Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Korrupsiyaya qarşı mübarizə bu gün və sabah üçün də dövlət siyasətinin prioritet məsələsi olaraq qalacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Korrupsiyaya qarşı mübarizə bu gün və sabah üçün də dövlət siyasətinin prioritet məsələsi olaraq qalacaq

Korrupsiyaya qarşı mübarizə bu gün və sabah üçün də dövlət siyasətinin prioritet məsələsi olaraq qalacaq


İyunun 3-də Strasburqda Avropa Şurasının antikorrupsiya monitorinq orqanı – Korrupsiyaya Qarşı Dövlətlər Qrupunun (GRECO) 2019-cu ildə fəaliyyətini əks etdirən hesabatın təqdimatı keçirilib. Hesabat parlament üzvləri, hakimlər və prokurorların fəaliyyətində korrupsiyanın qarşısının alınması məsələlərini əhatə edir. Hesabata əsasən, Azərbaycan GRECO-nun tövsiyələrini 61,9 faiz icra etməklə bu göstərici üzrə Avropa Şurasına üzv 50 ölkə arasında 7-ci yerdə, MDB ölkələri arasında isə birinci yerdədir.

Auditorlar Palatasının sədri, professor Vahid Novruzov ölkəmizin qazandığı uğuru şərh edərək deyib: “Həqiqətən çox mühüm nailiyyət əldə olunub. Önəmli olanı isə budur ki, bu qiymətləndirmə GRECO tərəfindən təsbit edilib. Bir qədər ətraflı şərh etməli olsaq görərik ki, ölkəmiz beynəlxalq qurumun tövsiyələrini 61,9 faiz yerinə yetirdiyi halda, Ermənistanda bu göstərici cəmi 37,5 faiz, Gürcüstanda isə 38,9 faiz təşkil edib. Eyni zamanda, Azərbaycan Avstriya, Belçika, Danimarka, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, İspaniya kimi inkişaf etmiş ölkələri də çox qabaqlayır. Əldə olunan bu uğurun əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və möhkəm siyasi iradədən bəhrələnən sistemli yanaşma durur.

“Bu baxımdan təbii ki, dövlətimizin başçısının 2004-cü il 3 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər)” xüsusi qeyd olunmalıdır. Korrupsiya ilə əlaqədar hüquqpozmaların qarşısının alınması, aşkarlanması və nəticələrinin aradan qaldırılması, iqtisadiyyatın inkişafı üçün əlverişli şərait yaradılması, dövlət və yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin normativ hüquqi və təşkilati əsaslarının təkmilləşdirilməsini nəzərdə tutan bu proqramda mərkəzi və yerli icra hakimiyyəti orqanlarında korrupsiyaya qarşı mübarizə üzrə kompleks tədbirlər planının hazırlanması və tətbiq edilməsi, dövlət və özəl sektorda korrupsiyanın səviyyəsinin öyrənilməsi məqsədilə ixtisaslaşdırılmış tədqiqatların təşkili, etik davranış kodekslərinin hazırlanması və ya təkmilləşdirilməsi, onların BMT və Avropa Şurasının tövsiyələrinə uyğunlaşdırılması, bu kodekslərin pozulmasına görə məsuliyyətin müəyyənləşdirilməsi, xüsusi razılıq tələb olunan fəaliyyət növlərinə lisenziyaların verilməsində şəffaflığın artırılması və digər istiqamətlərlə bağlı mühüm vəzifələr müəyyən edilmişdi”, - deyə V.Novruzov bildirib.

Palata sədri qeyd edib ki, Prezident İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda icrası nəzərdə tutulmuş problemlərin həlli də ölkəmizdə şəffaflığın artırılması istiqamətində düzgün yol tutmaqda öz dəyərli töhfəsini verib. Bu ilin fevralında təsdiq olunmuş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda da ölkəmizdə şəffaflığın təmin edilməsi, vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi, informasiya azadlığı və digər sahələri əhatə edən mühüm vəzifələr müəyyənləşdirilib. Prezident İlham Əliyev əvvəllər olduğu kimi, indi də korrupsiyaya qarşı mübarizəni ən prioritet məsələ kimi dəyərləndirməkdə davam edir. Azərbaycanın korrupsiyadan azad olması və dünyanı bürümüş bu sosial bəla ilə mübarizədə ölkəmizin öncüllər sırasına çıxması mühüm bir vəzifə kimi qarşıda durur. Bu sahədə möhkəm siyasi iradə nümayiş etdirən Prezident İlham Əliyev dövlət quruculuğunda korrupsiya ilə mübarizənin daha qətiyyətlə aparılması zərurətini son vaxtlarda dəfələrlə vurğulayıb.

