Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan, DAVAMın yazıları > Türkiyənin Güney Azərbaycan məsələsinə mövqeyi nədən ibarətdir?!
Türkiyənin Güney Azərbaycan məsələsinə mövqeyi nədən ibarətdir?! |
Qardaş Türkiyə dövlətinin Güney Azərbaycanla bağlı mövqeyi hər zaman diqqətlə izlənilir. Bu da səbəbsiz deyil. Çünki Türkiyə həm əhalisinə, həm iqtisadi, həm də silahlı qüvvələrinin gücünə görə ən böyük türk respublikasıdır Rəsmi Ankara son illərdə regional (bölgəsəl) və dünya siyasətində fəal rol oynayır, türk-müsəlman coğrafiyasında baş verən hadisələrə aktiv mövqe sərgiləyir. Buna misal olaraq çoxsaylı nümunələr, o cümlədən son hadisə kimi Türkiyənin sünni ərəblərin çoxluq təşkil etdiyi Suriyada baş verənlərə dair mövqeyini göstərmək olar.
Lakin qardaş ölkənin İran əhalisinin yarısından çoxunu təşkil edən Azərbaycan türkləri ilə bağlı məsələlərə susqun münasibəti heyrət doğurur. Hətta Türkiyə KİV-ləri (kütləvi informasiya vasitələri) də Güney Azərbaycandan gələn xəbərlərə biganə yanaşır. Güney Azərbaycanda keçirilən hələlik son kütləvi aksiyaları- 2011-ci ilin aprelindən sonlarınadək Urmiya gölünün qurudulması əleyhinə düzənlənən davamlı etiraz aksiyalarını da Türkiyə mətbuatı demək olar ki, işıqlandırmadı. Yada salaq ki, 2011-ci ilin avqustun (August) 27-də və sentyabrın (September) 3-də Güney Azərbaycanın Urmiya, Təbriz, Ərdəbil şəhərlərində, paytaxt Tehranda azərbaycanlıların keçirdikləri aksiyalarda rəsmi açıqlanan məlumata görə, müvafiq olaraq 60 və 72 nəfər həbs olunmuş, polisin müdaxiləsi nəticəsində çoxlu sayda insan yaralanmış və bəzi məlumatlara əsasən ölənlər olmuşdu. Türkiyənin bütün böyük agentliklərinin və televiziyalarının İranda təmsilçilərinin olmasına və onların İrandan birbaşa reportaj (qozariş) vermək, videogörüntülər yaymaq imkanına baxmayaraq onlar Güney Azərbaycanda baş vermiş məlum hadisələri işıqlandırmadılar və bu gün də işıqlandırmırlar. Bəs Türkiyə rəsmiləri, siyasiləri və mətbuatının, bütövlükdə Türkiyənin Güney Azərbaycanla bağlı məsələlərə ən yaxşı halda seyirçi qalmasının səbəbi nədir? Türkiyənin Güney Azərbaycanla bağlı yürütdüyü siyasət nədən ibarətdir və ümumiyyətlə, belə bir siyasət varmı? Azərbaycanın İrandakı sabiq səfiri, professor Əliyar Səfərli “Gündəlik Teleqraf”a bildirib ki, Türkiyənin Güney Azərbaycanla bağlı siyasəti mövcuddur. Lakin 450 kilometr uzunluğunda ümumi sərhədə, 10 milyard dollardan artıq illik ticarət dövriyyəsinə malik qonşu İranla ikitərəfli münasibətlərə xələl gəlməməsi üçün rəsmi Ankara bu siyasəti gizli şəkildə həyata keçirməyə məcburdur. Onun sözlərinə görə, Türkiyə Güney Azərbaycandan olan tələbələrin bu ölkədə təhsil almasına şərait yaradır, onların təşkilatlanmasına, tədbirlər keçirməsinə imkan verir: “Eyni zamanda dünya azərbaycanlıları tez-tez Türkiyədə müəyyən toplantılar keçirirlər. Bu zaman onlara lazımi şərait yaradılır. Bununla belə etiraf etmək lazımdır ki, Türkiyə Güney Azərbaycan məsələsinə lazımınca dəstək vermir və hələlik dövlət səviyyəsində işlər görə bilmir. Türkiyə özü də istəmədən müəyyən məsələlərin üstündən keçməli olur, çünki həmin məsələləri həll edə bilməyəcəyini başa düşür. Amma Türkiyə aşkarda görə bilmədiyi işi gizli şəkildə həyata keçirir”. Sabiq səfir qeyd edib ki, Türkiyə əvvəl-axır Güney Azərbaycan məsələsinə