Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan türkçülüyü ideyası - XIX: Əhməd Cəfəroğlu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Azərbaycan türkçülüyü ideyası - XIX: Əhməd Cəfəroğlu

Azərbaycan türkçülüyü ideyası - XIX: Əhməd Cəfəroğlu


Faiq Ələkbərov (Qəzənfəroğlu)
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru


«Azəri türkləri istiqlala layiq, hürr yaşamağa hazır, yetişmiş bir millətdir»

Azərbaycanın tanınmış dilçi və türkoloq alimi, uzun müddət Türkiydə yaşamış aydınlarımızdan Əhməd Cəfəroğlunun (1899-1975) Azərbaycan türkçülüyü ideyası ilə bağlı olan araş­dırmalarında milli dil və ədəbiyyat, milli istiqlal və türk birliyi məsələləri xüsusi yer tutmuşdu.

Milli dil məsələsi ilə bağlı o yazırdı ki, Türkiyə və Azərbaycan türklərinin ədəbi dili moğol istislasına qədər eyni olmuş, ancaq bu dövrdən başlayaraq azəri türkcəsi ortaq kökündən bir qədər ayrlımışdır. Belə ki, İranın-farsların təsir dairəsinə düşən Azərbaycan-türk dili ümumilikdə əsas ana oğuzcadan ayrılmasa da, tədricən Anadolu ədəbi türkcəsindən fərqli bir ədəbi dil mahiyyəti almağa başlamışdır. Onun fikincə, yalnız 18-ci əsrdə İran hakimiyyətinin cənubi Qafqazda zəfiləməsi və müstəqil türk xanlıqlarının yaranması Azəri türk ləhcəsinin yeni mərhləsinin yaranmasına səbəb olmuşdur. Xüsusilə, 19-cu əsrdə milli mətbuat, milli teatr, milli komediyaların yaranması ilə milli dil özünün intibah dövrünü yaşamışdır.

Cəfəroğlunun fikrinə görə, Avropada dilşünaslıqla bağlı elmi tədqiqdə Azərbaycan-türk dili öz adı ilə adlandırıldığı halda bir əsrlik Rusiya hakimiyyəti nəticəsində rus ruhanilərinin də təşviqi ilə Rusiya türklərinin mühüm hissəsinə aid edilən «tatar dili» ifadəsi bizim türkcəyə də şamil olunmuş və istər-istəməz bu gün ad baxımından Qafqaz Azəri türkcəsi İran Azərbaycan türkcəsindən tam şəkildə fərqləndirilmişdir. O, daha sonra yazır ki, rus missionerləri yerli xalqların dilini öyrənməklə yanaşı, «o biri tərəfdən isə bizim yetərincə diqqət göstərə bilməməyimizdən faydalanaraq türk qardaşlarımızı ruslaşdırmış, hətta bəzilərinin dinlərini dəyişib onları xristianlaşdırmağa müvəffəq olmuşlar. Həmin missonerlər türk dillərini öyrənərək, türklərə onların öz dili ilə türklükdən və ana dilindən uzaqlaşmaq fikrini təlqin etmişdilər. Türk qardaşlarmızdan başqa dünyanın heç bir yerində heç bir millət və qövm öz doğma dili ilə aldadılaraq (bunu, eyni lilə Cənubi Azərbaycan türklərinə də aid etmək lazımdır - F.Ə.) milli ruhundan və əqidəsindən uzaqlaşdırılmamışdır. Sərhədləri az qala Ağrı dağının ətəklərinə qədər uzanan, dünənə qədər torpaqlarında hürr və azad yaşayan Azərbaycanda rus istilasının təsiri altında, kim bilir, nə qədər sıravi türk və hətta türk ziyalısı ana dilində düzgün yazmağı-oxumağı bacarır?!».

