikal mübarizə aparan insan kimi tanıyırlar, amma bu düşmənə, imperiyaya qarşıdır. Azərbaycan dövləti qurulandan sonra dövlətimizə dünyaya gəlmiş balamız kimi baxdım. Bütöv Azərbaycançıyam, Turançıyam. Mübarizə metod və vasitələri dəyişə bilər,yolum və hədəfim sabitdir.Millətimin hər zaman firanlığını arzulayıram.Gücüm Xalqımdadır . Siyasi fəaliyyətdə heç kəsin də əlinin xaricdəkilərin cibində olmasını istəmirəm. Bu gün parlamentdə olmaya bilərik, amma bu məsələlərdə heç zaman mövqeyimiz dəyişməz. Kimsə gözləyirmiş ki, mövqeyimdə dəyişiklik olacaq, demək məni yaxşı tanımayıblar. Ordu ilə birlikdə vuruşmağa da, tək qalsam belə dərviş kimi döyüşməyə də hazır olan adamam. Məhbəsdə olanda belə günümü himnimizlə açmışam, gözümü bayrağıma dikmişəm və fəxr etmişəm ki, müstəqil dövlətim var, onun həbsxanasındayam.

- Mehman Hüseynovla yaşanan məlum olay hələ də gündəmdədir. Adınız xatırlananda o da xatırlanır...Demişdiniz ki, o mənə maddi yardım üçün müraciət etmişdi. Əgər yenidən belə bir müraciət olunarsa, nə edərsiniz?


- Bu məsələlər artıq keçmişdə qaldı. Biz ömrü 40 gün çəkən mübarizə üsuluna öyrəşməmişik, hətta bu 17 gün çəkmişdi. Özü 20 fevralda “Xural” tv-də hər şeyi etiraf edib. O anda işlətdiyim ifadəni bir daha təkrar edirəm ki, eyni situasiyada istənilən bir türk kişisi yaranmış vəziyyətdə ehtiyacı olan birinə kömək etməyə çalışardı. O mənə maddi yardım üçün müraciət etməməmişdi.Söhbət əsnasında ağır xəstə olduğunu bildirmişdi.Bu məsələyə yetərincə mövqe bildirdiyim üçün bir daha təkrarlamaq istəmirəm. O da bizim bir övladımızdır. Hər bir vətəndaşımızın sağlam olmasında maraqlıyam. Kimin imkanı varsa, yolunu azmış, ehtiyacı olan birinə kömək edirsə, bu sadəcə alqışlanmalıdır. Siyasi mübarizə üsulu adı altında bir uşağı aldadıb, onu oyuna salmaq, ortada qoymaq doğru deyil. Hesab etmirəm ki, onun bu cür davranmaq öz fikirləri olmuşdu. Belə kiçik epizodlar böyük siyasi fəaliyyətdə kiçik detaldır. Yadda saxlamağa ,böyütməyə dəyməz . Bundan sonra insanlara münasibətimdə də heç bir dəyişiklik edə bilməz. Birisi çətinliyə düşərsə, ona imkanlarım daxilində sevə-sevə yardım etməyə hazıram. Belə hadisələr məni dəyişməz.

- Həmin şəxslə üz-üzə nə zamansa gəlsəniz, ilk sözünüz nə olacaq?

- Bu haqda heç düşünməmişəm. Üzr istəyirəm, o mənim övladımdan da yaşca kiçik bir uşaqdır. Ona qarşı xüsusi bir kinim yoxdur. Amma tövsiyə edərdim ki, bu cür mübarizə üsulunu davam etdirməsin. Çünki cəmiyyətdə ikrah doğurur. Gənclərimiz bu cür yol götürüb, getməli deyillər. Mərd, kişiyanə mübarizə aparmaq yolunu gənclərimiz götürməlidirlər.

- Seçkilərə günlər qalanda bu olaya görə sizə xəbərdarlıq edən MSK-ya yenə də incikliyiniz qalıbmı?


