Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > 1993-cü ilin 15 iyunu - Azərbaycan xalqının QURTULUŞ tarixi
1993-cü ilin 15 iyunu - Azərbaycan xalqının QURTULUŞ tarixi |
Xalqımızın yetirdiyi nadir şəxsiyyət, müdrik dövlət xadimi
Tarixin yaddaşına möhürünü vurmuş şəxsiyyətlərin zəngin, şərəfli və mənalı ömür yolunu nəzərdən keçirmək bütöv bir millətin, dövlətin salnaməsini yazmaq qədər çətindir. Ümummilli liderimiz Heydər Əliyev də Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyətlərdən biri kimi milyonların qəlbində yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən Ulu Öndərin adı Azərbaycan tarixinə silinməz iz qoymuş böyük şəxsiyyət, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb. O, Azərbaycanın inkişaf yolunu müəyyənləşdirib, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlayıb, milli ruhun və ideologiyanın yüksəlişinə təkan verib. Azərbaycan xalqının taleyində dönüş anı olan 1993-cü ilin 15 iyunundan ötən hər il Ümummilli Liderimizin misilsiz xidmətləri daha dərindən dərk olunur. Çünki ulu öndər Heydər Əliyev fərqli siyasi sistemlərdə millətinin qurtuluşuna nail olan dövlət xadimidir. Azərbaycanın XX əsr tarixinin 60-cı illərindən başlayan dövrü Heydər Əliyev şəxsiyyəti, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. XX yüzilliyin 60-cı illərinin sonunda dahi şəxsiyyət Heydər Əliyevin doğma xalqa həsr olunmuş ömür yolunda yeni, daha geniş, çoxşaxəli, qaynar fəaliyyət dövrü başlayıb. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü müstəqil Azərbaycan ümummilli liderimiz Heydər Əliyev tərəfindən hələ o zaman qurulub. 1970-1985-ci illərdə, bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradılıb, milli iqtisadiyyatın əsası qoyulub. 213 iri sənaye müəssisəsi işə salınıb, bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan keçmiş ittifaqda aparıcı yerlərdən birini tutub. 1969-1982-ci illərdə 15 mindən çox azərbaycanlı tələbə SSRİ-nin qabaqcıl ali məktəblərində təhsil almağa göndərilib. Müstəqillik dövründə Azərbaycanın yüksəkixtisaslı mütəxəssislər sarıdan çətinlik çəkməməsi, zəruri sosial-iqtisadi potensial məhz Ulu Öndərin respublikamıza 1969-1982-ci illərdə rəhbərliyi dövründə göstərdiyi misilsiz dövlətçilik fəaliyyətinin nəticəsidir. Dahi şəxsiyyət Vətəni və xalqı naminə ən təhlükəli addımları belə, inamla atıb. 1987-ci ildə Moskvada olarkən təhdidlərə baxmayaraq, Sovet İKP MK-nın Siyasi Bürosunun üzvlüyündən istefa verərək 20 Yanvar faciəsini törədənləri kəskin ittiham etməklə milli iradə, qətiyyətli və prinsipial mövqe, həqiqi vətənpərvərlik nümayiş etdirib. Bu kəskin bəyanatdan sonra milli liderimizin Moskvada yaşaması mümkün olmayıb. O, 1990-cı il iyulun 20-də Bakıya gəlib. Lakin burada – vaxtilə qurub-yaratdığı şəhərdə qalmaq, ağır fəlakət anında xalqı ilə bir yerdə olmaq imkanı verilmədiyindən iki gün sonra iyulun 22-də doğma Naxçıvana qayıdıb və buradan bütün Azərbaycanın qurtuluş mübarizəsinə rəhbərlik edib. Ulu Öndər 1990-1993-cü illərdə Naxçıvanda dövlət müstəqilliyinin bərpası istiqamətində tarixi qərarlar qəbul edib Böyük şəxsiyyət hələ 1990-cı ilin noyabr ayında Naxçıvanda dövlət müstəqilliyinin bərpası istiqamətində tarixi qərarlar qəbul edərək müstəqil dövlətçiliyin əsasını qoyub. Ümummilli Liderimizin muxtar respublikamızda yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illər