Fikrimizcə, Ə.Cəfəroğlunun o zaman yazdıqlarının bu gün nə dərəcədə aktual olmasının geniş şərhə ehtiyacı yoxdur. Çox təəssüflər olsun ki, ruslaşdırma siyasəti nəticəsində bugünkü Azərbaycan insanlarının, xüsusilə onun ziyalısının xeyli bir qismi yalnız rusca yazmağı-oxumağı bacarır. Bu isə əlbəttə, milli ruh varlığı baxımından çox zərərlidir. Məhz çarizm və sovet dövründə bu günü nəzərə alan antiazərbaycan və antitürk ideolaqları ruslaşdırma siyasətinin əsasını qoymuşdular. Cəfəroğlu yazır: «Rusların oxudulmasını qadağan etdikləri türkcəmizin yerinə səxavətlə açdıqları rus məktəblərində oxuyan hər bir türk, təbii ki, onların dilini daha asan və yaxşı öyrənir, fikirlərini bu dildə izah edir, zövqlərini rus ədəbiyyatının mütailəsi ilə oxşayırlar. Belə şəraitdə hətta Türkiyə sərhədləri yaxınlığında, lakin əsarət altında yaşayan Azəri qardaşlarımzda inkişaf etmiş milli dil birliyi olmadığı halda həmin birlik və vəhdəti Türkiyədən çox uzaqlarda yerləşən qırğız, türkmən, tatar ellərində aramaq, sadəcə, imkansızdır».

Çarizm və sovet ideoloqları yaxşı başa düşürdülər ki, türklər milli kimliklərini, dilini, mədəniyyətini, ədəbiyyatını, tarixini və s. daha dərindən yaxşı anladıqca, onların müstəmləkəçilik ideyaları türklər arasında geniş yaylımaycaqdır. Bu isə əlbəttə, rus şovinistlərinə əl vermirdi. Bu baxımdan rus millətçilərinin türklərin öz dillərini tədqiq etmələrinə, yeni ədəbiyyat yaratmalarına və s. qısqanclıqla yanaşması təbii idi. Bir sözlə, rus millətçiləri türkləri dillərini öyrətməyə, məktəblərdə, universitetlərdə təhsil almağa şərait yaradır, ancaq bu zaman ruslaşdırma siyasətini, yəni türklərin türk kimi deyil, rus kimi (zahirən isə sovet milləti və s. kimi) düşünməyə vadar etməyi unutmurdular.

Şübhəsiz ki, çar və sovet Rusiyasında türklərə qarşı yeridələn ruslaşdırma siyasəti təsirsiz ötüşməmişdir. Sözdə milli dil və milli mədəniyyətdən bəhs açan bolşeviklər gerçəklikdə isə türk vəhdətinin və milli birliyinin parçalanması uğrunda çalışırdılar. Rusiya əsarətindəki türk qövmlərinin az qala hər birinin dilini «müstəqil dil» və «cümihuriyyət» elan edən bolşeviklərin əsas məqsədi vahid türk dilinin və millətini parçalamaq idi.

Azərbaycanın milli istiqlal məsələsinə gəlincə, Cəfəroğlunun fikrincə, hər bir türk 27 apreldə Azərbaycan türklərinin izzəti-nəfsinə endirilən vicdansız zərbəni bir daha göz önünə gətirməklə, milli Azərbaycan məfkurəsinin nə qədər uca amal olduğunu bir daha təqdir edir və istiqlal şəfəqinin artıq dan yerindən sökülməkdə olduğunu sezir. Bu baxımdan istiqlal davası azəri türklərinin taleyi və yaşam prinsipidir. O daha sonra yazır ki, dil, mədəniyyət, milli mənlik, əxlaq və s. etibari ilə türklüyə tam yad olan qüvvənin - bolşeviklərin illərdən bəri vurduğu zərbələr yalnız bir məqsədə və bir hədəfə yönəldilmişdir: «Azərbaycanı türksüz qoymaq, istiqlal və milliyyət ruhunu kökündən qoparıb atmaq! Bu isə bir daha onu göstərir ki, Azəri türkləri istiqlala layiq, hürr yaşamağa hazır, yetişmiş bir millətdir».