qarışmalı olacaq: “Hesab edirəm ki, Türkiyə Güney Azərbaycana, orada gedən proseslərə ciddi şəkildə təsir göstərəcək, onları ayağa qaldıracaq. Əgər Türkiyə Güney Azərbaycanla bağlı işləri həyata keçirməsə, bu onun əleyhinə olacaq”. “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı isə bildirib ki, İrandakı türklərin vəziyyəti və Güney Azərbaycan məsələsi Türkiyə rəsmilərinin daim ehtiyatla yanaşdıqları bir mövzudur. Onun sözlərinə görə, Türkiyə İrandakı türk amilinə yalnız 1980-ci illərin əvvəllərində, islam inqilabından dərhal sonra ABŞ-ın (Amerika Birləşmiş Ştatları) İranın bölünməsində etnik ünsürlərin qabardılması cəhdi kontekstində (zəminində) qısa müddət ərzində maraq göstərib: “Qısa sürən bu dövr ərzində Türkiyə dövləti İrandan bu ölkəyə mühacirət etmiş güney azərbaycanlıların təşkilatlandırılması prosesinə dolayı yolla dəstək verib. Ancaq İranda yeni rejimin möhkəmlənməsi, Türkiyədə isə Turqut Özal hökumətinin digər qonşu ölkələr kimi İranla da sıx ticari münasibətlər qurmaq siyasəti nəticəsində İranda etnik məsələnin qabardılması arxa plana keçib. Bu gün Türkiyə rəsmiləri İranda türk amili və Güney Azərbaycan mövzusunda bəzi xırda addımlar atırlar. Məsələn, Güney Azərbaycandan tələbələr gətirilir, İranda türk amili mövzusunda müxtəlif mütəxəssislərin fikirlərinə maraq göstərilir, başda gətirilən güney azərbaycanlı tələbələr olmaqla, müxtəlif şəxs və qeyri-hökumət təşkilatlarının Güney Azərbaycan məsələsini türk ictimaiyyətinə çatdırma cəhdlərinə mane olunmur. Amma İranla münasibətlərdə etnik amili diqqətə almayan siyasət əsas etibarilə davam etdirilməkdədir. Bir neçə il öncə Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlının Türkiyədən deportasiya olunması, daha sonra “Türksat” peyki vasitəsilə yayımlanan Güney Azərbaycan Televiziyasının (GünazTV) bu peyk üzərindən yayımının dayandırılması bunun bariz nümunələridir”. Bununla belə A.Aslanlı qeyd edib ki, Türkiyə rəsmiləri İranda türk amili məsələsindən nə qədər uzaq durmağa çalışsalar da, Türkiyənin iradəsi xaricindəki bəzi faktorların bu amilin əhəmiyyətini artırması rəsmi Ankaranın siyasətində də bəzi dəyişikliklərə səbəb ola bilər: “Qlobal (kürəsəl) baxımdan yanaşdıqda deməliyik ki, mövcud güclər nisbəti və ölkə daxili siyasi vəziyyət ABŞ-ı İran rejimi ilə mübarizədə etnik amilə daha ciddi yanaşmağa məcbur etməkdədir. Regional nöqteyi-nəzərdən baxdıqda isə qeyd etmək lazımdır ki, Yaxın Şərqdə etnik baxımdan canlanma, xüsusilə İraqda və Türkiyədə kürd amilinin qabardılması müşahidə edilməkdədir. Türkiyənin daxili baxımından yanaşdıqda isə artan etnik canlanmaya və PKK separatizminə (bölücülüyünə) qarşı yüksələn türk millətçiliyi də İranda türk amilinə diqqətin artmasına səbəb ola bilər. Bu şərtlər altında ABŞ-ın İran məsələsində əlini gücləndirmək və Türkiyədəki ABŞ əleyhdarı türk millətçiliyinin dəstəyini almaq üçün İrandakı türk amilinin gündəmə gətirməsi normal hal kimi qəbul olunar. Bu, eyni zamanda Türkiyə hökumətini və ictimaiyyətini İranda türk amili mövzusunda daha istəkli davranmağa sövq edə bilər. Digər tərəfdən, İran İraqa silahlı müdaxilə zamanı və ondan sonra məzhəb amilini qabartdığı kimi, Türkiyə də İrana müdaxilə ərəfəsində buradakı azərbaycanlı faktoruna daha çox diqqət yetirmək məcburiyyətində qalacaq”. Geri dön |