Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə, Güney Azərbaycan-Təbriz > Elçin Hatəmi: Növbəti prezident seçkiləri Güney Azərbaycanda vəziyyəti daha da ağırlaşdıracaq
Elçin Hatəmi: Növbəti prezident seçkiləri Güney Azərbaycanda vəziyyəti daha da ağırlaşdıracaq |
İran prezidenti Mahmud Əhmədinejadın Tehranın Evin zindanında həbsdə olan müşavirini ziyarət etmək istəyi ölkədəki siyasi vəziyyətin daha da gərginləşməsinə səbəb olub. Onun bu istəyinə qarşı çıxan ədliyyə naziri prezidentə Əhmədinejada sərt cavab verib. Belə ki, prezident ölkənin Ədliyyə Nazirliyinə məktub yazaraq həbsxana ziyarətinin təşkil olunmusını tələb edib. Lakin nazirliyin mətbuat xidmətindən Əhmədinejada müsbət cavab verilməyib. Ona bildirilib ki, prezidentin həbsxanaya baş çəkməkdən daha mühüm işləri var. Təkrar məktub yazaraq həbsxanaya buraxılmamasının doğru olmadığı bildirən Əhmədinejad prezidentin həbsxanaya getməsi üçün icazə almağa ehtiyac olmadığını yazıb. O, məktubunda bildirib ki, İran Konstitusiyasına əsasən, prezidentin vəzifəsini icra etməsi üçün Ədliyyə Nazirliyindən icazə almağa ehtiyac yoxdur: «Siz məktubunuzda qeyd edibsiniz ki, prezident həbsxananı ziyarət etmək üçün Ədliyyə Nazirliyindən icazə almalıdır və mənim istəyimlə razılaşmadınız. Xatırladıram ki, Konstitusiyada prezidentin icazə almasını tələb edən qanun yoxdur. Mən İran Konstitusiyasına tam əməl etmək niyyətindəyəm». Lakin İranın ədliyyə naziri, ayətullah Sadiq Amoli Laricani Əhmədinejadın Evin həbsxanasına getmək istəyinə təkrar müsbət cavab verməyib. O, prezidentin məktubuna sərt münasibət bildirərək onu öz vəzifələrini bilməməkdə təqsirləndirib: «Əmmədinejadın məktubu vəzifələrini və hakimiyyətin üçüncü qoluna aid öhdəlikləri anlamamağının nəticəsidir. O, məktubunda yazıb ki, prezident icazəsiz həbsxanalara daxil ola bilər. Halbuki Ədliyyə Nazirliyinin razılığı olmadan həbsxanalara getmək İran Konstitusiyasına ziddir». Bir-birinə kəsin ittihamlar irəli sürən tərəflər öz mövqelərində qalıb. Bir tərəfdə Evin həbsxanasına getməkdə israr edən və buna haqqı çatdığını iddia edən prezident, digər tərəfdə isə Əhmədinejadı qanunları bilməməkdə təqsirləndirən və onu həbsxanaya buraxmayan nazir var. İranda prezidentlə nazir arasında yaranmış qarşıdurma xarici medianın da gündəmindədir. Bir çoxları bunun əsas səbəbini rejimin daxilində baş verən parçalanma, digərləri isə ölkədə getdikcə artan iqtisadi böhranla izah edir. Hətta Əhmədinejadın istefa edəcəyini və erkən prezident seçkilərinin keçiriləcəyini proqnozlaşdıranlar da var. Maraqlıdır, bu qarşıdurmanın əsl səbəbi nədir? Prezidenti sərt tənqid edən nazir bu siyasi gücü haradan alır? Gərginliyin gedişatı nədən xəbər verir? Suallarımıza aydınlıq gətirmək üçün əslən Güney Azərbaycanın Arazbar (Xudafərin) rayonundan olan, hazırda isə Türkiyədə siyasi mühacir həyatı yaşayan hüquq müdafiəçisi və İran üzrə ekspert Elçin Hatəmi ilə həmsöhbət olduq.