Yeri gəlmişkən, hələ də sıralarmızda Azərbaycanın şimalının çar Rusiyası tərəfindən işğalına haqq qazandıranlarla yanaşı, eyni aqibətə uğramış Azərbaycan Cümhuriyyətinin faciəvi taleyinə müsbət don geyindirmək istəyənlər də tapılır. Bəzi «ziyalılarmız» iddia edirlər ki, Azərbaycan Cümhuriyyətinin sovet Rusiyası tərəfindən işğalı mənfi hal olsa da, guya Sovetlər Birliyi dövründə Azərbaycan hansısa uğurlar əldə etmişdir.

Halbuki, Azərbaycan-türk milləti heç vaxt rus müstəmləkəsi ilə razılaşmamış, onun adət-ənənələrini, mədəniyyətini, dilini və milli kimliyini assimilyasiya etməyə çalışan müstəmləkəçilərə qarşı bütün sahələrdə daima mübarizə aparmışdır. Bu mübarizə çarizmin və bolşevizmin ən çox tüğyan etdiyi zamanlarda belə özünü büruzə vermişdir. Ancaq etiraf etməliyik ki, bu gün çarizmin və bolşevizmin bizə «miras» qoyub getdiyi bir çox «adət-ənənələr» var ki, xalqımız sözün həqiqi mənasında ondan qurtula bilmiş deyildir. Bu ən çox özünü dilmizdə, mədəniyyətimizdə, ədəbiyyatmızda bir sözlə, həyatımızın bütün vacib sahələrində özünü büruzə verir. Çox təəssüflər olsun ki, bir çox ziyalılarımız bir çox obyektiv və subyektiv səbəblərə görə milli ideyanı-Azərbaycan türkçülüyünü anlmaqda zorluq çəkir, çarizm və bolşevizmin əsil üzünü görmək əvəzinə orada müsbət meyarlar axtarırlar. Əlbəttə, biz keçmişə aid bütün məsələlərə destruktiv yanaşmanın da əleyhinəyik. Ancaq bütün hallarda çarizm və bolşevizm dövründə Azərbaycan türkləri arasında yaranmış «Rusiya və rus düşmənçiliyi»ni təsadüfi də saymaq mümkün deyildir. Azərbaycan türkləri onun istiqlaliyyətini (Azərbaycan Türk Xanlıqları və Azərbaycan Cümhuriyyəti) əlindən alan və bütün sahələrdə ona qarşı düşmən münasibət bəsləyən rus siyasətinə başqa cür yanaşa da bilməzdi. Bu baxımdan Cəfəroğlu doğru qeyd edir ki, hələ 19-cu əsrdə «Rusiya və rus düşmənçiliyi beləcə şüurlu şəkildə azəri şairləri arasında geniş yayılmışdı».

Türk birliyinə gəlincə, Cəfəroğlu buna nümunə kimi Türkiyə və Azərbaycanın tarixən iki qardaş və doğma ölkələr olmasını göstərirdi. Onun fikrincə, bu doğmalıq və qardaşlıq 20-ci əsrin əvvəllərində özünü bir daha büruzə vermişdir. Belə ki, Anadolu türkləri dar ayaqda olan Azərbaycan türkləri onların, Azərbaycan türkləri dar ayaqda olanda isə Anadolu türkləri onların dayağı olmuşdur. 1-ci dünya müharibəsində ruslara əsir düşən Anadolu türk əsgərlərinə yardım edən, eyni zamanda Çanaqqalada onlarla bir yerdə türk düşmənlərinə qarşı savaşan Azərbaycan türkləri olmuşdur: «Bir çox hərbi əsirlər rus zindanlarından qaçırılmış, onların təkrar vətənlərinə dönmələrinə yardım edilmişdir. Bu ağır vaxtda Azərbaycan sanki öz dərdini - rus istilasını unudaraq yalnız Anadolunu düşünmüş və bu istiqamətdə əməli işlər görmüşdü. Əvəzində 1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurulduğu zaman Anadoldudan gələn Türkiyə ordusu istiqlal təməlinin qoyulmasında mühüm rol oynamışdı. Osmanlı imperatorluğunun süqutu ilə ana vətənin başı üzərindəki qara buludların sıxlaşmasına, əcnəbi müdaxilənin şiddətələnməsinə baxmayaraq Anadoludan olan qardaşlarımız Şərqdəki ilk Türk Cümhuriyyətinə sevgilərini qanları ilə ödədilər. Osmanlı isə bir imperatorluq və xilafət olsa da, ilk türk Cümhuriyyətinə münasibətdə şərəfli mövqeyini sona qədər mühafizə etdi».

