Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Azərbaycan Prezidenti Minsk Qrupunun 30 ilə yaxın səmərəsiz işini ifşa etdi - həm də ona ən real yolu göstərdi…
Azərbaycan Prezidenti Minsk Qrupunun 30 ilə yaxın səmərəsiz işini ifşa etdi - həm də ona ən real yolu göstərdi… |
Fərəc Quliyev: “Sarkisyan mənə bildirdi ki, bu formatdan başqa heç bir danışıq istəmirlər”
Prezident İlham Əliyev Azərbaycan telekanallarına verdiyi müsahibə zamanı bildirib ki, biz ATƏT-in Minsk Qrupundan daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyirik: “…O ki qaldı, Minsk qrupunun bəyanatına, biz bunlardan başqa bəyanatlar, konkret bəyanatlar gözləyirik və onu eşitmək istəyirik. Ermənistanın baş naziri deyir “Qarabağ Ermənistandır”. Buna mən cavab verirəm və lazımi cavab verirəm. Amma Minsk Qrupu niyə buna cavab vermir? Niyə cavab vermir ki, bu ifadə, əslində Minsk Qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Minsk Qrupunun həmsədrləri buna adekvat reaksiya veriblər? Verməyiblər! Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır. Buna adekvat cavab verilir? Verilmir! Bəli, bəzi mücərrəd sözlərlə, nala-mıxa vurmaqla cavab verilir. Axı, o dövr keçibdir. Biz aydınlıq tələb edirik. Bu addımlar kim tərəfindən atılır? Ermənistan tərəfindən. Biz danışıqlar formatına da sadiqik, danışıqların mahiyyətini də əsas götürürük. Əlbəttə ki, o mahiyyətdə bizi heç də hər şey qane etmir. Ancaq biz demişik, bizi nə qane etmir və nə qane edir. Ermənistan nə edir? “Qarabağ Ermənistandır” deməklə tamamilə danışıqların mahiyyətini yerə vurur. “Formatı dəyişmək lazımdır” fikri danışıqları əhəmiyyətsiz edir. Yəni buna adekvat reaksiya verilməlidir, yoxsa yox?! Qondarma Dağlıq Qarabağ respublikasının saxta seçkiləri nəticəsində seçilməmiş saxta prezident Şuşada andiçmə mərasimi keçirir. Buna adekvat cavab verilir, yoxsa yox?! Axı bu açıq-aydın təxribatdır. İndiyədək heç kim tərəfindən tanınmayan bu kriminal Dağlıq Qarabağ rejiminin bir neçə dırnaqarası seçkisi olub, Şuşada toy-bayram keçirilib. Nə üçün buna adekvat reaksiya verilmir? Nə üçün deyilmir ki, bu təxribatdır və bu təxribata görə Ermənistan cavabdehlik daşıyacaq? Bunu mən deyirəm. Amma onlar deməlidirlər, əgər istəyirlər ki, bu məsələ sülh yolu ilə həll olunsun. Nədir bunların bəyanatında əsas tezis - hərb variantı mümkün deyil. Kim deyir? Gedin açın BMT-nin Nizamnaməsini, baxın görün özünümüdafiə hüququ var ölkələrdə, yoxsa yox? Yoxsa siz özünüzü nə hesab edirsiniz?! Siz BMT-dən də üstünsünüz?! BMT-nin Nizamnaməsindən də üstünsünüz?! Belədirsə, gedin deyin, biz Minsk Qrupunun həmsədrləri hesab edirik ki, BMT-nin Nizamnaməsində əks olunan bu tezis yanlışdır. Axı gərək hər şeyin həddi olsun. Ona görə biz onlardan daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyirik. Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparır. Mən bu məsələni dəfələrlə qaldırmışam. Bizim bütün beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin üzvlərinə göstəriş verilib ki, bu məsələ onların gündəliyində bir nömrəli məsələ olmalıdır. Bu məsələ ilə bağlı Minsk Qrupunun həmsədrləri açıqlama verir, yoxsa yox?! ATƏT-in axırıncı faktaraşdırıcı missiyası işğal olunmuş torpaqlarda 10 il bundan əvvəl olub. On il keçib. Son bir neçə il ərzində biz onlara təkidlə deyirik ki, yeni missiya getməlidir. Bu 10 il ərzində Ermənistan Suriyadan və başqa yerlərdən erməniləri oraya gətirib, onları zorla saxlayır. Bizim şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni sabah deyəcək ki, bu, erməni torpağıdır. Dəfələrlə demişik onlara. Reaksiya var? Yoxdur! Yəni10 il ərzində faktaraşdırıcı missiyanı göndərmək olmaz? İstəmirlər. Gedib nə görəcəklər?! Görəcəklər ki, orada məskunlaşma gedir. Amma bunu 