- O inciklik deyildi. Sadəcə o quruma irad bildirmişdim ki, səs yazısının montaj olunduğunu anlamaq üçün ,səs yazısının tam olaraq gətirilməsini tələb etsəniz də əməl olunmayıb . Belə olan halda qarşı tərəfə irad bildirməlisiniz. Mən sosial şəbəkələrdə Məzahir müəllimin seçki dönəmində montajları like etməklə məşğul olub ,bir “blefə” uyduqlarını o zaman deyirdim. Mehman 20 fevralda “Xural”tv-də -səs yazısını 10 saat montaj etmişəm -deyəndən sonra bu qərarı qəbul edən MSK indi nə düşünür? Heç fikirləşirlər ki, nə ediblər? Onlara irad tuturdum ki, araşdırmamış qərar qəbul etmək olmaz. Verdiyiniz qərardan 13 gün sonra məlum oldu ki,dediyim doğru çıxıb, sizin qərarınız doğru olmadı.. MSK bir məbəddir. Belə bir yerə birini burax, danışdır, sonra da heç bir əsası olmayan qərar ver. Söhbət burada tək məndən getmir, haqdan, ədalətdən gedir. Belə xətalar aradan qaldırılmalıdır. Gecikmiş ədalətin özü belə ədalətsizlikdir. İndi hər şey aydın oldu, amma seçki dönəmindəki fəaliyyətimə MSK-nın yanaşması doğru olmadı. Artıq bu səhvi aradan qaldırmaq mümkün deyil. Bundan sonra MSK-nın nə düşünməsinin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Sadəcə olaraq, MSK o davranışı ilə proseslərə zərər vurdu. Əslində bu faciə də deyil.O qədər çətinliklərlə qarşılaşmışam ki, mənə belə şeylər gülməli gəlir. Amma Məhkəmələrin, MSK-nin ədalətli qərar vermələri ölkə üçün çox vacibdir.

- Son əfv sərəncamı ilə ləğv olunmuş MTN-in generalları Akif Çovdarov və Sübahir Qurbanov azadlığa buraxıldı. Cəmiyyətin hər iki şəxsə münasibətini yaxşı bilirsiniz...

- O adamların cinayət məsuliyyətinə cəlb olunmaları və barələrində çıxarılan qərar məlumdur. Onlara heç bir güzəşt olunmadı. Bir adam məhbəsə düşəndə onun orada da hüquqları var. 8 il məhbəsdə olmuşam. Yaşlı adamların bu donəmdə həbsdə yaşına görə xəstələnmə, həm də kontaktda olduğu adamları yoluxdurma riski yüksəkdir. Bu addım təkcə onları deyil, ətrafındakıları qorumağa yönəlik addımdır. Görülən təbdir ilk növbədə, tibbi cəhətdəndir. Dövlət babadır. Cəza verən də odur, bağışlayan da. Əgər pandemiya olmasaydı, mən də onun buraxılmasının, daha sərt cəzaya məruz qalmasının tərəfdarı olardım. Lakin yaranmış bu vəziyyətdə bu şəxsin xəstəliyə yoluxmaq və orada digər məhbusları da yoluxdurmaq təhlükəsi varsa, onun oradan çıxarılması normal bir addım sayılmalıdır. Bütövlükdə 65 yaşdan yuxarı şəxslərlə bağlı bu sərəncamın verilməsi təqdir olunmalıdır. O iki şəxsin törətdiyi cinayət heç kəs tərəfindən təqdir olunmur. Bu da normaldır. Sadaladığım səbəblərə görə azad olunmaları anlayışla qarşılanmalıdır.

- Son sualım, virus yayılandan sonra sərhəd bölgələrində ermənilərin tez-tez atəşkəsi pozduqlarının şahidi oluruq. Haqlı olaraq, müharibə tələbləri səslənir. Bu tələblərə nə deyirsiniz?

- Bununla bağlı sabit mövqeyim var. Hesab edirəm ki, nə ATƏT-in Minsk qrupunun, nə də başqa vasitəçilərin nağıllarına inanmaq lazım deyil. Azərbaycan tərəfi yalnız öz gücü ilə torpaqlarını azad edəcək. Burada bir məsələ var ki, ermənilər son zamanlar daha çox Dağlıq Qarabağdan kənarda atəşkəsi pozmaqla Azərbaycanı işğal etdikləri ərazilərdən kənarda bir sıra yerlərdə Ermənistanla toqquşmağa təhrik edirlər. Bu mütləq nəzərə alınmalıdır. Ermənilər işğal etdikləri yerlərdə deyil, kənar bölgələrdə toqquşmalarda maraqlıdır. İkincisi,İndiki vaxtda zamanlamanın doğru aparılmasının tərəfdarıyam. Pandemiya dövründə bu əməliyyatı başlatmaq mümkündür ya yox?Müzakirə mövzusudur. Post pandemiya dövrü Ermənistan üçün çox çətin keçəcək. Beynəxalq vəziyyət də dəyişib. Bunlar bir kənara, BMT-nin təkcə 4 qətnaməsi imkan verir ki, işimizi görək. Daha çox post pandemiya dövründə bu əməliyyatların başlamasının tərəfdarıyam. İndiki vəziyyətdə əməliyyatlara başlamaq zamanlama baxımından müzakirə olunası məsələdir. Prinsipcə hər zaman məsələnin hərbi yöndə həll olunmasının tərəfdarıyam”.

Cavanşir ABBASLI/Musavat.com

Geri dön