Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hərb > Ermənistanla Azərbaycan arasında raket müharibəsi
Ermənistanla Azərbaycan arasında raket müharibəsi |
Rusiya 102-ci bazaya aid “S-300" raketlərini Qarabağın yaxınlığında yerləşdirməklə status-kvonu saxlamaq yönündə daha bir addım atır
Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginliyin artmaqda olduğu və hərbi əməliyyatların başlanması riskinin kifayət qədər artdığı bir vaxtda erməni qüvvələrinin Ermənistan və işğal altındakı Azərbaycan ərazilərində məxfi şəkildə raket təlimləri keçirdiyi açıqlanıb. Ermənistan Müdafiə Nazirliyi bildirib ki, təlimlər zamanı 300 kilometr məsafədən hədəfi dəqiq vuran raketlərlə təlim keçirilib. Düşmən ölkə ilk dəfə rəsmi şəkildə bildirib ki, mümkün hərbi əməliyyatlar zamanı Azərbaycanın neft-qaz infrastrukturlarına raket zərbələri endirilməsi planları hazırlayıb. Bu hədəyə cavab verən Azərbaycan tərəfi isə bildirib ki, neft-qaz infrastrukturları mümkün hava və raket hücumlarından etibarlı şəkildə müdafiə olunur, eyni zamanda Azərbaycan Ermənistan ərazisində istənilən hədəfi vurmaq imkanındadır. Ermənistanla Azərbaycan arasında qarşılıqlı raket hədələri Qərb mediasının da gündəmindədir. Eurasianet.org portalında Qafqaz problemləri üzrə ixtisaslaşmış jurnalist Coşua Kuçeranın bu mövzuda məqaləsi dərc olunub. Məqalədə tərəflərin mümkün raket müharibəsi kontekstində hərbi imkanları da nəzərdən keçirilir. Bildirilir ki, hazırda hər iki tərəf azı 300 kilometr məsafədən hədəfləri vura bilən operativ-taktiki raketlərə malikdir. Belə ki, Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın neft-qaz infrastrukturlarını hədəf almaq üçün NATO klassifikasiyasına görə “Scud” kimi tanınan 9K72 “Elbrus” operativ-taktiki raketlərə, “S-300" raketlərinə və ”Toçka-U" raket komplekslərinə arxayındır. BMT-nin oktyabrın 17-də açıqlanan məlumatına görə, Ermənistan ötən il Rusiyadan 8 raket kompleksi alıb. Söhbət “Toçka-U” raket sistemlərindən gedir. Qeyd olunmalıdır ki, Azərbaycan da həm “Skad” raketlərinin bir neçə modifikasiyasına, həm “Toçka-U” komplekslərinə və “S-300" raketlərinin daha modern versiyasına malikdir. *** Bəs Ermənistanın daha çox güvəndiyi “Skad” raketlərinin hansı imkanları var? 9K72 “Elbrus” operativ-taktik raket kompleksi “R-17" raketlərini atəşləyir. Bu raketlərin istehsal tarixi 1959-cu ildən başlanır. Hədəf uzaqlığı 300 kilometr təşkil edir. Hazırda Ermənistan ərazisindəki bazalarda 24, Dağlıq Qarabağda isə 4 ”Scud" kompleksinin olduğu bilinməkdədir. Hərbçilərin “kerosinka” adlandırdığı bu raket köhnə, lampalı texnologiyaya əsaslanır və maye yanacaqla işləyir. Dəqiqliyi azdır. Son olaraq Liviyada vətəndaş müharibəsində istifadə olunub. Həm 1990-cı illərdə körfəz, həm də 2011-ci ildə Liviya savaşında modernləşdirilmiş “Scud”lar qeyri-dəqiqlik göstərib. Son olaraq Liviyada Qəzzafi qüvvələrinin üsyançıların qərargahı Benqazi şəhərinə atdıqları raket hədəfdən xeyli uzağa düşmüşdü. Bu baxımdan Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində