Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: "Hər gün özümə hesabat verirəm"
Fərəc Quliyev: "Hər gün özümə hesabat verirəm" |
"Mənim gəncliyim olmadı"
Fərəc Quliyev: "Hər gün özümə hesabat verirəm" "Gündəlik Bakı" bu gündən etibarən "Açıq söhbət" rubrikası görüşünüzə gəlir. Məqsədimiz bir sıra siyasətçilər, deputatlar, ictimai-siyasi xadimlər, partiya rəhbərləri ilə söhbətləşib, onların səmimi etiraflarını dinləmək, mətbuat üçün qapalı olan məsələləri açmaqdır. İstiqlalçı deputat, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, Milli Məclisin üzvü Fərəc Quliyevlə də görüşümüz məhz bu məqsədlərə xidmət edirdi: "Siyasi adamların şəxsi həyatı olmur" - Fərəc bəy, yaxın vaxtlarda 50 yaşınız tamam olacaq. İtkilərinizin, yaxud uğurlarınızın nədən ibarət olması ilə bağlı özünüz öz aləminizdə yarıməsrlik həyatınızla bağlı hesabat verirsinizmi? - Mən özümə hər gün hesabat verirəm. Ümumiyyətlə hər kəs günün sonunda özü özünə hesabat verməlidir ki, bu gün nələri etdim. Ən azından hansı günahları, yaxşılıqları etdim. Hesabat məsələsilə sabaha hazırlıq görməlidir. Əlbəttə, siyasi adamların şəxsi həyatı olmur. Hətta şəxsi həyatın özü belə müəyyən çərçivə daxilində olur. Sən üzərinə müəyyən məhdudiyyətlər götürürsən. Ailənə istədiyin qədər diqqət, vaxt ayıra bilmirsən. Bəlkə də qəribə görünür, amma məsələn mən çayxanada kimi isə nərd oynayan gördüdə nostalji hisslər keçirirəm. Düşünürəm ki, nə yaxşıdır, vaxt tapsaydım mən də oynayardım. İctimai yük çox olanda şəxsi həyat kənarda qalır. Hesabat verəndə də daha çox ictimai xarakterli hesabat verməyə məcbur olursan. Bunun pis və yaxı tərəfləri də var. Pis tərəfi ondan ibarətdir ki, sənə gözünü dikmiş yaxınlarına diqqət ayıra bilmirsən. Yaxşı tərəfi odur ki, cəmiyyət üçün yaşayırsan. Hər kəs xoşbəxtliyini fərdi şəkildə axtarsa, cəmiyyət xoşbəxt olmaz. Gərək insanlar xoşbəxtliklərini cəmiyyətin, millətin içində axtarsınlar. Yəni millət xoşbəxt olsun ki, mən də onunla bərabər xoşbəxt olum. "Millətin bütün üzvlərini sevməyə məhkumam" Şübhəsiz, şəxsi, qrup və milli maraqlar var. Hesab edirəm ki, hər kəs düşünmədən şəxsi, qrup maraqlarını dövlət maraqlarına qurban verməyi bacarmalıdır. Çevrəndəki şəxslərin, yaxınlarının, dostlarının xoşbəxt olmasını istəyirsənsə, millətin xoşbəxt olmasını təmin etməlisən. Ondan yaxşı xoşbəxtlik ola bilməz. Bu, bir zərurətdir. Bəlkə də şablon səslənəcək: - hər bir fərd millətin içərisində o millətin, dövlətin kərpicidir. Onun sağlam olması, doğru düşünməsi, millətə bağlılığı lazımdır. Həmişə deyirəm ki, millətin bütün üzvlərini sevməyə məhkumam. Çünki hər kəs öləndə 5-10 kiloqram Vətən torpağına çevrilir. Vətən abstrakt deyil. Mübarizə aparan və ya aparmayan insanlarımızın, fərdlərimizin formasını dəyişmiş şəklidir. Vətəndaş olmaq üçün hesabatlı olmaq lazımdır. İnsan həm də ölümündən sonra "yaşamağı" bacarmalıdır. Onun da təməli bu gün qoyulur. Bu gün necə vətəndaşsansa, tarixdə də o cür qalırsan. Tarix onsuz da yazılır, yaradılır. Amma yaxşı tarix yaratmaq çox şərəflidir. Milli ideyaya doğru hədəflənən müxtəlif təbəqələr, təşkilatlar müxtəlif ideologiyaları seçə bilərlər. Burada qorxulu bir şey yoxdur. Amma bütövlükdə millət bu hədəfə doğru getməlidir. Çünki gələcəkdə bir dönəm üçün yaxşı bir nəsil yadda qalacaq. Deyəcəklər ki, filan nəsil buna nail oldu. Pis olsa, bu, hamımızın boynuna düşəcək. 