Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran iqtisadiyyatı çökür
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları > İran iqtisadiyyatı çökür

İran iqtisadiyyatı çökür


Rza Talibi: «Prezidentə bağlı qrupla «Sepah» qarşı-qarşıyadır»

Elçin Hatəmi: «Hazırda əhalinin çox hissəsi işsizdir, bahalıqdan əziyyət çəkir, inflyasiya 50 faizi ötüb, bir çox şirkətlər, zavodlar iflasa uğrayıb»

Məcid Xoşəxtər: «İranın bütün yüksək rütbəli şəxsləri ölkədə belə bir böhranın yaranmasında məsuliyyət daşıyırlar»

İranda iqtisadi vəziyyətin ağırlaşmasına, xarici valyutanın bahalaşmasına etiraz olaraq oktyabrın 3-də paytaxt Tehran şəhərində dövlət əleyhinə kütləvi etiraz aksiyası keçirilib. Paytaxtın ən böyük bazarlarından biri olan Tehran Böyük Bazarında ticarətlə məşğul olan şəxslər tətil edərək, «Xalqı aldadan dövlətə ölüm olsun!», «Xain Mahmud, bizi avara etdin!», «Mahmud həya et, siyasətdən get!» kimi şüarlar altında aksiya keçiriblər. Piketə müdaxilə edən polis gözyaşardıcı qazdan və rezin dəyənəklərdən istifadə edib. Aksiya zamanı 150 nəfərin həbs edildiyi bildirilir. Ümumiyyətlə, İranda son bir ildə ABŞ dollarının qiyməti üç dəfə bahalaşıb. Ötən il 1 dollar 1200 tümənə dəyişdirilirdisə, hazırda «qara bazar»da 1 dollar 4000 tümənə dəyişdirilir. Yaranmış ağır iqtisadi böhran əhalinin ciddi narazılığına səbəb olub. Maraqlıdır, belə bir vəziyyət Güney Azərbaycana necə təsir edir? Güney Azərbaycanda da eyni məzmunlu etiraz olaraq aksiyaların keçirilməsi gözlənilə bilərmi? Həbslər etirazların qarşısını ala biləcək? Suallarımıza cavab tapmaq məqsədilə güneyli soydaşlarımızla həmsöhbət olduq.
Əslən Urmiyadan olan, hazırda isə Türkiyədə siyasi mühacir həyatı yaşayan Rza Talibi bildirdi ki, İranda iqtisadi vəziyyətin ağırlaşmasına və xarici valyutanın bahalaşmasına səbəb həm dövlətdir, həm də hakimiyyət daxilində yaranmış parçalanmadır: «Prezidentə bağlı qrupla «Sepah» qarşı-qarşıyadır. Xalq isə oyuncağa çevrilib. Düşünürəm ki, bu cür etiraz aksiyalarının heç bir faydası olmayacaq. Həbslər isə reklam və növbəti oyundur. Nəticədə İranın ali dini lideri, ayətullah Əli Xamneyi bütün nəzarəti tamam ələ keçirəcək, dolların qiymətinin aşağı salınması üçün ABŞ-la danışıqlar aparılacaq. Doğrudur, əhalinin maddi vəziyyəti ağırdır və bu vəziyyətdən faydalanmaq lazımdır. Məgər İranda yalnız iqtisadi problem var? Bu bir oyundur və xalqdan istifadə edərək qazanan ayətullah Xamneyi olacaq. Əgər belə bir vəziyyətdən biz faydalanmasaq, hakimiyyət yararlanacaq. Odur ki, milli hisslərimizə qapanaraq vəziyyəti karımız üçün dəyişməliyik».
