Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Türkcəmizin ləyaqətini qoruyaq
Türkcəmizin ləyaqətini qoruyaq |
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü Azərbaycanın siyasi faciəsi zaman-zaman onun həyatının bütün sahələrində özünü göstərib. Bu gün də biz həmin faciələrin ağırlığı altından çıxa bilmirik. Bəlkə də bizə ən böyük faciəni “Türkmənçay bağlaşması” yaşadıb. Tarixdə başqa xalqların aqibətinə də parçalanmalar düşüb. Ancaq heç bir xalqa parçalanma bizdəki kimi məzhəkə taleyi yaşatmayıb. Yurdumuzun bir parçası Rusiya tərəfindən işğal olundu. O biri parçasında isə türk idarəçiliyinə son qoyularaq yerində fars hakimiyyəti quruldu. Antitürk qüvvələrin əli ilə idarə olunan, türkə qarşı möhkəmlənən fars hakimiyyəti də ədaləti, vicdanı komediya faktına çevirdi. İki yüz ilə yaxındır ki, öz doğma yurdunda qərib yaşayan Azərbaycan türkü doğduğuna türk adı qoya bilmir, türk dilində oxutdura bilmir. Fars hakimiyyəti bu millətin türk olduğunu belə, özünə dandırmağa çalışır. Türk sözünü millətin gözündən salmaq üçün hər vasitədən istifadə edib. “Eşşək türk” mənası daşıyan “türkəxər” sözünü qulaqlara o qədər doldurub ki, ordakı türklərin passiv, ancaq sayca əsas kütləsi acığı tutanda bir-birinə “türkəxər” deyiblər. Bu azmış kimi, indiyədək dilimizə qarşı aşağılayıcı kampaniyalar həyata keçirilib. Bu kampaniyaların etkisi bu gün də həyatımızda öz işini görür. Məsələn, türk dilində elə fe’llər var ki, onları işlədəndə “türkün sözü” kəlməsi işlədirik. Deyək ki, “qayırmaq”, “tıxamaq”, “soxmaq” və b.k. sözlərimizə ədəbsizlik damğası vurulub. Guya ki, bu sözlər cinsi davranışları ifadə eləyən anlayışlardır. Halbuki, xalqın danışığında cinsi, cismani davranışları ifadə eləyən sözlər var. Məsələ ondadır ki, çağdaş dilimizdə ismi, zərfi, sifəti ifadə eləyən bəs qədər alınma sözlər var, ancaq fe’llərimiz sırf türkcədir. Ona görə də dilimizi gözümüzdən salmaq üçün türkcəmizdə səslənən fe’llərimizi “ədəbsizləşdirib” farscanın işlədilməsinə yol açmağa çalışıblar. Guya fars dili mədəniyyət dilidir, türk dili isə məişət dili. Baxın, “içəri girdim” əvəzinə, “içəri daxil oldum” deyirik, yazırıq. Qısa, aydın, yığcam dilimizi “mədəni dil” hesabına uzadırıq, mürəkkəbləşdiririk. Bir sözlə, dilimizin ahəng qanununu pozuruq. Əksər fe’llərimizin yanına mütləq yardımçı yabançı söz qoşmalıyıq. Tarixin heç bir dönəmində, dünyanın heç bir yerində belə bir şeyə rast gəlinmir: məsələn, bir an təsəvvür edək ki, fransız öz dilində söz deyir, sonra dalınca öz utancını ifadə edib “fransızın sözü” kəlməsini işlədir. Bu mümkün deyil. Bəs niyə biz doğmaca, gözəlcə türk sözümüzü işlədib dalınca “türkün sözü” deməliyik?! Niyə bizə layla çalan anamızın layla dilinə həqarətlə yanaşırıq?! Niyə sazımızın, muğamımızın, böyüklüyümüzün, qəhrəmanlığımızın izhar dili olan türkcəmizə utanc qaynağı kimi baxırıq?! İllər öncə dəlixanadan qaçan bir dəli haqqında hekayə oxumuşdum. Adamlar onu araya alıb meymun hərəkətləri etdirirlər. O isə özünü döyür və özünə gülür... İnsanın dəlilik taleyinə acımışdım. Paralelləşdirmək qəribə səslənsə də, bu gün yurdumuzun insanları da özümüzü söymək, özümüzə gülmək, dilimizə lağlanmaq taleyi yaşayır. Ancaq buna ağlamırıq, heç acımırıq da. O vaxt ağlıma gəlməzdi ki, mənim millətimin taleyi elə buna bənzəyir... Bizə özünü söymək ənənəsi öyrətdilər, indi özünə inanmaq və özünü sevmək məktəbi yaratmalıyıq. Gənc nəsillərə dəyərlərimizin, dilimizin, mənliyimizin qədrini bilmək ənənəsi öyrətməliyik. Yükümüzdən Böyük Fərəhimiz yoxdur! Atamız var olsun! Geri dön |