Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təbrizin millət vəkili mədən və zavodların ətraf mühiti çirkləndirməsinə etiraz edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Təbrizin millət vəkili mədən və zavodların ətraf mühiti çirkləndirməsinə etiraz edib

Təbrizin millət vəkili mədən və zavodların ətraf mühiti çirkləndirməsinə etiraz edib


Təbriz, Azərşəhr (Tufarqan) və Üskünün İran parlamentindəki millət vəkili əyalətdə fəaliyyət göstərən bəzi mədən və zavodların ətraf mühiti çirkləndirməsinə etiraz bildirib.



Əhməd Əlirzabeygi “Fars” xəbər agentliyinin müxbiri ilə danışığında Şərqi Azərbaycanda vali olduğu zaman bu məsələyə xüsusi əhəmiyyət verdiyini, hətta Süngün Mis Mədənini çalışdıran şirkətdən şikayət etdiyini diqqətə çatdırıb. O bildirib ki, valiliyin səyi nəticəsində şirkət külli məbləğdə cərimə ödəməli oldu.



Millət vəkili Neft-Kimya Zavodunun havanı çirkləndirməsinə işarə edərək onun Təbrizin qərb tərəfindən digər əraziyə köçürülməsinin məqsədə uyğun olduğunu deyib.

“Bu qədər məşğulluq bəhanəsi ilə insanların həyatı ilə oynamaq olmaz. Biz demirik ki, bütün zavod və şirkətlərin qapısı bağlanmalıdır. Biz istəyirik ki, zavodların filtrasiya sistemi düzgün quraşdırılsın və ətraf mühitə zərər verilməsin. Bu baş verərsə, yaşıllıq məntəqəsi, insan və digər canlıların həyatı təhlükə ilə üzləşməz.”- deyə o bildirib.



Əhməd Əlirzabeygi Vərziğan bölgəsində Əndəryan kəndinin yaxınlığında yerləşən qızıl mədənin ətrafında mal-qaranın kütləvi şəkildə tələf olması və ətraf mühitin çirklənməsinə də toxunub. O bildirib ki, bütün dünyada qızıl mədənlərində məhsul istehsal olunur. Lakin ətraf mühiti qorumaq və sənaye tullantılarının zərərsizləşdirilməsi hər yerdə həyata keçirilir. Təbii ki, bunun maliyyə xərcləri var, bu səbəbdən də şirkət bu məsələdən boyun qaçırır.



Qeyd edək ki, mart ayında Əndəriyan Qızıl Mədəninin ətrafında yerli əhalinin mal-qarası kütləvi şəkildə tələf olmuşdur. Bundan sonra mədənin fəaliyyəti rəsmi orqanlar tərəfindən müvəqqəti olaraq dayandırılıb.



Təxminən 30 milyon ton ehtiyatı olan Əndəryan mədəni Şərqi Azərbaycan əyalətinin Vərziqan məntəqsində yerləşir. Əndəryan Qızıl Mədənində qızıl hasilatı üçün qeyri-standart və köhnə üsuldan istifadə olunur. Mədənin fəaliyyətinin ətraf mühitə vurduğu ziyana görə dəfələrlə etirazlar olsa da, İran rəsmiləri faktları gizlədərək mədənin fəaliyyətinin davam etməsinə şərait yaradıblar. Ekspertlərin fikrincə, mədəndə hər gün təxminən bir ton natrium sianid istehlak olunur. Bu, çox təhlükəli və zəhərli maddədir. Həmin maddə havanı çirkləndirir və sonda yağıntılar zamanı torpağa daxil olur. Həmin maddə sonralar yeraltı sularını da çirkləndirə bilər. Bu şəkildə ətraf mühit təhlükəli maddə ilə çirklənmiş olur.



Ötən aylarda Şərqi Azərbaycanın bir qrup ətraf mühit fəalı İran Məhkəmə Sisteminin rəisi İbrahim Rəisiyə açıq məktub ünvanlayaraq Əndəryan qızıl mədəninin ətraf mühitə ziyan vurduğunu bildirib, məhkəmənin bu məsələyə müdaxilə etməsini tələb etmişdilər.

Geri dön