Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Bu, kütləvi qəhrəmanlıq idi” - MÜSAHİBƏ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Özəl xəbər, Fərəc Quliyev > “Bu, kütləvi qəhrəmanlıq idi” - MÜSAHİBƏ

“Bu, kütləvi qəhrəmanlıq idi” - MÜSAHİBƏ


Fərəc Quliyev: “Əmin idik ki, biz doğal haqqımıza qovuşacağıq”

Bu gün Azərbaycan tarixinə şərəflə yazılmış günlərdən birini qeyd edirik. 1991-ci ildə Ali Sovetdə 50 nəfərdən ibarət qrupun ciddi səyləri sayəsində Azərbaycanın dövlət Müstəqilliyi Aktı qəbul olundu.

Millət vəkili Fərəc Quliyevlə müsahibəmiz də elə bu günlə bağlıdır:

- Fərəc bəy, 21 il əvvəl Müstəqillik aktının qəbulu uğrunda mübarizəyə qalxmaq heç də asan məsələ deyildi...

- 1991-ci ildə iki proses baş verirdi və proseslərdən biri bitib digəri başlayırdı. Bir əsrdə Şimali Azərbaycan iki dəfə öz müstəqilliyi uğrunda mübarizə aparıb ona nail olurdu. Bununla da Azərbaycan müstəqil dövlət kimi beynəlxalq aləmdə öz sözünü deyə bilirdi. Bitən proses isə o idi ki, müstəqilliyə qədərki dövrdə bir mübarizə dövrü vardı və bu mübarizə dövrü də başa çatırdı. Bəziləri bu mübarizəni, müstəqilliyin əldə olunmasını SSRİ-nin dağılmasının sonu kimi qələmə verməyə çalışırlar. Amma bu uzun illərin mübarizəsinin son mərhələsi idi.
Bütün bunların sonu olaraq 91-ci ildə Azərbaycan parlamentində Müstəqillik Aktı qəbul olundu. 1990-cı il 20 Yanvar qırğını da buna bir qədər təkan verdi. Xalq bununla bir daha anladı ki, illərlə yedizdirdiyi ordu onunku deyil, onun üzərinə gələn işğalçı ordudur. İllərlə büdcəsinə pul verdiyi bir ölkə imperiyadır, onun torpaqlarını belə əlindən alıb başqasına verməyə hazırdır. Azərbaycan xalqı müstəqilliyə səs verməklə bütün bunlara son vermiş oldu. Hesab edirəm bu gün iş günü olmamalıdır, bu, təəssüf doğurur. Arzu edirəm ki, Azərbaycan xalqı bu günü özünə layiq şəkildə qeyd etsin.

- Ali Sovetin tərkibi böyük olsa da onlardan yalnız kiçik bir hissəsi müstəqillik uğrunda mübarizə aparırdı. Bu mübarizədə sizə stimul verən nə idi?

- Sonda digərləri də Müstəqillik Aktının qəbul olunması faktını təsdiqləməli oldu. Amma bu mübarizəyə başlayan qrup onunla fərqlənirdi ki, SSRİ-nin saxlanması ilə bağlı keçirilən referendum məsələsi Ali Sovetdə müzakirə olunanda onlar ona qoşulmadı. Bu insanlar qəti şəkildə referenduma yox dedi. Əsas məsələ də o zaman müzakirə olunurdu. Ondan sondakı mərhələdə xalqın mübarizəsinin nəticəsi olaraq bütün məsələlər avtomatik olaraq qəbul olunurdu. Artıq Xalq Hərəkatı və Xalq Cəbhəsi ictimai legitimliyi ələ almışdı. Parlamentdə müstəqilik davası aparan adamlar say baxımından az olsalar da, onlar gücü xalqdan alırdı, biz xalqın boğazıydıq, səsiydik. Bu gücün qarşısında da heç kim dayana bilməzdi. Milyonlarla insan meydanlarda hayqırırdı və biz də o hayqırtını parlamentə daşıyırdıq. “Demblok” adlanan qrupda təmsil olunanların hər biri də ictimai rəy liderləri idi və hər birimiz də bölgələrdən xalqı təmsil edən insanlar idik. Təsadüfi deyil ki, həmin vaxt keçirilən sorğuda Azərbaycan xalqı “Dünyanın ən mübariz xalqı” adlandırılmışdı. Biz də ən mübariz xalqın parlamentdəki səsi idik və bu səsi də heç kim boğa bilməzdi.

