Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > «QIZIL GEYİMLİ ADAM» İSTANBULDA
«QIZIL GEYİMLİ ADAM» İSTANBULDA |
Ötən həftə İstanbul arxeologiya muzeyində Qazaxıstandan gətirilmiş nadir tarixi incilərin sərgisi açılmışdır. Əslən qazax türkü olan Türkiyənin tanınmış türkoloqu Abdulvahap Kara sərgiyə çıxarılmış və Türkiyədə indiyədək həsrətlə gözlənilən, türk dünyası üçün ölçülməz əhəmiyyətə malik «Qızıl Geyimli Adam»ın tapılması tarixçəsi barədə çox maraqlı bir məqaləsini oxucularımızın diqqətinə çatdırırıq.
Qazaxıstan Mədəniyyət Günləri çərçivəsində İstanbul Arxeoloji Muzeyində «Qızıl Geyimli Adam» sərgisi oktyabırn 3-də açıldı. Sərginin əsas eksponatı olan «Qızıl Geyimli Adam» Qazaxıstanın Almaatı şəhərinin yaxınlığındakı İssık qəsəbəsində 1969-cu ildə təsadüfən tapılmışdır. O dövrdə bu möhğəşəm tapıntı bütün dünyada və xüsusən, Türkiyədə böyük rezonansa səbəb oldu. Türk Tarix Qurumu tərəfindən 3 ayda bir dəfə yayımlanan bülletendə iyul 1969-cu il tarixli 131-ci sayında «Miladdan öncə IV əsrə aid türkcə yazılar tapıldı» başlıqlı qısa bir xəbərdə tapıntıdan bəhs edilmişdi. Mövzuyla bağlı Türk Tarix Qurumu Moskvadakı Türkiyə səfirliyinə və SSRİ Elmlər Akademiyasına məktub yazdı. Məktubda bu tapıntı barədə məlumatlar istənilirdi. Eyni zamanda, göstərilirdi ki, həmin məlumatlar analiz edildikdən sonra Türkiyədə çap olunan tarix dəsrliklərinə salınacaqdır. Ancaq papağı tamamilə qızıldan olan lövhələrlə örtülmüş, üzərində qızıldan at, şir, qoç, ceyran və dağ keçisi fiqurları ilə işlənmiş «Qızıl Geyimli Adam» barəsində məlumatları SSRİ Elmlər Akademiyası Türkiyəyə göndərmədi. Belə ki, keçmiş SSRİ-nin özündə «Qızıl Geyimli Adam» tapıntısı alimlər arasında indiyə qədər davam edən böyük mübahisələr doğurmuşdu. Türk respublikalarının alimləri bu tapıntının və həmçinin, kurqanda tapılmış runik yazının qədim türklərə məxsus olduğunu göstərirdilər. Rus və digər alimlər isə, tapıntının skif-sakların türklərə aid olmasını isbat edəcəyindən çəkinərək, əsassız olaraq bu abidənin qədim farslara aid olmasını göstərir və abidə haqqında geniş məlumat verməkdən çəkinirdilər. Türk Tarix Qurumunun məktubu isə onları daha da xoflandırmışdı. Nihal Atsız da bülletenin bundan sonra çıxan bütün saylarını maraqla izləmiş, amma bu mövzu barədə bir yazıya rast gəlməmişdi. Belə olduqda, Nihal Atsız o dövrdə Türkiyədə çap edilən «Dövlət» qəzetinin yazarı, rus dilini bilən Həsən Oraltayın yazısını tapır. Oraltay sovet Qazaxıstanı qəzetlərində çıxan mövzuya aid yazıları tərcümə edərək Nihal Atsıza təqdim edir. Nihal Atsız sonuncu məqalələrinin birində mövzu barədə bunları yazır: «… Kurqandan tapılan qızıl əşyalar böyük bir sənət əsəridir. Qızıl geyimli adamın sağ əlindəki qılıncın, kəmərinin sol tərəfindəki bıçağının qını və qamçısının başlığı qızılla örtülmüşdür. Sağ əlindəki iki qızıl üzükdən birində insan rəsmi vardır. Bu məzarda irili-xırdalı 4 min ədəd nəfis işlənmiş qızıl məmulat tapılıb. Lakin Türk dünyası üçün əsas əhəmiyyəti gümüş cam daşıyır. Bu camın altında 26 hərfli bir yazı aşkar edilib. Bunlar bizim tanıdığımız Göktürk (Orxon) hərflərinə çox bənzəyir, bəziləri isə həmin yazılarla eynilik təşkil edir». Nihal Atsız sonrakı yazılarında da bu abidəni seyr etməyi arzuladığını bildirirdi. Təəssüf ki, böyük türkçünün bu arzusu ürəyində qaldı. Hətta bunun üçün Qazaxıstana səfər barədə o dövrdə rəsmi müraciətinə SSRİ-nin Türkiyədəki səfirliyi icazə vermədi. Aradan 43 il keçdikdən sonra nəhayət ki, «Qızıl Geyimli Adam» İstanbula gəlmişdir. Bu, böyük bir nemətdir. Bu sərgi daha əvvəl Fransa, Almaniya kimi ölkələrdə nümayiş etdirilmişdir. Türkiyədə sərgi bir ay davam edəcəkdir. Qazax rəsmiləri Türkiyəyə Anadolu türklüyünün ən qədim nümunəsini, saka türklərinin mədəni mirasını gətirmişlər. İssık kurqanındakı tapıntılar içində ən önəmli əşya olan üzərindəki runik yazılı gümüş cam da eksponatlar içindədir. İstanbul Arxeoloji Muzeyində sərgilənən «Qızıl Geyimli Adam» muzeydəki digər eksponatlara elə bil ki, qonaq gəlmişdir. Bunu Anadolu arxeologiyası ilə Orta Asyia arxeoloji araşdırmalarının birləşməsinin başlanğıcı kimi də görmək olar. Çünki, Türkiyədə Anadolu arxeologiya uzmanları Orta Asiyanı, Orta Asiyadakı arxeoloqlar isə Türkiyə arxeologiyasını bilmirlər. Bu sərginin açılmasına xidmət etmiş Türkiyə mədəniyyət nazirliyinin və Qazaxıstan səfirliyi rəsmilərinə nə qədər təşəkkür etsək yenə də azdır. Abdulvahap Kara Geri dön |