yerləşdirdiyi “Skad” raketləri mümkün raket müharibəsində heç də effektli vasitə hesab edilməzdi. Azərbaycan isə “Skad” raketlərinə arxayın deyil və ən son texnologiyalara əsaslanan və hədəfi yüz faiz dəqiqliklə vura bilən uzaqmənzilli döyüş vasitələri almağa üstünlük verib. Belə vasitələr əsasən İsrail və Türkiyədən alınıb. Hərbi qaynaqlardan əldə edilən məlumatlara görə, Azərbaycan ordusu vaxtaşırı olaraq bu cür vasitələri sınaqdan keçirir, nəticələr isə kifayət qədər yüksəkdir. Həmçinin Azərbaycan hədəfi daha dəqiq vura bilən “Toçka-U” sistemlərini Ermənistandan əvvəl əldə edib. O cümlədən Rusiyadan “S-300" raketlərinin daha modernləşdirilmiş versiyasını alıb və onları öz strateji obyektlərinin mümkün hava-raket hücumlarından müdafiəsi üçün döyüş növbəsinə daxil edib. *** OTR-21 “Toçka” hazırda Rusiya və Ukraynada istehsalı davam etdirilən “Toçka” 1976-cı ildən istehsal olunur. Ermənistan inventarında “Toçka-U” raketinin olması ilk dəfə 2011-ci ilin sentyabr ayında keçirilən paradda bəlli olub. Rəsmi məlumatlara görə, Ermənistanda 4 ədəd OTR-21 buraxıcı qurğusu və 24 raketi mövcuddur. GLONNAS inersiya sisteminə malik bur raketlərin uzaqlığı 120 km təşkil edir. “Scud”larla müqayisədə “Toçka”lar yüksək dəqiqliyə malikdir. Lakin hərbi ekspertlərin qənaətinə görə, uzaq məsafədən hədəfləri vurmaq qabiliyyətində olan raketlərlə iş bitmir. Mümkün hərbi qarşıdurmada hansı tərəfin daha effektiv radar sisteminə malik olması həlledici əhəmiyyət kəsb edəcək. Bu sahədə isə Ermənistan Azərbaycanla rəqabət aparmaq iqtidarında deyil. Belə ki, Azərbaycan İsraildən “Green Pine” raketdən müdafiə sistemləri alıb, bu sistem hədəfi yüksək dəqiqliklə izləyən radarlardan və ona dəqiq zərbə endirən raketlərdən ibarətdir. İsraildə keçirilən təlimlər bu sistemin raket hücumlarından olduqca etibarlı müdafiəni təmin etdiyini təsdiqləyib. Xüsusən Rusiya istehsalı olan raketlərin İsrailin istehsalı olan raketdən müdafiə sistemini keçməsi mümkün hesab edilmir. *** Bu mövzu ilə bağlı Lent.az-ın araşdırmasında isə deyilir ki, Azərbaycanın Hava Hücumundan Müdafiə (HHM) sisteminin əsas elementini “S-300", ”Favorit" və “S-200" zenit-raket kompleksləri təşkil edir. Bununla yanaşı, HHM sistemi modernləşdirilmiş ”S-125" “Peçora” komplekslərinə malikdir. Eyni zamanda İsrail istehsalı olan yeni HHM sistemi mövcuddur. Hansı ki, ballistik raketləri buraxıldığı andan hərəkət trayektoriyasını nəzarətə götürür, hesablayır və bəlli məsafədə onu məhv edir. Ölkənin əsas enerji obyektləri isə dünyanın aparıcı ölkələrinin istehsalı olan, Qafqazda yalnız Azərbaycanın malik olduğu HHM sistemləri ilə mühafizə olunur. Bu sistem nəinki Ermənistan, eləcə də bölgədəki digər ölkələrin silahlanmasında olan ballistik raketlərə qarşı mübarizə üçün nəzərdə tutulub. Ermənistanın raket zərbələri ilə bağlı təlimlərinin sıradan bir model olduğunu düşünən Azərbaycan hərbçilərinin fikrincə, bunlar daxili ictimai rəyə hesablanıb. Ermənistanın hərbi rəhbərliyi