təkcə Naxçıvanda deyil, bütün Azərbaycanda mühüm rol oynayıb. Bu həmin dövr idi ki, ermənilərin Azərbaycana qarşı təcavüzünün 1988-ci ildə başlanan son mərhələsi coğrafi cəhətdən ana vətəndən ayrı düşmüş Naxçıvanın blokadaya salınmasına səbəb olub, nəticədə, 1990-cı ildə ölkəmizin digər əraziləri ilə hava nəqliyyatı istisna olmaqla, bütün kommunikasiya əlaqələri kəsilib, Naxçıvan böyük təhlükələr ilə üz-üzə qalıb. Belə çətin bir zamanda Naxçıvan Muxtar Respublikasının Ali Məclisi xalqımızın azadlıq məfkurəsinin reallığa çevrilməsi üçün Ulu Öndərin rəhbərliyi altında tarixi qərarlar qəbul edib. Sovet İttifaqının saxlanılması üçün qanunsuz referendum muxtar respublikada keçirilməyib, Azərbaycan Xalq Cümhuriyyətinin milli istiqlal rəmzi olan üçrəngli bayrağımız ilk dəfə Ümummilli Liderin sədrliyi ilə Naxçıvan parlamentində qaldırılıb, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılıb. Dünya azərbaycanlılarının həmrəyliyinin əsasının qoyulması, blokada şəraitində yaşayan Naxçıvanın işğaldan xilas edilməsi, burada çoxşaxəli iqtisadi islahatların aparılması dahi rəhbər Heydər Əliyevin qətiyyəti və təşəbbüsü nəticəsində mümkün olub. Böyük şəxsiyyət çoxşaxəli fəaliyyəti ilə Azərbaycan dövlətçiliyinin Naxçıvan məktəbini yaradıb, muxtar respublikada milli dövlətçiliyin qurulması istiqamətində nəhəng işlər görülüb. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində Ümummilli Liderin rəhbərliyi ilə Naxçıvan inkişaf edib, cəmiyyət quruculuğu sahəsində qətiyyətli addımlar atılıb. Azərbaycan xalqı belə cəsarətli, düşünülmüş və məqsədyönlü, ümummilli mənafelərə xidmət edən addımların ölkə miqyasında da atılmasını tələb edirdi. Çünki 1990-1993-cü illərdə Azərbaycanda baş verən hadisələr onu göstərib ki, ölkəmizin nicatı Heydər Əliyev ideyalarında, Heydər Əliyev yolundadır. Həmin dövrdə Azərbaycan 1991-ci ildə bərpa olunmuş müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi. Ölkəmizdə anarxiya və xaos hökm sürürdü. Xalq Cəbhəsi-Müsavat hakimiyyəti ölkəmizi dərin böhrana sürükləmişdi. Azərbaycan xalqı varlığının, ölkənin bütövlüyünün, yenicə qazanılmış müstəqilliyin qorunub saxlanılmasını istəyirdi. Ancaq mövcud hakimiyyət və onun rəhbərləri buna heç cür qadir deyildi. Ölkədə vətəndaş müharibəsi başlamışdı. 1993-cü il iyunun 4-də Gəncədə qarşıdurma yaşanıb, qardaş qanı tökülüb. Gəncədə baş verən hadisələrə də ilk dəfə iyunun 5-də ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisi münasibət bildirib. Azərbaycan real olaraq parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Görkəmli dövlət xadimi ölkəmizi xaosdan, parçalanmaqdan, yox olmaqdan xilas etdi 1992-ci ildə ölkəmiz artıq müstəqil dövlət olsa da, respublikada gedən hakimiyyət çarpışmaları ermənilər tərəfindən Xocalı soyqırımının törədilməsinə şərait yaradıb, Şuşanın və Laçının asanlıqla işğalına səbəb olub. Bu dövrdə erməni silahlı birləşmələri Naxçıvana qarşı irimiqyaslı hərbi əməliyyatlara başlasa da, Naxçıvanda xalqla rəhbərin vəhdəti düşmənə rəşadətlə sinə gərərək torpaqları qoruyub saxlamağa kömək edib. Xalqın böyük təkidli tələbi ilə, respublikada yaranmış böhranlı şərait, hakimiyyətsizlik və özbaşınalıq, ölkəmizin müstəqilliyi üçün real təhlükənin yaranması görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıtmasını zəruri edib. Tarixə “Milli Qurtuluş Günü” kimi daxil olan 1993-cü ilin 15 iyununda ulu öndər Heydər Əliyev Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizi məhv olmaq təhlükəsindən qurtarıb. Azərbaycan parlamentinin iclasındakı çıxışında Ulu Öndər dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özünün əsas vəzifələrindən biri hesab edərək deyib: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”. 