Əslən Arazbar (Xudafərin) bölgəsindən olan, hazırda Türkiyədə siyasi mühacir yaşayan hüquq müdafiəçisi Elçin Hatəmi dedi ki, İranda Mahmud Əhmədinejad prezident seçildikdən sonra ölkə siyasətini yenidən islam əsasında həyata keçirməyə başladı: «Dövlət proqramları da dini inanclar əsasında hazırlandı. İranın qəbul etdiyi dini görüşə görə, müsəlmanların birinci düşməni Qərbdir və ona qarşı cihad edilməlidir. Bu məntiqə əsaslanaraq dövlət nüvə proqramını şübhəli şəkildə davam etdirdi və beynəlxalq qanunları pozdu. Qarşılığında isə dünya ictimaiyyəti, xüsusilə də ABŞ və müttəfiqləri İranı ağır şəkildə cəzalandırdılar. Nəticə etibarilə İran iqtisadiyyatının təməlini təşkil edən neft və bank sahəsinə sanksiyalar tətbiq edildi. Təsəvvür edin ki, İranın gündəlik neft satışı 2,5 milyon bareldən 800 min barela endi. Satdığı neftin pulunu xarici valyutayla ölkəyə daxil edə bilmir. Çünki bank sanksiyası qüvvədədir». Onun sözlərinə görə, İranın hədə-qorxu siyasəti vəziyyətini daha da ağırlaşdıraraq iflic hala salıb: «Hazırda əhalinin çox hissəsi işsizdir və bahalıqdan əziyyət çəkir. İnflyasiya 50 faizi ötüb, bir çox şirkətlər, zavodlar iflasa uğrayıb. Demək olar əhalinin 85 faizi hakimiyyətə etimadını itirib. Bir çox idarələrdə 4-5 aydır maaş verilmir. Əhalinin təxminən 15 faizi dövlətdən bəhrələndiyi üçün rejimi dəstəkləyir. Əgər vəziyyət belə davam etsə, bu azlığın da çoxluğa qatılıb dövlət əleyhinə üsyan etməsi ehtimalı var». Elçin Hatəmi vurğuladı ki, İranda vəziyyət getdikcə ağırlaşır: «Digər bölgələrdə də insanlar ticarət obyektlərini bağlayıblar. Sadəcə ərzaq dükanları açıqdır. Qida məhsualları isə gündən-günə bahalaşır. Mahmud Əhmədinejad prezident seçildikdən sonra ölkənin neft gəliri 550 milyard dolları ötüb. Dövlət bu vəsaiti öz ideologiyanın həyata keçirilməsinə sərf edib. Bütün iqtisadi sahələr «Sepah və «Ettelaat» tərəfindən müsadirə edilib. Daxili istehsal məhv edilib, kənd təsərrüfatı bərbad vəziyyətdədir. Mövcud şərait Güney Azərbaycana da təsirsiz ötüşmür. Güney Azərbaycan türkləri hər zaman rejimin istismarı və əsarəti altındadır. Xalqımız hakimiyyətin süni yollarla Güney Azərbaycanda yaratdığı iqtisadi böhrandan əziyyət çəkir. Soydaşlarımızın bir çoxu Vətəni tərk edib, Tehrana, İsfahana, Şiraza fəhləlik etmək üçün yollanır. Təbrizdə bir çox fabrik, şirkət iflas etdi, yüzlərlə insanımız işsiz qaldı. Hazırda Təbrizdə bazarın böyük hissəsi bağlıdır. Ticarətlə məşğul olanlara ciddi zərər dəyib. Odur ki, Azərbaycan türklərinin öz müqəddəratını təyin etmək üçün mübarizə meydanına qədəm qoyub və sivil yollarla haqqı uğrunda mücadilə aparır».
Əslən Təbrizdən olan, hazırda isə Türkiyədə siyasi mühacir həyatı yaşayan soydaşımız Məcid Xoşəxtər İranda iqtisadiyyatın ağırlaşmasının və xarici valyutanın bahalaşmasının bir neçə səbəbi olduğunu söylədi: «Bura İranın nüvə proqramı, ABŞ və Qərbin sanksiyaları da daxildir. İqtisadi sanksiyaların nəticəsində İranın bir çox bankının fəaliyyətində məhdudiyyətlər yarandı. Digər tərəfdən, neft sanksiyasının da təsiri var. İran digər dövlətləri təhdid etməklə yanlış siyasətini indi də davam etdirir. Səbəblərdən biri kimi də dövlətin yürütdüyü siyasəti göstərmək olar. Söhbət yalnız prezidentdən getmir. Çünki xarici siyasətdə və nüvə proqramında İranın ali dini liderinin səlahiyyəti var. Odur ki, İranın bütün yüksək rütbəli şəxsləri ölkədə belə bir böhranın yaranmasında məsuliyyət daşıyırlar. İran demək olar 34 il ərzində tədricən nüfuzunu və etibarını itirib. 