Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “bp Azərbaycan qanunlarını pozur”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > “bp Azərbaycan qanunlarını pozur”

“bp Azərbaycan qanunlarını pozur”


“Yaddan çıxarmaq olmaz ki, bura Azərbaycan olduğu üçün dövlət dili də Azərbaycan dilidir”

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycanın neft hasilatı sahəsindəki vəziyyətinə də toxunub. O, son bir neçə ildə neft sənayesinin aşağı düşməsini narahatedici fakt kimi diqqətə çatdıraraq, buna görə bp-ni (British Petroleum) sərt şəkildə tənqid edib. Qeyd olunub ki, neft hasilatı sahəsində müşahidə olunan vəziyyət bp şirkətinin yanlış proqnozları üzündən yaranıb. Dövlət başçısının sözlərinə görə, bp bir neçə ay qabaq verdiyi vədi, ümumiyyətlə isə müqavilə öhdəliklərini yerinə yetirməyib.
Prezident İlham Əliyev konsorsium tərəfindən buraxılan kobud səhvlər ucbatından son illər ərzində “Azəri”, “Çıraq” yataqlarında neft hasilatının kəskin şəkildə aşağı düşməsini konkret faktlar əsasında dilə gətirib: “2009-cu ildə “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında (AÇG) verilən hasilat proqnozu 46,8 milyon ton, faktiki hasilat 40,3 milyon ton, 2010-cu ildə proqnoz 42,1 milyon ton, fakt 40,6 milyon ton, 2011-ci ildə proqnoz 40,2 milyon ton, real hasilat 36 milyon ton olub. 2012-ci ildə isə verilmiş proqnoz 35,6 milyon ton olsa da, mövcud hasilatı nəzərə alaraq ilin sonuna qədər bp-nin AÇG-dən 33 milyon tondan artıq neft hasil edə bilməyəcəyini söyləmək olar. Beləliklə, 2009-2011-ci illərdə layihənin operatoru olan bp-nin proqnozları və real hasilat arasında 12.2 milyon ton fərq yaranmışdır. Neftin qiyməti bir barelinə görə 100 dollar səviyyəsində götürülərsə, bu illər ərzində Azərbaycanın 8,1 milyard dollar əldə edə bilmədiyi üzə çıxır. Kiçik bir statistik rəqəmin arxasında bu reallıq dayanır. Ona görə ildən-ilə, aydan-aya, rübdən-rübə neft sənayesində istehsalın düşməsi bu vəziyyətin məntiqi nəticəsidir”.

Məlumat üçün bildirək ki, vaxtıilə imzalanmış müqaviləyə əsasən, ilkin mərhələdə neftdən gələn gəlirlərin 75 faizi konsorsiumun, 25 faizi Azərbaycanın payına düşüb. Saziş bağlananda dünya bazarlarında neftin qiymətinin aşağı olması hələ bundan sonra bir neçə il də bu nisbətin qüvvədə qalacağını deməyə əsas verirdi. Yalnız investorlar qoyduqları sərmayələri götürdükdən sonra nisbət dəyişə bilərdi. Lakin neftin qiymətinin kəskin qalxması və 2008-ci ildə 150 dollara çatması elə həmin il bu nisbətin dəyişməsinə səbəb olub. 2008-ci ilin ortalarında xarici şirkətlər öz investisiyalarını qaytardıqdan sonra nisbət 75 faiz Azərbaycanın xeyrinə dəyişib. Kontrakt şərtləri əsasında bu pay bölgüsündə Azərbaycanın xeyrinə dəyişiklik baş verdikdən dərhal sonra isə heç bir əsas olmadan AÇG-də neftin hasilatı azalmağa başlayıb.

Dövlət başçısı İlham Əliyevin bp-nin ünvanına səsləndirdiyi bu fikirlər şrirkətlə bağlı olan və qanun pozuntusu sayıla biləcək bəzi məqamları da gündəmə gətirib. Bunlardan biri adıçəkilən şirkətdə işçilərin hüquqlarının pozulması faktlarıdır.