15 iyun müstəqil Azərbaycan dövlətinin tarixinə “Milli Qurtuluş Günü” kimi daxil olub. Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci il 27 iyun tarixli Qərarı ilə dahi şəxsiyyətin ölkə rəhbərliyinə qayıdışı gününü rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etmişdir. Yüksəlişə doğru 1993-cü il oktyabrın 3-də və 1998-ci il oktyabrın 11-də ölkə Prezidenti seçilən qüdrətli siyasətçi Heydər Əliyev öz siyasi qüvvə və bacarığını Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə, dövlətimizin beynəlxalq aləmin sivilizasiyalı, çağdaş və inkişaf etmiş dövlətləri sırasına çıxmasına, respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının çiçəklənməsinə sərf edib. Müdrik rəhbərin uzaqgörən siyasəti nəticəsində ölkədəki özbaşınalıq, anarxiya aradan qaldırılıb, qanunların aliliyinə, hüquqi-demokratik prinsiplərə əsaslanan idarəçilik sistemi yaradılıb, vətəndaş həmrəyliyi bərpa olunub. Görkəmli dövlət xadiminin tarixi xidmətləri sayəsində Azərbaycanda iqtisadi tərəqqiyə geniş rəvac verən qlobal layihələrin gerçəkləşdirilməsinə başlanılıb. Xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalanıb. Ölkəmiz beynəlxalq təşkilatlarda layiqincə təmsil olunmağa başlayıb, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiya qəbul edilib. Dünya Azərbaycanlılarının qurultayları milli həmrəyliyə nail olmaq amalının Azərbaycanın dövlət siyasətinin tərkib hissəsinə çevrildiyini nümayiş etdirib. Müstəqil Azərbaycanın sosial, siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində ciddi, hərtərəfli, möhtəşəm yüksəlişin baş verməsi ulu öndər Heydər Əliyevin fəaliyyətinin saysız-hesabsız bəhrələrindəndir. Bir sözlə, 1993-2003-cü illərdə ulu öndər Heydər Əliyev müstəqilliyimizin əsl xilaskarı, hər bir vətəndaşın böyük qayğıkeşi, hamisi, Azərbaycanın qurucusu kimi öz sağlığında xalqın qəlbində əbədi yer tutdu. Azərbaycan dövlətini labüd fəlakətlərdən, hərc-mərclikdən xilas edən dahi şəxsiyyət Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf xəttini hazırda ölkə başçısı İlham Əliyev uğurla davam etdirir. Bunun nəticəsidir ki, Azərbaycan bu gün inkişaf edən dövlətlər sırasında öz layiqli yerini tutub. Naxçıvan Muxtar Respublikası da Milli Qurtuluşdan başlanan böyük inkişaf yolu keçib Muxtar respublika da Milli Qurtuluşdan başlanan böyük inkişaf yolu keçib. Son illər rayon mərkəzlərindən ucqar dağ kəndlərinədək aparılan genişmiqyaslı quruculuq işləri qədim Naxçıvanı daha da gözəlləşdirib. Həyata keçirilən iqtisadi islahatlar ötən tarixi dövr ərzində muxtar respublikada iqtisadiyyatın dinamik inkişafına təkan verib və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bütün bunların nəticəsi olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin ilk sədri olduğu “Caspian European Club”un 2017-2018-ci illər üçün Azərbaycanın iqtisadi regionlarının 18 parametr üzrə hazırlanmış illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq