Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənistan rəhbərliyi ölkənin boşalmasına görə Rusiyanı günahkar hesab edir.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Ermənistan rəhbərliyi ölkənin boşalmasına görə Rusiyanı günahkar hesab edir.

Ermənistan rəhbərliyi ölkənin boşalmasına görə Rusiyanı günahkar hesab edir.


Səfir Vyaçeslav Kovalenkonun bu məsələ ilə bağlı sərt eyhamı İrəvanda müzakirə olunur, baş nazir Sərkisyan Moskvanın erməni miqrantlarına qucaq açmasını “qəbuledilməz” sayır

Ermənistanda çoxdan milli təhlükəsizliyi təhdid edən problemə çevrilmiş kütləvi miqrasiya problemi ən sadiq müttəfiqləri-İrəvanla Moskvanı üz-üzə qoyub. Buna səbəb Rusiyanın Federal Miqrasiya Xidmətinin həyata keçirdiyi “Həmvətənlər” adlı proqramdır. Həmin proqrama görə Ermənistan və digər keçmiş sovet respublikalarından olan miqrantların Rusiyanın əhalisi seyrək olan regionlarında məskunlaşdırılması üçün bir sıra güzəştlər nəzərdə tutulur.

Bu proqram çərçivəsində hər il Ermənistanı on minlərlə adam tərk edir və Rusiyada daimi məskunlaşır. Ermənistanın boşaldığı, müstəqilliyin elan olunmasından sonra ölkə əhalisinin az qala yarısının onu tərk etdiyi və insan resurslarının sürətlə azaldığı bir vaxtda Rusiyanın bu ölkədə daimi məskunlaşmaq istəyənlərə əlverişli şərtlər təklif etməsi İrəvanda narahatlıq yaradıb. Bir neçə gün əvvəl baş nazir Tiqran Sərkisyan parlamentdə hesabat verərkən deputatların kütləvi miqrasiya probleminə dair sorğusuna cavab olaraq Rusiya Federal Miqrasiya Xidmətinin “Həmvətənlər” proqramını günahlandırıb. T.Sərkisyan deyib ki, Rusiya həmin proqramı başqa ölkələrə tətbiq edilən formada Ermənistana tətbiq etməməlidir. Çünki bu ölkədən kütləvi miqrant axınına səbəb olur. Baş nazir ümumiyyətlə, Ermənistanın bu proqrama qarşı olduğunu bildirib.

Ermənistan baş nazirinin bu narazılığına Rusiyanın İrəvandakı səfiri Vyaçeslav Kovalenko sərt eyhamla cavab verərək deyib ki, heç kim erməniləri Rusiyaya aparmır. “Bu iradları irəli sürənlər əvvəlcə onun səbəblərini araşdırmalıdır ki, insanlar Ermənistanı niyə kütləvi şəkildə tərk edir?” deyə səfir bildirib. Qarşılıqlı iradlar davam edib və dünən oktyabrın 12-də İrəvanda keçirilən Rusiya-Ermənistan iqtisadi əməkdaşlıq komissiyasının iclası zamanı xarici işlər nazirinin müavini Şavarş Köçəryan bunları deyib: “Rusiyanın "Həmvətənlər" proqramı Ermənistanın iradəsinə zidd olaraq həyata keçirilə bilməz". Köçəryanın sözlərinə görə, komissiyanın iclasında bu proqramla bağlı məsələlər də müzakirə olunub və imzalanan protokolda tərəflərin mövqeləri əksini tapıb: “Rusiya tərəfi bu proqramın davamında maraqlıdır, Ermənistan tərəfi isə kəskin şəkildə bu proqrama qarşıdır”.

Ermənistan prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri, ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycan ərazilərində separatçılıq hərəkatını başladan “Qarabağ” komitəsinin üzvü Aşot Manuçaryan isə bu mübahisələri şərh edərkən deyib ki, Rusiya səfirinin iradları əsaslıdır. “Səfirin bəyanatında qeyri-adi heç nə yoxdur. Onun dedikləri məntiqlidir, belə ki, kim yemləyir, o da irad bildirmək haqqına malikdir” deyə, Manuçaryan bildirib. Onun sözlərinə görə, Ermənistan hökuməti kütləvi miqrasiya probleminə görə xarici qüvvələri günahlandırmaqdansa ölkənin iqtisadi inkişafının qayğısına qalmalı, əhalinin xaricə axınını dayandırmalıdır. Qeyd edək ki, ötən il Ermənistan prezidenti Serj Sərkisyan da kütləvi miqrasiya problemi ilə bağlı Milli Təhlükəsizlik Şurasının iclasını çağıraraq Rusiyanı günahlandırmışdı. Sərkisyan “Həmvətənlər” proqramını dayandırmaq üçün Rusiya hökumətinə müraciət etmişdi.

Fərhad MƏMMƏDOV

Geri dön