Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan ərazisində İlk Tunc dövrünün kurqanaltı sərdaba larının mədəni mənsubiyyət problemi araşdırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Azərbaycan ərazisində İlk Tunc dövrünün kurqanaltı sərdaba larının mədəni mənsubiyyət problemi araşdırılıb

Azərbaycan ərazisində İlk Tunc dövrünün kurqanaltı sərdaba larının mədəni mənsubiyyət problemi araşdırılıb


“Scopus” və “Web of Science” beynəlxalq elmi bazalarında təmsil olunmuş Rusiya Elmlər Akademiyası Sibir şöbəsinin Arxeologiya və Etnoqrafiya İnstitutunun ikidilli impakt faktorlu “Avrasiyanın arxeologiyası, etnoqrafiyası və antropologiyası” (Arxeoloqiya, etnoqrafiya i antropoloqiya Yevrazii) elmi jurnalının builki 48-ci cildinin 2-ci nömrəsində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, arxeoloq Pərviz Qasımovun rus və ingilis dillərində “Azərbaycan Respublikası ərazisində İlk Tunc dövrünün kurqanaltı sərdabələrinin mədəni mənsubiyyət problemi” adlı elmi məqaləsi dərc edilib.

İnstitutdan bildirilib ki, məqalədə Azərbaycanın şimal-qərb regionunda, Kiçik Qafqazın şərq ətəklərində qeyd edilən və elmi dövriyyəyə “kurqanaltı sərdabalar” kimi daxil olan özünəməxsus kurqan tipli qəbir abidələrini yaratmış İlk Tunc dövrü əhalisinin Kür-Araz mədəniyyətinə aidiyyəti problemi qaldırılıb.

Qeyd edək ki, uzun müddət bu abidə tipi İlk Tunc dövrünün son mərhələsinə aid edilirdi. Lakin tarix üzrə fəlsəfə doktoru, arxeoloq Bəxtiyar Cəlilovun Uzun Rəmə və Şadılı “kurqanaltı sərdabalarında” apardığı tədqiqatlar nəticəsində aşkar etdiyi tapıntıların müvafiq radiokarbon analizləri bu tip abidələrin ilk tunc dövrünün başlanğıc mərhələsi ilə tarixləndiyini göstərdi. Digər tərəfdən, B.Cəlilov abidələrdən aşkar edilmiş maddi mədəniyyət nümunələrinin özünəməxsusluğunu qeyd edib.

Avropalı tədqiqatçıların da iştirak etdiyi beynəlxalq arxeoloji tədqiqatlar “kurqanaltı sərdabaların” arxeometrik araşdırılmasına geniş imkanlar açdı. Eyni zamanda, tədqiqatçılar bu abidələri yaratmış qədim əhalinin ilkin Kür-arazlılar olması barədə fikir irəli sürmüşlər. P.Qasımovun məqaləsində isə bu fikrin mübahisəli olduğu bildirilir. Göstərilir ki, bu tip kurqanlar və bu abidələrdən tapılmış artefaktlar Kür-Araz mədəniyyətinin nə ilk və nə də inkişaf etmiş mərhələsində izlənilmir. Kurqanaltı sərdabalardan aşkar edilmiş keramik məmulatlar dəfn üçün hazırlanaraq əsasən son Xalkolit dövrünün Ubeyd-Uruk keramikası ilə paralellərə malikdir.

Müəllifə görə, Türkmənistan ərazisində aşkar edilmiş həmdövr “tolos” tipli kollektiv dəfnli sərdabalarla (Namazqa III dövrü) “kurqanaltı sərdabalar” arasında dəfn ənənələri üzrə paralellər mövcuddur. Amma məkan və zamana görə, “genetik əlaqələndirici abidələr” aşkar edilmədiyindən hər iki abidələr qrupunun eyni kökdən və ya birinin digərindən miqrasiya yolu ilə törəməsi barədə qəti fikir irəli sürmək mümkün deyil.

P.Qasımovun irəli sürdüyü işçi hipotezə görə, bu tipli dəfn ənənəsinin kökləri hələ ki aşkar edilməyib. Lakin keramik məmulat əsasən Xalkolit dövründə İkiçayarasından yayılmış Ubeyd-Uruk mədəniyyətinin yerli təzahüründən qaynaqlanır. 14C analizlərinə görə, abidələri yaratmış yerli əhalinin süni təpə altında kollektiv dəfn ənənəsi eramızdan əvvəl XXXIV əsrdə peyda olur və Kür-Araz mədəniyyətinin Cənubi Qafqazın cənub-qərbindən Xəzər sahili ərazilərə doğru hərəkəti ilə əlaqəli eramızdan əvvəl XXXI-XXX əsrlərdə tarix səhnəsindən çıxır. Ənənənin qeybinin assimilyasiya, dini görüşlərin dəyişməsi və ya digər səbəblərlə (yoluxucu xəstəlikdən, aclıqdan depopulyasiya və s.) əlaqələndirilməsi üçün arxeoloji və arxeometrik tədqiqatlara böyük ehtiyac var.

Həmçinin müəllif məqaləsində arxeologiyada “kurqan” terminin intensional (nəyi ehtiva etməsi) və ekstensional (hansı parametrli abidələrə tətbiqi) mənasının yenidən müzakirəsinə ehtiyac yarandığını qeyd edib.

Geri dön