lider olub. Artıq Naxçıvanda ərzaq, enerji və müdafiə təhlükəsizliyi tam təmin olunub. Bir zamanlar istehsalın əksər sahələrində idxaldan asılı olan muxtar respublika indi ixracatçıya çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri zamanı bu qədim yurd yerinin inkişafına yüksək dəyər verərək deyib: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Onun problemlərinin, qayğılarının, bütün sosial məsələlərin həlli üçün bizdə çox güclü iradə, imkanlar var və görülən işlər bizim siyasətimizi əks etdirir. ...Biz bu siyasətin gözəl nəticələrini ölkəmizin hər bir yerində görürük, o cümlədən Naxçıvan Muxtar Respublikasında. Bir daha demək istəyirəm ki, burada aparılan işlər çox yüksək qiymətə layiqdir, çox böyük zəhmət, çox böyük məhəbbət tələb edir. Görürəm ki, bütün işlər böyük məhəbbətlə, böyük zövqlə görülür ki, insanlar üçün yaxşı şərait yaradılsın, Naxçıvan Muxtar Respublikası bundan sonra da uğurla inkişaf etsin”. Qurtuluşun işığında müasirləşən şəhərlər, kəndlər, yaradılan infrastruktur Naxçıvanı Azərbaycanın ən gözəl, həm də ən çox turistin üz tutduğu diyarına çevirib. Muxtar respublikada sabitlik hökm sürür, sərhədlərimiz qorunur, torpaqlarımız etibarlı müdafiə olunur. 2018-ci ildə Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər işğaldan azad edilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev həmin hərbi əməliyyatları “Uğurlu Naxçıvan əməliyyatı” adlandırıb. Bu torpaqlar artıq əkin dövriyyəsinə qatılıb, zəhmətkeş insanlar tərəfindən əkilib. Burada suvarma üçün müasir qurğular yaradılıb. Muxtar respublikada şəhərlə kənd arasındakı fərq aradan qaldırılıb. Buna səbəb yaradılan müasir yol infrastrukturu, yurd yerlərimizin abadlaşması, ən ucqar kəndlərimizdə belə, əhalinin müasir texnologiyalardan istifadə etməsi olub. Naxçıvanda məşğulluq təmin olunub, yeni xidmət və istehsal sahələrinin yaradılması iş yerlərinin açılmasına səbəb olub, məskunlaşma artıb. Həyata keçirilən uğurlu ekoloji siyasət nəticəsində bu gün diyarımızda yaşıllıqların sahəsi 20 faizə qədər artırılıb. Naxçıvanda dövlət gənclər siyasəti uğurla həyata keçirilir, gənc nəslin təhsil və tərbiyəsi qayğısına qalınır. Bu gün naxçıvanlı gənclər peşəkar mütəxəssis, ən əsası isə Vətənə və dövlətçiliyə bağlı əsl vətəndaş kimi yetişməkdədir. Təbii ki, bunların hamısı Milli Qurtuluş Gününün bəhrələridir. Müasir Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası bu gün əldə etdiyi bütün uğurlara görə Ulu Öndərimizin 1993-cü ildə ali hakimiyyətə qayıdışına, Milli Qurtuluş Gününə borcludur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün, bizim hamımız üçün müqəddəsdir. Ona görə ki, ötən əsrin 90-cı illərində başımızın üstünü almış təhlükənin sovuşmasına, milli dövlətçiliyimizin xilasına və bu gün müstəqil Azərbaycanda sabitlik, əmin-amanlıq şəraitində yaşamağımıza görə Milli Qurtuluş Gününə borcluyuq. Bu bayram bizim üçün bir də ona görə müqəddəsdir ki, o, ulu öndər Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Ulu Öndərin 1969-cu ildə ölkəmizdə birinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanın dirçəliş və çiçəklənmə dövrü kimi səciyyələnirsə, 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Milli Qurtuluş tariximizin yazılması ilə əlamətdardır. Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ təşkil edir”. Geri dön |