Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > 11 ton qızılımız Londondadır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > 11 ton qızılımız Londondadır

11 ton qızılımız Londondadır


Neft Fondu onu ölkəyə gətirəcək

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) yeni investisiya alətlərinin tətbiqi çərçivəsində aldığı qızılı Azərbaycana rüsumsuz və ƏDV-siz gətirəcək.Nazirlər Kabineti «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında» 1998-ci il 22 aprel tarixli qərarında dəyişiklik edib.
Qərara əsasən, Azərbaycan Dövlət Neft Fondunun aktivlərində yerləşdirilməsi üçün idxal olunan qızıldan gömrük rüsumu tutulmayacaq. Nazirlər Kabinetinin digər qərarı ilə ARDNF-in gətirdiyi qızıl ƏDV-dən də azad olunub. Adı çəkilən qərarlar Fondun İqtisadi İnkişaf, Maliyyə, Vergilər nazirlikləri, eləcə də Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifi əsasında qəbul edilib.
Qeyd edək ki, aktivlərin diversifikasiyası proqramı çərçivəsində Dövlət Neft Fondu oktyabrın 1-dək 10 891 kq qızıl alıb. Hələlik bu qızıllar Londonda saxlanılır. Nazirlər Kabinetinin adı çəkilən qərarından sonra onların ölkəyə gətirilərək Mərkəzi Bankda saxlanması nəzərdə tutulur. Dövlət Neft Fondu investisiya portfelinin diversifikasiyası və gəlirliliyinin artırılması məqsədilə qızıla investisiya etməyə başlayıb. 2012-ci il ərzində Fondun investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri qızıla investisiya edilə bilər. Bu məqsədlə 2012-ci il fevralın 1-dən etibarən London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyasının market-meyker üzvü olan banklardan həmin qurum tərəfindən tətbiq edilən tələblərə uyğun olan qızıl külçələrin alışına başlanılıb. 1987-ci ildən fəaliyyət göstərən London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyası Londonun qızıl və gümüş külçələr bazarındakı beynəlxalq bankları, istehsalçıları, daşıma və saflaşdırma şirkətlərini əhatə edir. Fondun vəsaitləri digər aktivlərə, o cümlədən səhmlərə, daşınmaz əmlaka da yatırıla bilər. İndiki halda Azərbaycan özünün qara qızılını əsl qızıla çevirir. Yəni, neft satışından əldə etdiyi gəlirlərin hesabına qızıl alır.
Bir qədər əvvəl isə Neft Fondunun 2012-ci il büdcəsinə dəyişikliklər edilib. Cari ildə xam neftin qiymətlərinin yüksək səviyyədə qalması şəraitində karbohidrogen ehtiyatlarının istismarı ilə əlaqədar hasilatın pay bölgüsü barədə sazişlərdən Azərbaycan dövlətinə əlavə gəlirlərin daxil olacağını nəzərə alaraq, habelə Azərbaycanın 2012-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə əlaqədar ARDNF-in 2012-ci il üçün büdcə gəlirlərinin dəqiqləşdirilməsi məqsədilə Fondun 2012-ci il büdcəsində Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlərlə bağlı gəlir maddəsi 10,365 milyard manatdan 13,389 milyard manata qədər, gəlirlərin ümumi həcmi 10,697 milyard manatdan 13,722 milyard manata qədər artırılıb. Neft-qaz sazişlərinin imzalanması və icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslarla bağlı isə 1,573 milyon manat məbləğində gəlir maddəsi əlavə edilib.
Azərbaycan prezidentinin 2 iyul 2012-ci il tarixli sərəncamı ilə ARDNF-in 2011-ci il büdcəsinin icrası da təsdiq edilib. Fondan verilən məlumata görə, sərəncama uyğun olaraq, Neft Fondunun 2011-ci il büdcəsinin icrası gəlirləri 15,6 milyard manat, xərcləri 9,6 milyard manat səviyyəsində olmaqla təsdiq olunub.
1999-cu ilin dekabrında yaradılan Dövlət Neft Fonduna (ARDNF) 2001-ci ildən başlayaraq 2011-ci ilin dekabrın sonunadək olan dövr ərzində ümumilikdə 66,3 milyard dollar məbləğində vəsait daxil olub. Həmin vəsaitin 63,3 milyard dollarını və yaxud 95,5%-ni neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirlər, 1,337 milyard dollarını və ya 2%-ni ARDNF-in vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər, 2,5%-ni digər gəlirlərdən daxilolmalar təşkil edib. Fəaliyyətə başlayarkən 271 mln. dollara bərabər olan fondun aktivlərinin həcmi 2011-ci ilin dekabrın 31-nə 29,8 mlrd. dollar təşkil edib. Bu dövrə ərzində ARDNF-in xərcləri 28,342 milyard manat (35 milyard dollar) təşkil edib. Bu vəsaitin 25 mlrd. manatını (31,3 milyard dollar) və yaxud 89%-ni dövlət büdcəsinə transfert ödənişləri təşkil edib ki, büdcəyə transfertlər 2003-cü ildən etibarən həyata keçirilir. Beləliklə, sözügedən dövr ərzində fonda daxil olan vəsaitin 46%-i yığıma yönəldilib.
Fondun investisiyalarının 95%-i dollar, avro və funt sterlinq, qalan 5%-i isə digər valyutalarda ifadə olunmuş (denominasiya edilmiş) aktivlərdə yerləşdirilir. Fondda saxlanılan vəsaitlərin bir hissəsi səriştəli xarici menecerlər tərəfindən idarə olunur. Ötən ilin dekabrın 31-nə xarici menecerlərin idarəetməsində olan vəsaitin ümumi miqdarı təqribən 267 mln. dollar təşkil edib ki, bu da göstərilən tarixə fondun ümumi aktivlərinin 0,9%-ni təşkil edib. Eyni zamanda, ARDNF tərəfindən Bakı-Tbilisi-Ceycan neft ixrac boru kəmərinin tikintisinə 298 mln. manat, Azərbaycan İnvestisiya Şirkəti yaradılarkən, şirkətin nizamnamə kapitalının formalaşmasına 90 mln. manat, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə 222,4 mln. manat, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi layihəsinə 779,6 mln. manat, qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması tədbirlərinin maliyyələşdirilməsinə 857,8 mln. manat, «2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»nda nəzərdə tutulmuş «Samur-Abşeron Suvarma Sisteminin yenidən qurulması layihəsinə daxil olan Taxtakörpü su anbarının, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının tikintisinin davam etdirilməsi» ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə 695,5 mln. manat, «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın maliyyələşdirilməsinə 34,8 mln. manat yönəldilib.

Geri dön