Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Teatr tariximizdə fəlsəfi-psixoloji üslubun ustadı – Mehdi Məmmədov
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Teatr tariximizdə fəlsəfi-psixoloji üslubun ustadı – Mehdi Məmmədov

Teatr tariximizdə fəlsəfi-psixoloji üslubun ustadı – Mehdi Məmmədov


Bu gün Xalq artisti Mehdi Məmmədovun anadan olmasından 102 il ötür

Azərbaycan teatr sənətinin yaranmasında, inkişafında, təbliğində müstəsna xidmətləri olan Mehdi Məmmədov milli teatrın tarixində, intellektual mədəni elitanın ən parlaq nümayəndələrindən biri idi

Bu gün görkəmli rejissor, teatrşünas, pedaqoq, tənqidçi, tərcüməçi, Xalq artisti Mehdi Məmmədovun anadan olmasından 102 il ötür.

1918-ci il mayın 22-də Şuşada anadan olan sənətkarın ailəsi 1922-ci ildə Bakıya köçüb. O, 1931-ci ildə Teatr Texnikumuna daxil olmaq istəsə də, çəlimsizliyini səbəb gətirib onu qəbul etmirlər.

Elə həmin il səhnə eşqiylə yanan gənc Mehdi Məmmədov İşçi Teatrının yardımçı heyətinə qəbul edilir. Bundan sonra o, Teatr Texnikumuna daxil olur. 1935-ci ildə isə təhsilini davam etdirmək üçün Moskvaya gedərək Teatr Sənəti İnstitutda oxuyur.

1940-cı ildə Akademik Milli Dram Teatrına rejissor, 1942-ci ildə bədii rəhbər, 1956-cı ildə Opera və Balet Teatrına baş rejissor, 1960-cı ildə yenidən Akademik Milli Dram Teatrına baş rejissor təyin edilib. 1963-cü ildə elmi işi ilə bağlı teatrdan uzaqlaşıb. 1974-1978-ci illərdə Opera və Balet Teatrının, 1978-1982-ci illərdə S.Vurğun adına Rus Dram Teatrının baş rejissoru vəzifələrində çalışıb.

Mehdi Məmmədov Milli Dram Teatrının baş rejissoru olduğu 10 il ərzində 12 səhnə əsərinə quruluş verib. Onun səhnələşdirdiyi “On ikinci gecə”, “Madrid”, “Od gəlini”, “Oqtay Eloğlu”, “Şeyx Sənan”, “İblis”, “Hamlet”, “Xəyyam”, “Müfəttiş”, “Canlı meyit”, “Romeo və Cülyetta”, “Dəli yığıncağı” və digər tamaşaların hər biri Azərbaycan teatr tarixində hadisəyə çevrilmişdi.

Müsahibələrinin birində Mehdi Məmmədov etiraf etmişdi ki, quruluş verdiyi səhnə əsərləri arasında dünya səhnəsinə çıxarmağa ən çox layiq bildiyi məhz “Dəli yığıncağı”dır.

Onun Opera və Balet Teatrının səhnəsində quruluş verdiyi “Toska”, “Lakme”, “Sevil”, “Koroğlu”, ilk dəfə romantik və modernist üslubun vəhdətində ərsəyə gətirdiyi “Leyli və Məcnun” musiqili dramı, Rus Dram Teatrında hazırladığı “Həyatın dibində”, “Nadejdalarım” tamaşaları rejissorun təxəyyülünün genişliyindən, ən əsası isə, bu genişliyi sərrast sərf etmək istedadından xəbər verir.

Mehdi Məmmədovun adı Azərbaycan mədəniyyətində yüksək intellektli, universal dünyagörüşlü sənətkar nümunəsi ilə assosiasiya olunur. O, keçmiş SSRİ məkanında yüksək peşəkarlıq xüsusiyyətlərini kamilliklə özündə birləşdirən az sayda sənətkarlardan idi.

Belə bir fakt məlumdur ki, 1974-cü ildə Moskva teatr ictimaiyyətinin görkəmli nümayəndələri Mehdi Məmmədov sənətkarlığına ehtiramlarını təzimlə bildirirmişlər. Onun portreti indiyədək Moskva Teatr Akademiyasının divarını bəzəyən korifeylərin portretləri ilə bir sıradadır.

Onda bütün böyük şəxsiyyətlərə xas olan iddia və bu iddianın arxasında qaya kimi durmaq bacarığı hələ yeniyetmə çağlarından özünü göstərməyə başlamışdı.

Ümumilikdə 60 səhnə əsərinə bir-birindən mükəmməl quruluş verən Mehdi Məmmədov, dönə-dönə qeyd edib ki, bədii əsərlə daxili aləmi arasında tam yaxınlıq duymayana qədər məşqlərə başlamırmış. Ciddi-cəhdlə diqqət ayırdığı daha bir cəhət isə gələcək tamaşanın forması idi. Mehdi Məmmədova görə, bədii forma bədii məzmun qədər önəmlidir. Başqa sözlə, rejissor təqdim edəcəyi tamaşanın bədii formasını bütün görünən və görünməyən incəlikləri ilə təsəvvür etmirsə, onun məşq etməsi bir az qəribədir.

Mehdi Məmmədov ömrünün sonuna qədər pedaqoji fəaliyyətlə məşğul olub. M.Əliyev adına İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universiteti) çalışmaqla yanaşı, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) etika və estetikadan dərs deyib.

Onun İncəsənət İnstitutunun tələbə heyətinin təşkilinə son dərəcə tələbkarlıqla yanaşması barədə isə əfsanələr də yaranmışdı.

Mehdi Məmmədovun Hökümə Qurbanovaya həsr etdiyi “Onun sənət ulduzu” araşdırma və müşahidələr toplusu aktyorluq sənəti və aktyor şəxsiyyəti haqqında ən yaxşı kitablardan biridir. Rejissorun “Azərbaycan dramaturgiyasının estetik problemləri” adlı doktorluq dissertasiyası sənətşünaslıq elmində ən dəyərli tədqiqatlardandır.

Teatr tariximizdə fəlsəfi-psixoloji üslubun ustadı olan Mehdi Məmmədov bu barədə deyib: “İnsan, ümumiyyətlə, fəlsəfəyə meyillidir. Fəlsəfə həyatın dərin idrakıdır. Rejissor ciddi düşünürsə, elə o da filosofdur. Ancaq mən heç vaxt qarşıma filosof kimi görünmək məqsədi qoymamışam. Fəlsəfəyə meyl özümdən asılı deyil”.

Teatr tariximizə adını əbədi həkk etmiş böyük sənətkar Mehdi Məmmədov 1985-ci il yanvarın 28-də dünyasını dəyişib.

Geri dön