Korrupsiya və rüşvətxorluq hallarını aradan götürmək məqsədilə ölkəmizdə həyata keçirilən tədbirlərin son vaxtlar getdikcə daha böyük vüsət almaqda olduğunu diqqətə çatdıran V.Novruzov vurğulayıb ki, mübarizə metodlarının daha səmərəli olması üçün qanunvericilik bazası gücləndirilib və bu istiqamətdə işlər beynəlxalq təcrübə nəzərə alınmaqla davam etdirilməkdədir. Heç də təsadüfi deyil ki, şəffaflığın artırılması və korrupsiya ilə mübarizə sahəsində ölkəmizdə həyata keçirilən kompleks tədbirlər beynəlxalq təşkilatlar tərəfindən getdikcə daha yüksək dəyərləndirilir və Azərbaycanın reytinqi stabil olaraq artmaqdadır. Buna bariz nümunə kimi, GRECO-nun şərh etdiyim son hesabatını göstərmək olar. Dünya praktikasında dövlət məmurlarına mənfi imic gətirən “məmurların xalqdan aralı düşməsi” kimi yarıtmaz hala qarşı da Azərbaycanda Prezidentin göstərişləri əsasında yüksək vəzifəli şəxslərin regionlarda vətəndaşlarla təşkil edilən, son vaxtlarda isə onlayn formada görüşləri də əhali tərəfindən razılıqla qarşılanır. Bununla yanaşı, dövlət orqanlarında aşkarlığa əməl olunması, ictimai nəzarətin reallaşmağa başlaması, mühüm sənədlərin açıq müzakirəyə çıxarılması da diqqət çəkir. Bütün bu tədbirlərin qayəsi Azərbaycanda korrupsiyanın səviyyəsini azaltmaqdan və ölkəmizi bu bəladan xilas etməkdən, Vətənimizin imicinə xələl gətirən, Prezidentimizin sözləri ilə ifadə etsək, “sosial ədaləti pozan, cəmiyyəti sarsıdan bir yaradan” qurtarmaqdan, “onun üçün meydanı daim daraltmaqdan” ibarətdir.

V.Novruzov deyib: “Dünya təcrübəsi göstərir ki, nə sərt inzibati tədbirlər, nə repressiv qanunların qəbulu və tətbiqi heç biri ayrı-ayrılıqda bu işin öhdəsindən gəlmək iqtidarında deyil. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti korrupsiyaya qarşı mübarizədə inzibati-profilaktik tədbirlərlə yanaşı, maarifləndirmə və təbliğat işinə də ciddi fikir verməyi zəruri hesab edir. Korrupsiyaya qarşı mübarizədən danışarkən dövlətimizin başçısı belə əməllərə yol verənlərə dəfələrlə ciddi xəbərdarlıq edib: “Hər bir vətəndaş bilməlidir ki, onun korrupsiya ilə bağlı əməlləri cəzasız qalmayacaq”. Bu xəbərdarlıq ölkə başçısının çıxışlarının birində daha kəskin ifadə olunub: “Burada heç kimdə immunitet yoxdur, olmayacaqdır. Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər. Ona görə, mən bir daha bunu demək istəyirəm ki, növbəti illərdə də rüşvətxorluğa bulaşmış insanlar çox ciddi şəkildə cəzalandırılacaqlar. Kimsə nəticə çıxarmayıbsa, nəticə çıxarsın. Növbəti beş il ərzində Azərbaycan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də nümunəvi ölkə olmalıdır. Azərbaycanda görülən işlər dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsində olmalıdır. Biz o səviyyəyə qalxmalıyıq. Biz ona yaxınlaşmışıq, bir çox hallarda lap yaxınlaşmışıq. Amma hələ böyük işlər görülməlidir. Ölkəmizdə bütün işlər – iqtisadiyyat, sosial siyasət və bütün başqa məsələlər müasir səviyyədə olmalıdır. İnsanlar rahat yaşamalıdır, sosial ədalət prinsipləri tam şəkildə bərqərar olmalıdır. Nöqsanlarla çox ciddi mübarizə aparılmalıdır və aparılır. Bu sahədəki fəaliyyətimizi daha da gücləndirməliyik... Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılmalıdır. Bu barədə kifayət qədər qanunvericilik bazası mövcuddur, göstərişlər verilib, Sərəncamlar imzalanıb. Elə etməliyik ki, Azərbaycanda bu xoşagəlməz halları aradan götürək. Bunu etmək üçün isə gərək biz hamımız - həm iqtidar, həm vətəndaşlar bir hədəfə vurmalıyıq”.

Ölkəmizin başçısının bu sözləri sübut edir ki, korrupsiyaya qarşı mübarizə bu gün və sabah üçün də dövlət siyasətinin prioritet məsələsi olaraq qalacaq. Məhz belə bir düzgün və kompleks yanaşma GRECO-nun hesabatında əldə edilmiş uğura bənzər yeni-yeni nailiyyətlərin qazanılacağına əminlik yaradır.

Geri dön