1991-ci ildə Müstəqillik Aktını qəbul etdik, Azərbaycanın üçrəngli bayrağı göylərə ucaldı. Bu hadisədən çox vaxt keçməyib. Amma bəzi insanlardan siqnator deputatların kimlər olduğunu soruşsanız, bunu bilməyəcəklər. "Bu, nadir hadisədir" - Fərəc bəy, biz niyə unutqanıq? Niyə yaddan çıxarırıq? - Bəlkə də özüm siqnator deputat olduğum üçün bu məsələ barədə bir qədər ətraflı danışa bilmirəm. Çünki bir az qeyri-təvazökar səslənir. Müstəqillik olduqca mühüm məsələdir. Allah bir də bizə müstəqillik uğrunda mübarizə aparmağı qismət etməsin. Yəni istiqlaliyyətimizi bir də itirməyək. Bu, nadir hadisədir. - Hər millətə, xalqa nəsib olmur. - Əlbəttə. Bayaqkı fikrimə qayıdıram: - bu dönəmdən 50-100 il keçəcək və deyəcəklər ki, filan vaxt həmin nəsil müstəqillik əldə etdi. Necə ki, biz deyirik - 1918-ci ildə müstəqillik qazandıq. Eləcə də Cənubi Azərbaycanda bir neçə dəfə müstəqil dövlət qurmağa çalışdılar. Bu, nəsil adlandırılır. Düzdür, tək-tək liderlərin adları çəkilir. Amma bütövlükdə hamı haqqında məlumat yoxdur. Hətta 1918-ci ildə Azərbaycan parlamentində təmsil olunmuş şəxslərin adlarını cəmiyyət arasında soruşsan, çoxlarının məlumatsız olduğunu görəcəksən. Cəmiyyətin çox az hissəsi bilir ki, orda da ölkənin adının Şimali Azərbaycan Respublikası qoymağa çalışıblar. Soruşursunuz ki, siqnator deputatları niyə tanımırlar, adlarını bilmirlər? Bilirsinizmi, tarix yaratmaq çətin məsələdir, amma onu doğru yazmaq da asan məsələ deyil. Tarixi saxtalaşdırmaq olar, amma bir müddət sonra bütün həqiqətlər mütləq üzə çıxacaq. Onları gizlətmək olmaz. Bəzi xalqlarda yeddinci babalarını tanımamaq qəbahət sayılır. Bizdə də hər evdə şəcərələr olub. Hətta onların adları xalçalara toxunulub. - Sizdə də belə xalça var? - Bəli var. Bütün şəcərələrin adları, ulu babalarım kimlərdir, onlar hansı nəsillərə gedib çıxır. Bunu niyə qeyd etdim? Əgər biz iyirmi il əvvəl müstəqilliyimizin əldə edilməsində mühüm rolu olan siqnatorlar haqda bir şey bilmiriksə, bunda hər kəsin günahı var. "Mənim yerimə kim olsaydı, belə edərdi" O dönəmdə siqnator deputatlarımız Müstəqillik Aktını hazırladılar, ona səs verdilər. Hərdən düşünürəm ki, mənim yerimə kim olsaydı, belə edər, Müstəqillik Aktına imza atardı. Amma həmin dövrdə fəaliyyət göstərən jurnalistlərimiz də hadisələrin işıqlandırılması, həqiqətin çatdırılması üçün özlərini hər cür təhlükəyə atırdılar. Həkimlərimiz güllə altında yaralıları daşıyaraq, qəhrəmanlıqlar edirdilər. Analarımız meydanlara yemək, ərzaq gətirməklə şücaət göstərmişdilər. Əli-qolu olmayan adamlarımız da qəhrəmanlıqlara imza atırdılar. Sizə bununla bağlı bir neçə epizod danışmaq istəyirəm. Ümumiyyətlə, mən həyatda bir neçə məqamda təsirlənmişəm. Bizdə şikəst dərzi vardı. Bir dəfə qərargaha gələrək, xahiş etdi ki, mənə çoxlu sayda avtomobil resorları verin. Evdə onların üzərinə parçalar tikib, zirehli geyim - "bronjilet" hazırlayacam. Gözləri görməyən Xalid adlı birisi gəlib demişdi ki, mən səhərə qədər "Azadlıq radiosu" və başqa yerlərə məlumat göndərməyə hazıram. Bu, kütləvi qəhrəmanlıq idi. Həmin dövrün jurnalistinin, analarının,əlillərinin, hər kəsin əməyini qiymətləndirməklə yanaşı, hər halda siqnator deputatlara da münasibət dəyişməlidir. "Doğrudur, qınayırıq və doğru qınayırıq" - Fərəc bəy, "mənim yerimə kim olsaydı, belə edərdi" - dediniz. Amma fakt ondan ibarətdir ki, əksəriyyət bunu etmədi. Məsələn, Müstəqillik Aktına cəmi 43 deputat imza atdı. - Doğrudur, qınayırıq və doğru qınayırıq. Amma artıq nəticələr əldə etmişik. Hesab