Xatırlatma üçün deyək ki, hələ ötən il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev jurnalistlərə açıqlamasında ölkədə fəaliyyət göstərən xarici şirkətlərin qanunları pozduğunu deyib. Onun sözlərinə görə, bp şirkətindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına çoxlu sayda işçi müraciət edərək, həmkarlar təşkilatı yarada bilmədiklərini deyiblər. Bu günlərdə isə S.Mehbalıyev Azərbaycandakı xarici şirkətləri bir daha tənqid edib: “Azərbaycanda 50-dən artıq transmilli şirkət var ki, bunların yarısında həmkarlar təşkilatlarının yaradılmasına nail olunub, digərlərində isə bununla bağlı danışıqlar gedir. Belə şirkətlərdə bürokratiya çox güclüdür və bəzən danışıqlar illərlə davam edir. Şirkətlərin rəhbərliyi bizə bildirir ki, bu məsələyə mane olmurlar və qarışmırlar. Amma orada çalışan işçilər bildirirlər ki, onlar həmkarlar təşkilatı yaratmağa çəkinirlər, çünki rəhbərlik bunu eşidən kimi onları işdən azad edə bilər”.

S.Mehbaliyev qeyd edib ki, ümumiyyətlə, transmilli şirkətlərin rəhbərliyi həmkarlar təşkilatlarının yaradılmaması üçün böyük pullar xərcləyir: “Həmkarlar təşkilatlarının yaradılması buradakı işçilərin sosial və əmək-məişət hüquqlarının qorunmasına imkan verərdi. Transmilli şirkətlərdə belə bir qayda var ki, onlar işçini soruşmadan, istədikləri vaxt işdən azad edirlər. Onların təhlükəsizlik xidməti sadəcə, işçinin əmək kitabçasını özünə qaytarır və onlar nə qədər çalışsalar da, rəhbərliklə görüşə, işdən azad edilmələrinin səbəblərini öyrənə bilmirlər. Onları bir daha şirkətin qapısından da içəri buraxmırlar. Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə bəzən yerli vətəndaşları iş vaxtından çox, bəzi hallarda isə hətta istirahət günlərində də işlədirlər. Biz istəyirik ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da işçilər öz təşkilatlarını yaratsınlar və hüquqlarını qoruya bilsinlər”.

Söylənilənlərlə bağlı açıqlama verən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı da bp-də və şirkətin subpodratçılarında Azərbaycan qanunlarına hörmətsiz yanaşmanın müşahidə edildiyini dilə gətirib. O, bəzi hallarda bp-nin BMT-nin baş sazişinin tələblərinə belə əməl etmədiyini söyləyib: “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 309-cu maddəsində göstərilib ki, idarə və müəssisələrdə ölkəmizin əmək qanunvericiliyinin icrasına nəzarət həmkarlar təşkilatları tərəfindən həyata keçirilir. Dövlət nəzarəti isə Əmək Müfəttişliyi tərəfindən icra olunur. 2005 və 2006-cı illərdə biz dəfələrlə, xarici neft şirkətlərində insan hüquqlarının pozulması ilə əlaqədar faktlar ortaya qoymuşuq. Həmin müddətdə bu kimi hallara qarşı bəzi şirkətlərdə fəhlələrin kütləvi etirazları da olmuşdu. Konkret olaraq bp-yə gəldikdə isə, bu şirkət 2000-ci ildə BMT-nin baş sazişinə qoşulub. Həmin sazişdəki 10 prinsipdən biri işçilərin hüquqlarının lazımi səviyyədə qorunmasıdır. Son iki il ərzində bp şirkətinin mərkəzi ofisi ilə yaratdığımız əlaqələr nəticəsində bu prinsiplərin yerinə yetirilməsi istiqamətində davamlı təbliğat aparmışıq. İndi baş ofisdə işçi haqlarının tapdanmasına çox az rast gəlinir. Ancaq bp-nin podratçı və subpodratçı şirkətlərində insan hüquqlarının pozulması halları kütləvi xarakter alıb”.