10 il bundan əvvəl öz məruzələrində əks etdiriblər. Yəqin ki, indi əks etdirmək istəmirlər. Bu haqda bəyanat verib Minsk Qrupu? Verməyib! Bilirsiniz, indi biz də dözümlülük göstəririk və konstruktiv olmağa çalışırıq. Amma bu gün faktiki olaraq danışıqlar prosesi getmir. Ermənistan və Azərbaycan Xarici işlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti yoxdur. Bu, sadəcə olaraq, Minsk Qrupunun sanki fəaliyyətdə olmasını göstərir. Yaxşı, nə qədər olar? Fəaliyyətdə olmaq fəaliyyətdə olmaq deməkdir. Mən demişəm ki, biz danışıqları imitasiya üçün aparası deyilik. Biz danışıqları mahiyyət üzrə aparmaq istəyirik. İndi onlar bir söz çıxarıblar – substantiv danışıqlar. Özləri bu sözü çıxarıblar, aydındır bunun mahiyyəti nədir - bəli, mahiyyət üzrə danışıqlar formatı dəyişmədən və masa üzərində olan danışıqlar predmetinə əlavə etmədən. Belə olan halda, əlbəttə, biz danışıqlarda iştirak edəcəyik. Əks halda, mənasız danışıqların aparılmasına heç bir ehtiyac qalmayacaq. Bax, biz Minsk Qrupundan bunu gözləyirik və öz mövqeyimizdə möhkəm dayanmışıq, haqq-ədalət bizim tərəfimizdədir. Biz haqlı olmağımızı həm beynəlxalq arenalarda göstərmişik, həm də döyüş meydanında və heç kimin Aprel döyüşləri yadından çıxmasın". Ölkə başçısının çıxışında diqqət çəkən vacib məqamlardan biri də Minsk Qrupunun Ermənistan rəhbərliyinin təxribatlarına konkret cavab verməsi ilə bağlıdır. Ölkə başçısı onlara şəxsən özü tərəfindən cavab verildiyini bildirir. Bunun biz də şahidi olmuşuq. Minsk Qrupu həmsədrləri niyə Ermənistan rəhbərliyinin sərsəm, sülh danışıqlarına mane olan davranışlarına konkret reaksiya vermir? Milli Dirçəliş Hərəkatı Partiyasının lideri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələdə Prezidentlə tam razıdır: “Uzun illərdi ki, bu qurum tam fəaliyyətsizdir və mən bunu təsadüfi saymıram. 2012-ci ildə biz İrəvanda “Avronest”in iclasına gedəndə təklif etdim ki, Minsk Qrupu buraxılıb, məşvərətçi quruma çevrilsin. Orda 24 dövlətin nümayəndəsi iştirak edirdi. Toplantı Sarkisyanın otağında keçirilirdi. Ona dediyim bu fikir onun qəzəbinə səbəb oldu. Sarkisyan mənə bildirdi ki, bu formatdan başqa heç bir danışıq istəmirlər. Həmin vaxtdan məndə belə bir təəssürat yarandı ki, bu indiki status-kvonun saxlamaq üçün düşünülmüş bir sistemdir. Uzun illərdir onlar seleksiya siyasəti yürüdürlər. Azərbaycan və Ermənistanda baş verənlərə fərqli yanaşma ortaya qoyurlar. BMT-nin 4 qətnaməsinin həyata keçməsi istiqamətində heç bir səy göstərmirlər. Bütün çatışmazlıqları qeyd edirlər, amma tədbirlər görmürlər. BMT nizamnaməsinin 7-ci bəndinin 48-ci paraqrafı var, buna əsasən qurum ya hərbi, ya da qeyri-hərbi sanksiyalar tətbiq etməlidir. Onların heç biri tətbiq olunmur. Ya da tərəflərin bəyanatlarına fikir vermədən BMT-nin qətnamələrinin həyata keçməsi istiqamətində fəaliyyət göstərməlidirlər. Yalnız heç kimin heç kimə müdaxilə etməməsinə çağırış edirlər. Bu tələb sərhəddə ola bilər. Sərhəd də Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədindən başlayır. Bunlar isə “sərhədi” gətirib çıxarıblar qoşunların təmas xəttinə. Bu məsələlərə kobud şəkildə susmaq missiyanın bacarıqsızlığını ortaya qoyur. Əvvəl Ermənistan işğalda iştirakını boynuna almırdısa, indi Paşinyan deyir ki, “Qarabağ Ermənistandır”. Bundan artıq nə baş verməlidir ki, həmsədrlər hərəkətə keçsin? Bütün bunlar göstərir ki, missiya fəaliyyətlə yox, baş girləməklə məşğul olub. Hesab edirəm ki, bütün cəmiyyət və siyasi partiyalar tərəfindən bu məsələdə Prezidentə dəstək verilməlidir ki, bu missiyanın işinin dayandırılmasına nail olaq”. Doğrudan da, fəaliyyətində heç bir irəliləyiş olmayan vasitəçilik missiyası ilə vidalaşmağın vaxtı çoxdan çatıb. Məhəmmədəli QƏRİBLİ Geri dön |