- İranda prezidentlə nazir arasındakı bu qarşıdurmanın səbəbi nədir? - Bu bir az qarışıq məsələdir və kökü 2009-cu ilin prezident seçkisinə dayanır. Belə ki, islahatçılar həmin il keçirilən seçkidən sonra mühafizəkarlər tərəfindən «vuruldu». İranın ali dini lideri, ayətullah Əli Xamneyinin Əhmədinejadı dəstəkləməsi isə prezident və onun tərəfdarlarına ölkədə özbaşınalıq etməsinə imkan yaratdı. Məsələn, Əhmədinejad ayətulah Xamneyinin sağ əli olan Qulamhüseyn Möhsüni Ejeini İran informasiya, təhlükəsizlik və kəşfiyyat naziri (ETTELAAT) vəzifəsindən çıxardı. İran KİV-nin yaydığı xəbərlərə görə, Əhmədinejadın yaxın dostu və qudası olan İsfəndiyar Rəhim Məşaini özünə birinci müavin təyin etməsi də prezidentlə Ejei arasındakı gərginliyin daha da artmasına səbəb olub. Bu vəzifədən öncə Məşai İranın Mədəni Miras və Turizm İdarəsinin rəisi idi. Onun İsrail və islam dini haqqında söylədiyi bəzi fikirləri ayətullah Xamneyinin tərəfdarı olan bir çox mühafizəkarın və həmçinin ali dini liderin narazılığına səbəb olmuşdu. Belə ki, o, ABŞ-da səfərdə olan zaman demişdi ki, İran İsrail dövlətilə düşmən, İsrail xalqıyla isə dostdur. Eləcə də çıxışlarının birində demişdi ki, islam məktəbinin sonu çatıb. Odur ki, dini məktəbin əvəzinə, irançılıq məktəbindən istifadə etməliyik. Bu cür fikirləri sərt şəkildə tənqid edən ayətullah Xamneyi bildirdi ki, bütün İsrail İranın düşmənidir. Məşainin prezidentin birinci müavini postuna gətirilməsi ayətullah Xamneyinin tərəfdarları tərəfindən təzyiqlər çoxalmasıyla sonuclandı. Nəticədə ali dini lider prezidentə Məşainin vəzifəsindən azad edilməsi əmrini verdi. Lakin Əhmədinejad həmin əmri 7 gün təxirə salandan sonra icra etdi. Bu da yenidən tərəflər arasında münasibətlərin gərginləşməsinə səbəb oldu. Əhmədinejad tərəfdarları tərəfindən «İmam zamanın zühuru yaxındır» adlı sənədli filmin çəkilməsi isə bu qarşıdurmanı daha da dərinləşdirdi. Demək olar ki, bu məsələdən sonra mühafizəkar qüvvələr iki cəbhəyə bölündülər. Bunlardan biri ayətullah Xamneyi tərəfdarları olan radikal mühafizəkarlar, digəri isə Əhmədinejad və Məşaini dəstəkləyən cərəyan idi. Hadisələrin gedişatında prezident ayətullah Xamneyinin təyin etdiyi «Ettelaat» rəhbəri Heydər Moslehini 2011-ci ilin aprel ayında işdən çıxartdı. Ali dini liderin təkrar hiddətinə səbəb olan bu qərar Əhmədinejada baha başa gəldi. Nəticədə inciyən prezident 11 gün Hazirlər Kabinetinin iclaslarına qatılmadı. Bu müddət ərzində bir çox mühafizəkar prezidenti və onun idarəçiliyini ağır tənqid edərək ölkə daxilində yaranan böhranda təqisrləndirməyə başladılar. Prezidentə qarşı təzyiqlər bununla da bitmədi. Həmin ərəfədə Məşainin və Əhmədinejadın tərəfdarlarından bir neçəsi həbs edildi. Onlardan biri də prezidentin mətbuat məsələləri üzrə müşaviri Əli Əkbər Cavanfikir oldu. Əhmədinejadın Evin həbsxanasına getməkdə məqsədi orada saxlanılan müşavirilə görüşmək idi. Lakin İranın Ali Məhkəməsinin sədri, eləcə də ədliyyə naziri Sadiq Amoli Laricani prezidentin bu istəyini müsbət qarşılamayıb ona Evinə getməyə icazə vermədi. Nəticədə hər iki tərəf də bir-birinə qarşı ağır ittihamlar irəli sürərək təhqiramiz ifadələr istifadə etdilər. Bu məsələnin səbəbi iki mühafizəkar cəbhə arasında yaranmış qarşıdurmanın və ixtilafların dərinləşməsidir. Ayətullah Xamneyi tərəfdarları, xüsusilə də «Sepah», parlament və məhkəmə orqanları ölkənin bütün gücü və hərbi təhlükəsizlik qüvvələri əllərində olduğu üçün hər fürsətdə Əhmədinejada və tərəfdarlarına qarşı təxribatlar həyata keçirib xalqın gözündən salmağa çalışırlar. Onlar bu yolla ölkədə yaranmış iqtisadi, siyasi və ictimai böhranda prezidenti təqsirləndirərək bütün məsuliyyəti boyunlarından atmağa cəhd göstərirlər. Bir çox ekspertlərin fikrincə, bu böhranda hər iki tərəfin də günahı var. Əslində bu, prezidentlə nazirin deyil, ayətullah Xamneyi ilə Əhmədinejad arasında baş verən qarşıdurmadır. Çünki indyədək heç kim ayətullah Xamneyinin fərmanına zidd addım ata bilməyib. Buna cəhd edənlər ya öldürülüb, ya da müxtəlif yollarla ölkənin siyasi səhnəsindən