etmirəm ki, cəmiyyətdə iş ancaq təftişçilik üzərində qurulmalıdır. Bir yerdə barış, möhkəmlik, inkişaf axtarırsansa, orda təftişçilikdən imtina etmək lazımdır. O dönəmdə bizə qoşulmayanlara deyirdim ki, dava aparırıq. Şəhid olarıqsa, şəhid olarıq, qalib gəlsək, qələbələrimizi mütləq sizinlə bölüşəcəyik. Və bölüşdük. Düzdür, o dövrdə fərqli davrananlar olub. Onlar cəmiyyətin qınağına tuş gəliblər. Sualınıza qayıdıram ki, həmin dönəmdə buna müqavimət göstərənlər olub. Bitərəf qalmaq başqa şeydir. Ola bilsin bəziləri nədənsə qorxur. Onların xarakteri belədir. Lakin bu insanlar təhlükəli deyil. Təhlükəli o adamlardır ki, qorxmağa bəhanə axtarırlar. Həmin dövrdə bizə dəstək verməyənlərin bu addımları anlaşılan idi. Amma imperiyanın əliylə düşünülmüş şəkildə bizə müqavimət göstərənlər qınağa tuş gəldilər. "Bir az tələbkar adamam" - Fərəc bəy, 50 yaşınız rəsmən tamam olur. Bu belədir. Bəs daxilən özünüzü neçə yaşında hiss edirsiniz? - Mənim gəncliyim olmadı. Doğrusu, buna təəssüflənmirəm. Mən bir az tələbkar adamam. Hətta ailədə də tələbkaram. Üzr istəyirəm, övladlarımdan birini evləndirmişəm, hətta baba olmuşam. Hətta həmin övladım belə, axşam saat 21-dən sonra evdə olmalıdır. Harasa getdikdə mütləq bu barədə mənə demədən getmir. Qayda belədir. Hərdən düşünürəm ki, özümün gəncliyim olmadığından onların da gənc kimi yaşamalarına imkan vermirəm. Bu ifadələrimə görə üzr istəyirəm. Mən övladlarımla həm də dostam. Hərdən onlara deyirəm ki, rahat, sərbəst olun, gedin, gəzin, istirahət edin. Belə olmaz axı, indidən ağsaqqallaşmayın. Mən özüm gəncliyimi yaşamamışam, amma siz yaşayın. Doğrudan da o dönəmdə elə vəziyyət yarandı ki, parlamentin ən gənc deputatlarından oldum. Deyəsən elə parlamentin ən gənc üzvü mən idim. - Neçə yaşınız vardı? - 28 yaşımda deputat idim. İllərimin ən yaxşı vaxtı davada keçdi. İnstitut dönəmində azdan-çoxdan siyasi fəaliyyətlə məşğul olmuşdum. "Qeyrət" təşkilatı yaratmışdıq. Bizim məktəb çox yaxşı, güclü məktəb idi, burada gözəl müəllimlər çalışırdı, milliyyətçi kəsim toplaşmışdı. Həmin insanlarla daim əlaqə saxlayıram. İndi də onları görəndə özümü yığışdırıram. Mən 8-ci sinifdə lövhədə Bütöv Azərbaycanın xəritəsini çəkmişdim. Bu, müəllimlərin "günah"ı üzündən baş verdi. Müəllimlərdən biri direktora xəbər versə də, digərləri məni müdafiə etdilər. Bizi onlar hazırlamışdılar. İnstitutda təhsil alanda da fəaliyyətimizi davam etdirirdik. Sonradan Qarabağ məsələsi ortaya çıxdı. Döyüşməyə məcbur olduq. Yəni bu, əslində gənclik olmadı. Daha sonra parlament, məhbəs, həbsxana həyatından sonra yenidən mübarizə və parlament. Amma hər halda hesab edirəm ki, mənasız keçən günüm olmadı. "Hər gün 12-14 saat yazırdım" Sufizmdə belə bir deyim var: "İnsan haqq işi görərkən əzalarında ağrılar olursa, bu, ona mənəvi ləzzət verir". Haqq işi görərkən qarşılaşdığımız əzab-əziyyət, səngər və s. sonradan bizim üçün yaxşı xatirələr kimi yadda qalanda. Hətta mən həbsxanada olanda belə. Məhbəsdə olanda saçlarımda belə ağ tüklər yaranmamışdı. Həbsxanada 6 kitab, xeyli məqalə yazdım. Kitablardan ikisi çap edilib. Hər gün 12-14 saat yazırdım. Rəhim Qazıyevin qardaşı və digərləri də həbsxana həyatı yaşayırdılar. Biz qonşu kameralarda qalırdıq. Hər səhər Azərbaycanın Dövlət Himni səsləndiriləndə ayağa qalxıb, himnimizi biz də oxuyurduq və səhərimiz bununla başlayırdı. Həbsxandada belə, Azərbaycanın üçrəngli bayrağını görəndə bundan zövq alırdım. Anar Geri dön |