Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nəriman Nərimanovun 150 illik yubileyi qeyd olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Nəriman Nərimanovun 150 illik yubileyi qeyd olunub

Nəriman Nərimanovun 150 illik yubileyi qeyd olunub


AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialında görkəmli yazıçı və dövlət xadimi Nəriman Nərimanovun anadan olmasının 150 illiyi münasibətilə dəyirmi masa təşkil keçirilib.

Akademiyadan bildirilib ki, tədbirdə muzeyin Xaqani Şirvani adına Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Azərbaycan ədəbiyyatının qabaqcıl ideya və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynamış Nəriman Nərimanovun zəngin yaradıcılığından və publisistik fəaliyyətindən danışıb. Bildirib ki, yazıçının bədii yaradıcılığı ilə ictimai və siyasi fəaliyyəti arasında üzvi bağlılıq olub. Onun ömrünün mühüm hissəsi qəlbən inandığı və həyatının başlıca vəzifəsi sayaraq müqəddəs amala çevirdiyi xalq işi uğrunda ardıcıl mübarizələrdə keçib. Nəriman Nərimanov keçmişimizin mədəni sərvətlərinin mühafizəsinə, ana dilinin saflığı məsələlərinə xüsusi diqqət yetirib, elmin, maarifin və mədəniyyətin inkişafı yolunda çalışıb, dövrün milli məfkurə daşıyıcısı olan şəxsiyyətlərinə ehtiram və qayğı ilə yanaşıb.

Sonra görkəmli yazıçının həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Dəyirmi masanın virtual qonağı olan Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Habil Məmmədov N.Nərimanovun Azərbaycanın ictimai-siyasi fikir tarixinə daxil olmuş, çoxcəhətli ictimai, ədəbi və siyasi fəaliyyəti ilə xalqın azadlığı və səadəti uğrunda mübarizə aparmış dövlət xadimi olduğunu bildirib.

Tədbirdə çıxış edən Kürdəmir şəhər 3 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Günəş Xudiyeva N.Nərimanovun istər nəsr və dram əsərlərində, istərsə də tərcümələrində dil, üslub və mövzu zənginliyindən bəhs edib. Vurğulayıb ki, ədib tarixi dramlarında, satirik pyeslərində, həmçinin nəsr əsərlərində dini fanatizmi, savadsızlığı və özbaşınalığı tənqid hədəfinə çevirib, xalqlar arasında dostluğu, zülm və istibdada etirazı, ülvi məhəbbəti təbliğ edib.

Karrar qəsəbə tam orta məktəbin dil-ədəbiyyat müəllimi Şəfəq Ağayeva isə yazıçının dövrün mütərəqqi fikirli ziyalıları ilə birgə “İrşad” və “Həyat” qəzetlərində, “Məktəb” jurnalında, sonralar isə özünün açdığı və redaktoru olduğu “Hümmət” qəzetində dərc etdirdiyi məqalələrində, felyetonlarında xalqdan uzaq düşən, xalqın məişətini və dilini bilməyən ziyalıları töhmətlənməsindən, fırıldaqçı ruhaniləri ifşa etməsindən, zəhmətkeş qadınların əsarətdən qurtulması yollarından bəhs etməsindən danışıb.

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbəsi Nuralı İsmayılov N.Nərimanovun fəaliyyətində türkçülük mövqeyindən danışıb, Kürdəmir Regional Mədəniyyət İdarəsinin bədii rəhbəri Sahilə Müseyibova isə yazıçının milli-mənəvi dəyərləri daim qorumağa çalışdığını, onun Şərqdə ilk olaraq milli kitabxana – qiraətxananın açılmasına nail olduğunu qeyd edib.

Geri dön