M.Qəhrəmanlı bp-nin podratçı və subpodratçı qurumlarında çalışan işçilərin hüquqlarının pozulması halları ilə bağlı çox sayda məhkəmə proseslərinin getdiyini qeyd edib. Bildirib ki, əksər hallarda işəgötürənlər işçilərlə imzaladığı müqavilələrə kobud müdaxilələr edib: “Misal üçün, bu yaxınlarda bizə edilən şikayət əsasında aydınlaşdırmışıq ki, bp-nin subpodratçı şirkətində Azərbaycan qanunlarına əməl olunmur. Belə ki, qanunvericiliyə əsasən, işçi ilə işə götürən arasında yalnız əmək müqaviləsi imzalanmalıdır. Amma həmin şirkətdə qanunsuz olaraq, 15-dən artıq işçi ilə mülki müqavilə bağlanıb. Halbuki subpodratçı şirkətlər də öz fəaliyyətini bp prinsipləri əsasında qurmalıdır. Çünki bp onlara görə də cavabdehlik daşıyır. bp-nin subpodratçısı Metal Qaynaq Zavodunda da işçi ilə işə götürən arasında bağlanmış müqavilələr müvəqqətidir və həmin müqavilələrin surəti heç bir işçiyə verilmir. Bir müddət əvvəl bizə müraciət edən bir nəfər bp-nin tövsiyəsi əsasında subpodratçı təşkilatda çalışdığı işindən qanunsuz olaraq azad edildiyini bildirdi. Biz onun işdən çıxarılma səbəbini araşdırdıq. Aydın oldu ki, həmin şəxs narkotik maddə istifadəçisi kimi işdən azad edilib. İşdə analiz götürülüb və onun qanında guya, az miqdarda nəsə tapıblar. Bu, tamamilə qanunsuzluqdur. Çünki Narkoloji Dispanserdə həmin adamın qanından verilən analizlərin cavabı bp-nin iddiasını tamamilə inkar edir. Hazırda bununla bağlı məhkəmə prosesimiz davam edir. İş prosesində ağır xəsarət aldıqdan sonra hüquqları tapdanan şəxslərlə bağlı da məhkəmə çəkişmələrimiz var. Bütün bu neqativ hadisələrin baş verməsinə səbəb də həmin qurumlarda Həmkarlar Təşkilatlarının olmamasıdır” .

NHMT sədri bp-də yüksək vəzifə sahiblərinin qeyri-azərbaycanlılar olmasına da toxunub. Bildirib ki, hazırda bp-də 11 vitse-prezidentdən 10-u milliyyətcə şotlantdır və yüksək səviyyədə məvacib alırlar: “Oradakı yüksək vəzifələrdə çoxsaylı azərbaycanlı görmək qeyri-mümkündür. Onlar buna heç vaxt imkan vermirlər və ciddi müqavimət göstərirlər. Hətta şirkət daxilində iki azərbaycanlı da ünsiyyəti ingilis dilində qurur. Bu faktın özü də qanunlarımıza hörmətsizlikdir. Yaddan çıxarmaq olmaz ki, bura Azərbaycan olduğu üçün dövlət dili də Azərbaycan dilidir. bp-nin Azərbaycan qanunvericiliyini pozması hallarından biri də onun subpodratçı qurumlarının vergidən yayınmasıdır. Şirkətdə çalışan əcnəbilər Azərbaycan ərazisində 90 gündən artıq qalmalarına baxmayaraq, dövlətə bununla bağlı vergi ödənmir. Həmin əcnəbilərin müqavilələri yenilənir, tez-tez öz ölkələrinə gedib-qayıtması təəssüratı yaradılır”.

“Kaspi” qəzeti

Geri dön