Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Prezidenti Volkan Bozkırın BMT Baş Assambleya sədri seçilməsinə bu qədər böyük önəm verdi - səbəblər...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Azərbaycan Prezidenti Volkan Bozkırın BMT Baş Assambleya sədri seçilməsinə bu qədər böyük önəm verdi - səbəblər...

Azərbaycan Prezidenti Volkan Bozkırın BMT Baş Assambleya sədri seçilməsinə bu qədər böyük önəm verdi - səbəblər...


Fərəc Quliyev: “Burada yalnız milli təəssübkeşlik yox, həm də hadisənin siyasi mahiyyətinə ciddi önəm verilir”

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib. Məktubda deyilir:


"Hörmətli cənab Prezident, Əziz Qardaşım. Qardaş Türkiyə Respublikasının nümayəndəsi cənab Volkan Bozkırın Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Sədri vəzifəsinə seçilməyi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizin rəhbərliyiniz altında həyata keçirilən Türkiyə diplomatiyasının ardıcıl və uğurlu fəaliyyəti sayəsində ölkəniz beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Şəxsi təşəbbüsünüzün nəticəsində BMT sistemi tarixində Türkiyə nümayəndəsinin ilk dəfə belə mühüm vəzifəyə seçilməsi xəbəri bizi olduqca sevindirdi.

Əminəm ki, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri birgə səylərimizlə çoxtərəfli müstəvidə də uğurla davam edəcək.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, qardaş Türkiyə xalqına daim rifah diləyirəm".

Azərbaycan Prezidenti Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının yeni seçilmiş Sədri Volkan Bozkırın özünə də təbrik məktubu göndərib. Məktubda deyilir:"Hörmətli cənab Bozkır, Birləşmiş Millətlər Təşkilatının yaranmasının 75 illik yubileyi ərəfəsində Baş Assambleyanın Sədri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

BMT sistemi tarixində qardaş Türkiyə Respublikasının nümayəndəsinin belə yüksək vəzifəyə seçilməsi bizi olduqca sevindirir.

Azərbaycan Respublikası həm BMT-nin üzvü, həm də Qoşulmama Hərəkatının hazırkı sədri qismində Sizinlə yaxından əməkdaşlıq etməyə, əlaqələrimizi hərtərəfli genişləndirməyə hazırdır.

Əminəm ki, Sizin diplomatiya sahəsindəki peşəkarlığınız, çoxillik təcrübəniz Baş Assambleyanın qarşısında duran vəzifələrin icrasına mühüm töhfə verəcək, dünyada multilateralizmin inkişafına xidmət edəcəkdir. Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qarşıdakı məsul işinizdə uğurlar arzulayıram".

Göründüyü kimi, Prezident İlham Əliyev türk diplomatının belə yüksək posta seçilməsi ilə bağlı həm onun özünü, həm də Türkiyə prezidentini ayrıca təbrik edib. Prezidentin bu hadisəyə yüksək önəm verməsinin səbəbi nədir?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu bütün türk dünyası üçün böyük əhəmiyyətə malik hadisədir: “Bunun alt təməlində olduqca ciddi detallar dayanır. Azərbaycan tərəfi türk dövlətləri arasındakı inteqrasiya üçün əlindən gələn hər nə varsa edir. Biz öz iqtisadi investisiyalarımızın böyük həcmini də türk dövlətlərinə qoymaqda maraqlıyıq. Eyni zamanda, bütün siyasi oyunlarda birmənalı olaraq Türkiyəyə bacardığımız dəstəyi veririk. Xatırlayırsınızsa, Türkiyənin iştirakı olmadığı bir beynəlxalq tədbirdə Ermənistan rəhbəri qardaş ölkənin arxasınca danışmışdı. Bizim Prezident demişdi ki, Türkiyənin təmsilçisi burda yoxdursa, mən burdayam. Bunun özü Azərbaycanın türk dünyasına hansı münasibətdə olduğunun bariz nümunəsi sayıla bilər. Dünyadakı yeni düzənin qurulmasında bu yaxınlaşmanın daha da aktual olduğu ortaya çıxır. Hesab edirəm ki, yeni təmərküzləşmədə türk ölkələrinin bir yerdə olması, onların müxtəlif təsisatlarında yüksək təmsilçiliyi bütün türk cümhuriyyətlərinə xeyir verəcək haldır. Bunu Azərbaycan Prezidenti gözəl bildiyi üçün həmin diplomatın təyinatına belə önəm verir. Burada yalnız milli təəssübkeşlik yox, həm də hadisənin siyasi mahiyyətinə ciddi önəm verilir. Mən Prezidentin bu addımını dəstəkləyirəm və hesab edirəm ki, Azərbaycan belə tip hadisələrə elə bu kontekstdən yanaşmalıdır”.

Məhəmmədəli QƏRİBLİ

Geri dön