Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sağlıq > Qulam İshaqzai: Könüllülər Azərbaycanda COVID-19-la mübarizənin ön cəbhəsindədirlər
Qulam İshaqzai: Könüllülər Azərbaycanda COVID-19-la mübarizənin ön cəbhəsindədirlər |
Azərbaycanda “Könüllülər ili” dövrümüzün qlobal səhiyyə böhranı və İkinci Dünya müharibəsindən sonra qarşılaşdığımız ən böyük problem kimi ortaya çıxan COVID-19 pandemiyası ilə üst-üstə düşdü. Dünyadakı demək olar ki, bütün ölkələrə misli görünməmiş təsir göstərən pandemiya dağıdıcı sosial, iqtisadi və siyasi böhranlara səbəb ola bilər. Normal həyatın nə vaxt qayıdacağını təxmin etmək mümkün olmadığı bir vaxtda insanlar işlərini və gəlirlərini itirməkdədirlər. AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzainin Azərbaycanda “Könüllülər ili”nə həsr olunmuş məqaləsində deyilir. Məqaləni sizə təqdim edirik.
“Birləşmiş Millətlər Təşkilatı dünyanın bütün ölkələri ilə əməkdaşlıq edərək COVID-19-a qarşı təcili və effektiv tədbir görmək istiqamətində onlara kömək etməyə çalışır. Azərbaycanda da BMT sistemi, səhiyyə, risklərə dair kommunikasiyalar, təhsil və ən həssas insanlar üçün sosial rifahı dəstəkləməklə COVID-19 pandemiyasının səbəb olduğu təcili problemləri həll etmək və həyat üçün əhəmiyyətli olan tibbi və digər ləvazimatların alınmasına kömək etmək məqsədilə hökumət və digər tərəfdaşlarla sıx işləyir. Bu gün yerlərdə fəaliyyət göstərən və onlayn çalışan BMT Könüllüləri dünyanın bütün nöqtələrində BMT sisteminə kömək etməkdədirlər. Hazırda BMT Könüllüləri COVID-19-a qarşı tədbirləri dəstəkləmək üçün 100-dən çox müxtəlif peşəni və 150-dən çox milləti təmsil edən 200,000-dən çox qeydiyyatdan keçmiş yüksək ixtisaslı mütəxəssislərdən ibarət qlobal istedadlar qrupuna malikdir. Onlar pandemiya ilə mübarizənin ön cəbhəsinə qoşulmağa hazırdırlar. Fürsətdən istifadə edərək, bu cür böhranlar zamanı könüllülüyün vacib rolunu vurğulamaq istəyirəm. Bu gün könüllülər, COVID-19-un alovlanmasına qarşı mübarizənin ön sıralarındadırlar. Həkimlər, təcili yardım işçiləri, eləcə də həyat üçün mühüm olan sektorlarda çalışanlarla çiyin-çiyinə duran könüllülər böhran zamanı mühüm rola malik dəyərli qəhrəmanlar zirvəsinə ucalıblar. Beləliklə, paytaxt Bakıda və Azərbaycanın bölgələrində yorulmadan çalışan könüllülər cəsarət və mətinlik nümayiş etdirir, sosial bağlar qurur, ehtiyac içində olan və həssas qrupların səsini eşitmək imkanı yaradırlar. Ehtiyacı olan insanları müəyyənləşdirən, dəstək üçün pul toplayan, onlara lazımi vəsaitləri çatdıran və sonra ianələrini necə xərclədikləri barədə donorlara hesabat verən könüllülərin sosial media kanallarında fotolarını görəndə çox təsirləndim və ilhamlandım. Maska və əlcəklərdə olan könüllülər ailələrə qida yardımı göstərir, həmçinin sosial media platformalarından istifadə edərək, yaxşı gigiyena və sosial məsafə mövzusunda məlumatlılığı artırır və dezinformasiyaya qarşı mübarizə aparırlar. Könüllülərin yeni reallıqlara necə tez uyğunlaşdıqlarını və nəcib işlərini davam etdirməyin yeni yollarını tapdıqlarını görməkdən məmnunam. BMT-nin Azərbaycandakı sistemi də COVID-19-a qarşı tədbirlər çərçivəsində könüllülərlə əməkdaşlıq edir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi 232 sığınacaq axtaran və qaçqın ailəsinə qida yardımı göstərmək üçün Azərbaycan Dövlət Miqrasiya Xidmətinin könüllüləri ilə əməkdaşlıq edib. Avropa İttifaqı və USAID-in maliyyə dəstəyi ilə UNICEF, ASAN, Gənclər Fondu, Qızıl Aypara Cəmiyyəti və Regional İnkişaf İctimai Birliyinin könüllüləri ilə onlayn və oflayn maarifləndirmə işlərinin aparılması, yanlış məlumatlara qarşı mübarizə və həssas ailələrə dəstək sahəsində yaxından əməkdaşlıq edir. Daha dəqiq desək, sosial müəssisələrdə yaşayan 213-dən çox uşaqlı ailəyə, əlilliyi olan gənclərə qida yardımı verilib. 55 könüllü təxminən 517 ailəyə qida paketləri və çap materialları paylayıb və bu proses ümumilikdə 800 ailəni əhatə edəcək. Könüllülərin BMT-nin daha bir agentliyi ilə əməkdaşlıq etməsi üçün yeni imkan var. Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyi ehtiyacların qiymətləndirilməsi və gender bərabərliyi kampaniyaların aparılması, habelə ölkənin şimal-qərb bölgəsində qadın fermer və sahibkarları FAO-nun dayanıqlılıq və inklüziv aqro-ərzaq sistemləri layihəsinə cəlb etmək məqsədilə Qax, Zaqatala və Balakən rayonlarında könüllülərin yığılması üçün elan verib. Bu bölgədəki könüllülük işinə maraq göstərənləri mayın 15-nə kimi müraciət etməyə dəvət edirəm. Beləliklə, könüllülərin pandemiyaya qarşı təsirli cavab tədbirləri COVID-19-un sosial və iqtisadi nəticələrini aradan qaldırmaq üçün Azərbaycanda böyük könüllülük potensialının olduğunu göstərdi. Azərbaycanda keçirilən "Könüllülər ili" kimi mühüm tədbir münasibətilə könüllülərin COVID-19 böhranına qarşı tədbir görməsi üçün yerli və qlobal səylərimizdə oynadığı mühüm rolu qeyd etmək istərdim. Verdikləri töhfəyə və ehtiyacı olan ən həssas əhali qrupları ilə işlədiklərinə görə onlara təşəkkür edirəm. COVID-19-a qarşı mübarizə çərçivəsində heç kimin kənarda qalmaması üçün göstərdikləri səylər Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq işinə əhəmiyyətli dərəcədə töhfə verir. Könüllülər hərəkətləri ilə ilhamlandırırlar!”. Geri dön |