- O zaman bir qədər də emosiya, hisslərin dili ilə danışmaq vardı. Bu gün soyuq başla həmin dövrə nəzər salanda hansı təhlükəli durumdan keçdiyinizin fərqinə varırsınızmı?

- O zaman nə baş verəcəyini və hansımızın taleyində nələrin dəyişəcəyini heç birimiz düşünmürdük. Xalq kütləvi şəkildə qəhrəmanlıq edirdi, meydanlarda bir milyon adam mitinq keçirirdi, gücə-gündüz küçələrdə gecələyirdilər. Onda imperiya xalqı qırmağa gəldi, yüzlərlə itki, şəhidlər verə-verə xalq müstəqilliyin bərpasına doğru irəliləyirdi. Hesab edirəm ki, o zaman bizim yerimizdə indiki gənclər olsaydı, onlar da eyni yolu gedərdi. Bu mənada bizim əlahiddə insanlar olduğumuzu fikirləşmirəm. Qismət elə gətirdi ki, bu tarix bizim taleyimizə yazıldı. Amma o dövrdə çox ağır hadisələr baş verdi. Referenduma etiraz olaraq bir qrup olmaqla aclıq elan etdik. Bizi zorla parlamentdən çıxarıb, yaşadığımız ünvanlara aparırdılar, hədələyirdilər. Rusiyanın oyuncaq hakimiyyətinin hədələri də üst-üstə gəlirdi, açıq şəkildə sui-qəsdlər həyata keçirilirdi. Əgər xalqı təmsil edənlərin bir qrupu parlamentdə mübarizə aparırdısa, digər bir hissəsi ordu yaradaraq, cəbhədə, böyük hissəsi isə meydanlarda paralel şəkildə şərəfli mübarizə aparırdı. Biz hamımız ölümümüzü göz önünə alan, kəfənlərini üzərinə keçirən insanlar idik. İnsanlar bunu nümayiş xətirinə deyil, içərisindən gələn hiss olaraq yaşayırdı. Hətta şahidəm ki, 20 Yanvar hadisələrində “mən niyə şəhid olmamışam” deyənlər vardı. Ağır, riskli idi bu mübarizəni aparmaq. Bəlkə də bəzi məqamlarda bu emosional görünə bilər. Amma insanlar təkcə duyğusal deyil, həm də ağılla davranırdılar və həmin duyğuları da meydanlara daşıyırdılar.

- Mübarizənizin qalibiyyətlə nəticələnəcəyinə əminlik vardımı və bu əminlik nədən qaynaqlanırdı?

- Əlbəttə ki, əminlik vardı. Əvvəla mübarizənin ilkin mərhələsində meydanlara çıxan passionar hissə ki, vardı onlar təsadüfən bu addımı atmamışdılar. 200 illik davam edən mübarizənin gücü bizə də gəlib çıxmışdı. Bu mübarizəni bizlər deyil, Səttarxanlar, Pişəvərilər, İeyx Məhəmməd Xiyabanilər başlamışdı və bizlər də o dalğanın davamçıları idik. Əmin idik ki, biz doğal haqqımıza qovuşacağıq. Bu inam olmasaydı, mübarizəmiz də aparılmaz, və nəticə də müsbət nəticələnməzdi.

Gültəkin Qəhrəmanlı
AzNews.az

Geri dön