1988-ci illərdə zindanlarda həyata keçirlən çoxsaylı edamlar, 1999-cu illərdə Təbrizdə və Tehranda tələbələrin öldürülməsi və sərt şəkildə cəzalandırılması, 2009-cu ildə keçirilən prezident seçkilərində nümayişçilərin həbs edilməsi və onlara işgəncələrin verilməsi və s. kimi hallar rejimin ictimaiyyət arasında etibarını tədricən azaltdı. Son zamanlarda isə ölkədə iqtisadi-sosial vəziyyətin ağırlaşması dövlətə olan ictimai etibarı tamam yox etdi. Hesab edirəm ki, həbslər və təqiblər dövlət əleyhinə etirazların qarşısını ala bilməyəcək. Artıq əhali cana doyub». Onun sözlərinə görə, İranın yürütdüyü yanlış siyasətdən ən çox Güney Azərbaycan əziyyət çəkir: «Rejim hər zaman Güney Azərbaycana ögey münasibət bəsləyib. Güney Azərbaycanda işsizlik və yoxsulluq daha çoxdur. Zəlzələdən zərə çəkənlər üçün hələ də lazımi dövlət yardımı edilməyib. Evsiz qalan soydaşlarımız yağışın altında qalıblar. Dərman bahalaşıb, zərə çəkənlərə tibbi yardım göstərilmir».
Əslən Ərdəbildən olan, hazırda isə ABŞ-da siyasi mühacir həyatı yaşayan Alpər Türk də İranda yaranmış iqtisadi böhranın səbəbini dövlətin yanlış siyasətində gördüyünü dedi: «İranın yürütdüyü yanlış daxili və xarici siyasət ölkədə ağır iqtisadi vəziyyətin yaranmasına səbəb olub. Rejimin hədə-qorxuya söykənmiş xarici siyasəti və nüvə proqramı sayəsində ölkə beynəlxalq aləmdən təcrid olunub. Məlumdur ki, İranın əsas gəliri neftdəndir. Neft sahəsinə sanksiyaların tətbiq edilməsi ölkə iqtisadiyyatına ciddi zərər verir. İran rəsmiləri əhalini aldatmaq üçün yanlış açıqlamalar verərək bildirilər ki, guya sanksiyaların ölkəyə heç bir təsiri yoxdur. Amma əhali özü iqtisadi vəziyyətin gündən-günə ağırlaşmasının şahidi olur. Bütün yanlışlıqların ən ağır nəticəsini isə Güney Azərbaycan görür. Rejim ölkə gəlirlərini fars bölgələrinə yatıraraq, İrana aid ərazilərdə vəziyyəti yaxşılaşdırmağa çalışır. Güney Azərbaycanın isə təbii sərvətini talan edərək özünə xərcləmir». Onun sözlərinə görə, Tehrandakı aksiya əhalinin hakimiyyətə etirazı idi: «Nümayişçiləri həbs etsələr də, aksiyaların davamının olacağını düşünürəm. Artıq tək türklər deyil, fars mənşəli vətəndaşlar da hakimiyyətin səriştəsiz siyasətindən qurtulmaq istəyirlər. İranda valyutadəyişmə məntəqələri, əsas ticarət mərkəzləri bağlanıb. Əhali gün keçdikcə hakimiyyətdən daha çox narazı qalır. Düşünürəm ki, vəziyyət belə davam edə bilməz. İran rəsmiləri aksiyaların ABŞ-ın təsirilə keçirildiyini iddia etməklə məsələyə yanlış don geyindirərək yenə də əhalini çaşdırmaq istəyir. Bu rejimin hər zamankı siyasətidir. Öz əyrilərinin üstünü örtmək üçün günahı Qərbin və ya ABŞ-ın boynuna atmaqla əhalini diqqətini başqa səmtə çəkmək istəyir. Amma istənilən halda insanlar təngə gəlib. Yaxın zamanda yeni kütləvi aksiyaların keçiriləcəyini gözləyirəm. Düşünürəm ki, etiraz dalğasına Güney Azərbaycanın da qoşulacağını gözləmək olar».

Geri dön