«Şəhidləri, dilləri, soyları bir olan bu qardaşların hər ikisi istiqlala qovuşmayana qədər türkün tam zəfərindən danışmaq mümkün deyil», deyən Ə.Cəfəroğlu qeyd edir ki, Azərbaycan və Türkiyə türkləri eyni soyu və dili paylaşdıqları halda, hər iki ölkədən bəzi tədqiqatçılar tapılır ki, türk mütəfəkkirlərini «azəri», «türkiyəli» deyə iki yerə parçalayırlar: «Bu hər bir Azəri türkünü nə qədər mütəəssir eləyirsə, eyni dərəcədə də bir soydan olan, bir dili paylaşan iki qardaşın - Azəri və Anadolu türkünün ortaq ədəbiyyat, dil və mədəniyyətini parçalamağa rəvac verir və təbii ki, məhz bu səbədən də hər iki tərəfdən olan türkləri əsla məmnum etməyəcəkdir. Mirzə Fətəli əslən və nəslən bir türk olduğu halda onu Türkiyə mühitinə əcnəbi bir müəllif kimi tanıtmaqdan güdülən məqsəd nədir? Anlaşılması ən çətin olan məsələ də elə budur. Əgər məqsəd Azəri türk müəlliflərini Anadolu mühərrirlərinə, Azəri türklərini isə Anadolu türklərinə əcnəbi kimi tanıtmaqdırsa, belə olan surətdə Füzuli və Nəsimi kimi böyük türk şairlərini də sadəcə «əcnəbi» Azəri mühitinə daxil edərək onları ümumtürk mədəniyyəti sahəsindən kənarda saxlamaq lazımdır. Halbuki elə dünən Ulu Qazinin göstərişi ilə Ankarada toplanan ilk türk tarix qurultayında türk birliyinin ana vətəni, mənşəyi, mədəniyyətinin və ümumiyyətlə, bütün mövcudiyyətinin qətiyyən «ayrılıq və qeyrilik» güdülmədən bir küll halında araşdırılması ilə bağlı qərar verilmişdir».

Bu onu göstərir ki, həmişə Türkiyə və Azərbaycan türklərini yalnız dışardan deyil, içəridən də bir-birindən ayrımağa xidmət edən qüvvələr olmuşdur və bu gün də var. Türkülüyn düşməni olan bu qüvvələr heç bir zaman türk millətlərinin birliyinə sevinməmiş, daima onlar arasında nifaq salmağa çalışmışlar. Biz bunu keçmiş tarixdə Teymurlar və Bəyazidlər, Şah İsimayıl və Sultan Səlimlər, Şah Təhmasiblər və Sultan Süleymanlar və başqa zamanlarda çox görmüşük. Biz bunun 20-ci əsrin əvvəllərində də, Cümhuriyyət dövründə və Cümhuriyyətin işğalından sonrakı dövrlərdə də şahidi olmuşuq. Bu gün də Türkiyə-Azərbaycan birlyinin, ilk növbədə siyasi, iqtisadi və hərbi, daha sonra dil, soy, mədəniyyət və s. sahələrdə birliynin baş tutmaması üçün əlindən gələni edən iç və dış qüvvələr vardır. Şübhəsiz, o dövrdə türk birliyinə qarşı olanlara Ə.Cəfəroğlular, Ə.Ağaoğlular, Ə.Hüseynzadələr, M.B.Məmmədzadələr, M.Ə.Rəsulzadələr, A.İldırımlar və başqaları cavab verdiyi kimi, bu gün də vardır və olacaq da.

Geri dön