Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Qabil Hüseynli: “Qərb Suriya məsələsində söz oyunu ilə məşğul olur”
Qabil Hüseynli: “Qərb Suriya məsələsində söz oyunu ilə məşğul olur” |
Suriyada vətəndaş müharibəsi davam edir. Son məlumatlara görə, bu ölkədə etirazların başladığı ilk gündən 33 min nəfər insan həlak olub. Eyni zamanda hazırda Suriyanın Hələb, İdlib kimi iri şəhərlərində hökumət qüvvələri ilə müxalifər arasında toqquşmalar davam edir. Artıq il yarımdan artıqdır ki, hərbi fazaya keçən Suriya hadisələri yaxın zamanlarda yekunlaşacaq kimi görünmür.
Bütün gözləntilərin əksinə olaraq, Bəşər Əsəd ordunu hələ də nəzarətdə saxlaya bilib. Üstəlik, İran və Rusiya artıq açıq şəkildə Suriyanı müdafiə edir. Müşahidəçilərə görə, bu iki faktorla yanaşı, Suriyada yerli burjaziya da hələ ki Əsəddən imtina etməyib. Bu faktorlar bütövlükdə Bəşər Əsəd hakimiyyətinin ömrünü uzadır. Ancaq burda daha bir mühüm məqam Qərbin Suriya məsələsində tutduğu mövqedir. Son proseslərdə görünən odur ki, Suriya məsələsində aparıcı rol Türkiyəyə verilib. Qərb Suriya məsələsində nisbətən geri çəkilmiş kimi görünür. Politoloq Qabil Hüseynlinin fikrincə, Suriyada vətəndaş müharibəsi daha ağır fazaya keçir. Q.Hüseynli deyir ki, Qərb Suriya məsələsində Liviyada olduğu kimi birmənalı, konkret siyasi xətt götürmədi: “Suriyada bu vəziyyət vətəndaş müharibəsinin ağır formasına keçməsinə səbəb olacaq və ya artıq olub. Ölkənin ifrastrukturu, maddi və mənəvi mədəniyyət abidələri məhv olunub. Belə gedərsə, Suriya xəyalət ölkəsinə çevriləcək. Üstəlik, Qərbin bu məsələdə mövqeyi kifayət qədər təəccüblüdür. İlk vaxtlar aktiv oldular. ”Suriyanın dostları" klubu yaradıldı, müxalifətə hər cür dəstək vəd edildi. Müəyyən qədər Türkiyəni də qızışdıraraq Əsədə qarşı səfərbər etdilər". Ekspert deyir ki, Suriya böhranının ən böyük zərbəsi qonşu ölkə olaraq Türkiyəyə dəyib. Bu baxımdan Q.Hüseynli Ankaranın beynəlxalq təşkilatlarla bağlı narazılığının doğru olduğunu düşünür: “Hələ ki Türkiyənin Suriya vətəndaş müharibəsindən ”qazandığı" 100 minlik qaçqın ordusu, 5 ölü və 8 yaralı vətəndaşı, bir vurulmuş “Fantom” təyyarəsi və 2 pilotdan ibarətdir. Bura həm də Suriya, eləcə də İran və Rusiya ilə münasibətlərin ciddi surətdə pisləşməsini əlavə etmək lazımdır. Qərb isə hələ də bəyanat verir, Suriya ilə söz oyunu ilə məşğul olur. Açığını demək lazımdır ki, beynəlxalq təşkilatların da bu prosesdə yararsızlığı ortaya çıxdı. Məsələn, BMT Suriya ilə bağlı bir qətnamə keçirə bilmədi. BMT TŞ-nin bir üzvü veto hüququndan isitifadə edərsə, heç bir qərar qəbul etmək mümkün olmur. Və dünyada sülhün yaradılması üçün real fəaliyyət göstərə bilmir. Suriya hadisələri göstərdi ki, ya BMT-də ciddi islahatlar aparılmalıdır, ya da bu təşkilat ciddi işlərin qulpundan yapışmalıdır". Q.Hüseynlinin sözlərinə görə, Avropa ölkələrində davam edən böhran, ABŞ-da prezident seçkiləri müəyyən qədər Suriya məsələsinə diqqətin azalmasına səbəb olan amillərdəndir. Eyni zamanda politoloq Rusiya və İranın Əsədi müdafiə etməsinin eləcə də ordunun sadiq qalmasını Bəşər Əsədin hakimiyyətini qoruyub saxlayan əsas amil kimi dəyərləndirir. Onun sözlərinə görə, Qərbin Liviya ssenarisinə getməməsinin daha bir səbəbi Suriya müxalifətinin tərkibi ilə bağlıdır: “Suriya müxalifətinin sıraları birrəng deyil. Onun sıralarında ”əl-Qaidə" və ya radikal dini qrupların olmasını bəhanə göstərirlər. Ancaq Türkiyə Azad Suriya Ordusunun və müxalifətin siyasi qanadının kifayət qədər etibarlı adamlardan ibarət olduğuna dair zəmanət verir. Qərb isə diktatorun hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı gözəl bəyanatlar versə də, onun hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı real iş görmür. Amma məsələ bu şəkildə də qala bilməz. Əsədin hakimiyyətdə qalması Rusiya və İranın Qərb üzərində qələbəsi kimi dəyərləndiriləcək. Təbii ki, Qərb də Suriyadan sonra daha ciddi məsələlər haqqında düşünür. Buna görə də belə desək, Əsədin bu cür at oynatmasına dözməyəcək. Bu baxımdan, Amerikada prezident seçkilərindən sonra vəziyyətin köklü şəkildə dəyişəcəyini güman etmək olar". Qabil Hüseynli deyir ki, istənilən halda, hətta Əsəd hakimiyyətdən getsə də, Suriya hadisələri tarixə öz azadlığı uğrunda mübarizə aparan xalqın ən qanlı səhifəsi kimi düşəcək. Eyni zamanda politoloq yaxın aylarda Suriyaya qarşı aktiv beynəlxalq fəaliyyətin başlayacağını düşünür. Buna misal kimi, İordaniya və Türkiyə ərazisinə məhdud sayda da olsa Amerika qüvvələri yerləşdirildiyini qeyd edən politoloq Suriyaya qarşı dənizdən əməliyyatların başlaya biləcəyini deyir. Q.Hüseynli deyir ki, Suriya hazırda Qərbin Yaxın Şərq planlarında açar ölkəyə çevrilib: “Zənnimcə, Suriya məsələsi həıl olunmadan Amerikanın Yaxın Şərq planları arzuladığı şəkildə getməyəcək və ABŞ gözləmədiyi situasiya ilə üz-üzə qala biləcək. Bu baxımdan düşünürəm ki, Suriya məsələsində Amerikanın passiv mövqedə qalacağı çox az ehtimal olunur. Yəqin ki, vəziyyət yaxın zamanlarda dəyişəcək”. KƏNAN Geri dön |