hansı bölgədə yerləşdiyini, Azərbaycanın hansı imkanlara malik olduğunu yaxşı bilir. “Ermənistan seysmoaktiv bölgədə yerləşir. Digər tərəfdən, Ermənistan rəhbərliyi ölkədə daha təhlükəli obyektlərin olduğunu da yaxşı bilir” - deyə Silahlı Qüvvələrin adının açıqlamasını istəməyən yüksək rütbəli zabiti vurğulayıb. Azərbaycan Müdafiə Nazirliyinin zabiti deyir ki, bu gün Azərbaycan uzaqmənzilli artilleriya baxımdan Ermənistanı çox geridə qoyur. Azərbaycanın mövcud raket kompleksləri və reaktiv artilleriya sistemi cəbhə xəttinin 100-160 km dərinliyindəki düşmən hədəflərini məhv etmək qabiliyyətindədir. Digər tərəfdən, Ermənistan həm Azərbaycan, həm də Naxçıvan Muxtar Respublikası istiqamətindən iki cəbhə arasında yerləşir. Düşmənin Silahlı Qüvvələrinin bütün hərəkətləri, hərbi texnikanın və raket sistemlərinin dislokasiya xəritəsi daim nəzarət altında saxlanılır. *** Bu arada ABŞ-ın “İMİNT &Analysis” kəşfiyyat araşdırmaları mərkəzinin yaydığı məlumat da Ermənistanın raket təlimləri ilə bir vaxtda diqqətləri cəlb edib. Mərkəz peykdən çəkilmiş fotoşəkillərlə müəyyən edib ki, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasına aid “S-300" zenit-raket kompleksləri Gorus rayonu ərazisində, Dağlıq Qarabağın cəmi 7 kilometrliyində yerləşdirilib. Ötən il isə mərkəz erməni ordusunun Dağlıq Qarabağda yerləşdirdiyi ”Skad" raketlərinin mövqelərinin şəklini yaymışdı. Söhbət təkcə Ermənistanın nəzarətində olan “S-300" raketlərindən deyil, Rusiya hərbi bazasına aid olan zenit-raket komplekslərindən getdiyi üçün onların Azərbaycan sərhədləri yaxınlığında yerləşdirilməsi Moskvanın regiondakı siyasətinin nəyə yönəldiyini bir daha göstərməkdədir. Rusiya “S-300" raketlərini Azərbaycan sərhədləri yaxınlığında yerləşdirməklə kifayətlənməyib şimal sərhədlərimizdə bu raketlərin ən son versiyasını - ”S-400" raketləri yerləşdirməyə hazırlaşır. Rusiya Azərbaycanın hərbi hava qüvvələri baxımından Ermənistanla müqayisə olunmayacaq dərəcədə güclü olduğunu nəzərə alır və belə görünür ki, regionda hərbi balansı “S-300" və ”S-400" raketləri ilə saxlamağa, bununla da Qarabağ münaqişəsi ətrafındakı status-kvonun dəyişməsinə imkan verməməyə səy göstərir. *** Rusiyadakı Geosiyasi Problemlər Akademiyasının vitse-prezidenti Konstantin Sivkov da Ermənistanın “rus çətiri altında olduğuna” diqqəti cəlb edir. Ekspert pravda.ru saytına müsahibəsində deyib ki, 102-ci bazanın Ermənistan ərazisində yerləşdirilməsi o deməkdir ki, bu ölkəyə qarşı münaqişəyə Rusiya da qarışacaq. Ekspertin sözlərinə görə, nəzəri baxımdan 102-ci baza Ermənistanı Türkiyədən müdafiə edir. Lakin Ermənistanda hazırda bir cəbhə - Azərbaycan cəbhəsi var və Rusiya hərbi bazası bu cəbhədən Ermənistanın etibarlı müdafiəsinə təminat verir. K.Sivkov 102-ci bazada yerləşdirilən “S-300" raketlərinin və ”MiQ-29" qırıcılarının Ermənistanı etibarlı şəkildə qoruduğunu deyir. Onun sözlərinə görə, bu qüvvələr kifayət etməsə bazaya əlavə HHM vasitələri və qırıcılar göndərilə bilər. Fərhad MƏMMƏDOV Geri dön |