Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycanda koronavirus qurbanlarının sayı artır, bəzi əyalətlərdə sayın açıqlanması qadağan edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney Azərbaycanda koronavirus qurbanlarının sayı artır, bəzi əyalətlərdə sayın açıqlanması qadağan edilib

Güney Azərbaycanda koronavirus qurbanlarının sayı artır, bəzi əyalətlərdə sayın açıqlanması qadağan edilib


Güney Azərbaycanın müxtəlif əyalətlərində koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin sayının artdığı bir halda, bəzi əyalətlərdə qurbanların sayının açıqlanması qadağan edilib.





Şərqi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi “Səhənd” Telekanalına verdiyi açıqlamada bu əyalətdə son 48 saat ərzində 331 nəfərdə koronavirus infeksiyasının aşkarlandığını, 12 nəfərin isə bu virusdan öldüyünü bildirib. Beləliklə, bu günədək əyalətdə 3190 nəfərin koronavirusa yoluxduğu məlum olub, onlardan 278-i həyatını itirib.





Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rektoru Cavad Ağazadə isə infeksiyadan ölənlərin sayının 118 nəfərə çatdığını açıqlayıb. Ağazadə Qərbi Azərbaycanda 1629 nəfərin bu virusa yoluxduğunu bildirib.





Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaşın açıqlamasına görə, bu əyalətdə infeksiyaya yoluxanların sayı 833, xəstəlikdən ölənlərin sayı isə 83 nəfərə çatıb.





Digər əyalətlərin, o cümlədən, Ərdəbil, Qəzvin və Həmədanın səhiyyə xidməti məsulları isə pandemiya ilə bağlı yeni rəqəmlər açıqlamağı dayandırıb.





Qeyri-rəsmi məlumata əsasən, Ərdəbil əyalətində koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin sayını açıqlamaq Tehran məsulları tərəfindən qadağan edilib. Ötən günlərdə bu əyalətin səhiyyə xidmətinin rəhbəri doktor Qüdrət Əxəvan Əkbəri və Ərdəbil “İmam” xəstəxanasının direktoru doktor İsmayıl Fərzanə verdikləri açıqlamalara görə işdən çıxarıldılar.





İranın bəzi xəbər portalları Əxəvan Əkbərinin “koronavirus pandemiyası ilə əlaqədar şəffaf davranmağa israr etdiyi, həqiqətləri gizlətməyə qarşı çıxdığı, eyni halda özünün və bəzi müdirlərinin bir sıra açıqlamaları verdiyi üçün” işdən çıxarıldığını yazıb.





Doktor Fərzanə Ərdəbil telekanalına verdiyi müsahibədə açıqlanan rəqəmlərin koronavirusa yoluxanların həqiqi statistikasının sadəcə bir hissəsi olduğunu, İran Səhiyyə Nazirliyinin qərarına əsasən yalnız analizdən keçən və cavabı pozitiv olan xəstələrin sayının rəsmi statistikaya daxil edildiyini bildirərək, xəstəliyə yoluxanların hamısından analiz götürülmədiyini vurğulamışdı.

Geri dön