Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türkün şanlı tarixi > MİLLƏT OLMAQ ƏZMİ/ Məmməd Əmin Rəsulzadə /
MİLLƏT OLMAQ ƏZMİ/ Məmməd Əmin Rəsulzadə / |
Azərbaycan Türkcəsinə uyğunlaşdıran: Ramin Cabbarlı
Millət anlamını ifadə etmək üçün dilimizdə iki sözcük vardır: Milliyyət və Millət. Bunlardan birincisi dilsəl(lisani), dini, irqi, qövmi, tarixi, coğrafi, iqtisadi və siyasi amillərin təsiri ilə meydana gələn etnik bir topluluğu ifadə edər. İkincisi ilə bu topluluqda doğan ümumi bir idarəni anladır. Madzini’nin məşhur tərifinə görə Millət “torpağın, mənşəyin, əxlaq ilə adətlərin və dilin birliyindən dolayı həyatında və ictimai vicdanında anlaşma və ortaqlıq yaratmış bir insan topluluğuna” deyilir. Durkimin düşüncəsinə görə isə “ etnik amillər vəya sadəcə tarixi səbəblərlə eyni qanunlar altında yaşamaq və tək bir dövlət qurmaq istəyən insan topluluğuna millət deyilir.” Durkim, bu tərifi müşahidə etdiyi olaylarla təyid edərkən “israrla təyid olunursa, bu kollektiv(maşeri) iradənin təmin olunmaq haqqında malik olduğu və bu iradənin dövlət qurmağa biricik əsas təşkil etdiyi, indiki mədəni millətlərcə, artıq bir prinsip olmuşdur” deyir. Madzininin tərifi ilə Durkimin tərifi arasındakı ifadə fərqinə diqqət etmək lazımdır: Birincisində Millət unsuri və tarixi bir olay( vaqiə)-dır. İkincisində isə Millət ictimai və idari bir hadisədir. O birində Millətin oluşmaq gedişi anladılır; Bu birində- Millət bir “prinsip” kimi göstərilmişdir. O rüşeymdir, bu uşaqdır. O ağacdır, bu meyvədir. O anadır, bu baladır. O milliyyətdir, bu Millətdir. Dilləri, adətləri, tarixləri və dinləri, vətənləri vb. bir olan insanlar bir milliyət təşkil edərlər; fəqət bir Milliyyətin Millət halına gəlməsi ümumi şüur və kollektiv( Maşeri) iradənin ortaya çıxmasına bağlıdır. Bu isə yalnız “ictimai hafizə” vəzifəsini görən orqanın yaranmasıyla vücuda gəlir. Bu orqan müxtəlif zamanlara görə dəyişir. Orta çağlarda bu vəzifəni feodal kəsim görür, milliyyətin sosyal həyat və gələnəklərini qeyd və zəbt edən “hafizə” xan sarayları ilə şuvalyə qalalarından ibarət olub qalırdı. Zamanın dəyişməsiylə, təbii olaraq bu orqan da dəyişdi. Burjuvazinin ortaya çıxışı ilə feodal sistem dağıldı. Mənəviyyət mərkəzi qalalardan şəhərlərə keçdi. Şəhərlərdə yetişən aydın(ziyalı) kəsim Millətin şüurunu tərbiyə və iradəsini təmsil edən bir sinif halına gəldi. Bu sinif, qullandığı ən böyük vasitə- mətbuat yoluyla Milliyyətdəki kollektiv iradəni işlədi; Öz arasından bu iradəni gücləndirən adamlarıyla sənət adamları yetişdirdi. Bunların sayəsində mənliyini tərk edən milliyyət topluluğu bir millət olmaq əzminə gəldi. Demokratik Azərbaycan topluluğunda bu millət olmaq iradəsi, sözün, əsrimizdəki mədəni anlamıyla, 28 May hadisəsi və bəyannaməsi ilə quruldu. 32 ildən bəri dünya tarixinin ən qorxunc bir istilası altında olmasına, ən amansız totaliter bir rejimin məhkumu olmasına baxmayaraq, Azərbaycan topluluğu bu iradəyə sadiq qaldığını hər fürsətdə izhar etməkdə, milliyət dövründən çıxaraq millət olduğunu, 28 May düşüncəsinə bağlılığını hər vasitə ilə isbat etməkdədir. Qaynaq: Azerbaycan, Yıl 1, Sayı 5 1.Ağustos. 1952 Ankara Geri dön |