silinib. İranda məhkəmə sistemi nazirlik deyil, ayətullah Xamneyinin nəzarəti altında və fərmanıyla fəaliyyət göstərən qurumdur. Bu qurumun sədri də ali dini lider tərəfindən təyin edilir. Ona görə də bu məsələnin pərdə arxasında ayətullah Xamneyinin əli var. Əhmədinejad Evin həbsxanasına buraxılmaması ilə ayətullah Xamneyi ona göstərdi ki, sənin bu ölkədə heç bir gücün yoxdur, bütün qüvvələr mənim əlimdədir. Ali dini lider bu yolla prezidenti və Məşaini tədricən gözdən salıb məhv etmək istəyir. - Prezidenti sərt tənqid edən nazir bu siyasi gücü haradan alır? - İran üç qüvvə tərəfindən idarə edilir. Birincisi, Hazirlər Kabinetindən, prezidentdən və ona bağlı idarələrdən ibarət idarəçilik sistemidir. İkincisi, ayətullah Xamneyi tərəfindən nəzarət edilən məhkəmə, üçüncüsü isə parlamentlə bağlı olan qanunvericilik sistemidir. Əlbəttə ki, ali dini liderə bağlı olan bir sıra orqanlar və təşkilatlar da ölkə daxilində böyük gücə sahibdirlər. Onlardan biri «Sepah»dır. İran Konstitusiyasına görə, bu üç qüvvə müstəqildir, biri digərinin işinə müdaxilə edə bilməz və onlar ali dini liderin əmrinə tabedirlər. Hətta nazirlər də ayətullah Xamneyinin razılığı olmadan seçilə bilməz. Bir çox siyasi ekspertlərin fikrincə, ayətullah Xamneyi Əhmədinejadı dəstəklədiyi üçün peşmandır. Lakin üzdə Əhmədinejad ali dini liderin əzizidir və çıxışlarında hər zaman onu tərifləyir. Hazırda İranda növbəti prezident seçkisinə 9 aydan da az zaman qalıb. Ölkədə ayətullah Xamneyi tərəfdarları iqtisadi böhranın səbəblərini başqa birinin boynuna atmağa çalışırlar. Bunun üçün prezident və onun tərəfdarları çıxış yoludur. Əgər vəziyyət belə davam etsə, ali dini lider parlamentə Əhmədinejadın prezidentlik səlahiyyətlərinin ləğv etməsi barədə göstəriş verəcək. Daha sonra da əhaliyə Əhmədinejadın xain olduğunu deyəcək. Bundan sonra isə növbəti saxta seçki ilə özünə yaxın olan birisinin prezident olmasına razılıq verəcək. - İran daxilində bu vəziyyət rejimin parçalanmasından xəbər verir? - Hökumət arasında parçalanma çoxdan var idi. Ayətullah Xamneyi-Əhmədinejad qarşıdurmasında qalib yenə də ali dini lider olacaq. Prezidentin və Məşainin, onların tərəfdarlarının o qədər də gücü yoxdur. Bütün güc ayətullah Xamneyinin əlindədir. Əhmədinejad və tərəfdarları radikal mühafizəkarların basqıları nəticəsində uduzub siyasət meydanını tərk edəcəklər. İslahatçıların aqibəti bunları da gözləyir. Digər tərəfdən, Əhmədinejad da mövqeyində israrlıdır. Belə görünür ki, boyun əyməyəcək. Belə bir isə vəziyyət ölkədə sabitliyə mənfi təsir göstərəck. Hakimiyyət müxaliflərinə qarşı daha da amansız olaraq onları məhv etməyə çalışacaq. - 2013-də İranda prezident seçkisi keçiriləcək. Prezident seçkisi Güney Azərbaycanda hansısa dəyişikliyə səbəb ola bilərmi? - Ayətullah Xamneyi yeni seçiləcək prezidentin onun əmrlərinə tam tabe olacağına əmin olmalıdır. Ola bilər ki, «Sepah» komandanlarından biri bu posta gətirilsin. Ayətullah Xamneyi elə adamın prezident olmasını istəyir ki, ona tanrı kimi pərəstiş etsin və müqəddəs saysın. Bu cür prezidentlərlə o öz məqsədlərini həyata keçirib diktatorluğuna davam edə biləcək. Güney Azərbaycana gəlincə isə İranda prezident seçkisinin keçirilməsi xalqımızın həyatına heç bir təsir göstərməyəcək. Hətta bundan da pis vəziyyətə salacaq. Çünki ayətullah Xamneyi və mühafizəkar qüvvələr qeyri-fars millətlərini rejimin varlığı və İranın gələcəyi üçün böyük bir təhlükə sayırlar Əgər vəziyyət belə davam etsə, xalqa və milli fəallara təzyiqlər daha da çoxalacaq. Belə bir rejim çökməyənədək xalqımız üçün müsbət bir dəyişiklik olmayacaq. Onlar Güney Azərbaycana qarşı öz qərəzli və düşmən siyasətlərini davam etdirəcəklər. İran avtoritar rejim olaraq bütün vətəndaşlarının azadıqlarını məhv etməyə çalışır. Fars bölgələrilə müqayisədə Güney Azərbaycana basqılar daha çoxdur. Orada daha çox insan haqları pozulur. İranda kim yeni prezident seçilərsə seçilsin, hökumətin tələbi və ideologiyasından kənar fəaliyyət göstərə bilməyəcək. Əks təqdirdə təzyiqlərə məruz qalıb məhv ediləcək. Turqut Geri dön |